27 Aprel 2024

Şənbə, 06:52

İNSAN REJİSSORU

Böyük Rasim Ocaqov yeddi ildir aramızda yoxdur

Müəllif:

01.08.2012

Azərbaycanın dövlət və özəl televiziyaları istər bayram, istərsə də adi günlərdə kino sənətimizin incisinə çevrilmiş bir neçə filmi təkrar-təkrar nümayiş etdirirlər. Bəzən bundan gileylənirik də. Amma gileyimiz həmin filmlərdən deyil, onlara bərabər filmlərin çəkilməməsindəndir. Zaman keçir, nəsillər bir-birini əvəz edir, tamaşaçılar dəyişir. Həmin filmlərə maraq isə tükənmir. Dönə-dönə baxmaqdan usanmadığımız filmlərin sırasında rejissor Rasim Ocaqovun yaratdığı filmlər də var. Elə buna görə də onun filmlərində rol alan aktyorlar və aktrisalar özlərini xoşbəxt hesab edirlər. Rejissorun tamaşaçı rəğbəti qazanmış, Azərbaycan kino sənətinin unudulmaz səhifələrinə çevrilmiş filmlərində iştirak etdikləri ilə fəxr edirlər. 

   Rasim Ocaqov bütün bunları - kino sənətində gördüyü işlərin dəyərini, çəkdiyi filmlərin unudulmayacağını bilirdi. O, özünü həyatda bəxti gətirən adam hesab edirdi. Dünyaya gəldiyi zamanı da, məkanı da, sənət və ailə seçimini də özünə Tanrının lütfü sayırdı. 

  O, 1933-cü ildə Şəkidə dünyaya göz açmışdı. Seyid nəslindən olan atası əslən lənkəranlı, anası şəkili idi. 1925-ci ildə həkim kimi Şəkiyə göndərilən atası şəkili həkim qızla evlənib, ömrünü-gününü o gözəl yerlərə bağlamışdı.       

 Əslində, Rasim Ocaqovun uşaqlığı çox ağır, ziddiyyətlərlə dolu dövrə təsadüf etmişdi. Sovet hakimiyyətinin “təmizləmə siyasəti”ni, İkinci Düya Müharibəsinin gətirdiyi itkiləri, sıxıntıları görə-görə böyüdü. 1941-ci ildə Şəkidə orta məktəbin rus şöbəsinə getdi. Uşaqlıqda geoloq olmaq istəyirdi. Şəkinin dağlarına neft axtarmağa gələn mütəxəssisləri gördükdən sonra bu qərara gəlmişdi. Bir gün Şəkiyə sənədli film çəkməyə gələn Bakı kinostudiyasının çəkiliş qrupu onun sənət istəyini dəyişdi. O zaman 9-cu sinifdə oxuyurdu. Valideynlərinin narazılığı onu fikrindən döndərə bilmədi. 1951-ci ildə orta məktəbi bitirib, Moskvaya - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumağa getdi. Həmin məktəbə qəbul olunanda 17 yaşı var idi. İnstitutda təhsilini başa vurduqdan sonra, Bakıya - kinostudiyaya işləməyə gəldi. 1956-cı ildə "Uzaq sahillərdə" filmində ikinci operator kimi fəaliyyətə başladı. Tezliklə istedadlı operator kimi tanındı. 14 filmdə operatorluq etdi.

Rejissor olmaq istəyində idi. Kinostudiyanın rəhbərliyinə ssenarilər təqdim etsə də, razılıq ala bilmirdi. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram rejissorluğu şöbəsinə daxil oldu. Hələ institutda oxuyurdu. Kinostudiyada çəkilən "Qatır Məmməd" filminin rejissoru Hüseyn Seyidzadə ilə rəhbərliyin arasında problem yarandı. Filmi yenidən çəkməyi ona təklif etdilər. Razılıq verdi. "Qatır Məmməd" uğurlu film kimi qəbul olundu. Sonra "Tütək səsi" filmini çəkdi. "Ad günü" isə onun üçüncü filmi idi. 

