13 İyun 2021

Bazar, 10:07

VALYUTA

EKOLOJİ TƏMİZ SƏRMAYƏLƏR

Abşeronun 9 gölünün bərpa olunmasına dövlət 700 milyon manata qədər vəsait xərcləməyə hazırdır

Müəllif:

13.05.2014

Azərbaycanda 2015-ci ilin iyun ayında tarixdə ilk dəfə olaraq Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar bir sıra iri infrastruktur layihələr həyata keçirilir. Abşeron yarımadasında doqquz gölün reabilitasiyasına dair iri layihə bu cür mühüm tədbirlərdən biri olacağına vəd verir. Sirr deyil ki, onların böyük hissəsi çirklənib, göllər ərtrafındakı ərazilər isə istismar üçün yararlı deyil. Halbuki sıx əhali yerləşmiş meqapolisdə təbii hövzələr böyük rekreasiya və kommersiya potensialına malikdir. 

Yarımadada göllərin bərpası layihəsi 9 hövzəni əhatə edir: Xocasən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri. İşlərin podratçısı "Təmiz şəhər" ASC seçilib. Şirkət rəhbəri Zakir İbrahimovun sözlərinə görə, bəzi göllərin vəziyyəti son dərəcə ağırdır. Zığ hövzəsi daha çox çirkələnib. "Qeyd etmək lazımdır ki, ekoloji sistemə dəyən ziyandan asılı olmayaraq göl tamamilə qurudulmayacaq. Lakin xüsusilə ağır, çirklənmənin səviyyəsinin bunsuz keçinməyin mümkün olmadığı hallarda həmin gölün sahəsinin azaldılması proseduru aparılacaq", - deyə o, bildirib. Layihəyə Türkiyə, Qazaxıstan, Xorvatiya və digər ölkələrdə göllərin bərpasında böyük təcrübəyə malik olan Niderlandın "Witteveen+Bos" şirkəti cəlb edilib. Məsləhətçi bütün lazımi ölçmələri, tədqiqatları aparıb, hər bir ayrıca göl üzrə konseptual layihə hazırlanıb. İşlərin görülməsi üzrə minimal və maksimal ssenarilər hazırlanıb. 

Proqramın əhatə etdiyi doqquz göldən birincisi sahəsi 1 116 ha təşkil edən Böyükşor gölüdür.  Məsələ belədir ki, I Avropa Oyunlarının tədbirlərinin böyük əksəriyyəti, Böyükşor gölünün şərq sahilində, hazırda tikilən Bakı Olimpiya Stadionunda keçəcək. Bununla əlaqədar olaraq işlərin ilk mərhələsinin oyunların başlanılmasına qədər yekunlaşdırılması planlaşdırılır. 2014-2015-ci illəri əhatə edəcək bu mərhələdə gölün Olimpiya stadionunun tikildiyi yerin yaxınlığında yerləşən, təxminən, 300 hektar ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün tarixən neftlə çirklənmiş şimal hissəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması və təcrid edilməsi nəzərdə tutulub. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaq. 

"Yolun çəkilməsi üçün zəruri olan torpaq bəndi 2015-ci ilin fevral ayının sonuna qədər yekunlaşacaq. Altızolaqlı magistral şose şəklində layihələndirilmiş ərazinin qərb sərhədlərini müəyyən edən bənd bir tərəfdən Ziya Bünyadov prospekti ilə, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşəcək. Bu, öz növbəsində şəhərin yol infrastrukturunun yükünü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1 570 metr təşkil edəcək. Gölə yağış sularının axıdılmasının qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına göndəriləcək. Gölün çirklənmiş lildən təmizlənməsi və ya onun zərərsizləşdirilməsi, eləcə də gölün ətrafındakı tullantıların  ləğv ediləcəyi planlaşdırılır", - deyə Z. İbrahimov bildirib. 

Onun sözlərinə görə, gölün cənub sahilində yağış sularına tam sədd qoyulacaq, burada geniş abadlıq işləri həyata keçiriləcək, park və yaşıllaşdırma zolaqları yaradılacaq. Gölün çirklənməsinin qarşısının alınması məqsədilə stadion istiqamətində çirkab suları üçün kollektor tikiləcək. Sahil xətti kənarında gəzinti bulvarı, eləcə də stadionun ərazisinə keçid salınacaq.

Gölün tam bərpa edilməsinin ikinci mərhələsi 2015-2020-ci illəri əhatə edəcək. "Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaq", - deyə Z. İbrahimov əlavə edib.

Eyni zamanda, Böyükşor gölünün bərpa olunmasının ilk mərhələsi, orta hesabla, 99,5 mln. manat, ikinci mərhələsinin orta dəyəri isə 183 mln. manat təşkil edəcək. Qeyd edək ki, ötən ilin sonunda prezident İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. İdarəetmə, həmçinin gölün (onun mühafizə zonasının) bərpa edilməsini, mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etməsini, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirməlidir. 

Analoji tədbirlər digər səkkiz göllə bağlı da görüləcək. Bununla belə, bütün işlər dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Layihənin məsləhətçisi, Niderlandın "Witteveen+Bos" şirkətinin məlumatlarına görə, Abşeron yarımadasında doqquz gölün ekoloji sisteminin bərpa olunmasına, orta hesabla, 500 mln. manat, maksimum isə 716, 14 mln. manat tələb edilə bilər. 

Xocasən gölünün bərpası, orta hesabla, 9,4 mln. manat, sahəsi 188 ha təşkil edən Binəqədi gölünün reabilitasiyası layihəsinin orta dəyəri isə 2,9 mln. manat təşkil edəcək. 

Sahəsi 345 ha olan Qırmızı gölün bərpa edilməsi üçün zəruri maliyyənin həcmi, orta hesabla, 52,5 mln. manat təşkil edəcək. 163 ha-lıq Lökbatan gölünün bərpasına, orta hesabla, 34,3 mln. manat lazımdır.  Bülbülə gölündə bərpa işlərinə, təxminən, iki dəfə az vəsait lazımdır. 119 ha-lıq sahəsi olan gölə 12,64 mln. manatdan 27,  66 mln. manata qədər vəsait sərf olunacaq.  Sahəsi 119 ha olan Zığ gölünə 35, 4 mln. manat, Qu gölünə isə 1,2 mln. manat lazım olacaq. 

Proqram çərçivəsində Abşeron göllərinin səkkiz nisbətən kiçik göllərindən ən çətini Zabrat gölü olacaq. Sahəsi son dərəcə kiçik olan gölün (39 ha) bərpa olunması üzrə nisbi xərcləri ən yüksək olacaq və hər hektarına 0,87 mln. manat tələb olunacaq. Ümumilikdə, gölün bərpasına 14,8 mln. manatdan 33,83 mln. manata qədər vəsait lazım olacaq. 

İşlərin miqyası və bu layihəyə olan böyük diqqət fərz etməyə əsas verir ki, artıq yaxın bir neçə ildə Abşeron yarımadasında ekoloji vəziyyət xeyli yaxşılaşacaq, paytaxt sakinləri isə ailəvi istirahət üçün ən azı doqquz yeni, müasir və ekoloji təmiz yerlərdən faydalanacaqlar.   


MƏSLƏHƏT GÖR:

386