26 Aprel 2024

Cümə, 20:33

SİRLİ ODLU BUTA

Bu nədir - abstraksiya? yoxsa qədim rəssamlarin fantaziyasinin məhsuludur? bəlkə, keçmişdən göndərilərək əsrləri arxada qoyan kodlaşdirilmiş məktubdur?

Müəllif:

15.05.2012

"Şah", "Şərq palmettası", "Şərq paxlası", "fars sərvi", "türk xiyarı", "hind xiyarı", "Kəşmir naxışı", "peysli", "Allahın göz yaşları" - dünyada geniş yayılmış bu Şərq naxış elementləri belə  adlanır. Azərbaycanda isə bu işarəyə  "Buta" deyilir. 

Bu işarənin necə göründüyünü çoxları bilir, amma bilməyənlər də ola bilər. Havadan asılmış şeh damlasını və ya "in-yan"ın bir tərəfini təsəvvür edin. Tam aydın olması üçün deyək ki, bu işarə orta məktəbin botanika dərsliyindəki əyri "ayaqqabı" infuzorunun şəklinə çox bənzəyir. Düzdür, o, minillərboyu dəyişərək, bugünkü bəzəkli dekorativ formasına düşüb. Amma qədim Azərbaycan xalçalarında "buta" bir qədər fərqli formadadır. Bu barədə isə az sonra danışarıq. 

Dekorun bu elementi Azərbaycanda hələ qədim zamanlardan mövcuddur və ədalət naminə onu Şərqin simvolu saymaq olar, bu cür dəqiqliklə onu Azərbaycanın da simvolu adlandırmaq olar. Butaya Şərq xalçalarının və parçalarının rəsmlərində, tətbiqi-dekorativ və zərgərlik incəsənəti  əsərlərində də rast gəlinir. Buta Bakı şəhərinin gerbində də üç alov dili şəklində təsvir ediilb. 

İlk baxışdan sadə görünməsinə baxmayaraq, "buta" naxışın yetərincə mürəkkəb elementidir. O, orqanik olaraq müxtəlif bədii kompozisiyalarla uyğunlaşır, ancaq tamamilə müstəqil rəsm də ola bilər. 

Azərbaycan məişətinin alışılmış və hətta adiləşmiş bəzək elementi olan buta sanki heç bir sual doğurmur. Amma bu rəsm özü nə deməkdir? Bu nədir, mücərrədlikdir? Qədim rəssamların fantaziyasının məhsuludur? Bəlkə, keçmişdən yüz illər sonra gəlib günümüzə çatmış kodlaşmış məktubdur? Bəs, nə qədər əsr keçib? Bəlkə, min illər keçib? Bu təsvirlər haradandır? Nəyin şəklidir? Doğrudanmı, xiyar şəklidir?

Buta. Yeri gəlmişkən,  çöldəki  kol bitkisi də belə adlanır, bu tikanlı bitkinin iri çiçəkləri formaca o simvolu xatırladır. Əgər bu bitki yandırılarsa,  onun hər bir şaxı kiçik şama, alovun dilləri isə butaya bənzəyər. Bu bitkinin kömürü isə uzun müddət istini saxlayır. Bu bitkinin çiçəkləri isə xüsusi ətirə malikdir və deyirlər ki, yüngül narkotik xüsusiyyətləri də var. Bəlkə də bu xüsusiyyətlərinə görə, qədim dinlərin bütxanalarında, məbədlərində və inanc evlərində bu bitkiləri yandırıblar? Beləliklə, hazırda Şərqin özünəməxsus möhürü sayılan bu simvol bütün əlamətlərinə görə qədimlərin mürəkkəb dini simvolikasının  rəmzlərindən biridir. Azərbaycan ərazisində qədimdən etiqad edilən İlahi Odun simvoludur. Qədim atəşpərəstlik bütxanaları və həmin dövrün məişət əşyaları da bu rəmzlə işarələniblər. Təsadüfi deyil ki, "buta" işarəsi Hindistan termesində, İranın metal məmulatlarının naxışlarında və parçalarının rəsmlərində, həmçinin, Azərbaycan xalçasının naxışlarında rast gəlinir. Yaxın Şərq və Orta Asiya ölkələrinin dekorativ-tətbiqi və zərgərlik incəsənəti məhsullarında da buta görmək mümkündür. Bir sözlə, bu, bir zamanlar ərazisində zərdüştiliyin əsas din  olduğu geniş Fars imperiyasının tərkibinə daxil edilmiş ölkələrin incəsənətidir. 

