6 May 2024

Bazar ertəsi, 06:46

İŞİD-İN "DAVA"SI

İraq nədən dinlərarası ədavət imtahanı ilə yenidən qarşı-qarşıya qaldı?

Müəllif:

24.06.2014

2014-cü ilin iyunu Yaxın Şərqi keçmişə qaytardı. Birincisi, İraqda edam edilmiş Səddam   Hüseyn kabusu yenidən dolaşır. Sən demə, 11 ildən artıq dövrdə Yaxın Şərqin bu ölkəsinin demokratiya və normal həyata doğru getdiyi yol, əslində  "cəhənnəm ətrafında dövrəvurma" imiş.

İkincisi, meydana hətta "Əl-Qaidə"ni də kölgədə qoyan yeni terror təşkilatı çıxıb. Bu təşkilatın başçısı Əbubəkr əl-Bağdadiyə artıq "ikinci ben Laden" adı verilib.

İyunun əvvəlində İraqda vəziyyət kəskin şəkildə pisləşib - "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşması ölkənin nəhəng şəhərlərini bir-birinin ardınca ələ keçirməyə başlayıb. Artıq ölkənin əhalisinin sayına görə ikinci, neft hasilatı baxımdan böyük əhəmiyyət daşıyan Mosul, Səddam Hüseynin kiçik vətəni sayılan Tikrit, İraq türkmənlərinin sıx yaşadığı Tələfar və Bağdadın nəzarəti hələ bu ilin əvvəllərində itirdiyi Fəlluca kimi şəhərlər yaraqlıların nəzarətindədir. İslamçıların əsas hədəfi isə paytaxt Bağdaddır. Fundamentalistlər daha sonra İraq, Suriya və Livan ərazisində Böyük Xilafət yaratmaq niyyətindədirlər.

Üzvləri şəhər şəraitində döyüş təcrübəsinə malik olan qruplaşmanın fəaliyyəti qəddarlığı və sürəti ilə fərqlənir - döyüşlərin gedişində onlara nəinki mülki şəxslər, həm də peşəkar hərbçilər təslim olur. İnternetdə İraq ordusunun formanı, silah-sursatı ataraq necə qaçdığını əks etdirən kadrlar var. Bunun nəticəsində İŞİD çoxlu sayda müasir silah-sursat əldə edib. Onların arasında Amerika hərbi texnikaları da var.

Üzlərini "ərafatka"larla bağlamış, əllərində avtomat zirehli ciplərlə hərəkət edən bu döyüşçülər silahlı dəstənin yürüşlərinin özünəməxsus simvoluna çevriliblər. İŞİD üzvlərinin maliyyə problemi də yoxdur. Qruplaşma yerli bankları ələ keçirərək, təxminən, milyard yarımlıq maliyyə və qızıl külçələrə sahib  çıxıb.

İŞİD xüsusi qəddarlığı ilə fərqlənir. Onlar Salah-əd-Din əyalətində girovların kütləvi qətlindən fotoları İnternetdə yerləşdirib. Həmin qətliamda, təxminən, 1700 şiə əsgər böyük çalaya doldurularaq güllələnir... 

Bir müddətdir davam edən toqquşmalarda nə qədər dinc sakinin həlak olduğuna dair dəqiq məlumat yoxdur. Yaraqlılar qarşılarına çıxan əcnəbiləri də girov götürürlər: onların arasında Türkiyə konsulluğunun, təxminən, 80 işçisi, Hindistandan, Pakistandan, Nepal, Banqladeş və Türkmənistandan olan şəxslər də var. Bununla yanaşı, İŞİD bir sıra yeni qaydalar və ya daha dəqiqi, qadağalar da tətbiq edir. Məsələn, indi İraq qadınları stulda əyləşə bilməzlər. İraqlı kişilərə isə saçlarını və saqqallarını daramaq qadağan olunub. İŞİD yaraqlıları məhbuslara qarşı isə xüsusi humanistlik nümayiş etdirirlər. Onlar artıq 3 minədək məhbusu azadlığa buraxıblar və azad edilmiş insanların bir hissəsi qruplaşmanın sıralarına daxil olub. Amma bütün qadağalara rəğmən, yaraqlılar sosial şəbəkələrdən və You Tube portalından fəal şəkildə istifadə edirlər. Bu üzdən İraq hökumətinin qərarı ilə ölkədə İnternet kəsilib.

