7 May 2024

Çərşənbə axşamı, 10:07

MƏSULİYYƏTDƏN YAYINMA

Ermənistanda "Orinats Yerkir" partiyasının müxalifətə keçməsi hansı dəyişikliklərə yol açacaq?

Müəllif:

29.04.2014

Ermənistanda yeni hökumətin formalaşdırılması prosesi davam edir. Onu siyasi meydanın miqyaslı şəkildə yenidən formalaşması ilə müqayisə etmək olar. Ola bilsin ki, indi ölkədə müxtəlif güclərin yenidən qruplaşması prosesi gedir və bu, təsəvvür edildiyindən daha miqyaslıdır. Ekspertlər baş nazir vəzifəsini Ovik Abramyanın karyerasında sadəcə növbəti pillə kimi qiymətləndirir və onun nə az, nə çox - düz prezidentliyə doğru getdiyini düşünürlər. Hər halda, Ermənistan KİV artıq "WikiLeaks" saytında yer almış bir məlumatı gen-bol tirajlamağa başlayıblar. 

Onların arasında ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Penninqtonun hələ 2009-cu ilin mayında yazdığı bir məktub xüsusilə diqqəti çəkir. Məktubda diplomat sahibkar Mixail Baqdasarovla görüşündən yazır: "Baqdasarov hesab edir ki, Tiqran Sarqsyanın baş nazir kimi fəaliyyətinin effektsizliyi parlamentin spikeri Ovik Abramyanın siyasi yüksəlişinə yol açıb. Baqdasarovun sözlərinə görə, Ermənistan siyasi meydanının nəhəng oyunçuları istədikləri zaman baş nazirə məhəl qoymadan Abramyanın yanına gedirlər. Sahibkar Abramyana etinasız yanaşılmasını düzgün saymır. O, artıq parlamentdə "kölgə hökuməti" yaratmağa nail olub. Baqdasarov düşünür ki, Ovik Abramyan Ermənistanın növbəti baş naziri və sonda prezidenti olacaq. Onun fikrincə, Abramyanın artıq 2013-cü ildə Serj Sarqsyanı prezidentlik uğrunda yarışdan kənarlaşdırmağın yolunu tapacağı istisna deyil". Bununla yanaşı, Penninqton hazırkl baş nazirə kifayət qədər xoşagəlməz xarakteristika da verib: "Xarici müşahidəçilər və əksər ermənilərin fikrincə,  Abramyan pis təhsil görmüş dar düşüncəli adamdır. Lakin onu həqiqətən də qiymətləndirməmək  olmaz".

Bu gün İrəvanda Ovik Abramyanın prezidentlik iddialarının olub-olmadığına, belə iddiaları varsa onun 2018-ci ilə təyin edilmiş prezident seçkisini gözləyəcəyinə, yoxsa hadisələri sürətləndirməyə çalışacağına dair suallara qeyri-müəyyən cavablar verilir. Erməni ekspertlərinin diqqət mərkəzindəki əsas məsələ siyasi qüvvələrin yenidən qruplaşması prosesinin başlanmasıdır.

Ovik Abramyan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Sarukyanla qohum olsa da, bu partiya ilə gözlənilən "qardaşlaşma" baş vermədi. Son anadək daşnaklar da pauza götürdülər. "Orinats Yerkir" partiyasının hakim koalisiyanı tərk etməsi isə çoxları üçün gözlənilməz oldu. Partiyanın 3 üzvünün hökumətdə nazir vəzifəsi almasına baxmayaraq, "Orinats Yerkir" hakim koalisiyadakı bundan sonrakı fəaliyyətini "problemli və məqsədəuyğun olmayan" hesab edərək, müxalifətə keçməyə üstünlük verdi. "Azadlıq" radiosunun Ermənistan redaksiyasının məlumatına görə, partiyanın siyasi şurası ötən 6 ildə koalision formatın effektsiz işlədiyi qənaətinə gəlib. Şura üzvləri hesab edirlər ki, bu dövrdə "Orinats Yerkir"in dövlət idarəçiliyi sisteminə təsir göstərmək imkanları olmayıb. Məsələn, koalisiyanın hakimiyyətdə olduğu illərdə hakim Respublika Partiyası 3 dəfə baş nazir, 4 dəfə isə parlamentin spikeri postuna namizəd irəli sürüb və bu zaman "Orinats Yerkir"lə heç bir məsləhətləşmə aparılmayıb. Halbuki, partiya lideri Artur Baqdasaryanın özünün də baş nazir postunu tutmağın əleyhinə olmadığını kifayət qədər açıq şəkildə nümayiş etdirib. Müzakirələrin sonunda partiyanın siyasi şurası 3 nazirinin təşkilatı tərk etmək xahişini yerinə yetirib.

