18 May 2024

Şənbə, 09:57

HASİLATIN ZİRVƏSİNDƏ

bp-nin operatoru olduğu "Şahdəniz"də üç quyu yataqda ən məhsuldar olub

Müəllif:

05.08.2014

"Azəri-Çıraq-Günəşli" (AÇQ) və "Şahdəniz" layihələrinin, habelə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Cənubi Qafqaz qaz kəmərinin operatoru kimi çıxış edən Britaniyanın neft-qaz nəhəngi bp, qlobal miqyasda fəaliyyətində maksimal şəffaf siyasətinə sadiq qalaraq, Azərbaycandakı layihələrində də buna planlı şəkildə diqqət yetirir. Belə ki, artıq neçəci dəfədir ki, şirkət ölkədə layihələrə dair əsas məlumatları əhatə edən "Azərbaycanda dayanıqlı inkişaf" adlı hesabatını nəşr edir. Bununla belə, sənədin hazırlanmasına böyük diqqət ayrılır. Bu statistik məlumatlar və göstəricilərdən təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda geniş auditoriya istifadə edir. İlbəil təkmilləşən və əlavələr olunan hesabat hazırlanarkən, ictimaiyyətin, o cümlədən neft-qaz sektorunda nailiyyətləri işıqlandıran jurnalistlərin də fikirləri nəzərə alınır.     

 

Lider  "Şahdəniz"

Beləliklə, bp-nin hesabatına əsasən, AÇQ və "Şahdəniz" yataqlarının istismarında böyük uğurların əyani nümunəsi ondan ibarətdir ki, ötən ilin nəticələrinə görə, "Şahdəniz"də işlənən üç quyu 29 ən məhsuldar quyuların siyahısında ilk yerləri tutub. "Şahdəniz"də daha  iki quyu siyahıda altıncı və doqquzuncu yeri tutub. Ən məhsuldar quyular siyahısına, həmçinin "AÇQ" blokundan 3 quyu düşüb. 

Mətbuat nümayəndələri ilə hesabatın müzakirəsi zamanı "bp-Azerbaijan"nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlının qeyd etdiyi kimi, dünyada ən iri qaz-kondensat yataqlarından biri olan "Şahdəniz"də quyular olduqca yüksək nəticələr göstərir. "Məhz buna görə onlar bp-nin ən məhsuldar quyuları siyahısında lider mövqeləri tutublar", - deyə o, vurğulayıb. 

Qeyd edək ki, hesabata əsasən, sübut edilmiş qaz ehtiyatları 1, 23 trln. kubmetr qiymətləndirilən "Şahdəniz"dən 2006-2013-cü illər ərzində 47,3 mlrd. kubmetr qaz və 99,5 mln. barrel qaz kondensatı çıxarılıb.  

Bundan əlavə, "Şahdəniz"in sonrakı işləmə planları ümid etməyə imkan verir ki, gələcəkdə yataqda məhsuldarlıq üzrə quyular təkcə bp-nin statistikasına görə deyil, ümumiyyətlə, dünyada lider mövqelərinə çıxacaq. Bunu yatağın ikinci işləmə mərhələsi çərçivəsində, yataqda illik hasilat həcminin ildə hazırkı 9-9,5 mlrd. kubmetrdən 16 mlrd. kubmetrə yüksələcəyinə dair səslənən proqnozlara əsasən iddia etmək olar. 

"Şahdəniz"in təkcə bp və Azərbaycan iqtisadiyyatı üçün deyil, həm də Avropa üçün nə qədər önəm daşıdığını Köhnə Dünya ölkələrinə qazın ixracına dair planlar da deyir. Cənub qaz dəhlizi - Avropaya karbohidratların tədarük mənbələrini diversifikasiya etməyə və enerji təhlükəsizliyi yüksəltməyə, Azərbaycana isə Avropa timsalında yeni bazar əldə etməyə imkan verən layihədir.

Azərbaycan energetika naziri Natiq Əliyevin sözlərinə görə, "Şahdəniz" qaz kondensatı yatağının ikinci işlənməsi mərhələsində, eləcə də Azərbaycan və Türkiyə ərazisində qaz-nəqliyyat infrastrukturunun genişləndirilməsi və yaradılmasında sərmayələrin həcmi 46,5 mlrd. dollar qiymətləndirilir.

