19 May 2024

Bazar, 08:10

YENİ DÖVRÜN MAARİFÇİSİ

Abbasqulu ağa Bakıxanov haqlı olaraq Azərbaycan elmi istoqrafiyasının banisi sayılır

Müəllif:

29.07.2014

XIX əsrin əvvəllərində Azərbaycanı, ümumiyyətlə, Qafqazı heç kəs Avropa adlandırmazdı. Tusini, Nəsimini və digər maarifpərvərləri yaratmış Şərq dövrü yox olmuşdu, intibah və humanizmin əsaslarını keçmiş Qərb isə çox uzaqda idi. Bu dövrdə ölkənin maarifpərvərlərə xüsusi ehtiyacı var idi. İlk belə maarifçilərdən biri görkəmli siyasi xadim və alim Abbasqulu ağa Bakıxanov olmuşdur.

 

Şərait

O, kosmopolit multikultural ailədə böyümüşdü. Abbasqulunun atası Bakı xanı II Mirzə Məhəmməd xan, anası isə İslam dinini qəbul etmiş gürcü Safiya xanım Bayram bəy qızı idi. Ailədə bir neçə dildən sərbəst şəkildə istifadə olunurdu.

Bakıxanovlar məşhur türk-Oğuz nəsli olan Qacarların təmsilçiləri idilər. Abbasqulunun əmisi, babası və ulu babası Bakı hökmdarı olmuşdular. Onlar yaşayış yerlərini tez-tez dəyişir, gah Qubada, gah Tiflisdə yaşayırdılar. Ailə bir müddət Kazan və Həştərxanda da yaşamışdı. Abbasqulunun uşaqlığı Bakıda və onun kəndlərində - Maştağa, Əmircan, Balaxanı, Ramanı və onun nəslinə məxsus kəndlərdə keçmişdi. Bu üzdən də, Bakıxanov söhbətlərində və sənədlərdə özünü qürurla "bakılı" adlandırırdı. O, Bakını həqiqətən sevir, şəhərətrafı bölgələri çox yaxşı tanıyır, şəhərin tarixini öyrənirdi.

Abbasqulu uşaqlıq illərində oxumağa böyük maraq göstərirdi. Bu, həmin dövr üçün nadir hal idi. Onun dostu, rus şərqşünası İvan Berezin Bakıxanovların İçərişəhərdəki evlərində Azərbaycan, fars və ərəb dillərində çox sayda kitabın olduğunu xatırlayırdı. O, bu kitabların Bakıxanovların zəngin kitabxanasının yalnız bir hissəsini təşkil etdiyini bildirirdi. Kitabların əksəriyyəti nəsildən-nəslə keçmişdi. Gənc Abbasqulu onların sıralarını rus və fransız dilində olan yeni kitablarla daha da zənginləşdirirdi. Bu cür kitabxana Bakıxanovların Tiflisdəki və Qubadakı evlərində də var idi.

 

Müharibə,  siyasət, təhsil

Məşhur nəsildən olan Bakıxanov hərbi xidmətə yollanır, özünə nəinki hərbçi, həm də diplomat kimi uğurlu karyera qurur. Onun karyerası 1819-cu ilin sonlarında, Abbasqulunun hələ Tiflisdə Gürcüstan Baş İdarəsinin dəftərxanasında Şərq dillərindən tərcüməçi kimi işlədiyi dövrdə başlayıb. Bir il sonra o, hərbi ekspedisiyalarda iştirak etməyə başlayır və Mustafa xan Şirvanskinin alayına belə gedib çıxır. 1823-cü ildə Abbasqulu Qarabağ vilayətinin təsvir olunmasında və Persiya ilə sərhədin müəyyənləşdirilməsində iştirak edib. Əla xidmətinə və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, Abbasqulu tezliklə ştabs-kapitan rütbəsi alır, Sərdarabad və İrəvanın alınmasındakı iştirakına görə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilir.