Rasim Ocaqovun Azərbaycan kino sənətinə xidmətlərindən biri də tanınmayan aktyorların, aktrisaların istedadını üzə çıxarması idi. “Ad günü” filmində də Hacı İsmayılovu kino aktyoru kimi kəşf etdi. 

Hacı İsmayılovun Rasim Ocaqovla tanışlığı barədə yaddaşında iki epizod qalır. Birində 1964-cü ildir. Teatr İnstitutunun tələbələri “Bir cənub şəhərində” filmində çəkilən dostları Eldəniz Zeynalovun ifasına baxmağa gediblər. Bakının köhnə küçələrinin birində çəkiliş aparılır. Operator Rasim Ocaqovdur. Onu uzaqdan görüb tanıyırlar. 

İkinci epiodda isə 1976-cı ildir. Hacı İsmayılov kinostudiyaya dublyaja getmişdi. O zaman "Azərbaycanfilm" kinostudiyasında rejissorların, ssenari yazarlarının, aktyorların tez-tez yığışdıqları yaradıcılıq bufeti var idi. Hacı İsmayılov orada dostları ilə çay içirdi. Bir az aralıda stolun arxasında isə Rasim Ocaqov sənət dostları ilə əyləşmişdi. Birdən rejissor onlara yaxınlaşdı. Onun verdiyi xəbər gəlişindən də gözlənilməz oldu. Hacı İsmayılova dedi: "Yeni filmin çəkilişlərinə başlayıram. Səni sınaq fotoçəkilişinə dəvət edirəm". Hacı İsmayılov sonra öyrəndi ki, Rasim Ocaqov kənardan onları müşahidə edirmiş. Öz dostlarından bu gənc aktyor barədə məlumat alıb. Sonra yaxınlaşıb onu sınaq çəkilişinə dəvət edib. 

Böyük həvəslə sınaq çəkilişində iştirak etdi. Gözləmədiyi halda nəticə uğurlu alındı. Bu, Hacı İsmayılovun kino sənətində gəlişi oldu. "Ad günü"nün ilk tamaşaçıları Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev və o vaxt Bakıda olan SSRİ-nin İrandakı səfiri Aleksandr Vinoqradov oldu. Film onların çox xoşuna gəldi. “Ad günü” Respublika Dövlət Mükafatına layiq görüldü. 

Hacı İsmayılov "Qatır Məmməd"in Rasim Ocaqovun dünyagörüşünün, romantikasının filmi olmadığını deyir: “Onun mövzusu başqa idi. İnsanın həyatı, psixologiyası, düşdüyü çətinliklər... Rejissoru maraqlandıran cəhətlər bunlar idi. İkinci filmi - "Tütək səsi" Rasim Ocaqovun rejissor istəyinə uyğun film idi. Bu fikri "Ad günü" barədə də deyə bilərik. Film Ümumittifaq Televiziya və Radio Komitəsinin sifarişi ilə çəkildi. 1978-ci ilin 26 yanvarında ilk dəfə ümumittifaq televiziyası ilə nümayiş olundu. Bu, "Azərbaycanfilm"in böyük uğuru idi. 

"Azərbaycanfilm"  Kinostudiyasında çox operator sonradan rejissorluqla məşğul olub. Hacı İsmayılovun fikrincə, onların arasında ən uğurlusu Rasim Ocaqovdur: "Bir uğurlu cəhət də bu idi ki, onunla işləyən operatorlar da məktəb keçirdilər. Çünki Rasim Ocaqov operator kimi də məktəb idi. Başqa rejissorlar film çəkəndə operatora arxayın olurlar. Amma Rasim Ocaqov obyektivə baxıb özü təsdiq edəndən sonra çəkilişə icazə verirdi. Peşəkar operator olduğu üçün hər şeyi yaxşı görürdü”. 

