19 May 2024

Bazar, 09:41

BANKOMATDAN UZAQLAŞMADAN

Milli ödəniş sisteminin yeni inkişaf strategiyası nağdsız ödənişlərin populyarlaşmasına imkan yaradacaq

Müəllif:

29.07.2014

Azərbaycan 2021-ci ilə qədər milli ödəniş sisteminin inkişaf strategiyasını müəyyənləşdirib. Bu strategiyanın əsas məqsədi bütün ölkə ərazisində vahid elektron ödəniş məkanının yaradılmasıdır. 

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələrinin fikrincə, bu strategiyanın həyata keçirilməsi iqtisadiyyatda nağd pulların dövriyyəsini məhdudlaşdırmağa, iqtisadi subyektlər arasında nağd hesablaşmaların istifadəsini azaltmağa və onların dövriyyəsində şəffaflığın artırılmasına şərait yaradacaq. Bundan başqa, onun tətbiqi nağdsız hesablaşma alətlərinin istifadəsini cəmiyyətdə müəyyən bir formaya çevrilməsinə, əhatə dairəsini genişləndirməyə, müasir texnologiya və alətlərə əsaslanan elektron ödəniş xidmətlərinin tətbiqinə imkan verəcək.

 

Yeni planlar 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda dövlət strukturları elektron xidmətə keçmək məqsədilə fəal iş aparırlar. İyul ayının əvvəlinə olan məlumata görə, dövlət strukturlarının saytlarının tətbiq etdikləri elektron xidmətlərin ümumi sayı 455-dir. Onlardan 277-nə isə "Elektron hökumət" portalında çıxış var. Eyni zamanda "Elektron hökumət" portalında elektron xidmətlərə müraciətlərin sayı 2012-ci ilin dekabrından 2014-cü ilin 30 iyun tarixinə kimi, təxminən, 1,4 milyona çatıb. Hazırda portala 60-dan çox təşkilat qoşulub, onun illik pul dövriyyəsi isə, təxminən, 1 mlrd. manata çatır. 

Bir sözlə, e-xidmətlərin və nağdsız hesablaşmaların populyarlaşması üzrə dövlət səviyyəsində səylər dayandırılmır. Və etiraf etmək lazımdır ki, Azərbaycanda bu sahələrin inkişafı üçün kifayət qədər geniş infrastruktur yaradılıb. Sosial və pensiya ödənişləri artıq çoxdan bank kartları vasitəsilə ödənilir. Bununla yanaşı, bir çox sahələrdə istər dövlət, istərsə də iqtisadiyyatın özəl sektorunda əməkhaqqının ödənilməsi bu şəkildə həyata keçirilir. Habelə əhalinin online ödənilməsi mümkün olan kommunal və digər xidmətlərin siyahısı əhəmiyyətli dərəcədə böyüyüb. Ticarət sahələrində POS-terminalların quraşdırılması və xidmət göstərmə müştəriyə bazarlıq və xidmət haqqını nağdsız formada ödəməyə imkan verir. Bu ildən ictimai nəqliyyatda da gediş haqqının kart vasitəsilə ödənilməsi tətbiq edilib. Düzdür, bu yenilik uyğun olaraq təkcə Bakı üçündür və bütün marşrutlarda işləmir. Lakin məmurların vəd verdiyi kimi artıq 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlinə sistem hər yerdə tətbiq olunacaq və 2500-dən çox avtobusu əhatə edəcək. Daha sonra bütün respublikaya yayılacaq. 

Gələcək addımlara gəldikdə isə AMB-nin Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin rəhbəri Kəmalə Qurbanovanın qeyd etdiyi kimi, 2015-2020-ci illərə şamil ediləcək nağdsız hesablaşmaların inkişaf strategiyası ilin sonuna qədər hökumətə təqdim olunacaq. Sənəd beş istiqamətdə tədbirləri nəzərdə tutur: elektron ödənişlər infrastrukturunun inkişafı  və yeni xidmətlərin tətbiqi ilə onun əhatə dairəsinin genişləndirilməsi; elektron ödənişlər üçün normativ-hüquqi bazanın gücləndirilməsini; nağdsız hesablaşmalarda innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi; elektron ödəniş xidmətlərinin istifadəsinə dair əhalinin biliklərinin artırılması; elektron ödənişlərin aparılmasının təşviq edilməsi.

