17 May 2024

Cümə, 12:35

YENİ MÖVSÜMÜN STARTINDA

"R+" futbol üzrə Azərbaycan Çempionatında iştirak edən komandaların şanslarını təhlil edib

Müəllif:

22.07.2014

Azərbaycanda 2014-2015 futbol mövsümünün başlanmasına lap az vaxt qalıb. Hazırlıq gedir. Peşəkar Futbol Liqası tərəfindən 10 klubun iştirak etdiyi və avqustun 9-da start götürəcək çempionatın püşkü atıldı və oyunların təqvimi hazırlandı. "R+" çempionatda iştirak edən komandaların imkanları və şanslarını təhlil edib. 

 

"Qarabağ"

Qurban Qurbanovun komandası ötən mövsümün çempionu olandan sonra əsas favoritlər sırasında qalacaq. "Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edir və ilk oyunlar heyətin gücləndirilməsini və oyun keyfiyyətlərinin artmasını göstərdi. Reynaldo, Riçard Almeyda kimi təcrübəli legionerlərin sayəsində bütün rəqiblərə başağrısı olan "Qarabağ"ın oyununda dəyişiklik baş verməyib. Ağdam təmsilçisi rəqibi sürətli hücumlarla çaşdıraraq istəyinə çatır. Ilk turda "Sumqayıt"la görüşdə "Qarabağ" favorit hesab olunur. Ümumiyyətlə, yeni mövsümdə "Qarabağ"a "Xəzər-Lənkəran" və "İnter"dən başqa digər klubların müqavimət göstərəcəyi inandırıcı deyil.

 

"İnter"

Heyətinə və büdcəsinə görə digər klublardan geri qalan "İnter"in əsas silahı onun baş məşqçisi Kaxaber Tsxadadzedir. Avrokuboklarda ilk turda Moldovanın "Tiraspol" klubunu keçən "İnter", ikinci mərhələdə İsveçin "Elfsborg" klubunu da arxada qoymağa yaxşı şansları var. Yeni mövsümdə də komandanın hədəfi çempionluqdur. Amma "İnter"in çempionatda ciddi problemlərlə üzləşəcəyini indidən proqnozlaşdırmaq olar. Komandada hücumçu çatışmazlığı üstəlik layiqli əvəzetmənin olmaması məşqçilərin işini çətinləşdirir. "İnter" eyni heyətlə Avropa Liqasında mübarizə apardığı halda həmin futbolçularla çempionatda uğur qazanması mümkün deyil. Eyni heyət 7 gün ərzində 2 oyuna çıxmaqla yorulacaq. Bu isə çempionatın əvvəlində xal itkiləriylə nəticələnəcək. Problemdən çıxış yolu sadədir. Transfer pəncərəsi bağlanana qədər kluba yeni futbolçular cəlb olunmalıdır. Əks halda komandaya daxili çempionatda çox çətin olacaq. Açılış matçında iddialı "Qəbələ" ilə görüşdgə şanslar bərabərdir. "İnter"in bu oyunla mükafatçılar sırasına düşməsi real  görünür.

 

"Qəbələ"

Qəbələ şəhərinin təmsilçisində problemlər səngimək bilmir. Yeni baş məşqçi Dorinel Muntyanu uğursuz Avropa Liqasından sonra komandanı Hollandiyada hazırlığa cəlb edib. Heyətin dəyişməsi, yeni futbolçuların komandaya uyğunlaşmaması başlıca problemlərdəndir. Muntyanu indi çətin mövsüm ərəfəsindədir. Ondan əvvəl çalışan Yuri Syomin komandanı avrokuboklara çıxarmaqla adını tarixə yazdırdı. Muntyanu, ən azı, həmin nəticəni təkrarlamalıdır. Oyun baxımından geriləmə hiss olunur. Komandanı tərk edən Daniel Subotiçin yerinə layiqli oyunçu almaq mümkün olmayıb. Yerli futbolçuların səviyyələrindən aşağı çıxış etməsi Muntyanunun problemini daha da artırır. Bu komandanın mövsüm ərzində şansları digərlərinin oyunundan asılı olacaq.

 

"Neftçi"

Azərbaycan Kubokunun son qalibi çətin günlərini yaşayır. Avropa Liqasına uğursuz başlayan ağ-qaraların vitse-prezidenti Tahir Süleymanovun istefa verməsi diqqətdən yayına bilməz. Üstəlik, baş məşqçi Böyükağa Hacıyev də Sloveniyanın "Koper" klubu ilə cavab oyunun (ilk oyunda "Neftçi" 1:2 hesabı ilə məğlub olub) nəticəsindən asılı olmayaraq postundan gedəcəyini açıqlayıb. Büdcəsi azaldılan komandanın heyəti də zəifləyib. Mahir Şükürovla Rəşad Sadiqovun klubdan ayrılması oyuna təsirsüz ötüşməyə bilməz. Yeni mövsüm üçün iddialarını şübhə altına alan "Neftçi"nin aqibəti narahatlıq doğurur. Çünki komanda yeni mövsümə yeni rəhbərlik və yeni baş məşqçiylə başlaya bilər. İstənilən halda "Neftçi" hər zaman iddialı olub. Sadəcə, bu mövsüm çempionluq şansları dumanlı görünür. İlk turda Naxçıvanda "Araz-Naxçıvan"la çətin oyuna çıxacaq ağ-qaraların qələbə şansları azdır. Naxçıvan təmsilçisi evdə mübariz oyun sərgilədiyindən matçın heç-heçə başa çatma ehtimalı yüksəkdir. 