İranda butaşəkilli hədiyyə bu gün də evə özünəməxsus xoşbəxtlik və rahatlıq diləyi sayılır. "Buta" sözü sanskritcə "alov" (bute - puta - buta) adlanır. Amma zərdüşti görüşlərindən fərqli olaraq, buta qədim hind mifologiyasında şər ruhların toplusu sayılır. Maraqlıdır ki, zərdüştilər tərəfindən tapınılan Avesta personajları hind vedalarında əvvəlcə tanrıdırlar, sonra iblislərin sırasına salınırlar. Görünür, həmin vaxtlarda iki din arasında, ola bilər ki, həm də iki mədəniyyət arasında qarşıdurma çox güclü olub. Amma bununla yanaşı, qədim hind tibb adətlərində buta haqqında rast gəlinən təsəvvürlərdə o, insan orqanizmlərində həyati prosesləri tənzimləyən qüvvə sayılır - "Suyun butası, qanın butası, bədən üzvlərinin butası, sinir cərəyanının butası".

Azərbaycan ərazisinə, hətta başqa dinlər və görüşlər (xristianlıq, buddizm, ikiəsrlik elinizm və nəhayət, burada köklü oturuşmuş islam) gələndən sonra zərdüştiliyin əsas simvoluna - butaya dözümlü münasibət dəyişməyib. O, keçmiş atəşpərəstlərin həyatında və mədəniyyətində özünəməxsus sirli totem olaraq qalıb. Buta uzun müddət Azərbaycan ərazisində olan qədim dövlətlərin gerbində də olub, bu gün də Bakı şəhərinin gerbində var. Buta həmin vaxtların möhürlərində və rəsmi poçtunda da olub. 

Buta rəsmi hərbçilərdə özünəməxsus fərqlənmə nişanıdır. "Cıqqa-buta" və "man-buta" şahların tacını, yüksəkçinli hərbçilərin baş geyimlərini bəzəyirdi. Böyük ehtimalla ilk başdan buta rəsmlərindəki bu cür fərqliliklərin magiya mənası da olub. "Cıqqa-buta" (tac buta) kişiliyin, igidliyin, şöhrətin və qəhrəmanlığın rəmzidir. Şahların tacı, sərkərdələrin baş geyimləri, gəlinlərin baş bəzəyi cıqqa təsviri ilə bəzədilib. Cıqqa təsviri kəkil şəklində birinci əkin günündə cütün üzərinə bağlanırmış. 

"Man-buta" şərəfi, ləyaqəti və gözəlliyi təcəssüm etdirir. Maraqlıdır ki, gürcü dilində "man" sözü buta mənasını verir. "Lələk-buta"nın təsviri yetərincə sadədir, igidliyi əks etdirib və orta ranqın işarəsi sayılıb. Yeri gəlmişkən, üç söz - "cıqqa", "man", "lələk"  yaddan çıxmış Avesta dilinə aid sözlərdir. 

Buta həm də məktubyazmanın bir forması kimi işlədilib - "yazılı buta". Butanın daxilinə məktublar, şeirlər, qarğışlar və alqışlar yazılıb ki, buta bütün bunların gerçəkləşdirilməsinə yardım etsin. Butanın daxilinə, həmçinin, sevgi və ya qəhrəmanlıq məzmunlu rəsmlər də əlavə edilib ki, belə butanı "yazılı man-buta" adlandırıblar. Qarabağda bizim günlərə qədər bir adət qalıb - Novruzda butaformalı və "fətir buta" adlanan bişmişlər hazırlayırmışlar. 

Azərbaycanın dekorativ-tətbiqi incəsənət ənənəsində çox sayda buta növü var: saya buta, əyri buta, dilikli buta, qıvrım buta, qarmaqlı buta, şabalıd buta, badamı buta, zərxara buta,  qədim buta, dik buta, qoşa buta, qotazlı buta, çiçəkli buta, yanar buta və sair. 

Qədim dinin məğzinin ifadəsi kimi, uzaq keçmişdən gəlmiş və bəzək elementinə çevrilmiş buta bütün Şərq mədəniyyətinə öz odlu təsirini göstərib. Memarlıqda və dekorativ tətbiqi incəsənətdə özünəməxsus "butavari" Şərq formalarının yaranması üçün hansısa etalon, model rolunu oynayıb. Şərq binalarının buta formasını xatırladan günbəzləri, Şərq məişətinin predmetləri olan gül suyu qabı (gülabdan buta), baş geyimləri - çalma, ayaqqabı - çarıq və s.-ni bu sırada saymaq olar. 