34 yaşında Abbasqulu diplomatiya sahəsində də fərqlənir. Persiya ilə aparılan danışıqlarda fərqləndiyinə görə ona kapitan rütbəsi verilir, 1 il sonra isə döyüşlərdə (Axalsıx qalasının ələ keçirilməsində) göstərdiyi şücaətə görə mayor rütbəsinə layiq görülür. Artıq 40 yaşında Bakıxanov polkovnik-leytenant, bir müddət sonra isə polkovnik olur. O dövr üçün çar ordusunda belə karyera, üstəlik, yadellinin bu cür karyeraya nail olmasına nadir hallarda rast gəlinirdi.

Kimlərsə düşünə bilər ki, bu cür irəliləmə yüksək loyallıqla, yumşaq xarakterə malik olmaqla əlaqədardır. Dövrün adamları isə Abbasqulunun kifayət qədər sərt, inadkar xarakterli şəxs olduğunu, hər zaman haradan gəldiyini, kim olduğunu xatırlatdığını deyirlər. Bu mənada, Bakıxanovun bioqrafiyasından bir məqamı qeyd etmək yerinə düşər. Günlərin birində Peterburqda - imperator I Nikolay döyüşdə fərqlənən zabitlərlə görüşür. Görüşdə masanın müxtəlif şərablar və şampanlarla dolu olmasına rəğmən, bir nəfərin spirtli içkilərə həvəs göstərməməsi imperatorun diqqətini çəkir. Bundan təəccüblənən və Bakıxanovu utandırmaq istəyən imperatriçə ona şərab təklif etmək qərarına gəlir. Qəbul zamanı Aleksandra Fyodorovna qızıl məcməidə bir qədəh şərabla Bakıxanova yaxınlaşır. Bu gözlənilməz  jestdən çaşan Bakıxanov diz çökür, qədəhi yuxarı qaldırır, üzünü imperator Nikolaya tutaraq deyir: "Mənim ağam mənə içki təklif edir. Allahım isə mənə içməməyi əmr edib. Kimin dediyinə əməl etməliyəm?". Dindar adam olan imperatorun  cavabı belə olur: "Əlbəttə ki, Allahınızın". Bakıxanov qədəhi yenidən məcməiyə qoyur, pərt olmuş imperatriçə isə çıxıb gedir.

Bakıxanov bütün bu dövrü Tiflisdə yaşayıb və həmin illər onun üçün təhsil baxımından çox məhsuldar olub.

Həmin dövrdə Tiflis mədəni mərkəz və özünəməxsus yolayrıcı idi. Bir çox mədəniyyət xadimləri bu şəhərə baş çəkirdilər. Abbasqulu rus və fransız dillərini mükəmməl şəkildə öyrənir, çoxlu kitab oxuyur. Məşhur hərbçi və diplomat olan Abbasqulu  Bakıxanov Qriboyedov və Bestujev ilə dostluq edirdi. Onun gürcü yazıçıları Orbeliani, Çavçavadze, Barataşvili ilə ünsiyyəti var idi. Rus şairi Polonski və polyak ictimai xadim Lado-Zablotski də Bakıxanovla dost idilər.

Abbasqulu ağa Bakıxanov tez-tez Moskva və Peterburqa səfərlər edir, Latviya, Litva və Polşada olurdu. O, yarım ildən bir qədər artıq Varşavada yaşayıb. Puşkinin bacısı Olqa Sergeyevna Pavlişşeva ilə də məhz Varşavada tanış olmuşdu. Onun məktubunu Peterburqdakı yaxınlarına gətirən Bakıxanov bu yolla dahi şairin özü ilə  tanış olur. Bu, 1834-cü ildə baş verir.

 

Poeziya, nəsr, maarifçilik

Varşavadan qayıdan və doğma vətəni üçün darıxmış Abbasqulu Tiflisdən Qubaya gəlir. Burada o, ilk olaraq "Gülüstan" adlı ədəbiyyat klubunu yaradır, şairlər və poeziya həvəskarları bu klub ətrafına toplaşırlar.