Amma Ermənistanda "Orinats Yerkir"in müxalifətə keçdiyinə heç də hamı inanmır və bu, hələ yumşaq ifadədir. Hakim Respublika Partiyasının parlament fraksiyasının katibi Ovanes Saakyan dərhal bildirib ki, "Orinats Yerkir" "müxalifətçi siyasi qüvvə kimi qəbul oluna bilməz". Partiyanın hakim koalisiyada qalmağı "problemli və məqsədəuyğun olmadığını" saymasına gəlincə, Saakyan geridə qalan 6 ildə Baqdasaryanın heç zaman belə bir şübhə ifadə etmədiyini söyləyib. "Bu, nə hökumətə sualların ünvanlandığı zaman, nə səsvermə vaxtı hiss edilib", - deyə Saakyan qeyd edib. Onun fikrincə, "Ermənistanda müxalifət erməni milli konqresi və "Jaranqutyun"dur". "Daşnaksutyun"u Saakyan mülayim müxalifət sayır: ""Çiçəklənən Ermənistan" və "Orinats Yerkir" isə müxalifət hesab oluna bilməz". Saakyan bildirib ki, bir siyasi təşkilatın özünü müxalifət elan etməsi azdır: "Buna digərlərinin inanması lazımdır. Hər kəs özünü istədiyi kimi adlandıra bilər: bu gün hakimiyyətdir, sabah özünə müxalifət deyir". "Orinats Yerkir" də müxalifətçi bəyanatlarına rəğmən, prezidentin istefa tələbilə bağlı şüarı  dəstəkləmir.

Ermənistan müxalifətçiləri də "Orinats Yerkir"ə qucaq açmaq niyyətində deyillər. Partiyadan deputat olan Mqer Hahgeldyan deyir: "Biz dövlət maraqlarına aid, dövlətin təhlükəsizliyinin təmiini ilə bağlı məsələlərdə parlamentdəki "dördlük"lə əməkdaşlığa hazırıq". "Orinats Yerkir"in parlament fraksiyasının rəhbəri Egine Bişaryan isə parlamentdə iki qüvvənin ola biləcəyini düşünür: hakimiyyət və müxalifət: "Üçüncü tərəfə yer yoxdur". Lakin "dördlük" üzvləri Artur Baqdasaryanın partiyasının müxalifət hesab olunmasını mümkün saymırlar. Onların fikrincə, "Orinats Yerkir" və lideri birləşmiş müxalifətə qarşı fəaliyyət aparacaq, parlament və prezident seçkisi ərəfəsində müxalifətin ictimaiyyətə təsir imkanlarını azaltmağa çalışacaq. Müxalifətçilər Baqdasaryanaa 2008-ci ilin prezident seçkisində müxalifətin xeyli səsini qopararaq 3-cü yeri tutduğunu, sonda isə prezident Serj Sarqsyanın təklifi ilə hakim koalisiyaya qoşulduğunu, ölkənin Təhlükəsizlik Şurasının katibi postuna yiyələndiyini xatırladırlar. Müxalifətçi "dördlük" Baqdasaryanın bu əməlini "seçicilərə qarşı satqınlıq" kimi qiymətləndirirlər.