Onun çəkilişə gecikdiyini, hazırlıqsız gəldiyini görən olmadı. Yaradıcı qrupu da intizamlı, məsuliyyətli görmək istəyirdi. Hacı İsmayılov xatırlayır: “Onun çəkilişinə gecikmək, ya da hazırlıqsız gəlmək mümkün deyildi. "Ad günü" filmi çəkiləndə mənə səhər saat 7-də kinostudiyaya gəlməyi tapşırdı. Hər gün gəlirdim, görürdüm, xadimələrdən başqa heç kəs yoxdu. Saat 8-də kostyumçu qadın gəlirdi. Mən roluma uyğun geyinirdim. Bir saat sonra qrimçi gəlirdi, qrim eləyirdim. Fikirləşməyə başladım: mən niyə bu qədər erkən gəlirəm? Sonra bildim Rasim Ocaqov bunu bilərəkdən edir. Çünki çəkiliş vaxtını gözləyə-gözləyə ssenariyə baxıb öz-özümə məşq etməyə məcbur olur, daxilən hazırlanırdım. Səhər saat 10-da çəkiliş başlayır, saat 2-də başa çatırdı”.

Çox sadiq insan idi. Rasim Ocaqovun xarakterinə xas olan bu cəhət sənətində də əksini tapmışdı. Bir filminə çəkdiyi bacarıqlı aktyoru sonra yaddan çıxarmırdı. Digər filmlərində də böyük, yaxud kiçik rollar verirdi. Hacı İsmayılovu da "Ad günü”ndən sonra 4 filminə - "Bağlı qapı qarşısında", "Özgə ömür", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət” filmlərinə çəkdi. Hacı İsmayılov xatırlayır: "Rasim Ocaqov bir dəfə filmində rol alan aktyorun aqibəti ilə həmişə maraqlanırdı. Kinolarında çəkməyəndə də maraqlanırdı, məsələn, Hacı teatrda hansı rolları oynayır, həyatda neyləyir. Hiss edirdim, mənə nəzarət edən bir yaradıcı insan var. Tərifləməzdi. Çəkliş vaxtı soruşurdun, necədir? Deyirdi, qaydasındadır. Yalnız bir dəfə “Həm ziyarət, həm ticarət”in İstanbul çəkilişlərinin birində gəlib məni qucaqlayıb dedi: "Əhsən, çox yaxşıdır. Gözləmirdim". 

"Həm ziyarət, həm ticarət" filminin Bakıda çəkildiyi günlərin bir xatirəsini də təbəssümlə yada salır Hacı İsmayılov: "Filmin oteldə olan hissəsi Diaqnostika Mərkəzində çəkilirdi. Bir dəfə çəkilişə gecikdim. Düşündüm ki, aktyorun gecikməsini heç sevmir, camaatın içində məni danlayacaq. Yaxınlaşıb üzrxahlıq etdim: "Rasim müəllim, bağışlayın, bir qədər gecikdim...". Çox sakit cavab verdi: "Nə olar, gecikmisən, gecikmisən də. Çıxart 10 manat ikinci rejissora ver. Get çəkilişə hazırlaş". O vaxtlar da 10 manat az pul deyildi. Pulu verdim. Düşündüm ki, bundan sonra onun çəkilişinə gecikmək olmaz". 

