17 May 2024

Cümə, 15:15

BAŞQA STRATEGİYA

Yaxın Şərq "İslam dövləti" yaraqlılarının basqısına sinə gərə biləcəkmi?

Müəllif:

16.09.2014

Yaxın Şərq müasir tarixdə heç zaman indi olduğu qədər qanlı, qeyri-sabit dövrünü yaşamayıb. Küçə döyüşləri, edamlar, kütləvi zorlamalar, insan oğurluqları, lokal vətəndaş müharibələri, çevrilişlər, insanların kütləvi şəkildə yoxsullaşması, yüz minlərlə qaçqının meydana gəlməsi ilə müşahidə olunan "ərəb baharı"nın o qədər də xoş olmayan ətrinin ardınca bu ilin ortalarından etibarən, xörəyin üzərinə tökülən istiotlu sous kimi, "İslam dövləti" (yaxud "İraq və Şam İslam Dövləti" və ya "İraq və Suriya İslam Dövləti") terrorçu sünni təşkilatı meydana çıxdı. Əslində o, əvvəllər də mövcud olub. Lakin bir neçə il əvvəl əslində "Əl-Qaidə"nin törəmə təşkilatı olan bu qruplaşmanın dünyanın ən məşhur terror təşkilatını kölgədə qoyacağı heç kəsin ağlına  gəlməzdi.

Ekstremistlər Suryiadakı hərbi əməliyyatlar zamanı güclənib, daha sonra isə nədənsə Dəməşqə deyil, İraqın şimalına və şimal-qərbinə genişmiqyaslı hücuma keçiblər. Artıq onlar həmin ərazidə kifayət qədər geniş bölgəyə tam nəzarət edir və işğalı davam etdirməyi, sonda "islam xilafəti" yaratmağı düşünürlər. İdeallarını həyata keçirmək yolunda islamçılar qul alverindən, kütləvi qətliamlardan və dinc sakinlərin qətlə yetirilməsindən belə çəkinmirlər. Ən pisi isə "İD"nin ənənəvi sərhədləri birdəfəlik dağıtmasıdır. Artıq iki dünya müharibəsindən sonra formalaşmış Yaxın Şərqdən əsər-əlamət qalmayıb. Oradakı qüvvələr nisbəti də demək olar ki, beynəlxalq münasibətlərə dair bütün kitablarda əks olunduğu formada deyil. Görünən isə odur ki, bu, artıq əbədiyyən belə olacaq.

Hesab olunur ki, baş verənlər nəinki ABŞ-ın regiondakı siyasətinə və nüfuzuna ciddi zərbədir, həm də Vaşinqtonun özünə birbaşa təhlükə yaradır. Həqiqətən də, CNN və BBC telekanallarının efirinə nəzər saldıqda məlum olur ki, bu gün britaniyalıları Ukraynadan çox Şotlandiya, amerikalıları isə İraq-Suriya islamçıları narahat edir. Hər halda, Ağ Ev sahibi Barak Obamanın həmvətənlərinə telemüraciəti ciddi marağa səbəb olub. ABŞ prezidenti Amerikanın dünya miqyasında terrorla mübarizəyə başçılıq etdiyini, onların dünyanın istənilən nöqtəsində məhv olunacağını bildirib. Konkret olaraq, "İD" haqda da danışan Obamanın fikrincə, bu qruplaşma "ümumi və dayanıqlı əks-terror strategiyası" ilə məhv  edilməlidir. O, bu strategiyanın "sistematik havadan zərbə kampaniyasına", "hadisə yerində terrorçularla mübarizə aparan qüvvələrin dəstəklənməsinə", ABŞ-ın özünün "əhəmiyyətli antiterror bacarıqlarına" əsaslanmalı olduğunu söyləyib. Bununla yanaşı, ABŞ-ın quru qoşunları əməliyyatlarda iştirak etməyəcək. "ABŞ İraqda daha bir quru qoşunları müharibəsinə cəlb olunmayacaq", - deyə B. Obama qeyd edib.

Maraqlıdır ki, sosioloji sorğular "İD"yə qarşı hərbi əməliyyatların başlanılmasına amerikalıların üçdəikisinin dəstək verdiyini göstərsə də, prezidentin bununla bağlı aydın strategiyaya malik olduğuna onların cəmi 30%-i inanır. Ölkə vətəndaşlarının əksəriyyəti hesab edir ki, Obama amerikalıların həyatlarını xilas etməyə qadir deyil, "İD"yə qarşı vergiödəyicilərinin hesabına başladığı mübarizəni isə qeyri-effektiv şəkildə aparır. Bu ittihamlar hələ amerikalı jurnalist Stiven Sotloffun qətlə yetirildiyi vaxt irəli sürülmüşdü.