AMB-nin baş direktoru Rəşad Orucovun fikrincə, strategiya nağdsız hesablaşmalar sferasının əlavə stimullaşdırılması üzrə gələcək tədbirlərdən ibarətdir.

Xatırladaq ki, 2005-ci ildə dövlət başçısının sərəncamına əsasən, ödəniş sistemlərinin inkişafına dair Dövlət Proqramı qəbul edilib. Bu proqramla ölkə ərazisində əsasən bütün obyektlərdə 2015-ci ilə qədər POS-terminalların quraşdırılması da daxil olmaqla, tədbirlər kompleksi həyata keçirilib. Onun reallaşması bankomat və POS-terminalların köməyi ilə, təxminən, 6 mln. ödəniş kartının ümumi dövriyyəsinin yanvar-may aylarında 988 mln. manat olması ilə nəticələnib.  

 

Təmassız və sərfəli 

Lakin bütün səylərə baxmayaraq, nağd dövriyyə hələ də bütün respublika miqyasında üstünlük təşkil edir və buna bir çox amil təsir edir: sahibkarların vergidən yayınma istəkləri, kölgə iqtisadiyyatının mövcudluğu, əhalinin elektron ödənişlərin üstünlüyü haqda məlumatlılığının zəifliyi. Ona görə də hazırlanmış təklif və ikinci dövlət proqramının layihəsinin əsas məqsədi bu amillərin kənarlaşdırılması və müvafiq infrastrukturun inkişafından ibarətdir. Sonda bu, Azərbaycanda nağdsız hesablaşmaların xüsusi çəkisinin beynəlxalq səviyyəyə çatmasına gətirib çıxaracaq. 

Məlum olduğu kimi, regionda nağdsız hesablaşmaların kifayət qədər istifadə edilməmə səbəbləri terminalların bahalığı və dövriyyənin az olması ilə əlaqədardır. "Millikart Group" prosessinq mərkəzinin rəhbəri Cəlal Orucov bu problemin həlli qismində mobil POS-terminalların tətbiqində görür. "Aydındır ki, kiçik biznes kifayət qədər dövriyyəyə sahib deyilsə, nağdsız hesablaşmalar aparmaqda maraqlı olmur. Mobil terminallar isə (mobil qurğuya xüsusi əlavə qoşulduqda) klassik POS-terminallarla müqayisədə daha ucuzdur və bu sözün əsl mənasında mobildir. Odur ki, bu cür terminallar xüsusilə də ölkənin regionlarında kiçik biznes üçün daha populyar olacaq", - deyə C. Orucov hesab edir. 

Daha sonra təmassız ödəniş kartlarına  Azərbaycanda riteylin bir neçə istiqamətlərində geniş tələbat duyula bilər. Bu cür texnologiyaların necə işlədiyini ictimai nəqliyyatda gediş haqqı sisteminin timsalında görmək olar. "Bu cür kartlar kifayət qədər böyük həcmli olmayan transaksiyalar aparılan pərakəndənin müxtəlif seqmentlərində tələbatlı ola bilər. Bu, ticarət mərkəzlərində fast-fudlar və fud-kortlar və təşkil edilmiş avtodayanacaqlar ola bilər. Belə yerlər ölkədə hələlik çox deyil, amma onların gələcəyinə ümid etmək olar", - deyə Cəlal Orucov qeyd edib.  

Bu arada ölkə bankları bu istiqamətin perspektivini artıq anlayıblar. Bu cür xidmətləri göstərmək üçün bankın müvafiq sertifikatlaşmadan keçməsi zəruridir. Hazırda bir dəfəyə bir neçə bank analoji prosedura təşəbbüs göstərib və təmassız kartların buraxılması, eləcə də müştərilərə bu kartlardan istifadə etməyə imkan verən POS-terminallar və ya validatorların alışı və quraşdırılması hüquqlarını almaq niyyətindədirlər. 

Öz növbəsində ölkənin 15 bankının xidmət göstərdiyi "Millikart Group" prosessinq mərkəzi bank-müştərilərinə Bakıda nəqliyyat kartı sisteminə qoşulması imkanını artıq cari ilin sentyabr ayında təqdim etmək niyyətindədir. Bu sistem banklar üçün tam açıqdır və müvafiq olaraq ona qoşulmaq istəyən bank, sadəcə zəruri sertifikatlaşdırmanı keçməlidir. 

