19 May 2024

Bazar, 08:54

"SUSQUN QATİL"i DAYANDIRIN!

Hepatit ətrafında hansı şayiələr və miflər dolaşır, əslində, nədən qorxmaq, nədən ehtiyat etməmək lazımdır?

Müəllif:

29.07.2014

Minlərlə insan artıq həkimlərdən bu qorxunc diaqnozu eşidib - hepatit! İndiyədək həkim kabinetlərində bircə bu sözü eşitməklə saysız-hesabsız ümid ölüb, saysız-hesabsız yeni problem meydana çıxıb. Bu diaqnozu eşidən nə qədər insan artıq hamının adi həyatından fərqlənən, gərgin, həyəcanlı bir həyata ayaq basıb. Bu diaqnozla insanın həyatına bir "yenilik" də gəlir - sirr, susqunluq. Axı, bu xəstəliyi nədənsə "ayıb" sayırlar. Şayiələrə, adi insanların düşüncəsinə görə, hepatitə saç ustalarında, diş həkimlərinə gedərkən, narkotik qəbulu və ya bədənə tatu döydürərkən yoluxmaq mümkündür. Hər il iyunun 28-i Beynəlxalq hepatitlə mübarizə günü kimi qeyd olunur, Ümumdünya Səhiyyə Təşkilatı hökumətləri bu xəstəliklə mübarizəyə səsləyir.

Bəs, hepatit ətrafında hansı şayiələr və miflər dolaşır, əslində, nədən ehtiyat etmək, nədən qorxmamaq lazımdır? 

 

Birinci mif: bu, sondur! 

Adının açıqlanmasını istəməyən ekspertimiz, hepatoloq-virusoloqun sözlərinə görə, bir çox yerli həkimlərimiz ya təcrübəsizlikdən, ya da pasiyenti qorxutmaq üçün bu xəstəliyin öldürücü olduğunu bildirirlər. Əczaçılıq şirkətlərinin distribüteri rolunu oynayan bir çox həkimlər xəstələrə bahalı virus əleyhinə preparatlar yazır, bununla pasiyenti sanki əsarət altına salır, şəxsi gəliri düşünürlər. Bir çox ciddi xəstəliklərin müalicəsində olduğu kimi, hepatit zamanı da pasiyentin psixoloji durumu önəmli rol oynayır. Bu üzdən də, yaxşı həkim həm də psixoloq olmalıdır. O, pasiyenti dəstəkləməli, ruhlandırmalı və ümidləndirməlidir. Həkim heç bir halda xəstənin onsuz da ağır olan psixoloji vəziyyətini daha da ağırlaşdırmamalıdır. Hippokrat andı içmiş şəxs üçün ona inanan, fiziki və mənəvi cəhətdən zəifləmiş insanın bu vəziyyətindən istifadə etməməlidir.

Bununla yanaşı, ekspert həkimlərin yalnız ixtisasartırma kursları keçməklə, özünü hepatoloq adlandırmasını da düzgün saymır. "Bizim qarşımızda vacib vəzifə durur: əhalinin hepatitlə bağlı maarifləndirilməsi", - deyə o, bildirir.

Virusoloqun sözlərinə görə, hepatit xəstələrinin əksəriyyəti xroniki xəstələrdir. Hepatitin kəskin forması dünyada o qədər də geniş yayılmayıb. Bununla yanaşı, söhbət, əsasən, hepatit C-dən gedir. Hepatit B-yə qarşı məcburi peyvəndləmənin həyata keçirilməsindən sonra bu xəstəliyin daşıyıcılarının sayı ildən-ilə azalır. Hepatit C daşıyıcıları isə çoxluq təşkil edir.

 

İkinci mif: xəstələr çoxdur

Hepatitin yayılmasının öyrənilməsi üçün obyektiv meyarlar var. Hematologiya İnstitutu ilə birlikdə ötən 10 ildə, təxminən, 70 min insan müayinə olunub. Ekspertin sözlərinə görə, araşdırma 18-60 yaş arasında əsas qan donorları arasında aparılıb. Onların arasında 20 minədək hamilə qadın da olub. Müayinə olunan pasiyentlərin, təxminən, 3%-i hepatit C virusunun daşıyıcısı olublar. Bununla, həkim, hepatit xəstələrinin sayının az qala 30-40 faizə çatması haqda şişirdilmiş rəqəmləri təkzib edir. "Təxminən, 2,5% 40 nəfərə 1 xəstə deməkdir", - deyə o, bildirir. Əgər bu rəqəmləri Azərbaycan əhalisinə tətbiq etsək, ölkədə hepatitdən əziyyət çəkən insanların sayının 200 minədək olduğu üzə çıxır. Bir vacib məqamı bilməsək, bu, əlbəttə ki, qorxulu rəqəmdir: bu xəstələrin 80%-i subklinik hepatitin (yəni, özünü heç nə ilə büruzə verməyən) daşıycılarıdırlar. "Əslində, onların xəstə sayılması belə, düzgün deyil. Yəni hepatit daşıyıcısı olan insan spirtli içki qəbul etmirsə, normal, sağlam həyat tərzi keçirirsə, onun həyatı üçün heç bir təhlükə yoxdur və ola bilməz", - deyə ekspert qeyd edir.

Qanda infeksiyanın aşkar olunduğu zaman isə, ilk növbədə, diqqət qaraciyər fermentlərinin fəallığına yönəldilməlidir. Onlar normadadırsa, pasiyentin müalicəsinə ehtiyac yoxdur. Bu halda məsləhət görülən yeganə şey vaxtaşırı həkim müayinəsindən keçməkdir. Bununla yanaşı, qaraciyərin göstəricilərini nəzarətdə saxlamaq lazımdır və əgər onlar normadan kənara çıxmırsa, narahatlığa heç bir əsas yoxdur.

