19 May 2024

Bazar, 12:25

UŞAQLARI İTİRMƏMƏK ÜÇÜN

Azərbaycanda effektiv sosial qəyyumluq orqanları sisteminin yaradılması ilə uşaqların övladlığa götürülməsi proseduru sadələşdirilməlidir

Müəllif:

29.07.2014

Bir tərəfdə bu və ya digər səbəblərdən valideyn ola bilməyən şəxslər, digər yanda isə atılmış  uşaqlar...  Onlar ya valideynləri tərəfindən atılıblar, ya da taleyin hökmü ilə yetim qalıb, ata və ana qayğısından məhrum  olublar. Nə qədər ki, bəşəriyyət var, bu problem aktuallığını qoruyub-saxlayacaq. Bəs, belə insanlara necə kömək etmək olar? Uşaqların övladlığa götürülməsi prosedurunun stimullaşdırılması və sadələşdirilməsi ilə. Azərbaycanda bu prosedura yenidən baxılmasına, ona "əl gəzdirilməsi"nə ehtiyac var..    

 

Uşaq istəyirəm!

Səbinə Məmmədova (ad şərtidir) uzun illər ana ola bilmirdi. Sonda o, həyat yoldaşı ilə birgə övladlığa uşaq götürmək qərarına gəlib. Bunun üçün ərizənin verilməsi proseduru kifayət qədər uzundur. Əvvəlcə onlar pasport qeydiyyatında olduqları rayon icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidirlər. Oradan ərizə müəlliflərinə bu iş üçün lazım olan sənədlərin siyahısı verilir (lazım olan sənədlərin siyahısı ilə Təhsil Nazirliyinin saytında tanış olmaq olar - red.).

Bundan sonra komissiya tərəfindən təyin olunan müfəttiş potensial valideynlərlə söhbət aparır, onların yaşayış şəraitini və imkanlarını diqqətlə araşdırır. Yəni, onların daimi yaşayış yerlərinin, daimi işinin olub-olmadığı dəqiqliklə yoxlanılır, gələcək valideynlər tibbi müayinədən keçirilir.

Ərizə müəllifləri müvafiq struktura yalnız müfəttişin rəyi ilə müraciət edə bilərlər. Bununla yanaşı, komissiyaya ünvanlaşmış ərizədə onlar övladlığa götürmək istədikləri uşağın cinsini, yaşını mütləq qeyd etməlidirlər. Gələcək valideynlər istəklərinə uyğun olaraq, ya Səhiyyə Nazirliyinə (əgər 3 yaşadək olan uşağı övladlığa götürmək istəyirlərsə), ya da Təhsil Nazirliyinə (3 yaşdan yuxarı uşağın övladlığa götürülməsi üçün) yönəldilirlər.

Onlar bütün mərhələləri uğurla keçdikdən sonra (bu, öz-özlüyündə kifayət qədər çətin prosesdir), hələ növbəyə də dayanmalıdırlar. Çünki rəsmi strukturların məlumatına görə, uşaq övladlığa götürmək istəyənlərin sayı onlara verilə biləcək uşaqların sayından xeyli çoxdur. Növbəsi çatan ailə uşaqla ünsiyyət qurur, problem olmadıqda ərizə müəllifləri məhkəməyə müraciət edir və məhkəmə yekun qərarı çıxarır.

Bizim qəhrəmanımızın işləri hələ ki, o qədər də rəvan getmir. O, tibbi müayinədən keçən zaman hepatit daşıyıcısı olduğu üzə çıxıb. Həkim-hepatoloq bildirir ki, bu xəstəliyin daşıyıcısı olmaq insana təhlükə yaratmır. Sadəcə o, donor ola bilməz. "Amma bu üzdən mənim müraciətimlə bağlı qərar uzanır", - deyə Səbinə Məmmədova bildirir. Doğrudur, ona birmənalı olaraq mənfi cavab da verilməyib. Amma vəziyyəti çətinləşdirən də budur. Uzun müddət gözləmək, qeyri-müəyyənlik istənilən insanda ümidsizlik yarada bilər.

Rəsmi strukturların uşaq övladlığa götürmək istəyənlərə gətirdikləri daha bir arqument: "Biz sizə atılmış uşaq verə bilmərik. Birdən sabah onun valideynləri peyda oldular və uşaqlarını geri istədilər?" Əslində, bu arqument bürokratik bəhanədən başqa bir şey deyil. Çünki bioloji valideynin nə vaxtsa peyda olacağını gözləyərkən illər keçə bilər və bu, nə uşağın, nə də potensial valideynlərin taleyinə müsbət təsir göstərəcək.

 

Məqsəd - əlçatarlıqdır

Hüquqşünas Elman Fəttahın sözlərinə görə, "qanunvericilik məhkəmənin əmək qabiliyyətli olmadığı haqda qərar çıxardığı insanlar istisna olmaqla, istənilən şəxsin övladlığa uşaq götürməsinə icazə verir". Bununla yanaşı, qanunvericilikdə insanları övladlığa uşaq götürməkdən məhrum edən bir sıra xəstəliklər də göstərilib. Bu, ilk növbədə, yoluxucu, o cümlədən həyat üçün təhlükə yaradan xəstəliklərdir. Hüquqşünasın sözlərinə görə, "valideyn vaxtilə vərəm, dəri-veneroloji və psixodispanserdə qeydiyyatda olubsa, lakin hazırda sağlamdırsa, bu, onun övladlığa uşaq götürməsinə heç cür maneə sayıla bilməz". 

