17 May 2024

Cümə, 16:13

BRHÇC MEYDANDADIR

İkiqütblü dünya getdikcə daha real şəkil alır

Müəllif:

22.07.2014

BRHÇC-nin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) VI sammiti son dövrlərin ən maraqlı beynəlxalq siyasi forumlarından biri oldu. Ona yalnız dünyanın inkişaf etməkdə olan nəhəng dövlətlərinin öz aralarında birlik yaratmaları istiqamətində atılmış növbəti addım kimi baxılmamalıdır. BRHÇC-in ən nüfuzlu üzvlərindən olan Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın dərinləşdiyi bir şəraitdə, şübhəsiz ki, bu hadisənin təhlilinə ehtiyac var.

 

Rusiya Latın Amerikasına qayıdır

BRHÇC-in Braziliyada keçirilən sammiti ərəfəsində Rusiya Prezidenti Vladimir Putin Latın Amerikası ölkələrinə turneyə yollandı. Bu, Kremlin Qərbə qlobal səviyyədə müqavimət göstərmək niyyətinin göstəricisi idi. Bununla yanaşı, Putinin Çindən sonra Latın Amerikasına səfəri Qərbə ikinci mesaj idi: ABŞ və Aİ Moskvanı Krımın işğalına və ümumilikdə, Ukrayna hadisələrindəki roluna görə təcrid duruma salmağa çalışsa da, o, bu "məngənə"dən çıxır.

Rusiya ilk olaraq Kubanın paytaxtı Havanaya baş çəkdi. Bu, sovet illərində SSRİ-nin Qərb yarımkürəsindəki əsas dayağı olmuş Kubadır. Putinin Kuba prezidenti Raul Kastro ilə danışıqları Moskvanın Azadlıq adasındakı siyasi və iqtisadi mövcudluğunu geri qaytarmaq niyyətini göstərdi. Havana isə bu işdə Moskvaya əlindən gələn köməkliyi göstərməyə hazırdır. Rusiya, hətta Kubaya ona olan 32 milyard dollarlıq borcunun 90%-ni bağışladı. Qeyd edək ki, bu borcun böyük bir hissəsi hələ Sovet İttifaqı dönəmindən qalıb. İndi yerdə qalan borc 10 il ərzində hər yarım ildən bir hissələrlə ödənilməlidir. Amma bu vəsait də Kuba ərazisindəki investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Səfərin daha bir vacib nəticəsi Rusiyanın Karib dənizindəki neft yataqlarında kəşfiyyat aparmasına imkan verən razılaşmadır. Kuba üçün bu, faktiki olaraq birgə dəniz neft sənayesinin yaradılması deməkdir. Rusiya isə bilavasitə ABŞ-ın həyati maraqlarının olduğu zonaya güclü enerji oyunçusu qismində daxil olmaq imkanı qazandığından razı qala bilər. Putinin Kubaya "qeyri-qanuni blokadanın aradan qaldırılması"nda yardım göstərməyə hazır olduqlarını söyləməsi  ABŞ-a ünvanlanmış mesaj sayıla bilər. Burada söhbət ABŞ tərəfindən Havana ilə ticarətin aparılmasına qoyulmuş qadağadan gedir.

Rusiyanın Latın Amerikasındakı mövcudluğunu bərpa etməyə çalışdığını Putinin Nikaraquaya səfəri də təsdiqləyib. Bu ölkənin sandinist rəhbərliyi "soyuq müharibə" dövründə Sovet İttifaqının müttəfiqi idi.  SSRİ-nin dağılması ilə sandinistlər hakimiyyəti itirsələr də, 2007-ci ildə liderləri Daniel Orteqa ilə yenidən hakimiyyətə gəliblər və hazırda Mərkəzi Amerikanın ən qatı anti-Amerika əhvalına malik ölkəsinə rəhbərlik edirlər. Səfər zamanı Putin Nikaraqua ilə əməkdaşlığı tam miqyasda bərpa etməyə hazır olduğunu bəyan edib. Üstəlik, son illər bunun üçün əlverişli şərait də yaranıb - Orteqa hökuməti Kremlin bütün səs-küylü xarici siyasi aksiyalarını dəstəkləyir; məsələn, 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra, Moskvanın ardınca Nikaraqua da Gürcüstanın Abxaziya və Cənubi Osetiya muxtariyyətlərini müstəqil dövlət kimi tanıyıb. İndi isə o, Krımın işğalını dəstəkləyir. Putini qəbul edən Orteqa hökumətinin bundan sonra da "istər dünyada, istər ayrı-ayrı regionlarda və sizin regionunuzda Rusiyanın sülhə dəstək təşəbbüslərində iştirak edəcəyini" bildirib.

