19 May 2024

Bazar, 07:48

VİTAMİNLƏR ANBARI

Qarağatın tərkibində saysız-hesabsız vitaminlər və minerallar var

Müəllif:

29.07.2014

Təəssüf ki, qarağat giləmeyvələr arasında heç də ən dəbdə olanı deyil. İnsanlar giləmeyvə seçimində daha çox çiyələyə və ya böyürtkənə üstünlük verirlər. Amma digər giləmeyvələrdə rast gəlməyəcəyiniz  xüsusiyyətlər, məhz, qarağatda cəmləşib.

 

Tibb nə deyir? 

Qara qarağatın vitaminlər və digər faydalı maddələrin anbarı olduğunu söyləsək, heç də şişirtməyə yol vermərik. Söhbət, ilk növbədə, B və P qrupuna aid vitaminlərdən, o cümlədən A provitaminindən - karotindən gedir. Pektin maddələri, efir yağı və fosfor turşusu, aşılayıcı maddə və kalium duzu, dəmir və fosfor - insan orqanizmi üçün son dərəcə dəyərli olan maddələrin siyahısı inanılmaz dərəcədə genişdir. Qara qarağatın yarpaqları da müalicəvi xüsusiyyətə malikdir. Onda mis və kükürd, maqnezium və manqan, fitonsidlər, çoxlu efir yağı və bol C vitamini var. Ümumiyyətlə, qara qarağat tərkibindəki C vitaminlərinin sayına görə, giləmeyvələr arasında birincidir. İnsanın sutkalıq bu vitaminə olan tələbatını ödəməsi üçün cəmi 20 qara qarağat giləmeyvəsi yeməsi kifayətdir. Qırmızı qarağatda da faydalı maddələr çoxdur. Amma qara qarağatla müqayisədə o, geri qalır.

Qara qarağatın qəbulu onkoloji xəstəliklərə tutulma riskini azaldır. Onun tərkibindəki karotinlər, petkinlər, efir yağları və fosfor ürək-damar xəstəliklərinin qarşısını alır, yaşlı insanın zehni cəhətdən zəifləməsinə imkan vermir. Beyinə fəal nüfuz edən qara qarağat yaşlı insanların Alzheymer xəstəliyinə tutulma riskini xeyli azaldır. Amma bu da son deyil! Digər giləmeyvələrlə müqayisədə qarağatda minerallar da daha çoxdur. O, şəkərli diabetdən əziyyət çəkən insanlara xeyirdir. Qara qarağatın tərkibindəki fosfor güclü görmə qabiliyyətinin uzun müddət qorunub saxlanılmasına kömək edir.

Həkim məsləhətilə qarağat yarpaqları qaraciyərin müalicəsində, tənəffüs yolları xəstəliklərinin aradan qaldırılmasında faydalıdır. O, bəzən böyrəkdəki daşların düşməsinə də kömək edir. Bu giləmeyvə ateroskleroz xəstəliyindən əziyyət çəkənlərə də inanılmaz dərəcədə faydalıdır. Qarağatda digər maddələrlə yanaşı, dezinfeksiya xüsusiyyəti də var. O, iltihab proseslərinin qarşısını alır. Qara qarağat şirəsilə anginanı müalicə edirlər. Maraqlıdır ki, konservləşdirilən zaman o, tərkibindəki faydalı maddələrin əksəriyyətini qoruyub saxlayır. Bir çox ağır xəstəliklərdən, əməliyyatlardan sonra həkimlər pasiyentə qara qarağat şirəsi məsləhət görürlər. O, orqanizmin tez bir zamanda bərpa olunmasına kömək edir.

Hipertoniyadan, qan azlığından, mədə xorasından, damaq qanamasından və qastritdən əziyyət çəkən insanlara da həkimlər qara qarağat yeməyi məsləhət görürlər. Bu hallarda giləmeyvənin həlimi qəbul olunur. Qara qarağat şirəsi orqanizmin purindən və sidik turşusundan tez azad olmasına kömək edir, işlətmə və tərlədici vasitə rolunu oynayır, pozulmuş maddələr mübadiləsinin bərpasına kömək edir, qanaxmanın qarşısını alır. Amma əlbəttə ki, bütün bu hallarda o, yalnız həkim məsləhətilə qəbul edilməlidir.

