19 May 2024

Bazar, 09:14

RUSİYANIN MƏNƏVİ ÜRƏYİ

Moskva yaxınlığında yerləşən Sergiyev Posad bütün dünyadan gələn turistlərin ziyarət yeridir

Müəllif:

29.07.2014

Siz Əmirliklərdə dəbdəbəli kurort çimərlikdə tənbəlcəsinə vaxt keçirmək və ya alış-veriş  etmək əvəzinə, səyahətinizi fəal turist kimi  keçirirsinizsə, Rusiyanın Qızıl dairəsi nəinki ailə büdcənizin vəsaitlərinə qənaət etməyə, eyni zamanda gördüklərinizdən həzz almaq üçün yaxşı alternativdir. Hətta Moskvaya dostlarınız və ya qohumlarınızın yanına gəlmisinizsə, Yaroslavl vağzalından elektrik qatarı ilə Sergiyev Posadın mərkəzinə qədər 75 dəqiqəlik yol, sizə tarixi yerdə bir gün keçirməyə və axşam geri qayıtmağa imkan verəcək. 

Qızıl dairənin perimetrində Sergiyev Posad ən mədəni şəhərdir. Niyə? Çünki məhz burada Troitse-Sergiyev Lavrası yerləşir. Bu, bütün dünyadan zəvvarlar kütləsinin üz tutduğu yerdir. Bu, xəstəliklərin sağalmasını diləmək üçün yerdir. Deyirlər ki, şəfa çox tez tapılır və səmimi qəlbdən və xoş niyyətlə tutulan arzular mütləq yerinə yetir.

 

Müqəddəs Troitse-Sergiyev Lavrası

Bura, həqiqətən də, bütün dünyadan gəlirlər: ruslar, koreyalılar, yakutlar, çexlər və almanlar. Onlar ürəkdən dua edir və dualarını Allaha ünvanlayırlar. Buradaca keşişlər və rahiblər ora-bura gedir. Onların öz işi, öz həyatı var.  Turistlərin dayanmayan axını, çox güman ki, onları yorur və onların gündəlik həyatına bir növ narahatlıq gətirir. Lakin onlar itaətkarlıqla buna tab gətirir və zəvvarlardan fərqli olaraq, dini ayinlərdən xəbərsiz olan və bununla belə, bu müqəddəs yerdə şam qoymaq istəyən turistlərə kömək etməyə cəhd edirlər. 

Lavra - Rusiyada mövcud olan monastırlardan ən böyüyüdür. Bu, patriarxın iqamətgahıdır və onun ərazisində müvafiq qaydalara riayət etmək lazımdır. Monastıra maykada, şortda, qısa ətəkdə və açıq libasla giriş qadağandır, qadınların özləri ilə yaylıq götürməsi daha yaxşı olardı. Bu ərazidə, ümumiyyətlə, özünü ümumqəbul edilmiş qaydalara və normalara sadiq qalmalı olduğunu hiss edirsən.

Lavra - yunan dilindən yaranan sözdür və hərfən "şəhər küçəsi", "izdihamlı monastır" deməkdir. Bu,  xüsusi tarixi və mənəvi məna daşıyan iri kişi monastırlarının adıdır. Lavranın ərazisində həm çöldən, həm də içəridən baxılmalı çoxlu sayda vacib memarlıq abidələri mövcuddur. Bu, Uspensk camisi, Zəng qülləsi, Ruhani kilsəsi (Müqəddəs Ruhun apostollar üzərinə gəlməsi şərəfinə), müqəddəs Sergiy Radonejski məbədi ilə olan Monastır yeməkxanası, İvan Qroznı ailəsinin sərdabəsi və s. Lavra ərazisində Moskva Ruhani Akademiyası (1814) və Seminariyası (1742) yerləşir. 

Moskvalılar tez-tez Lavrada gəzmək üçün gəlirlər və özləri ilə məşhur Posad kömbələri aparırlar. Hesab olunur ki, bu, öz dostlarınıza hədiyyə kimi gətirə biləcəyiniz ən yaxşı və ən dadlı suvenirdir. 

Qroznıların sərdabəsi ilə üzbəüz isə regionun bədii işlərini nümayiş etdirən məbəd yerləşir. Turistlər üçün burada suvenirlərin və məhsulların geniş çeşidi mövcuddur. Baxmayaraq ki, müqəddəs yeri və müqəddəsin cəsədini görmək istəyənlərin sayı azalmır, Lavrada dövlət tərəfindən əsaslı təmir aparılacaq. 

Bir zamanlar, məhz, monastır şəhərin yaranmasına gətirib çıxarıb. Müqəddəs Sergiyin şöhrəti və onun əsasını qoyduğu monastırın buraya zəvvarları və rahibləri cəlb edirdi. Tədricən monastır ətrafında kəndlilər məskunlaşmağa başladılar. 1355-ci ildə isə Troitsk monastırında "ümumyaşayış" nizamnaməsi tətbiq olundu, bu da məbədin yenidən qurulmasına gətirib çıxardı. Monastır kiçik taxta şəhərciyə oxşamağa başladı.