Buta Bakı və onun ətrafında müxtəlif cür təsvir edilib və "Muğan-buta", "Bakı-buta", "Xilə-buta", "Şirvan-buta" kimi formalar alıb. Bunun hesabınadır ki, bu gün  sənətşünaslar hansısa xalçanın hansı bölgədə toxunduğunu, yaxud başqa əşyanın hansı bölgədə düzəldildiyini asanlıqla müəyyən edirlər. 

Qədim zamanlardan Şərqdə gözəl hər şeyi buta ilə eyniləşdirirlər. Xalq arasında belə bir deyim də geniş yayılıb: "Onun gözəl butası var", "Onu qızılı və ya badamı buta bəzəyir". Xalqın butanı bu cür üstüörtülü şəkildə yada salması o deməkdir ki, onunla bəzədilən şey ruhani, əxlaqlı və gözəldir.  Şərq poeziyası odlu butaya laqeyd qala bilməyib. XVIII əsrdə yaşamış böyük Azərbaycan şairi Molla Pənah Vaqif şeirlərinin birində nimtənə, yəni xəzlə haşiyələnmiş və ya məxmər və şəridlə işlənmiş naxışlı qısa jilet üzərinə tikilmiş butanı təsvir edir və onu həm sevgilisinin gözəl sifəti, həm də parlaq alov dilimi ilə müqayisə edir. 

Butanın hər şeylə yanaşı, həm də bəd ruhlardan və pis gözlərdən qoruyan vasitə olduğu da düşünülürdü. Buna görə də azərbaycanlıların evləri üzərində buta şəkli olan xalçalar və başqa əşyalarla bəzədilirdi. Gəlinlərin və bəylərin toy paltarında butanın olması mütləq vacib idi (istəyirdilər ki, göz dəyməsin). 

Uzun zaman ərzində buta unudulmuş həmin dinlərin keçmiş ardıcılları tərəfindən magiyalı rəmz elementi olub. Çünki qədim dinlərin əsasında magiya dururdu. Bugünkü baxışla adi olan "bala-buta", "hamilə-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta", "arvad-uşaqlı-buta", "baba-buta" əvvəllər magiya təsirli işarələrdən başqa bir şey deyildi. Amma sonrakı nəsillərin yaddaşından zərdüştiliyin bütün simvolika və ritulları çıxdıqdan sonra, bütün təsvirlər ilkin mənasını itirdi və sadəcə, dekor elementinə çevrildi. 

Maraqlıdır ki, epik əsərlərdə ifadə edilən qədim Azərbaycan görüşlərindən buta dekor elementindən çox-çox böyük anlamda verilir. Buta göylərin vergisi, yuxarıdan insan üçün müəyyən edilmiş məğz, onun ilahi mürəkkəbəsidir. Epik xalq əsərlərində yuxuda buta almaq istedad vergisi verilmək, "Tanrı qığılcımı" almaq sayılır. Buta ilə şəfaverici istedadı da almaq mümkündür. Epik əsərlərdə buta, adətən, ən bacarıqsız, ən yoxsul, ən qılıqsız, amma qəlbitəmiz yeniyetmələrə verilir. Buta yurdunun ünvanı heç kimə bəlli olmur, amma Molla Cümənin "Sayad bəy və Sayalı xanım" dastanında bu  ünvan verilir. Ağa Dağın yanında, "yolların ayırıcında, qoz və əncir ağaclarının kölgəsində, bulaq səsinin altında" yatsan, oraya düşə bilərsən. 

Amma xalq inancına görə, buta yurdunda yatmaq olmaz, buta almaq istəyən gənclərin yaxınları həmişə bu barədə xəbərdarlıq ediblər. Yolayırıcında yatmaq olmaz, ora pis və təhlükəli yerdir. Orada xeyir və şər qüvvələr toqquşur. Həm də azərbaycanlıların əski inancına görə, yolayırıcı bir yaşdan-o birinə, bir dünyadan-başqa dünyaya keçid yeridir. Demək olar ki, başqa ölçülü portaldır. 

Həm də alatoranlıqda, xüsusilə də gecələr ağacların altında olmaq arzuolunmazdır, yatmaqdan isə  danışmağa belə dəyməz. Yatanları cin vura bilər. Axı hər bir ağacın öz ruhu var və axşamlar bu ruhlar ağaclardan çıxaraq xorla mahnı oxuyurlar. Qoz və əncir ağaclarının altında yatmaq isə xüsusilə qorxuludur. Azərbaycanda hələ də belə hesab edirlər ki, məhz bu ağacların altında uzun müddət oturmaq olmaz. Qoz ağacı  ümidsizlik rəmzidir, çünki "qoz ağacı əkən adam onun meyvəsini yeyə bilmir". "Əncir ağacı isə Fatma nənənin (bəd ruhların) odunudur". 