Elman Fəttah hepatitin bu işdə əngəl olmadığını bildirir. Çünki o, yoluxucu xəstəlik olsa da, insandan-insana yalnız qan vasitəsilə keçir.

Uşaqdan imtina məsələsi də ayrıca diqqətə layiqdir. Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən, valideynlərinin himayəçilikdən imtina etdiyi və atılmış uşaqlar eyni statusa malikdirlər: "Lakin uşaq evlərində olanlarla valideynlərinin maddi sıxıntı üzündən və digər səbəblərdən internata verdikləri və tez-tez baş çəkdikləri uşaqları bir-birindən fərqləndirmək lazımdır. Yəni, bir uşağın övladlığa verilməsi üçün valideynlərinin və ya qohumlarının razılığı yalnız o zaman tələb olunur ki, uşaq onlarla münasibət saxlasın və onların yeri dəqiqliklə bəlli olsun".

Evinin kandarından və ya daha ağırı, küçədən tapdığı uşağı övladlığa götürmək istəyənlərə maneə və əngəl yaradılması isə nəinki anlaşılmazdır, həm də insafsızlıqdır. Ekspertin fikrincə, bu məsələdə əsas problem qanunvericilikdəki ağ ləkələrdir: "Boşluqlar və qeyri-müəyyənliklər lazımsız süründürməçiliklərə səbəb olur. İlk növbədə, qanunvericilik bazası daha yaxşı işlənilməli, ona dəyişikliklər edilməlidir".

Bundan başqa, prosesi şəffaflığın olmaması da çətinləşdirir. Ölkədə nə uşaqlar, nə də potensial valideynlərlə bağlı vahid baza var. Onun olması uşaqların övladlığa götürülməsi prosesinin nəzarətdə saxlanılmasına yardım edərdi. Nəticədə, prosedurlar kifayət qədər uzanır, ən yaxşı halda buna 2 və ya 3 il lazım gəlir.

Ekspert nümunə kimi Türkiyəni göstərir. Onun sözlərinə görə, qardaş ölkədə uşaqların övladlığa götürülməsi xeyli asandır: "Orada sənədlərin hazırlanması və müsbət cavabın verilməsi bizdəki qədər vaxt aparmır və çətin proses deyil. Amma eyni zamanda, uşağın yeni ailəyə verilməsindən sonra sosial qəyyumluq orqanları bir müddət ailəni müşahidə edir, uşağın yaşayış şəraitini, qidalanmasını, ailədəki qarşılıqlı münasibətləri diqqətdə saxlayır" - E.Fəttah Azərbaycanda belə orqanın olmadığını bildirir.

Hələ 2012-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin rəhbəri Taliyə İbrahimova övladlığa götürülmüş uşaqların daim nəzarətdə saxlanılması üçün strukturun yaradılmasının vacibliyini bildirirdi. O, fikrini belə uşaqların zorakılığa məruz qalması faktlarının olması ilə əsaslandırmışdı. Artıq bu layihə hazırdır. Həmin sənəd çərçivəsində uşağa valideyni seçmək hüququnun verilməsi nəzərdə tutulub. 

 

Hər şey qəyyumluq orqanlarından asılıdır

Bu, kifayət qədər sadədir. Məsələn, ABŞ-ın təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkədə "yetimlər evləri" olsa da, müxtəlif ştatlarda valideynsiz qalmış uşaqların yalnız 5-9%-i bu evlərdə yaşayırlar. Ata və ana himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi ilə Foster Care qəyyumluq sistemi məşğul olur. Uşaqların əksəriyyəti (54%) qəyyum ailələrə verilir. Yəni, onlar xüsusi yoxlamadan keçmiş ailələrdə yaşayırlar, sadəcə, qəyyumlara valideyn hüququ verilmir. Kimlərsə yetimləri pul xətrinə (1 uşağa görə aylıq ödənilən kompensasiyanın məbləği 1500 dollaradəkdir) götürür, kimlərsə bunu xeyriyyəçilik və ya boş vaxtını "öldürmək" məqsədilə edir. ABŞ-da uşağın övladlığa götürülməsi proseduru qəliz deyil və buna, təxminən, 1 il vaxt lazım gəlir. Amma bu ölkədə övladlığa verilmiş uşaqlara sosial qəyyumluq orqanları tərəfindən nəzarət son dərəcə güclüdür. Uşağın övladlığa götürülməsindən müəyyən müddət sonra onun məsuliyyətsiz valideynlərin əlinə düşdüyü məlum olarsa, onun yaşayış şəraitinin pis olduğu üzə çıxarsa, həmin şəxslər dərhal valideynlik və övladlığa uşaq götürmək hüququndan məhrum edilirlər. Yəni, ABŞ-da hər şey uşaq evlərində mümkün qədər az uşağın qalmasına yönəlib və sosial qəyyumluq orqanlarının ciddi nəzarəti sayəsində bu sistem özünü tamamilə doğruldur.