 

Uşaqlar üçün də maraqlıdır

Buradakı iqlim mülayim kontinentaldır. Ona görə də qışda, yanvar ayını çıxmaqla, mənzərəli qar örtüyünə baxmayaraq hava mülayim olur. Yayda bura isti olmur. İyul həmişə yay ayları arasında ən yağıntılı ay sayılırdı, lakin indi bunu əminliklə söyləmək olmaz. Lavranın ərazisini tərk etdiyiniz zaman, siz bir növ dünyada özünəməxsus yeganə muzeyə daxil ola bilərsiniz. Camaat arasında onu çox qısa və sadə deyirlər: Oyuncaq muzeyi. Bu muzeyi ziyarət etmək həm uşaqlar, həm böyüklər üçün əsl bayramdır. Çünki burada nəinki digər ölkələrin və xalqların oyuncaqlarının qədim vaxtlardan cəmiyyətdə tələb olunan əşyası kimi, həmçinin maarifləndirmə vasitəsi kimi tarixi yolu nümayiş etdirilir. Muzeydə 50 min eksponat yığılıb. Onlar arasında son imperator ailəsinin uşaqlarının, Rusiya və xarici ölkələrin milli və sənaye oyuncaqları və məişət əşyaları yer alıb. Ekspozisiya Şərqin, Almaniya, Fransa, İsveçrə, Böyük Britaniya uşaq mədəniyyəti ilə tanış edir. 

Şəhərdə siz fasadları oyma ağacı ilə bəzədilmiş və buna görə də Berendey krallığındakı (Ostrovskinin "Qar Qızı" nağılından olan personaj) teremlərə oxşayan yeni tikililəri görəcəksiniz. Siz göydələnlərə rast gəlməyəcəksiniz. Bunun əvəzinə siz "oyuncaqlar kolleci" adlı təhsil müəssisəsini tapacaqsınız. Ümumiyyətlə, şəhərdə orta ixtisaslandırılmış və ali təhsil verən çoxlu təhsil müəssisələri mövcuddur. Onların arasında Humanitar İnstitut, Moskva ali təhsil müəssisələrinin filialları - Şoloxov adına Humanitar Universitet, Moskva Maliyyə-Hüquq Universiteti, Rusiya Beynəlxalq Turizm Akademiyası var. Hətta kino istehsalı mütəxəssisləri yetişdirən Kinovideotexniki kollec də var. Burada, ümumiyyətlə, incəsənəti sevirlər və məmnuniyyətlə deyirlər ki, məhz onların şəhərində kəşfiyyatçı Tulyev barədə "Rezident taleyi" adlı sovet dövrünə aid filmin hadisələri baş verir. Bundan başqa, rejissor Aleksandrov Lübov Orlovanın iştirakı ilə "Parlaq yol" adlı film çəkib. Sizə fəxrlə deyəcəklər ki, onların şəhərində məşhur rus yazıçısı Mixail Prişvin, filosof və yazıçı Rozanov, MXAT-ın məşhur aktrisası Alla Tarasova və rəssam Vladimir Favorski, alim və dini filosof  Pavel Florenski və keşiş Aleksandr Men dünyaya gəlib. 

Lakin təkcə Lavra və Oyuncaqlar Muzeyi turistlərin diqqətinə layiq deyil. Həmçinin burada unikal yeraltı monastır olan Qefsimansk-Çerniqov skiti (kilsə də olar) yerləşir. Hücrələr altı metr yarım dərinliyində yerləşir və rahiblər tərəfindən qazılıb. Yeməyi onlara yuxarıda Bratsk korpusunda yaşayan keşişlər gətirirdilər.

Bax beləcə, Sergiyev Posadda gün ərzində baxmaq mümkün olan yerləri bunlardır. Burada olmaq keyfini uzatmaq istəsəniz, siz oteldə qala bilərsiniz. Növbəti gün siz Radonej, Spaso-Vifan və Pokrovsk Xotkovsk monastırlarına gedə bilərsiniz. Axşama yaxın siz artıq Moskvada olacaqsınız. Hə! Dostlarınız üçün kömbə almağı da unutmayın! O, çox dadlıdır!

 

 

BU, MARAQLIDIR 

Sergiyev Posad Moskvadan 70 km aralıda yerləşir və Rusiyanın Qızıl dairəsinə daxildir. Şəhər Pravoslavlığın mərkəzidir və pravoslav xristianların ziyarət yeridir. Şəhər Rusiyada ən iri monastırı yaradan müqəddəs Sergiyin şərəfinə adlandırılıb. Monastır Makovets adlı hündür olmayan təpənin üstündə, Konçura və Vondyuqa adlı çayların qovuşduğu yerdə tikilib. Monastır Varfolomey və Stefan adlı qardaşlar tərəfindən yaradılıb. Sergiy adı ilə keşiş mənsəbini qəbul edən Varfolomey, tarixə Moskva knyazların dini müəllimi və tərəfdaşı kimi düşüb. O, XIV əsrin 30-40-cı illərində rus torpaqlarını Moskva ətrafında birləşməyə çağırıb. Məhz o, Kulikovo döyüşü öncəsi Don Dmitriyə xeyir-duasını verib. Bununla belə, sovet illərində şəhər V.M.Zaqorski adlı inqilabçının şərəfinə Zaqorsk adlandırılıb. Onun tarixi adı 90-cı illərin əvvəlində qaytarılıb. 



MƏSLƏHƏT GÖR:

435