Rusiya prezidentinin Argentina səfəri Buenos-Ayres üçün son dərəcə əhəmiyyətli məqamda baş tutub. Hazırda Argentinada iqtisadi böhran yaşanır. Ölkə başçısı Kristina Fernandes de Kirşner hələ 2001-ci ildəki defoltdan sonra yaranmış və hələ də ödənilməmiş borclarla bağlı Nyu-Yorkun xedj-fondları ilə çətin danışıqlar aparır. Amerikalılar Buenos-Ayresdən iyulun sonunadək, təxminən, 1,5 milyard dolların ödənilməsini tələb edir, Argentina hökuməti isə bunu Vaşinqtonun onları əsarət altına almaq cəhdi kimi qiymətləndirir. Kirşner, hətta ölkəsinin "Amerikanın maliyyə quzğunlarının hücumuna məruz qaldığını" bəyan edib. Bütün bunlar ABŞ-Argentina münasibəitlərində ciddi soyuqluq yaradıb və bu məqamda Buenos-Ayres üçün Rusiya və onun prezidentinin timsalında müttəfiq son dərəcə yerinə düşür.

Argentina-Rusiya əməkdaşlığında, güman ki, enerji sahəsində ciddi irəliləyiş əldə olunacaq. Putinin Buenos-Ayresə səfəri zamanı tərəflər arasında "Rosatom" tərəfindən Argentinada 2 atom reaktorunun inşasına dair razılaşma imzalanıb. Onların Argentina tərəfi üçün güzəştli şərtlərlə tikilməsi nəzərdə tutulur.

Putinin Braziliyaya səfərinə gəlincə, bu səfər zamanı tərəflər arasında enerji sahəsində vacib razılaşmalar imzalanıb. "Rosatom" ilə Braziliyanın "Camargo Correa" şirkəti arasında imzalanmış qarşılıqlı anlaşma Memorandumu Braziliyada atom-elektrik stansiyasının və istifadə olunmuş yanacağın saxlanılması üçün anbarın tikintisini nəzərdə tutur. 

Bundan başqa, tərəflər iqtisadi-ticari əməkdaşlığa, innovasiya texnologiyaları, kənd təsərrüfatı, elm və texnika sahələrində layihələrin reallaşdırılmasına dair fəaliyyət planı imzalayıblar. Bütün bunlarla yanaşı, Rusiya-Braziliya əməkdaşlığı üçün əsas meydan, əlbəttə ki, sammitinin ilk gününü Braziliyanın Fortaleza şəhərində, ikinci gününü isə Braziliya paytaxtında keçirən BRHÇC-dir.

 

Qərbin hökmranlığına qarşı  "beşlik" 

Əvvəllər elə düşünmək olardı ki, bu formatın xüsusi bir perspektivi yoxdur. BRHÇ abbreviaturası Braziliya, Rusiya, Hindistan və Çini yalnız investisiya məqsədləri ilə birləşdirirdi. Lakin ilk sammitini 2009-cu ildə keçirmiş nəhəng inkişaf etməkdə olan ölkələr arasında iqtisadi inteqrasiya ideyası hələ də aktualdır. Bundan başqa, 2011-ci ildə Cənubi Afrikanın da "dördlük"ə qoşulması bu qədər fərqli ölkələrin öz aralarında təmas nöqtəsi tapdıqlarını göstərib. Bu, ilk növbədə, onların dünya arenasında Qərbin, xüsusilə ABŞ-ın liderliyinə müqavimət göstərməklə bağlı strateji maraqlarının üst-üstə düşməsi ilə bağlıdır. Maraqlıdır ki, "beşlik" ölkələri arasındakı ziddiyyətlər belə, bu işdə onlara mane olmur (ən azı hələlik). Məsələn, Hindistanla Çin bir sıra lokal, regional problemlərlə bağlı, az qala, rəqibdirlər. Üstəlik, onlar bir-birlərinə qarşı ərazi iddiaları belə irəli sürürlər. Amma bu, qlobal miqyaslı ümumi çağırışlar qarşısında bu iki ölkənin əməkdaşlığına mane olmur. Görünür, BRHÇC bu cür əməkdaşlıq üçün ən cəlbedici meydançadır: bu ölkələr Qərbin onları dünya iqtisadiyyatınından sıxışdırıb-çıxarmasına imkan verməməyə və inkişaf etməkdə olan dünyanın maraqlarına cavab verən qlobal qaydaların bərqərar olmasına çalışırlar.