Qara qarağat yalnız bir halda orqanizmə ziyandır - insan tromboflebitdən əziyyət çəkirsə. Məsələ ondadır ki, bu giləmeyvənin K vitamini və fenol ilə zəngin olması qanın laxtalanmasını və tromblaşmanı sürətləndirir. Ümumilikdə, bir vacib məqamı bilmək lazımdır: insan üçün tam müalicəni heç zaman nə qarağat, nə də digər faydalı meyvə və tərəvəz əvəzləyə bilər. O, yalnız profilaktika rolu oynaya, yaxud həkim tərəfindən məsləhət görülə bilər. Amma bu da çox nadir hallarda baş verir. Ciddi xəstəliklər zamanı təbii məhsullar yalnız yardımçı funksiya daşıyır və heç bir halda dərmanı tam əvəzləyə bilmir.

 

Bizdə  qarağat

Azərbaycana qarağat Rusiyadan gəlib. Rusiyada isə o, hələ 2 əsr əvvəl, məhz, müalicəvi xüsusiyyətlərinə görə böyük populyarlığa malik olub. Xalq onun bu xüsusiyyətlərini lap qədimdən bilib. Bizim regionda qarağat özünü çox şıltaq aparır. Çünki o, daha soyuq iqlimdə, tamamilə fərqli şəraitdə bitir. Azərbaycanda, xüsusilə Abşeronda torpaq qarağatın yetişməsi üçün o qədər də əlverişli deyil. Azərbaycanda qarağatın bu qədər baha olması da, məhz, bununla bağlıdır. Qarağatın ən bol olduğu dövrdə bazarlarda bu giləmeyvənin 1 kiloqramının qiyməti 2 və ya 3 manat olur. Mövsümün əvvəlində və sonunda isə o, 6 manatadək bahalaşır. Satıcıların bildirdiklərinə görə, qara qarağatın alınması üçün ən yaxşı dövr iyulun ilk yarısı və ya ortalarıdır.

Bağçılıq mütəxəssisi Lətifə Zeynalova "R+" jurnalına açıqlamasında həvəskar bağçıların qarağat yetişdirə bildiklərini, amma bu işdə bir vacib məqamın olduğunu bildirib. "Məsələ ondadır ki, qarağatın yeri hər 3 ildən bir dəyişdirilməlidir. Bu olmazsa, artıq 4-cü il qarağat kolları məhsuldarlığını itirir", - deyə L.Zeynalova qeyd edib. Maraqlıdır ki, bu halda belə, qarağat kolları heç nə olmamış kimi böyüməkdə davam edir və nəticədə, hər şeyin qaydasında olduğu təsəvvürü yaranır. Amma bu, belə deyil: "Dördüncü ildə qarağat kollarının kökləri yerin o qədər dərinliyinə gedib çıxır ki, onu çıxararaq yerini dəyişmək çox çətin olur. Bu üzdən də, kolların yerini vaxtında dəyişmədikdə artıq növbəti il bunu edə bilməyəcəksiniz. Bununla yanaşı, artıq yeri dəyişdirilmiş kolun məhsuldarlığını itirmə riski də yaranır".

L.Zeynalovanın sözlərinə görə, qarağata xüsusi qayğı göstərməyə ehtiyac yoxdur. Sizdən tələb olunan yalnız yayda onu 3 gündə 1 dəfə suvarmaqdır. Yazda və payızda qarağat kollarının həftədə 1 dəfə suvarılması kifayətdir. Qışda isə o, ümumiyyətlə, suvarılmır.

