19 May 2024

Bazar, 15:31

AVROPAYA GÜRCÜ PƏNCƏRƏSİ

Gürcüstanın Avropaya inteqrasiyası Azərbaycan şirkətlərinin Köhnə qitənin bazarlarına çıxışını sadələşdirə bilər

Müəllif:

26.08.2014

Sentyabr ayından Gürcüstanın avrointeqrasiya ilə bağlı müqaviləsi qüvvəyə minir. Ölkə artıq dörd dövlətlə - Litva, Latviya, Bolqarıstan və Rumıniya ilə assosiasiya haqda sazişi ratifikasiya edib, digər ölkələrlə bu proses isə ilin sonuna qədər yekunlaşacaq. "Azad ticarətin dərin və hərtərəfli zonasına dair saziş" (DCFTA) avroassosiasiyanın əsas və əhəmiyyətli hissəsi mahiyyətcə o qədər də azad, o dərəcədə də hərtərəfli və qısa zaman kəsiyində ölkədə iqtisadi və deməli, sosial vəziyyətə təsir etməyəcək dərəcədə dərin olmayacaq. 

Həmçinin müqavilə Gürcüstanda istehsal edilən 28 adda əmtəənin Avropaya ixrac edilməsinə ciddi məhdudiyyət qoyur. Belə ki, bir siyahı gürcü mallarına, yəni üzüm, alma, armud, naringi kimi məhsul növlərinə, bir sözlə, sitrus meyvələrinin bütün növlərinə "bazara çıxış hüququ üçün ödəniş" tətbiq edilir. Beləliklə, Gürcüstanın AB ölkələrində, həqiqətən, sata biləcəyi məhsullara hiyləgərcəsinə ancaq formal olaraq "rüsum" adlandırılmayan vergi tətbiq edilir. Məlum olduğu kimi, AB Gürcüstanın əsas xarici ticarət tərəfdaşı və sərmayədarlarından biridir. Gürcüstanın qərb istiqamətində inteqrasiyası Azərbaycan-Gürcüstan qarşılıqlı münasibətlərinə necə təsir edəcək və bu, Rusiya ilə olduğu kimi, iki ölkə arasında azad ticarətə dair sazişin dayanmasına gətirib çıxaracaqmı?

Ümumilikdə, qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlər 1993-cü ildə yaranıb və ötən müddət ərzində ölkələr 100-dən artıq ikitərəfli sənəd imzalayıb ki, onların da böyük əksəriyyəti iqtisadi münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulub. Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci ən iri xarici ticarət tərəfdaşıdır. "Qruzstat"ın (Gürcüstan Milli Statistika Xidməti) məlumatına görə, Gürcüstanın Azərbaycanla 2014-cü ilin birinci yarım ilində ticarət dövriyyəsi 584,3 mln. dollar (Gürcüstanın xarici ticarət əməliyyatlarının ümumi həcminin 10,7%-i) təşkil edib. 

Azərbaycan Gürcüstanın ümumi ixracda 20,4%-lik xüsusi çəki ilə bu ölkə üçün ən iri ixrac bazarı olaraq qalıb. Sərmayə nöqteyi-nəzərindən də Azərbaycan imkanlarını artırır və ötən il Gürcüstan iqtisadiyyatına edilən birbaşa sərmayələrin həcmi 60% artıb. 2013-cü ildə Azərbaycan Gürcüstana 89,9 mln. dollar həcmində sərmayə edib, bununla da, bu ölkənin ən iri sərmayəçiləri arasında dördüncü yer tutub. Beləliklə, Gürcüstan iqtisadiyyatına yatırılan Azərbaycan sərmayələrinin ümumi həcmi 1 mlrd. dollara çatıb. Azərbaycan və Gürcüstan Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu kimi irimiqyaslı layihələrdə iştirak  edirlər. Gələcək illərdə isə "Cənubi qaz axını" layihəsinin icra edilməsi çərçivəsində Gürcüstana yatırılan sərmayələrin həcmi 2 mlrd. dollara çatacaq. 

