19 May 2024

Bazar, 11:02

BORC DAŞI

Kredit portfelinin diversifikasiyası ilə bağlı problemlər Azərbaycan iqtisadiyyatı üçün "yük" ola bilər

Müəllif:

26.08.2014

Uzunmüddətli iqtisadi artım zamanı hədsiz kredit ekspansiyası, bir qayda olaraq, bank böhranlarına səbəb olan amillərə xidmət edir. Çünki bu təzahür kredit portfelinin keyfiyyətinin pisləşməsi, borcların təminat qiymətlərinin yüksəlməsi, kredit risklərinin artması ilə nəticələnir. Eyni zamanda kreditlərin sürətli artımı tənzimləyici orqanların sürətli şəkildə dəyişilməsi ilə əlaqədar olaraq bankların kredit portfellərinin keyfiyyətinin monitorinqini aparmağı çətinləşdirir. Kredit ekspansiyası son 20 il müddətində Yaponiya, Latın Amerika və Cənub-Şərqi Asiya ölkələri də daxil olmaqla, bir çoxlarında bank böhranlarından qabaq baş verib. Onların təcrübəsi göstərir ki, ÜDM-in artımını iki dəfə çox üstələyən kreditlərin verilməsi həcminin artımı bank böhranının potensial təhlükə siqnalı hesab edilə bilər. Bununla bərabər, son illər Azərbaycanın bank sektoru olduqca yüksək artım templərinə nail olub - təxminən, 30-33%. Bu  dinamika milli iqtisadiyyatın artım tempini, ümumilikdə, 5-6 dəfə və qeyri-neft sektorunun inkişaf dinamikasını isə 3-4 dəfə  üstələyir. Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı araşdırma göstərib ki, bu artımın əsas drayveri biznes-kreditləşməsi deyil, istehlak kreditləri, o cümlədən avtomobil alınması üçün borc olub. 

Mərkəzi Bankda hesab edirlər ki, bank sisteminin bu cür "həddindən artıq qızması" - "maliyyə qovuqları"nın əmələ gəlməsinə gətirib çıxara biləcək mənfi göstəricidir. Bu isə bütün maliyyə sisteminə, ilk növbədə isə əhalinin əmanətləri və səhmdarların gəlirlərinə təsir edə bilər.    

Bununla əlaqədar olaraq, tənzimləyici bazarın "soyudulması" tədbirlərinə əl atılıb. AMB tərəfindən irəli sürülən əsas tələb inzibati deyil, iqtisadi xarakter daşıyıb və verilən kreditlər üzrə daha ciddi ehtiyatda saxlanılması ilə bağlı olub. Bundan başqa, borc alanlar, onların şəxsiyyəti və gəlirlərinin səviyyəsinə dair siyasət də dəqiqləşdirilib. Bu cür siyasət bütün dünyada geniş tətbiq edilir: kredit üçün banka müraciət edən borc alan kredit ödəmə qabiliyyətini, sabit gəlirini təsdiq etməlidir. Tənzimləyici, həmçinin risklərin azalması üçün avtomobil kreditlərinin verilməsi şərtlərində də dəyişikliklər edib. Mərkəzi Bankda hesab edirlər ki, nizamlanmanın sərtləşdirilməsi müsbət nəticələr verib. İstehlak kreditlərinin həcmi bu il də artmağa davam edib, amma artım templəri ötən ilin analoji dövrü ilə müqayisədə 2-3 dəfə azalıb. Əgər 2013-cü ilin altı ayı ərzində 882,3 mln. manat həcmində yeni kreditlər verilibsə, cari ilin yanvar-iyun aylarında bu göstərici 605, 2 mln. manat təşkil edib. Avtomobil kreditlərinə gəlincə isə burada da, xüsusilə işlənmiş avtomobillər seqmentində əhəmiyyətli dərəcədə azalma müşahidə edilir.  Tələblərin dəyişməsi ilə Mərkəzi Bank preventiv olaraq bankları və əhalini məlumatlandırıb ki, daha balanslaşdırılmış addımların atılması zəruridir. 