Bəs İŞİD haradan çıxdı? Sünnilərdən ibarət silahlı qruplaşmanın həm İraqda, həm də Suriyada kökləri var. Onlar tam güclərini məhz Suriyada vətəndaş müharibəsinin getdiyi dövrdə yığıblar. Qruplaşmanın əsas bazası da Suriyadadır. Amma onların əsas döyüşçüləri iraqlılar, "Əl-Qaidə"nin keçmiş İraq qanadının - "Mesopotomiyadakı "Əl-Qaidə""nin üzvləridirlər. Amma İŞİD "Əl-Qaidə" və Suriyada fəaliyyət göstərən "Cabat əl-Nusra" qruplaşması ilə əlaqələrini kəsib. İndi İraqın şəhərlərini bir-birinin ardınca ələ keçirən qruplaşmada 20-60 min arasında fəal yaraqlının cəmləşdiyi  bildirilir. Onların lideri 45 yaşlı ilahiyyatçı Əbubəkr əl-Bağdadidir. Yeri gəlmişkən, vaxtilə o, amerikalıların əlində əsir olub. Bu, 2004-2005-ci illərdə amerikalıların Əl-Fəlluca, Ramadi və Samirə arasındakı "sünni üçbucağı"nı ələ keçirdikləri zaman baş verib. 2009-cu ildə əl-Bağdadi artıq təhlükəli şəxs hesab olunmadığından azadlığa buraxılıb. Bəzi məlumatlara görə, o, azad olunmazdan əvvəl, hətta general Devid Petreusla da görüşüb. Amerikalı generallar islam ilahiyyatçısının nə haqda danışdıqları bəlli  deyil.

Maraqlıdır ki, İŞİD-lə keçmiş BƏƏS-çilər də taktiki ittifaq yaradıblar. Səddamın əsas müavinlərindən olmuş İzzət İbrahim əl-Duri hazırda İŞİD-lə bir cəbhədə vuruşur. O, Nəqşibəndi Ordusu adlı qruplaşma yaradıb. Vaxtilə amerikalılar nədənsə, əl-Bağdadi kimi, əl-Durini də "bağışlayıblar" (oxu: tapmayıblar). İndi isə onların hər ikisi, necə deyərlər, bir-biri ilə dil tapıb.

Beləliklə, yeni "Əl-Qaidə"nin siması təxminən aydındır. Amma qruplaşmanın bu qədər başgicəlləndirici bliskriqə necə nail olduğunu anlamaq olmur. Daha doğrusu, İraqa rəhbərlik etmiş amerikalılar buna necə yol  veriblər? Dünyanın bir sıra nüfuzlu KİV-də ABŞ-ın İŞİD-lə bağlı ciddi yanlışlığa yol verdiyinə dair fikirlər yer alır. Mətbuatda yer almış bu fikirləri qısa şəkildə belə ifadə etmək  olar: Ağ Evin rəhbəri, Nobel sülh mükafatı laureatı Barak Obama Buş administrasiyasının başlatdığı Əfqanıstan və İraq müharibələrini başa vurmağı çox istəyirdi. İraqla bağlı vəziyyət müəyyən mənada aydın idi - seçki təşkil olunmuş, yeni İraq ordusuna amerikalı təlimatçılar tərəfindən ciddi təlimlər keçilmişdi. Amma bu yerdə ABŞ Misir və Suriya da daxil olmaqla, Yaxın Şərqin və Şimali Afrikanın bir sıra ölkələrində antidiktatura hərəkatlarına dəstək verməyə başladı. Bu hərəkatların gedişində müxtəlif qəribə alyanslar formalaşmağa başlandı - ümumi məqsədlərə nail olunması üçün qərbpərəst qruplaşmalar radikallar və fundamentalistlərlə belə, ümumi dil tapmaq məcburiyyətində qaldılar. Amma günlərin birində radikal qüvvələr digərləri üzərində üstünlük qazanmağa başladılar. Misirdə hər şey yeni liderin gəlişi (nə qədər güclü olduğunu zaman göstərəcək) və "Müsəlman qardaşlar"ın nümayişkarcasına edamı ilə bitdi. Suriyada isə Əsəd hələ ki, hakimiyyətini qoruyub-saxlayır. İraqı hansı talenin gözlədiyini tezliklə görəcəyik. Hər halda, Vaşinqton yenidən İraqın köməyinə gəlməyi, ölkəyə yenidən ordu yeritməyi düşünmür. ABŞ-ın hazırkı mərhələdə edə biləcəyi İraqa hərbi məsləhətçilərin göndərilməsi və yaraqlıların mövqelərinə pilotsuz təyyarələr vasitəsilə zərbələrin endirilməsidir. Odur ki, İraqın baş naziri Nuri əl-Maliki böyük ehtimalla, vəzifədən getməli olacaq. Nuri əl-Maliki canını hakimiyyətdən getməklə qurtara biləcəksə, bu onun üçün yaxşı ssenari olacaq.