BRHÇC-nin VI sammitində qurumun Yeni İnkişaf Bankının yaradılması və BRHÇC ölkələrinin valyuta ehtiyatları pulunun yaradılması haqda razılaşmanın imzalanması bununla bağlıdır. BRHÇC Bankı dünyanın ən nəhəng maliyyə institutlarından birinə çevrilə bilər. Onun elan olunmuş kapitalı 100 milyard dollar təşkil edəcək. Valyuta ehtiyatları daxılı çərçivəsində həyata keçiriləcək əməliyyatların miqyası 100 milyard dollara çata bilər.

Bununla əlaqədar olaraq, Putinin daha bir anti-Amerika gedişi diqqəti cəlb edir. Onun fikrincə, BRHÇC ölkələri "ABŞ və onun müttəfiqlərinin bu və ya digər xarici siyasi qərarları ilə razılaşmayan ölkələrin "sıxışdırılması"na imkan verməyən tədbirlər sistemi düşünməlidir". Şübhəsiz, Rusiya liderinin bu bəyanatı ABŞ və Avropa İttifaqının Moskvaya qarşı Ukrayna hadisələri ilə əlaqədar tətbiq etdikləri sanksiyalara cavabıdır.

Beləliklə, BRHÇC hələlik ehtimal edilən ikiqütblü dünyanın dayaqlarından birinə çevrilmə istiqamətində addım atıb. "Beşlik" bütün inkişaf etməkdə olan ölkələr üçün cazibə mərkəzinə çevrilməyə çalışır. Yaxın gələcəkdə öz regionlarında ciddi rola malik olan digər dövlətlərin də bu birliyə qoşulacaqlarını gözləmək olar. Söhbət Argentinadan, İndoneziyadan, İrandan, hətta avro-Atlantik inteqrasiyanın tamhüquqlu üzvünə çevrilmək şansları ildən-ilə azalan Türkiyədən gedir.

BRHÇC hələlik beynəlxalq təşkilat deyil. Amma Braziliyada keçirilən sammitdə vacib tərpəniş baş verib - "beşlik" niyyətlərini bəyan etməkdən konkret əmələ keçib. Şübhəsiz, bu proses birliyin 2015-ci ildə Ufada keçirilməsi nəzərdə tutulan növbəti sammitində də davam etdiriləcək. Qarşıdakı dövrdə Rusiya Putinin BRHÇC-in Enerji Assosiasiyasının yaradılması təşəbbüsünə "yol aça" bilər. Söhbət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında fəaliyyət göstərən qurumun analoqundan gedir. Həmin qurum Avropanın bir çox ölkələrini, o cümlədən Yaponiya və ABŞ-ı özündə birləşdirir və yeri gəlmişkən, Çin və Rusiya oraya buraxılmır.

Şübhəsiz, Moskva Ufa sammitindən özünün postsovet məkanında inteqrasiyanı nəzərdə tutan layihəsinin - Avrasiya İqtisadi İttifaqının "təqdimatı" üçün də yararlanmağa çalışacaq.

Bütün bunlarla yanaşı, Rusiyanın artan geosiyasi iddiaları fonunda ortaya bir sual çıxır: görəsən, Qərbə qarşı "əks-ağırlıq" mövqeyindən çıxış etmək, artıq bir çox analitiklərin "soyuq müharibə"nin ikinci mərhələsi hesab etdikləri müasir çağırışlara cavab vermək istəyən Kremlin siyasi və iqtisadi elitasında bunun üçün lazımi güc və bacarıq varmı?

Bu sualın cavabı hələ ki, yoxdur.



MƏSLƏHƏT GÖR:

586