Xatırladaq ki, yatağın istismarının ikinci mərhələsi çərçivəsində qaz Türkiyə və Avropa bazarlarına Cənubi Qafqaz qaz borukəmərinin genişləndirilməsi və Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin tikilməsi yolu ilə ixrac ediləcək.

Bu günlərdə məlum oldu ki, Cənub qaz dəhlizi layihəsi çərçivəsində üç üzvdən - Böyük Britaniyanın sabiq baş naziri Tonir Bler, Almaniyanın keçmiş xarici işlər naziri Qans-Ditrix Genşer və əvvəllər bp-nin sədri olmuş "Goldman Sachs" investisiya bankının sədri Piter Sazerlenddən ibarət məsləhətçi qrup yaradılır. 

Bir mənbənin məlumatlarına görə, o, bp, SOCAR və "Statoil" daxil olmaqla, Cənub qaz dəhlizinə cəlb edilmiş şirkətlər tərəfindən yaradılır. Məqsəd isə siyasi, sosial və ekoloji məsələlər üzrə məsləhətlərin verilməsi ilə bağlıdır. Qrup özəl, "daxili" məsləhətçi orqan qismində yaradılır və texniki olmayan risklərlə məşğul olacaq. Qrupun keçirdiyi müzakirələr açıqlanmayacaq.  

 

İnkişaf üçün sərmayələr

bp-nin "Azərbaycanda dayanıqlı inkişaf" adlı hesabatında digər maraqlı statistik məlumatlar da az deyil. Belə ki, sənəddə qeyd edilib ki, ölkədə 1995-ci ildən 2013-cü ilə qədər layihələrə çəkilən əsaslı xərclərin həcmi 43,1 mlrd. dollar təşkil edib. 1997-2013-cü illərdə isə "AÇQ" blokundan cəmi 2,3 mlrd. barrel neft hasil edilib. Bununla yanaşı, Azərbaycanla bağlı layihələrə bp-nin dünya üzrə neft hasilatının 11%-i düşür. Lakin onlarla yanaşı, ölkədə işlənməsi və reallaşdırılmasına sərmayələr yönəldilən digər neft-qaz obyektlərində də işlər aparılır. Qeyd edildiyi kimi, iri enerji layihələrinin həyata keçirilməsi böyük həcmdə investisiya tələb edir. Lakin onların hamısı ölkə iqtisadiyyatının artan inkişafını təmin edən yüksək göstəricilər və böyük gəlirlə təsdiqlənir. Məsələn, ölkədə neft və qazın satışının gəlirlərinin toplandığı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) məlumatlarına əsasən, 2014-cü ilin 1 iyul tarixinə (2001-ci ilin əvvəlində) ARDNF-ə "AÇQ" layihəsi çərçivəsində 102,8 mlrd. dollar daxil olub. Öz növbəsində 2007-ci ildən ARDNF-ə "Şahdəniz" layihəsinin reallaşmasından daxil olan gəlir 1,89 mlrd. dollar təşkil edir.

Xatırladaq ki, Dövlət Neft Fondunun əsas məqsədləri iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun xaricdə vəsaitlərinin yığması və aktivlərinin yerləşdirilməsi, "holland sindromu"nun müəyyən dərəcədə qarşısının alınması, gənc nəsillər üçün vəsaitlərin yığılmasının təmin edilməsi və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləməkdən ibarətdir. 

Məhz bu, Azərbaycana neft dollarının böyük axınının mənfi təsirindən xilas olmağa və neft-qaz resurslarının işləməsindən əldə edilən vəsaitlərin istifadə edilməsi yolu ilə strateji cəhətdən mühüm obyektlərin tikilməsi və yenidən qurulması, eləcə də mühüm ümumimilli problemlərin həll edilməsi ilə davamlı iqtisadi inkişafı təmin etməyə imkan verdi. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev dediyi kimi, "Biz enerji təhlükəsizliyimizi artıq çoxdan təmin etmişik və bu gün digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırıq. Bu - müsbət roldur. Tərəfdaşlarımız bunu qiymətləndirirlər".



MƏSLƏHƏT GÖR:

572