Digər tərəfdən AMB bazarın liberallığı, təklifin kifayət qədər həcmi və kredit almağın daha asanlaşmasından dolayı məmnunluğunu ifadə edir. Lakin bu, o demək deyil ki, əhali gəlirlərini üstələyən həcmlərdən vəsait əldə etməli, banklar isə hədsiz maliyyə risklərini üzərlərinə götürməlidirlər. 

"Bundan öncə borc alanların gəlirlərinə nəzarət daha yumşaq idi, ona görə də kreditlər daha yüksək faizlərlə verilirdi. İndi isə bazarda qalan müştəriləri "əsl" ödəmə  qabiliyyətli adlandırmaq olar. Ümumilikdə, bazar banklar bazarı olub, indi isə daha geniş məhsul seçiminə malik müştərilər bazarıdır. Güclənən rəqabət artıq dərəcələrin azalması tendensiyasına səbəb olub", - deyə AMB hesab edirlər. 

Lakin tənzimləyicinin proqnozları nə qədər sevindirici görünsə də, bank statistikası inadla digər məqamlara toxunur. Və aydındır ki, qəbul edilən preventiv tədbirlər kifayət qədər olmayıb ki, bank sisteminin kredit təfəkkürünü köklü şəkildə dəyişsin. Belə ki, Mərkəzi Bankın məlumatına görə, ötən illə müqayisədə 31%-lik artımı ilə bərabər, cari ilin yanvar-iyun aylarında istehlak kreditlərinin payına borcların 40,7%-i düşür. Ölkənin bank bazarında yaranmış vəziyyət, həmçinin bankın müştəri bazasına təsir edir. Yarım il müddətində bankların  müştəriləri 521 min vahid - təxminən, 4,8 mln. azalıb. Bu onunla əlaqədardır ki, banklar yeni şərtlərdə yaxşı tarixçəyə malik köhnə müştərilərini həvəslə kreditləşdirirlər və yeni müştərilərinin arayışlarını daha diqqətlə nəzərdən keçirirlər. Bank sektorunda proseslərlə bağlı narahatlıq artıq ən yüksək səviyyədə ifadə edilib. Belə ki, iyul ayının əvvəlində Nazirlər Kabinetinin 2014-cü ilin I yarım ilinin sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev banklara istehlak kreditlərinin həcmini azaltmağı və əsas vəsaitləri real sektorun maliyyələşməsinə yönəltməyi tövsiyə edib.  Dövlət başçısı yaranmış vəziyyətin təhlil edilməsini və ciddi islahatlar aparılmasına dair tapşırıqlar verib. 

Təbii ki, bu bəyanat bütün bank sektoru üçün güclü siqnal oldu və hazırda bir çox banklar, habelə pərakəndə bank xidmətləri bazarının fəal iştirakçıları da kredit siyasətini yenidən nəzərdən keçirir, biznes-kreditlərin cəlbediciliyinin artırılması üçün yollar axtarır. 

Pasha Bankın idarə heyətinin sədri Fərid Axundovun fikrincə, Mərkəzi Bankın kredit sahəsində siyasətinin dəyişməsi bazarın korporativ seqmentində rəqabəti gücləndirib. Kreditlərin verilməsində tənzimləyici real sektoru fəal şəkildə maliyyələşdirməyi tövsiyə edib. Nəticədə, ilin əvvəlindən ötən dövrdə bazarda vəziyyət dəyişib: kiçik və orta sahibkarlığın (KOS) kreditləşməsi sahəsində rəqabət güclənib. "Bir neçə bankın fəal işləməyə başladığı korporativ seqmentdə də müştərilər uğrunda fəal mübarizə gedir. Bütün bunlar, ümumilikdə, bazarda korporativ müştərilərin nisbətən az sayda olması fonunda baş verir", - deyə   F. Axundov hesab edir.   