Qarağatın dərman xüsusiyyətləri aydındır. Amma o, həm də çox dadlıdır - istər şəkərlə qarışdırıldıqda, istər kompot, şərbət və ya mürəbbə kimi. Qarağatdan hazırlanan mürəbbə (qara və ya qırmızı) jelatin ekvivalentində maddələrin hesabına jeleyə bənzəyir. Qırmızı qarağatdan hazırlanan mürəbbə isə gözəl yaqut rənginə çalır. Qarağatın yarpaqlarından yaxşı həyat tonusunu qaldırmaq xüsusiyyətinə malik dadlı çay olur. Adi çayın içərisinə qara qarağatın bir neçə yarpağı atılarsa, nəinki sağlamlığınızı gücləndirər, həm də ruhlandırır, ətirli içki əldə edərsiniz.

Sağlam olun!

 

 

QARA QARAĞATDAN CEM

 

İnqrediyentlər: 

1 kq qara qarağat

1,2 kq şəkər

0,5 çay qaşığı limon turşusu (rəngin və ətrin qorunması üçün) 

1/2 stəkan su

 

Hazırlanması:

Qarağat təmizlənərək, yuyulur. Onu qaba tökərək, qaşıqla əzin, amma çox yox. Cemin hazırlanacağı qaba su tökülür, giləmeyvə oraya əlavə olunur, qarışdırmaqla orta güclü alovun üzərində 10 dəqiqə qızdırılır. Daha sonra porsiya ilə şəkər əlavə olunur, onun yaxşı həll olunması üçün məhlul qarışdırılır, qaynama həddinədək yüksək odda qarışdırılır, daha sonra vam odda 20-25 dəqiqə qaynadılır. Qaynamanın 20-25 dəqiqədən artıq olmasına imkan verilməməli, yanmasının qarşısını almaq üçün qarışdırılaraq,  hərdən köpüyü yığılmalıdır. Cemin hazır olmasına 5 dəqiqə qalmış,  turşu əlavə olunmalı və qarışdırılmalıdır. Son dərəcə dadlı və ətirli olan cemi blinlə, oladya ilə yemək hər kəsə ləzzət verir.

 

 

QARA QARAĞAT MÜRƏBBƏSİ

 

İnqrediyentlər:  

Qara qarağat - 1 kq

Şəkər tozu - 1,2 kq

Su - 1,5-2 stəkan

 

Hazırlanması: 

Giləmeyvə seçilir və yuyulur. Böyük minalı qazana su tökülür və qaynadılır. Daha sonra giləmeyvə onun içərisinə əlavə olunur və orta güclü alovun üzərində düz 10 dəqiqə qaynadılır. Bundan sonra ona şəkər əlavə olunur və mürəbbə arabir qarışdırılmaqla, qaynama həddinə çatdırılır. Hazır qaynar mürəbbə steril bankalara tökülür, dərhal bankanın ağzı metal qapaqla örtülür. Bu mürəbbəni kifayət qədər uzun müddət saxlamaq olur. O, turş deyil, incə dada malik olur.  Suyun çoxluğundan çəkinməyin, mürəbbə əla alınacaq. Qarağatı xoşlamayan insanlar belə, bu mürəbbəni məmnuniyyətlə yeyirlər.

 

 

QIRMIZI QARAĞATDAN KOMPOT

 

İnqrediyentlər: 

1 kq qırmızı qarağat kiçik budaqcıqları ilə

0,5 l su

250 q şəkər

 

Hazırlanması:

Qarağat yaxşı yuyulur, eyni vaxtda şəkərli su qaynadılır, sonra qarağat sterilizə olunmuş bankalara kip şəkildə yığılır, qaynayan şəkərli şirə onun üzərinə tökülür və bankanın ağzı sterilə olunmuş qapaqla örtülür. Sonra içərisində kompotun olduğu bankalar sterilizə olunur (yarım litrlik bankalar üçün 15-20 dəqiqə, 1 litrlik bankalar üçün 20-25, 3 litrlik bankalar üçün isə 45 dəqiqə) və dərhal bağlanır. Belə kompot çox qatı alınır. Odur ki, içməzdən əvvəl onu zövqə görə, su ilə qarışdırmaq lazımdır.



MƏSLƏHƏT GÖR:

511