Yuxarıda AB ilə qeyd olunan müqaviləyə gəlincə isə Gürcüstan xarici siyasət idarəsinin məlumat verdiyi kimi, Avropa Birliyinin qəbul edilmiş prosedurları və Gürcüstanın AB ilə assosiasiya haqda Sazişin 431-ci maddəsinə uyğun olaraq, konkret müddəaların müvəqqəti olaraq qüvvəyə minməsi artıq bu ilin 1 sentyabr tarixindən başlanacaq.  Eyni zamanda azad ticarət üçün hərtərəfli zona komponenti də daxil olmaqla, assosiasiya haqda sazişin, təxminən, 80%-i qüvvəyə minəcək.  Bununla yanaşı, Rusiya İqtisadi İnkişaf Nazirliyi Gürcüstanla Rusiya arasında azad ticarətə dair sazişin dayandırılması ilə bağlı hökumətin göstəriş layihəsini işləyib hazırlayıb.  Gürcüstanın 2009-cu ildən MDB-dən çıxmasına baxmayaraq, Azərbaycanla Gürcüstan arasında azad ticarət zonası (ATZ) qorunub saxlanılıb və mövcud olmağa davam edir. Azərbaycan 2013-cü il tarixli MDB ATZ-ə dair sonuncu müqaviləni imzalamayıb,  amma Birlik ölkələrilə ikitərəfli müqavilələr, o cümlədən Rusiya ilə də bu sahədə sənədlər öz qüvvəsini saxlayıb.    

Azərbaycan hökumətindəki mənbələrin fikrincə, Gürcüstan-AB sazişinin imzalanması ilə Azərbaycanla xarici ticarət əlaqələrində də dəyişikliklər olması mümkündür. Bu texniki maneələr də, məhsulun keyfiyyəti ilə bağlı məsələlər də ola bilər. "Ona görə də bu aspektin işlənilməsi, Gürcüstanın AB ilə imzaladığı DCFTA-nın nəzərdən keçirilməsi, orada hansı tələblərin irəli sürülməsini öyrənmək zəruridir. Çünki indi Gürcüstan AB ilə ümumi bazara malikdir", - deyə hökumətdə hesab edirlər. Belə ki, Avropa tələb edə bilər ki, üçüncü ölkələrdən idxal olunan məhsullar Gürcüstan vasitəsilə Avropa bazarlarına daxil olmasın. "Bu mənada öyrənilməsi labüd olan problem mövcuddur və bizim mütəxəssislər DCFTA sazişinin müddəaları ilə diqqətlə tanış olmalıdırlar", - deyə hökumətdəki mənbə bildirib.   

Gürcüstanın xarici siyasət idarəsi artıq Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə iki ölkə arasında azad ticarət zonasına dair sazişin DCFTA sazişi ilə uyğunluq məsələlərinin öyrənilməsi ilə bağlı müraciət edib. Gürcüstanın avrointeqrasiyasının Azərbaycana nə vəd edəcəyinə gəlincə isə ideal variant o, ola bilər ki, Bakı azad ticarət zonasına dair mövcud olan sazişilə Gürcüstan üzərindən, demək olar ki, maneəsiz iqtisadi münasibətlərini genişləndirə bilər. Gürcüstan ərazisində fəaliyyət göstərən bir qrup təşəbbüskar Azərbaycan şirkətləri vasitəsilə Azərbaycan məhsulları Avropa bazarlarına çıxa bilər. Habelə bu, AB-nin Gürcüstana qarşı bir neçə il müddətində məhdudlaşdırılacaq vergi və rüsum olmadan həyata keçiriləcək.   

Bu şəkildə, Gürcüstan özünəməxsus şəkildə Avropaya pəncərə olur, yəni istənilən azərbaycanlı sahibkar Gürcüstanın son dərəcə liberal qanunvericiliyini nəzərə alaraq, burada müəssisə yarada və Avropa bazarlarına çıxa bilər. Hazırda Gürcüstanda, təxminən, 300 azərbaycanlı iş adamı fəaliyyət göstərir.  Gözlənildiyi kimi, uduşlu vəziyyətdə orada kimya sənayesi, rezin və plastmas istehsalı, maşınqayırma və cihazqayırma, o cümlədən metallurgiya ola bilər. "Uduzanlar" isə heyvandarlıq və ət istehsalı, qida sənayesi, elektronika istehsalı və digər sahələr olacaq. Bu arada Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı və sənayeləşmə üzrə strategiyasını nəzərə alaraq, hazırda ölkədə fəal şəkildə yeni istehsal sahələri yaradılır. Müvafiq olaraq son məhsulun bir çox tərkib hissələrini Azərbaycanda istehsal etmək mümkün olacaq, Gürcüstanda olan şirkətlər vasitəsilə isə (bu isə Gürcüstan üçün əlavə iş yerləridir) hazır məhsul Avropanın ən böyük bazarına çıxa biləcək. Bu, inkişafın təminatı və əlavə gəlirlərin əldə olunmasıdır. Bu və ya digər şəkildə Azərbaycan yeniliklərdən uduzmayacaq, yaranan perspektivlərin ağıllı şəkildə istifadə edilməsi ilə əksinə öz məhsulunun ixrac edilməsi üçün əlavə imkanlar əldə edə biləcək. 



MƏSLƏHƏT GÖR:

561