Digər iri prosessinq mərkəzi "Azercard"a gəlincə isə o, "Visa payWave" və "MasterCard PayPass" təmassız kartlarının emissiyası və ekvayrinqinə artıq tamamilə hazırdır. Mərkəzdən bildiriblər ki, bu kartların emissiyası ilin sonuna qədər gözlənilir. Hal-hazırda "payWawe" və "PayPass" təmassız ödəniş texnologiyası ilə təchiz olunmuş POS-terminallar artıq paytaxtın bir neçə ticarət mərkəzində quraşdırılıb.                                          

 

Özününkünü yaratmaq və başqaları ilə dostlaşmaq

Bununla bərabər, bəlkə də, AMB-nin yeni strategiyasının ən maraqlı elementi Azərbaycanın milli ödəniş sisteminin yaradılması ola bilər. 

Məlum olduğu kimi, Rusiyanın ödəniş məkanında sonuncu vəziyyət bir çox mərkəzi bankarı yerli ödəniş şəbəkəsinin yaradılması haqda düşünməyə vadar edib. Xatırladaq ki, siyasi arenada məlum hadisələrlə əlaqədar olaraq "Visa" və "MasterCard" beynəlxalq ödəniş sistemləri bir sıra Rusiya banklarının ödəniş kartlarına xidmət göstərməyi dayandırıblar. Bu da, əlbəttə ki, ciddi maliyyə problemi ilə nəticələnib. Nəticədə, RF prezidenti Vladimir Putin hökumət və MB-yə milli ödəniş sisteminin yaradılmasına dair bütün zəruri tədbirlərin qəbul edilməsini tapşırıb. Bununla belə, Rusiyada sıfırdan ödəniş kartlarının milli sisteminin yaradılması müzakirə olunur. Bu isə Rusiyadaxili kart transaksiyalarının beynəlxalq ödəniş sistemlərindən asılılığının qarşısını almağa imkan verəcək. 

AMB-nin planlarına gəlincə, ödəniş sisteminin yaradılmasının məqsədi - nağdısz hesablaşmaların inkişaf proseslərinin səmərəliliyi, Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzləri arasında sıx əlaqənin yaradılmasından ibarətdir. Bununla əlaqədar, hazırda müvafiq beynəlxalq təcrübə öyrənilir. Mərkəzi bankda qeyd edildiyi kimi, bu, Azərbaycandan kənarda da ölkə daxilində kartlar üzrə aparılan əməliyyatlar haqda məlumatların saxlanılmasının təmin edilməsinə, ödəniş kartlarının yerli bazarların inkişafı, o cümlədən onlarla əməliyyat üzrə daxili tarifləri aşağı salmağa imkan verəcək.   

Bazar iştirakçılarının məlumatına görə, ödəniş kartlarının milli sisteminin yaradılması ilə istisna edilmir ki, gələcəkdə də bu sistemə pensiya, təqaüd, müavinət, eləcə də digər ödənişlərin həyata keçirildiyi bütün sosial kartlar köçürüləcək. Mənbənin sözlərinə görə, bu tədbir hər şeydən savayı, bu gün "Visa" və "MasterCard" platformalarında buraxılan bu kartların emissiyasına və xidmətinə çəkilən xərclərin həcmini azaltmağa şərait yaradacaq.   

Eyni zamanda bu layihə son dərəcə yerlidir və Mərkəzi Bank ölkədə nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi və inkişafı üzrə beynəlxalq ödəniş sistemləri ilə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.  

Bir sözlə, bir tərəfdən Azərbaycanın milli ödəniş sisteminin yeni inkişaf strategiyası beynəlxalq arenada baş verən hadisələr fonunda maliyyə bazarlarının növbəti çağırışlarına cavab olacaq.  Digər tərəfdən isə daxili vəziyyəti nağdsız hesablaşmaların genişləndirilməsi ilə istər, ümumiyyətlə, dünyada, istərsə də xüsusi olaraq ölkədə informasiya texnologiyaları sahəsinin inkişaf templərinə uyğunlaşdırmağa yardım edəcək.

 

Bu məqalə “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən ən yaxşı məqalə müsabiqəsi üçün hazırlanıb.


MƏSLƏHƏT GÖR:

593