Uzaqdan ciddi, bir az da qaraqabaq insan təsiri bağışlayırdı. Əslində həyatsevər, zarafatcıl idi. Yəni duzlu-məzəli zarafatları ilə o, əsl şəkili idi. "Həm ziyarət, həm ticarət" filminin çəkilişlərindən danışan Hacı İsmayılov yarızarafat, yarıciddi verdiyim "Şəkili olmayan aktyorun şəkili rejissorun qarşısında Şəki ləhcəsində rol oynaması çox çətin deyildi ki?" sualıma belə cavab verir: "Burda qorxulu, eyni zamanda düzgün bir cəhət də var. Bəzilərindən fərqli olaraq, Rasim müəllim Şəki ləhcəsində ifrata varmır, şit gülüş yaranmasına yol vermirdi. Mənim ifa etdiyim Mustafa rolunun uğurlu alınmasında Rasim Ocaqovun zəhməti, səyi böyük oldu. Çəkiliş gedirdi. Mustafa şəhərə gələn qonaqlara Xan sarayı barəsində rus dilində, amma Şəki ləhcəsində məlumat verməli idi. Bir az hazırlıqsız idim. Dedim ki, "Rasim müəllim, bəlkə əvvəlcə öz ləhcəmdə deyim, səsləndirmədə şəkili kimi danışaram". Etiraz etdi: "Sözlərini deyəcəksən, özü də şəkili kimi". Şəkililər çox sevinir, bizə qayğı göstərir, şərait yaradırdılar. Rasim müəllimin yaxın qohumu Mustafanın evi olan səhnələrin onun evində  çəkilməsinə icazə vermişdi". 

   Rasim Ocaqov özünü bəxtli insan adlandırmaqda haqlı idi. Onun yaradıcılığı Azərbaycanda kino sənətinin inkişaf dövrünə təsadüf etdi. Çoxlu filmlər çəkməyə, rejissorluq istedadını göstərməyə fürsəti oldu.  1990-cı illər baş verən hadisələrdən sonra, "Azəbaycanfilm" Kinostudiyası sanki fəaliyyətini dayandırdı. Bu, Rasim Ocaqova çox ağır təsir edirdi. Büruzə verməsə də, özünə dərd edirdi. Onun həyatının məqsədi Azərbaycan filmi çəkmək idi. Həmişə deyirdi, əsas o deyil, filmdə hansı aktyor çəkilib, filmi kim çəkib, mənim üçün əsas odur ki, Azərbaycan filmi çəkilsin. Onun məqsədi bu idi və buna da nail olurdu. Rasim Ocaqovun filmlərində  Azərbaycan aktyorları ilə yanaşı, SSRİ-də tanınmış aktyorlar da çəkiliblər. O dövrdə Moskvada baxış zamanı buna xüsusi diqqət göstərilirdi. Ancaq Rasim Ocaqov daha çox Azərbaycan aktyorlarına rol verirdi. 

Hacı İsmayılov ötən günləri xiffətlə yada salır: "Rasim Ocaqov kimi görkəmli rejissorla çalışmaq xoşbəxtlik idi. Mənim yaradıcılığımda onun müstəsna yeri var. "Ad günü" ümumittifaq televiziyası ilə yayımlananadək teatrda işləyirdim. Tanınmırdım. Bu film məni birdən-birə tamaşaçılara tanıtdı. Düşünürəm, nə olaydı, o çəkiliş günləri, həmin filmlər yenə olaydı, çəkiləydik. İndi o cür filmlər meydana çıxmır. Düzdür, yeni filmlərimiz yaranır. Haradasa müvəffəqiyyət qazananlar da var. Amma Rasim Ocaqovun filmlərinə çatan filmlər hələ ki yoxdur".

Rasim Ocaqovun vəfatından 7 il keçir. Xalq artisti Hacı İsmayılov həmin günü heç vaxt unutmur: "İyulun 11-i Azərbaycanın görkəmli rejissoru Rasim Ocaqovun dünyasını dəyişdiyi gündür. Artıq onun vəfatından illər ötür və hər il iyulun 11-də onun məzarını yad edir, gül-çiçək dəstəsi qoyuram. İllər onu bizdən uzaqlaşdıra bilmir, Rasim Ocaqov ruhən gün-gündən sənət dostlarına daha da yaxınlaşır".



MƏSLƏHƏT GÖR:

602