Bütün bunların fonunda Obama qərarlı olduğunu sübut etməyə, nüfuzunu nümayiş etdirməyə məcburdur - o, hətta Amerikanın bu problemin həlli məqsədilə güc yoluna əl atması üçün ABŞ Konqresindən razılıq almağa ehtiyacının olmadığını da bəyan edib. Amma o, müttəfiqlərinin köməyinə bel bağlayır. ABŞ prezidenti sözügedən müraciətində koalisiyanın yaradılması mümkünlüyü  haqda da danışıb. Amma o, koalisiya qüvvələrinin haraya yeridiləcəyinə aydınlıq  gətirməyib. ABŞ-ın dövlət katibi Con Kerrinin prezidentin çıxışı ərəfəsində Ciddədə aparıcı ərəb dövlətlərinin XİN başçıları ilə görüşdüyünü nəzərə alsaq, danışıqlar prosesinin hələ də davam etdiyini demək olar.

Obamanın çıxışında daha bir vacib məqam ABŞ-ın "İD"yə qarşı hərbi gücdən yalnız İraqda deyil, həm də Suriya ərazisində istifadə edəcəyi fikridir. O, yaraqlılarla "İraq-Suriya sərhədinin hər iki tərəfində" mübarizə aparılacağını söyləyib. 

Birinci  halda Obamanın Konqresin razılığına ehtiyacı yoxdursa, ikinci hal üçün o, Bəşər Əsəddən icazə almağı lazım bilmir. Bu üzdən də müşahidəçilər Obamanın yeni strategiyasında "bir güllə ilə iki dovşan vurmağa" hazırlaşdığını düşünürlər. Söhbət "İD"dən və Əsəd rejimindən gedir. Bəşər  Əsədin tərəfdarlarına, kürdlərin nəzarətindəki ərazilərə və yaraqlıların nəzarətində olan hissələrə bölünmüş Suriyadan Ağ Evin bu planına hər hansı inamlı reaksiyanın gələcəyini gözləməyə dəyməz. ABŞ-ın atmağa hazırlaşdığı addımları əlbəttə ki, Əsədə yardım kimi də qiymətləndirmək olmaz. Bu, güman ki, daha çox bir-biri ilə vuruşan yaraqlılardan hansınasa dəstək olacaq. Məsələn, bu yaxınlarda İdlib əyalətində "Əhram əş-Şam" qruplaşmasının lideri Həssən Abbudun və onun, ən azı, 20 silahdaşının məhv edildiyinə dair xəbərlər yayılıb. "Əhram əş-Şam" hücumun məhz İŞİD tərəfindən təşkil olunduğunu bəyan edib. Bu məqamda bir şey aydın deyil: Suriyadakı bütün silahlı şəxsləri yaraqlı adlandırmaq olarmı ("İD" qədər radikal olmasalar da, yenə də yaraqlıdırlar), yoxsa onları qiyamçılar və müxalifət qüvvələri adlandırmaq daha doğrudur? Yeri gəlmişkən, Obama çıxışında Konqresi "Suriya müxalifətindəki mötədil qüvvə"lərin silahlandırılması və onlara təlimlərin keçirilməsi üçün yarım milyard dolların ayrılması haqda qərar çıxarmağa çağırıb.

İraqda isə əsas üstünlük yeni hökumətə verilir. Sünnilər və kürdlər tərəfindən hakimiyyətin inhisara götürülməsində günahlandırılan baş nazir Nuri əl-Malikinin istefaya getməsindən sonra sentyabrın əvvəlində Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Ona mötədil şiə Hayder əl-Abadi başçılıq edir. ABŞ-ın dövlət katibi Con Kerrinin fikrincə, İraqın yeni Nazirlər Kabineti, şiələr, sünnülər və kürdlər arasında bölüşdürülmüş vəzifələr ölkənin bütün etnik-dini qruplaşmaları arasında ziddiyyətlərin həlli baxımdan yaxşı imkandır. Amma yeni hökumətin təsdiqlənməsində parlamentin heç də bütün üzvləri iştirak etməyiblər, kürdlərin və sünnilərin dəstəyi əvvəlkitək nominal xarakter daşıyır, hökumətdə isə hələ də bir sıra nüfuzlu şiələr qalmaqdadır. Misal kimi, neft naziri Adel Abdel Mahdini və ya xarici işlər naziri İbrahim əl-Caafarini göstərmək olar.

İraqda  yeni hökumətin formalaşmasına kürdlər ciddi müqavimət göstərməyə çalışıblar. Onlar neft gəlirlərinin bölünməsi formasından narazıdırlar və əməkhaqlarının artırılmasını, Bağdadın səlahiyyətlərinin, cəza tədbirlərinin məhdudlaşdırılmasını və s. tələb edirlər. Kürdlər məhz onların yaşadığı ərazilərdə yüksək keyfiyyətə və böyük həcmə malik "qara qızıl"ı (o cümlədən təbii qazı) Bağdaddan müstəqil şəkildə satmaq istəyirlər. Onlar "İD" ilə mübarizədə də fəal rol oynayırlar. Əksər müşahidəçilərin fikrincə, yaranmış vəziyyət (Bağdadın faktiki olaraq "İD əraziləri"ndən ayrı düşməsi) İraq Kürdüstanının müstəqillik şanslarını artırır. Amma kürdlər xüsusi hərbi uğurlarla öyünə bilməzlər və ABŞ aviasiyasının dəstəyi olmasa, vəziyyət çox pis olar. İndi kürdləri britaniyalılar da silahla təchiz etməyə hazırlaşırlar. Pəşmərgə yaraqlılarına iranlıların da yardım etdikləri  məlumdur. Amma İran, o cümlədən Suriya, Türkiyə və xüsusilə İraq Kürdüstanın müstəqillik qazanmasında qətiyyən maraqlı deyillər.