13 avqustda isə Qəbələdə Azərbaycan Kukboku uğrunda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.  

 

"Bakı"

Yayda böyük maliyyə problemiylə üzləşən zolaqlılar heyətin əsas futbolçuları və baş məşqçiylə yollarını ayırdı. Indi komandada əvəzedici heyət məşq edir. Əsas komandadan yalnız məvacibinin aşağı salınmasına razı olan futbolçular qalıb. Klubun xaricdə təlim-məşq keçməməsi, hazırlığa gec başlaması oyunda da özünü göstərəcək. Hazırda türk məşqçi İbrahim Uzuncanın rəhbərliyi altında məşq edən komandanın iddiası qalmayıb. "Bakı" premyer liqada qalmaq uğrunda yarışacaq. Yüksək hədəflər hazırda ona yaddır. İlk turda "Simurq"a qarşı oyununda xal qazanması uğur sayılacaq.

 

"Xəzər-Lənkəran"

Cənublular yeni mövsümə yeni baş məşqçi ilə başlayacaq. Söhbət vaxtilə Türkiyə millisinin şərəfini qorumuş Oğuz Çətindən gedir. Komanda braziliyalı legionerlə yanaşı, millimizin futbolçusu Əfran İsmayılov və Rauf Əliyevi sıralarına cəlb edib. Mustafa Dənizlinin gedişindən sonra işini çətinləşdirən Oğuz Çətin transfer məsələlərini yekunlaşdırmaq üzrədir. Oyun baxımından irəliləyiş hiss olunsa da, parlaq oyun yoxdur. Fikrimizcə, "Xəzər-Lənkəran" əsas rəqiblərin zəifləməsindən istifadə edərək möhkəmlənə bilər. Oğuz Çətinin seçim etmək imkanı var. Heyəti istədiyi kimi formalaşdıran türk məşqçi nəhayət uğursuzluğa son qoymalıdır. İndiki heyətlə - braziliyalılar və azərbaycanlılardan formalaşan komanda medala iddialıdır. 

 

"Simurq"

Zaqatalanı təmsil edən komanda son mövsüm olduğu kimi, yeni çempionatda da əsas diqqəti infrastrukturun yaxşılaşdırılmasına yönəldəcək. Heyətdə daha çox gənclərə şans verən "Simurq" büdcənin əksər hissəsini bazanın inşasının sona çatdırılmasına xərcləmək fikrindədir. Buna görə komandadan böyük uğur gözləməyə dəyməz. Yeni mövsümdə də ümidini sürprizlərə bağlayan Zaqatala komandasının gücü turnir cədvəlinin ortalarında məskunlaşmağa kifayət edəcək. Liderlərlə oyunda "Simurq"un şansları az qiymətləndirilir. İlk turda bərabər səviyyəli "Bakı" ilə oyunda Georgi Çixradzenin komandasının qələbə qazanma ehtimalı var.

 

AZAL

Yeni mövsümdə AZAL-ın büdcəsi nisbətən azaldılıb. Sponsorlar komandanın çıxışından narazı qaldığı üçün daha az pul xərcləməyi qərara alıb. Buna görə baş məşqçi Tərlan Əhmədov digər klublardan ayrılan gənc futbolçulara şans verməyə məcbur olub. Son illər olduğu kimi, AZAL-ın medal qazanmağa imkanı azdır. Komandanın liderlərlə bərabər səviyyədə mübarizə aparması böyük uğur sayılacaq. AZAL çempionata doğma stadionda başlayacaq. Şüvəlanda keçirilən matçda təyyarəçilər Xəzər-Lənkəranı qəbul edəcək. Açılış matçında hər iki komandanın uğur qazanmaq şansları bərabərdir. 

 

"Sumqayıt"

AFFA tərəfindən yaradılan komandanın əsas məqsədi gənc futbolçulara oynamaq şansı verməkdir. Ona görə heyətə gənc futbolçuların cəlb olunması "Sumqayıt" üçün adi haldır. Gənclik şəhərinin təmsilçilərindən senssasiya gözlənilmir. Hədəf çempionatda yerini qorumaqdıq. İlk oyunda çempion "Qarabağ"la mübarizə işi çətinləşdirir. Qurban Qurbanovun "Sumqayıt"la oyuna əsas heyətin üzvlərini çıxaracağı inandırıcı deyil. Yəqin, meydanda əksəriyyəti gənclərdən olan "Qarabağ"ın ikinci heyətə görsənəcək. 

 

"Araz-Naxçıvan"

Uzun fasilədən sonra böyük futbol Naxçıvana qayıtdı. Yeni komanda 1 il ərzində aşağı dəstədə qalib olmaqla premyer liqada iştiraka dəvət aldı. Ümumilikdə, Əsgər Abdullayevin komandasından maraqlı oyunlar və sürpriz nəticələr gözləmək olar. Komandada ən çox yerli futbolçulara güvənilib. Ona görə Araz-Naxçıvan medallara iddialı deyil, amma ilk beşlikdə yer ala bilər. Daha çox müdafiəyə diqqət ayıran Abdullayevin futbolçuları ən yaxşı halda liderləri izləməklə məşğul olacaq.



MƏSLƏHƏT GÖR:

409