Məhz burada Abbasqulu fəal hərbçi kimi çalışdığı dövrdə yazmağa vaxt tapmadığı bir neçə ədəbi əsərini tamamlayır. Onlardan biri daha çox tərcümeyi-hal kimi yazılmış "Kitabi-Əsgəriyyə"dir. Bu kitabda  nəsr tez-tez öz yerini lirik şeir parçalarına verir. Kitabda söhbət gənc oğlanla qız arasında yaşanan qarşılıqlı sevgidən gedir.

Abbasqulu ağa Bakıxanov "Təhzibül-əxlaq", "Əsrar ül-məlaküt", "Qanuni-Qüdsi", "Gülüstani-İrəm" kimi elmi və publisistik əsərlər, o cümlədən didaktik hekayə və şeirlər də yazıb.

"Təəssüf ki, onun bəzi əsərləri dövrümüzədək gəlib çatmayıb", - deyə tarixçi Tahir İsmayılov "R+" jurnalına açıqlamasında bildirib. - "Məsələn, "Kitabi-Əsgəriyyə" əsəri uzun müddət  itmiş hesab olunub. O, yalnız 1946-cı ildə tapılıb. Bundan başqa, Bakıxanov yaşayış yerini tez-tez dəyişdiyindən, onun lap köhnə işləri - rus və avropalı müəlliflərdən tərcümələri it-bat olub".

Tarixçinin sözlərinə görə, Bakıxanovun Azərbaycan və Dağıstanın  tarixinə həsr olunmuş "Gülüstani-İrəm" elmi araşdırması milli mədəniyyətə böyük töhfədir. "Bakıxanov məhz bu əsərinə görə, haqlı olaraq Azərbaycan  elmi istoqrafiyasının banisi sayılır. Onun əsəri çap olunan zaman əcnəbi alimlərin, tarixçilərin və etnoqrofların ciddi marağına səbəb olmuşdu", - deyə İsmayılov  bildirir.

Bakıxanovun əsərlərində maarifçiliyə, azad düşüncəyə və dözümlülüyə xüsusi diqqət ayrılır. O dövrün ən son elmi məlumatlarından istifadə edən Bakıxanov əsərlərində astronomiyadan, coğrafiyadan bəhs edir, sosial-etnik problemlərə toxunurdu. O, əxlaqi hekayələr də yazır, bu cür hekayələrdə insanları zəhmətsevərliyə, düzgünlüyə çağırır, vəzifəpərəstliyi, zalımlığı, özbaşınalığı sərt tənqid edirdi.

"O, çox çalışqan, öz üzərində çox işləyən, hər şeylə maraqlanan insan idi. Bakıxanov biliyə hər zaman yüksək qiymət verirdi və biliklərini xalqla paylaşmağa onilliklər həsr etmişdi", - deyə tarixçi qeyd edir.

O, həmin dövrdə böyük cah-calal sayılan kitablarını məmnuniyyətlə insanlara verir. Ölümünə az qalmış böyük şəxsi kitabxanasını özünün Qubadakı ədəbiyyat klubuna bağışlamışdı. Bakıxanovun Bakıdakı kitabxanasına məxsus 253 kitabı isə dostu Berezin Kazan Universitetinə aparıb.

Onun dünyagörüşü və ideyalarında həm Şərq mədəniyyəti, həm də Avropa ideyaları cəmləşmişdi. Bakıxanov üçün əsas təbiət elmləri, sosial inkişaf, müasir rəssamlıq və ədəbiyyat idi. Bu üzdən də bu il Azərbaycanda 220 illik yubileyi qeyd edilən Bakıxanovu Azərbaycanın yeni dövrünün ilk maarifpərvəri adlandırmaq  olar.


MƏSLƏHƏT GÖR:

522