Axar suyun yanında da yatmaq olmaz. Çünki su da bir dünyadan-başqa dünyaya keçid yeridir. Sirli butanın yurdu bax, belədir. Bütün bu inancların kökü çox qədimlərə gedir. 

Amma butanı verən kimdir? Həmin epik əsərin sətirlərindən bəlli olur ki, buta verən Aydır. Ancaq ağsaçlı qoca libasında olan Ay ikilidir - ya vergi verir və ya verdiyi vergini geri alır, ya da ona etibar etmiş gənci özü ilə aparmaq istəyir. Nəticədə, gənc öz butasını alma və sehrli içki fincanı şəklində alır. Yuxudan oyandıqda isə sevgilisini vəsf edən aşığa çevrilir və öz sevgisinə qovuşur. 

Azərbaycanda qədimlərdən bu gün "pir" (Tanrının od ziyarətgahları) adlanan yerlərə getmək geniş yayılıb. Qədimlərdən oralara öz istək və arzuları ilə gəlirmişlər. Pirlər də çox vaxt epik əsərlərdəki yerləri - dağları, yolayırıcılarını, ağacları xatırladır və mütləq hansısa su kənarında olur. 

Ümumiyyətlə, bu  işarə necə yaranıb və onu hansı dinə aid etmək daha doğru olardı? Qədim Şumerin rəmzlərinə baxan zaman mən adət etdiymiz buta təsviri tapa bilmədim. Amma cizgiləri ilə bu rəmzə bənzəyən başqa rəsm gördüm, amma onun xətləri dairəvi deyildi. Və bu simvol qədim Azərbaycan xalçalarındakı işarələri xatırladırdı. Azərbaycanın görkəmli rəssamı Lətif Kərimovun məşhur əsərindəki cədvəldəki kimi idi. Yəni cədvəldə birinci olan və qədim Muğan xalçasından götürülmüş rəmzi və sonuncudan qabaqkı rəmzi xatırladırdı. 

Ən maraqlısı isə, şumerlərdə həmin işarə "ut", yəni "od" adlanır. Hərdən  "but" və ya "bo" formasına da rast gəlinir. Amma bu rəmzin nə məna verdiyi aydın deyil. Ulduzlu göydə, Şimal yarımkürəsində ən gözəl ulduz bürclərindən birini - Naxırçı bürcünü görmək olar. Onun parlaq ulduzlarının yaratdığı cizgi isə Azərbaycan xalçalarında və qədim şumer gil lövhələrində təsvir edilən buta rəsminə çox bənzəyir. 

Qədim Misirdə həmin bürcü "Bootes" adlandırıblar ki, bu da "böyük" və ya "hökm edən" deməkdir. Onun ən qədim adı isə yalnız Misir kahinlərinə bəlli olub və "Bau", yəni "gəlib-çıxma" demək imiş. Misirlilər bu bürcü xarici görünüşcə insanlara bənzəyən tanrıları Osirislə bağlayırmışlar. Bu gün "Bootes", yəni Naxırçı bürcü ideoloji olaraq heç nə demir, amma qədim zamanlarda ona tapınıblar. Butes ulduz qapılarının  və Cənnət qapılarının qoruyucusu sayılıb. Ona Qədim Yunanıstanda və Romada da, Farsistan, Midiya, Atropatena ərazilərində də tapınıblar. Yunan mifologiyasında Butes çar Keleyin oğlu, Yerin ilk əkinçisi Triptolemin bürcüdür. Maraqlıdır ki, bu bürc qədimdən tac və hakimiyyət uğrunda mübarizənin rəmzidir. Yəhudilər bu bürcü Bo-o-tes adlandırıblar və sözün kökü qədim yəhudi sözü "Bo"dur, o da "gəlib çatma" mənasını verir. Gözlənilən Messiyanı da bu sözlə əlaqələndiriblər və bu, 96:13-cü "Zəbur" surəsində də yer alıb. 

Buta bu gün də Şərqin rəssamları və memarları üçün ən sevimli və ən çox istifadə edilən dekor elementidir. Azərbaycan rəssamları da ilham üçün bu elementə müraciət edirlər. 

 



MƏSLƏHƏT GÖR:

584