Amerikanın ən yüksək ranqlı siyasətçiləri tez-tez İranla İraqı səhv salsalar belə (son olaraq bunu Cennifer Psaki edib), Amerika hərbçilərinin və xüsusi xidmət orqanlarının nəzarətlərində olan İraqda İŞİD kimi güclü qruplaşmanın yaranmaqda olduğunu necə nəzərdən qaçırdıqlarını anlamaq çətindir. Üstəlik, bundan əvvəl bənzər səhvə yol verilmişdi - hər kəsin qəbul etdiyi versiyaya görə, Əfqanıstanın "Taliban" hərəkatını vaxtilə SSRİ ilə mübarizə məqsədilə ABŞ tərəfindən şhazırlanmış yaraqlılar yardıblar. "Əfsanə"yə görə, "içi boş müqəvva" dağıldıqda yaraqlılar məqamdan istifadə edərək, nəzarətdən çıxıblar. Amma, axı, bir mərmi iki dəfə eyni çuxura düşmür, xüsusilə də, dünyanın ən güclü ordusunda... Onda bəs nə baş verir? "New York Times" qəzeti ABŞ və İraq hökumətlərindəki mənbələrə istinadən yazır ki, Bağdad yaraqlıların mövqelərinə aviazərbələrin endirilməsi xahişi ilə dəfələrlə amerikalılara müraciət etsə də, hər dəfə rədd cavabı alıb. Mayın 16-da əl-Maliki bu xahişlə telefon danışığı zamanı şəxsən vitse-prezident Co Baydenə müraciət edib. O, Vaşinqtondan bunu rəsmi yazılı sorğu şəklində də xahiş edib.

Amerikalılardan fərqli olaraq, Bağdada hərbi yardım göstərməyə hazır olanlar var. Məsələn, İran prezidenti Həsən Ruhani bu yardımı göstərməyə hazır olduğunu rəsmən açıqlayıb. Mətbuatın yazdığına görə, İraq səmalarında artıq İrana məxsus pilotsuz təyyarələr uçur, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 2 minədək hərbçisi isə İraq sərhədini keçib. Artıq müxtəlif şiə qruplaşmalarına aid yaraqlıların da İraq ərazisində olduğuna dair xəbərlər var. Rəsmi Tehran hələ ki, bu informasiyaları təsdiqləmir. Ağ Evin rəsmisi Coş Ernest isə ABŞ-ın adından bəyan edib ki, Vaşinqton Tehranla İraqdakı vəziyyətlə əlaqədar hərbi əməkdaşlıq məsələsini müzakirə etmək haqda düşünmür.

İstənilən halda, sünnilərlə şiələrin bir-birinə qarışdığı İraq münaqişəsindən regiondakı heç bir qüvvə kənar qalmayacaq. Məsələn, İraqın şimalında artıq çoxdandır ki, özü-özünü dolandıran muxtariyyət kimi yaşayan kürdlər baş verənlərin mərkəzindədirlər. Məlumata görə, İŞİD kürdlərin "peşmərgə" döyüşçüləri ilə qarşıdurmaya getmir və sonuncular öz lokal taktiki vəzifələrinin öhdəsindən tez bir zamanda gəlmək imkanı qazanıblar.