Avropa İttifaqı ölkələrində isə sağlam, mükəmməl uşaqlar üçün uşaq evləri və internatlar yoxdur. Avropa Şurası tərəfindən müəyyənləşdirilmiş standarta görə, uşağın bioloji ailəsində qalmasının prioritet olduğu nəzərə alınmalı, uşağın ailəsinin qorunması üçün tədbirlər görülməli, bunun mümkün olmadığı halda isə bütün səylər uşağın ailə ilə təmin olunmasına yönəlməlidir. Aİ-də yetimlərin 90%-ni buna görə dövlətdən pul alan ailələr götürürlər. Uşaq həmin ailədə övladlığa götürülənədək qalır və bu, uzun çəkmir. Məsələn, Parisdə il ərzində övladlığa götürülən uşaqların sayı 50-ni keçmir. Halbuki, orada ildə, təxminən, 700 insana övladlığa uşaq götürmək hüququ verilir. Məhz bu üzdən övladlığa uşaq götürmək hüququ qazanmış bir çox cütlüklər uşağı xaricdə axtarmalı olurlar. Amerikalıların ildə övladlığa götürdükləri uşaqların sayı, təxminən, 100 mindir. Onların 80 mini "yerli", 20 mini isə xarici uşaqlardır.

Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nazir Quliyevin sözlərinə görə, Azərbaycanda övladlığa götürmə ilə bağlı bütün işlər ya məhkəmələrdə ilişib qalır, ya da potensial valideynlər illərlə növbə gözləməli olurlar. "Bir çox ölkələrdə uşaqların övladlığa götürülməsi mexanizmi elə qurulub ki, prosedur mümkün qədər tez başa çatsın. Bizim ölkəmizdə isə uşaq götürmək istəyən insanların həvəsləndirilməsi üsulları yoxdur - nə hüquqi, nə də psixoloji mənada. Bundan başqa, Azərbaycanda effektiv sosial qəyyumluq orqanlarının yaradılmasına ehtiyac var. Bu, övladlığagötürmə sahəsində şəffaflığı təmin edər, valideynlərin övladlığa götürdükləri uşaqlara qarşı məsuliyyətini artırardı. Bundan başqa, istər uşaqlar, istərsə də potensial valideynlərlə bağlı geniş və korrekt baza yaradılmalı, o, daim yenilənməlidir. Bazada tam və ətraflı məlumatların olması üçün isə daim monitorinqlər keçirilməlidir", - deyə N.Quliyev bildirir. 

 

Uşaq evlərinə "yox"?! 

Uşaq evləri və internatlar sisteminin ləğvinə gəlincə, bu da ekspertləri düşündürən ciddi məsələdir. Əslində, hazırda Azərbaycanda belə qurumlardakı uşaqların sayı o qədər də çox olmamalıdır - 2006-cı ildə ölkədə Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı qəbul edilib. O, 2015-ci ilədək olan dövrü əhatə edir. Eyni zamanda, uşaq evləri və internatların ləğvi sisteminin stimullaşdırılmasına yönəlmiş tədbirlər də təsdiqlənib. Proqram uşaqların ailələrinə, bioloji valideynlərinə və ya qəyyumlarına (kompensasiyaların verilməsi) qaytarılmasının stimullaşdırılması mexanizmlərinin yaradılmasını, uşaq evlərinin "ailəni əvəz edən" tipli tərbiyə müəssisələrinə çevrilməsini də nəzərdə tutur. Proqramın müddətinin bitiminə cəmi 1 il qalsa da, onun ciddi nəticələr verdiyini söyləmək mümkün deyil.

Statistikaya görə, 2006-2013-cü illərdə Azərbaycanda 39 ailə tərəfindən 41 uşaq övladlığa götürülüb. Onların 8-i əcnəbi vətəndaşlardır; 4 ailə Rusiyada yaşayan azərbaycanlı ailəsi, qalanları isə Türkiyə, İran, ABŞ və Fransa vətəndaşlarıdırlar. Nə qədər təəssüfləndirici olsa da, rəqəmlər Azərbaycanda övladlığa götürülən uşaqların sayının çox az olduğunu göstərir.

Yetim və valideynlərin imtina etdiyi uşaqların institutlaşdırılması orqanları bizə SSRİ-dən miras qalıb. Bu gün Azərbaycanda uşaq evləri sisteminin ləğvi üçün tələb olunan bütün işlər görülməlidir - övladlığa götürülən və öz ailələrinə qaytarılan uşaqların sayı mümkün qədər çox olmalıdır. Bundan başqa, problem yalnız faktlara görə həll olunmamalı, onun səbəbləri də müəyyənləşdirilərək aradan qaldırılmalıdır. Bu işdə gənclərin seksual tərbiyəsinin rolu da az deyil. Axı, atılan uşaqların çoxu arzuolunmayan və planlaşdırılmadan dünyaya gələn körpələrdir.


MƏSLƏHƏT GÖR:

599