Bu arada "İD" qatı düşmənlərini strateji ittifaq yaratmağa məcbur edir. Məsələn, qəflətən ABŞ-la İran bir cəbhədə yer almağa başlayıblar. Bu, hətta Tehranla "altılıq" arasında İranın nüvə proqramı ilə bağlı anlaşmalara belə yol  açıb. 

İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib ki, "sentyabrın 18-də Nyu-Yorkda baş tutacaq danışıqlarda tərəflər yekun razılaşma əldə edəcəklər". Onun fikrincə, İranın nüvə proqramının hərbi xarakterli olması məsələsi "keçmişdə qalıb".

Regionun digər ölkələrinə gəlincə, əksər ekspertlərin fikrincə, hazırda ən zəifi İordaniyadır. Orada "Əl-Qaidə" və "Müsəlman qardaşlar"la əlaqəli qruplaşmalar fəaliyyətdədir. Qarışıq Livanda isə "İD"nin qarşısında/... "Hizbullah" dayanıb. Bu, "yeni terrorçular"ın müsbətlə mənfinin yerini necə dəyişdiklərini göstərən daha bir məqamdır. "Hizbullah" lideri Şeyx Nəsrullahın müavini Şeyx Naim Kasim ABŞ-ın cəhdlərinə şübhə ilə yanaşır və hesab edir ki, amerikalıların istəyi, "sadəcə, təhlükənin miqyasının azaldılması və bu prosesdən yararlanmaqdır". Bundan başqa, "İD" agentlərinin fələstinliləri öz sıralarına cəlb etmək üçün fəal iş apardıqlarına dair məlumatlar var. 

Bu yaxınlarda baş vermiş "raket müharibəsi" bunun üçün kifayət qədər əlverişli şərait yarada  bilər. Qətər ilə Küveytin mövqeyi də diqqət çəkir. Hesab olunur ki, islamçılara bu ölkələrdən küllü miqdarda fərdi ianələr gəlir. Amma ən maraqlı olan Səudiyyə Ərəbistanının atacağı  addımlardır. Onlar münaqişəyə müdaxilə etməyə qətiyyən tələsmirlər. Səudiyyə Ərəbistanında hesab edirlər ki, sünni ekstremistlərlə mübarizə yerli radikalları qəzəbləndirə bilər. Bu üzdən də onlar ianələr yığırlar. Görəsən, bu arada Amerika KİV-də 9/11 terror aktına Səudiyyə Ərəbistanının aidiyyətinin olduğuna dair məlumatların açıqlanması çağırışlarının yer alması təsadüfdürmü?

Yaxın  Şərqdə yaşananları hər hansı kənar qüvvə idarə edirsə, onda belə düşünmək olar ki, dövlətlər arasında bütün sərhədləri pozan və müttəfiqlərlə düşmən arasındakı fərqi  aradan götürən bu xaos hansısa məxfi planın tərkib hissəsidir. 

Məlum olduğu kimi, yeni formalar məhz dağılan və parçalanan köhnə formalardan təşkil edilir. Amma xaos həqiqətən də idarə olunmursa, onda ona bütünlükdə dünya birliyi müqavimət göstərməlidir. Əfqanıstan və İraq nümunəsi göstərdi ki, təkbaşına ABŞ-ın nəcib səyləri yetərli olmaya da bilər.

Səylərin birləşdirilməsi, ən azı, növbəti dəfə günahsız sakinlərin mənasız ölümünün qarşısının alınması üçün  vacibdir. Aviazərbələr tez-tez terrorçuların əvəzinə uşaqların başına endirilir və bu, bağışlanmazdır. 

Yaraqlılar artıq İraq və Suriya şəhərlərinin dərinliklərinə yeriyiblər. Nəhayət, onlar hava zərbələrinə qarşı taktika düşünə bilərlər. "Hadisə yerində terrorçularla vuruşan qüvvələrin dəstəklənməsi"nə gəlincə, o da tam aydın, dürüst və güman ki, BMT TŞ-nin əksər üzvləri tərəfindən təsdiqlənmiş olmalıdır.

Ekstremizmə effektiv müqavimət göstərilməsi üçün təkcə havada yox, yerdə də tamamilə başqa strategiya lazımdır.



MƏSLƏHƏT GÖR:

419