Bu isə öz növbəsində, kreditlərin faiz göstəricilərinə təsir edib. Və ilin əvvəlindən kreditlər üzrə faizlərin bir qədər azalması müşahidə edilirdisə də, bu gün isə portfelin diversifikasiyasına dair qoyulmuş əsas hədəf nəzərə alınmaqla, banklar müştərilərin seçimini daha sərt şəkildə aparır və müvafiq olaraq artıq resurslarını ucuz satmaq istəmirlər.  

 2014-cü ilin iyulun 1-nə olan vəziyyətə görə milli valyutada - manatda kreditlər üzrə orta faiz dərəcəsi Azərbaycan banklarında 14,13%  təşkil edib. Bu göstərici cari ilin 1 iyun tarixinə  nisbətən 14,05% və 2013-cü ilin 1 iyul tarixinə qarşı isə 14,21% təşkil edib. 

Daha doğrusu, göründüyü kimi, yüksək dərəcə problemi hələ  də aktualdır. Qeyd etmək lazımdır ki, bu mövzu iqtisadçılar arasında son dərəcə müzakirə edilən məsələdir və müxtəlif səviyyəli mütəxəssislər faiz dərəcəsinin yuxarı həddinin tətbiq edilməsinə qədər vəziyyətin tənzimlənməsi üsullarını təklif edirlər.  Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyevanın fikrincə, həddin tətbiq edilməsi problemi həll etməyəcək. Əksinə maliyyə mənbələrinə çıxış məhdudlaşdırılacaq. Bankların maksimal şəkildə icazə verilən dərəcələr üzrə işləmək sərfəli olmayacaq regionlarda, o, sadəcə olaraq fəaliyyətini dayandıracaq. Nəticədə, bu regionların sakinlərinin imkanları son dərəcə azalacaq. 

Bankirlərin özləri isə hesab edirlər ki, kreditlərin bahalaşması təklifin aşağı həcmində (maliyyə mənbələrinin kifayət qədər olmaması) olduğu zaman istehlak kreditlərinə tələbatın böyük və istehlak kreditləri üzrə risklərin yüksək olması səbəbindən baş verir. 

Bundan əlavə, vaxtı keçmiş kreditlərin həcmi böyük olduğuna görə bankların xərcləri artır, çünki banklar depozitlərə görə dividendləri ödəməyə məcburdurlar, halbuki işlək olmayan borclara görə onlar gəlir əldə etmirlər. Artan rəqabət fonunda müştərilərin saxlanılması üçün marketinqə çəkilən xərclər artır.  Bundan savayı, mikrokreditlərin verilməsi böyük əmək və xərc ( habelə yaxşı kadrların dəstəklənməsi üçün əməyin müvafiq şəkildə ödənilməsi), kreditin verilməsi və ödənilməsinin təmin edilməsi zamanı yüksək əməliyyat xərcləri tələb edilir. Ona görə də dərəcələr ancaq iri biznes-kreditlər üzrə aşağı verilə bilər. 

Bütün bu amilləri nəzərə almaqla, AMB iyul ayının sonunda milli iqtisadiyyatın diversifikasiyasına zəruri dəstəyin göstərilməsi və sərmayənin artırılması, habelə real sektorda kredit fəallığının təmin edilməsi məqsədilə növbəti addımını atıb. Uçot dərəcəsi 0,75 faiz bəndi azaldılıb və 3,5% təşkil edib. Eyni zamanda faiz dəhlizinin parametrləri də dəyişdirilib - dəhlizin maksimal həddi 6%-dən 5-ə, minimal həddi isə 0,5-dən 0,1%-ə, bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 3%-dən 2-yə endirilib. Tənzimləyici əmindir ki, bu addım bankları kreditlər və kredit proqramlarının genişlənməsi üzrə faiz dərəcələrinin azalması stimullaşdırır. İstənilən halda bazarda monitorinq hələ də davam edir və böyük ehtimalla AMB-nin bankların kredit portfelinin strukturunun diversifikasiya edilməsi və yaxşılaşdırılmasına dair yeni ideyaları yarana bilər.



MƏSLƏHƏT GÖR:

587