 

Üçüncü mif: hər kəs müalicə olunmalıdır

Həkim bildirir ki, qaraciyər fermentlərində dəyişiklik yoxdursa, o zaman sadəcə, xəstənin diqqətli olması  kifayətdir. Bu zaman müalicəyə qətiyyən ehtiyac yoxdur: "Təəssüf ki, bir çox həkimlər o qədər ixtisassız, yaxud şərəfsizdirlər ki, belə pasiyentləri müalicəyə cəlb edirlər. Başa düşmək lazımdır ki, qaraciyərin göstəriciləri normadadırsa, söhbət hepatitdən yox, yalnız infeksiyadan gedir. Bu üzdən də, diaqnozda da hepatit deyil, subklinik infeksiya göstərilməlidir. Bu halda söhbət hansı müalicədən gedə bilər? Axı, biz infeksiyanı deyil, xəstəliyi müalicə edirik". Ekspertin sözlərinə görə, burada söhbət yalnız profilaktikadan gedə bilər. Əlbəttə ki, özündə infeksiyanın olduğunu  bilən hər kəs daha ciddi, dərindən müayinə olunmaq istəyəcək və əksəriyyət qanından bu infeksiyanın tam təmizlənməsini arzulayacaq. Həkim bunun üçün cəhd göstərə bilər. Amma nəticənin olacağına zəmanət yoxdur. Müalicə zərurəti isə yalnız qaraciyərdə fermetlərin kəskin şəkildə artdığı, qanda infeksiyanın aşkarlandığı halda yaranır.

Səhiyyə Nazirliyinin məlumatına görə, 1 il ərzində bu xəstəliyin kəskin formasına yalnız 300-500 insan tutula bilər. Xroniki xəstələrin sayı isə bundan dəfələrlə çoxdur və qastroenteroloqlar belə şəxsləri müalicə etməlidirlər. Bununla yanaşı, Azərbaycanda yalnız 2 xəstəxanada qastroenterologiya yanında hepatit şöbəsi var - Neftçilər Xəstəxanası və 5 saylı Şəhər Xəstəxanasında. Səhiyyə Nazirliyinin Milli Proqramında yer alan müddəalardan birinə əsasən, həkimlər Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda ixtisaslaşma kursları keçməlidirlər. Amma bu layihə, hələ ki, lazımi dərəcədə inkişaf etməyib.

Həkimin sözlərinə görə, bir sıra ixtisaslaşmış xəstəxanalarda hepatitə çox ciddi yanaşılır və müvafiq tədbirlər görülür: "Məsələn, Milli Onkoloji Mərkəzdə hepatit xəstələrinə münasibət son dərəcə yüksək səviyyədədir. Orada hər şey sterilizə olunur, mütəxəssislər öz işlərinə çox diqqətlə yanaşırlar. Onların müxtəlif nəşrlərə verdikləri məqalələri yalnız Azərbaycanda deyil, Rusiyada və digər xarici ölkələrdə də nəşr olunur. Amma bu işin dövlət səviyyəsinə yüksəldilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən təşəbbüslərin olması vacibdir".

 

Müalicə, həqiqətən, baha başa gəlir

Hepatit C-nin müalicəsi çox baha başa gəlir. Hazırda bunun üçün 3 komponentdən istifadə olunur. Onların, ümumilikdə, qiyməti 40 min manatdır! Üstəlik, bu müalicə ağır xəstələrin hər biri üçün vacibdir. Bəs, Azərbaycanda müalicəyə bu qədər pul xərcləmək iqtidarında olan nə qədər adam var?

Həkimlər hepatitlə bağlı vəziyyətin yüngülləşdirilməsi üçün əsas vəzifə kimi, tibb işçilərinin ixtisas səviyyəsinin artırılmasını göstərirlər. Onlar anlamalıdırlar ki, virus öz-özlüyündə müalicə olunmur. Onun yalnız təzahürünü, yəni həmin anda özünü göstərən tərəflərini müalicə etmək olur. Virus daşıyıcıları vaxtaşırı müayinədən keçməli, müəyyən olunmuş pəhriz saxlamalıdırlar.

Böyrək xəstəlikləri şöbəsinin terapevti Zaur Orucovun sözlərinə görə, hazırda hepatit B virusundan qorunmağın ən effektiv yolu peyvənddir. "Hepatit C-dən qorunmaq çətindir. Çünki bunun üçün, hələ ki, peyvənd  yoxdur. Hazırda bu istiqamətdə işlər görülür", - deyə Z.Orucov qeyd edir: "İlk növbədə, stomatoloqa, ginekoloqa, cərraha qarşı mümkün qədər diqqətli olmaq lazımdır. Hələliksə, ümid yalnız hepatit B-yə qarşı olan peyvənddədir. Ölkədə yeni doğulan hər bir körpəyə bu peyvənd vurulur".

Nəzərə almaq lazımdır ki, hepatitin müalicəsi çox çətin, ağır və bahalı prosesdir. Odur ki, virusun aşkarlandığı anda dərhal mütəxəssisə müraciət olunmalı, atılacaq addımlarla bağlı məsləhətləşmələr aparılmalıdır. Bundan sonra isə artıq insana normal həyata dönməyə imkan verən remissiya başlayır.


MƏSLƏHƏT GÖR:

551