Nəhayət, Artur Baqdasaryan heç də dövlət qulluğunu tərk etməyə tələsmir. Ermənistan KİV-in yazdığına görə, "Orinats Yerkir" artıq sanki müxalifətə keçsə də, onun lideri hələ də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibidir və hətta bu statusla danışıqlar aparmaq üçün Moskvaya səfər edir. Mətbuatda tezliklə Baqdasaryanın KTMT-nin İrəvanda yaradılmış Akademiyasına başçılıq edəcəyinə dair də versiya yer alır. Hazırda akademiya üçün bina tikilməkdədir. Təcrübəli müşahidəçilər İran hakimiyyəti ilə ordu və xüsusi xidmət orqanları arasında əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi və s. kimi kifayət qədər ciddi məsələlərə dair müzakirələrin məhz Təhlükəsizlik Şurasının katibi olan Baqdasaryan tərəfindən aparıldığını da yada salırlar.

"Orinats Yerkir"in "siyasi manevri" ən azı bəzi suallar doğurub. Partiya hakimiyyətlə münasibətlərini pozmayıb. Müqayisə üün xatırladaq ki, bir müddət əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair Sürix protokollarının imzalanması zamanı "Daşnaksutyun" hökumətdən kifayət qədər sərt şəkildə üz döndərmişdi. Bununla yanaşı, "Orinats Yerkir" hakim koalisiyada qalmaq da istəmir. Partiyada Ermənistan iqtisadiyyatının acınacaqlı durumda olduğunu, üstəlik bunun hələ ən pis hal olmadığını anlayırlar. "Orinats Yerkir"də onu da bilirlər ki, iqtisadiyyatın tezliklə yaxşılaşacağına heç bir ümid yoxdur. Odur ki, Baqdasaryan üzə çıxacaq fəsadların məsuliyyətini yeni baş nazirlə bölmək istəmir. "Orinats Yerkir"in siyasi taleyini Sarqsyan rejimilə bağlamağa da xüsusi maraq göstərmədiyi hiss olunur. Üstəlik ölkədə siyasi qüvvələr arasında miqyaslı şəkildə yenidən qruplaşmaya start verilib və Ermənistan prezidentinin siyasi bazisi dağılmaqda davam edir. Qaranlıq qalan təkcə bir sualdır: görəsən, özünün "yarımmüxalifliyi"ni bəyan etməklə Orinas Yerkir" kimi və nəyə inandırmağa çalışır?

 

 

TƏRTİBAT ANINDA

 

Baqdasaryan Ermənistan milli təhlükəsizlik şurasının katibi postundan istefa verib

"Orinas Yerkir" partiyasının lideri Artur Baqdasaryan Ermənistan milli təhlükəsizlik Şurasının katibi postundan istefa verdiyini açıqlayıb. Keçirdiyi mətbuat konfransında partiyasının Siyasi Şurasının bu günlərdə hakim koalisiyanı tərk etmək haqqında qərar qəbul etdiyini xatırladan Baqdasaryanın sözlərinə görə, "Orinas Yerkir" "müxalifətə keçir". O, partiyasının bu qərarını 5 səbəblə izah edib: prezident Serj Sarqsyanın onun daha prezident və baş nazir postuna iddia etmədiyinə dair bəyanatı, Konstitusiya islahatlarının aparılması faktı, Konstitusiya Məhkəməsinin son pensiya islahatı ilə bağlı ödənişlərin məcburiliyi haqqında qərarı ləğv etməsi, hökumətin istefası və yeni baş nazir təyinatı.

 

Baqdasaryanın İrəvanda bu ilin sentyabrında açılacaq KTMT-nin Akademiyasına rəhbərlik edəcəyini də söyləyib. Baqdasaryan bu vəzifənin onun müxalifətçiliklə məşğul olmasına maneə yaratmayacağını deyib, yeni vəzifədə Ermənistanın maraqlarından çıxış edəcəyini söyləyib.



MƏSLƏHƏT GÖR:

451