Aydındır ki, Türkiyə də yaşananlardan kənarda qala bilməz. Hazırda o, baş verənlərdən İraqdan sonra ən çox zərər çəkmiş tərəf kimi görünür. Birincisi, Ankara müstəqil Kürdüstanın yaradılmasına yol verə bilməz. İkincisi, Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldızın da dediyi kimi, İraqdakı böhran ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Nazir bunu onun neft idxalçısı olması ilə izah edib. Nəhayət, nümayişkarcasına girovları ələ keçirənlər bununla Türkiyə hökumətinə nə demək istəyirlər?

İraqda yaşananların Suriyaya hansı təsiri göstərəcəyi hələ ki, məlum deyil. Bəzi mənbələr artıq Mosuldan onlarca zirehli "Cip"in və silahların Əsəd rejimi ilə döyüşənlərə dəstək olaraq, Suriyaya göndərildiyini xəbər verir. "The Guardian" yüksək rütbəli amerikalı məmurlara istinadən yazır ki, ABŞ hökuməti artıq yalnız İraqda deyil, Suriyada da yaraqlıların mövqelərinə aviazərbələr endirmək qərarına gəlib. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə Suriya böhranının qonşu ölkələrdə sabitliyi pozduğunu bəyan edib.

Amma digər tərəfdən, İŞİD-in törətdiyi vəhşiliklər o qədər iyrəncdir ki, Suriya əhalisinin Əsəd rejiminə qarşı olan bir hissəsi indi yəqin ki, onları hansı alternativin gözlədiyi haqqında ciddi-ciddi düşünməli olacaq.

Yeri gəlmişkən, İŞİD-in yaradılmasında Səudiyyə Ərəbistanı və Qətərin də əlinin olduğu şübhə doğurmur. Səudiyyə Ərəbistanı İŞİD vasitəsilə bir sıra problemlərinin həllinə qərar verib - İranla Qərbin yaxınlaşmasının qarşısı alınır (Tehran İraq ərazisində şiələr üçün müqəddəs sayılan ərazilərin müdafiəsinə qərar verərsə), neft hasilatı sahəsində İranla İraq arasında mümkün yaxınlaşma əngəllənir, "qara qızıl" sahəsində İraqın rəqibə çevrilməsi uzun müddətə təxirə düşür.

İraqda sünnilərlə şiələr arasındakı acınacaqlı mübarizə tarixi çoxdan bəllidir. Yaxın Şərqdə əsl dünyəvi, demokratik və sabit dövlətin yaranmasına da mane olduğunu hər kəs yaxşı  bilir. Amma görəsən, doğrudanmı dünyanın güc mərkəzləri daim bir-biri ilə vuruşan, zəifləmiş, öz xalqlarını orta əsr səviyyəsinə endirən cırtdan-dövlətlərdə maraqlıdırlar? İndi yenidən İraqın 3 hissəyə mümkün parçalanması haqqında danışmağa başlayıblar - sünni, şiə və kürd. Amma bu, o qədər də asan məsələ deyil... 

İraqın heç bir yerində sünnilərlə şiələrin yaşayış yerlərini ayıran dəqiq sərhədlər yoxdur. İraqın şimalındakı Kərkük şəhəri buna misaldır. Orada bütün zümrədən olan insanlara rast gəlmək mümkündür. Demək, qan tökülməsinin qarşısını almaq, praktiki olaraq mümkün deyil. Ən qəribəsi isə bütün bu dövr ərzində İraqda dini zəmində düşmənçilik probleminin həllinə ciddi cəhdlərin göstərilməməsidir. Səddam  Hüseyn rejiminin devrilməsindən sonra buna nail olunması üçün hansı addımlar atılıb? Ölkədə şiələrin üstünlük təşkil etdikləri hökumət formalaşdırılıb, bu əlamətə əsasən bölünmüş ordu əmələ gəlib.

Dünya KİV İraqın tədricən xaosa doğru getdiyini yazır. Halbuki, orada xaos artıq xeyli müddətdir hökm sürür. Düşünmək olar ki, son vəhşiliklərdən sonra sünnilərlə şiələr arasında barış mümkün deyil. Amma inanaq ki, iraqlılar tərəzinin bir gözünə əsrlərdir davam edən dini mübahisəni, digər gözünə isə uşaqlarının pulemyot güllələrindən, bomba partlayışlarından həlak olmasını qoyacaq qədər fanatik deyillər. 



MƏSLƏHƏT GÖR:

688