17 May 2024

Cümə, 14:05

ƏFSANƏVİ "F-1" BAKIDA

Azərbaycan "Formula-1" avtoyarışlarının "Avropa Qran-Pri"sini keçirmək üçün 9 illik kontrakt bağlayıb

Müəllif:

14.10.2014

Çoxları üçün yuxu kimi görünsə də, "Formula-1" yarışlarının Azərbaycanda keçiriləcəyi reallıqdır. Artıq 2016-cı ildə "Avtoidmanın şahzadəsi" kimi tanınan "Formula-1" yarışının bir mərhələsi Bakıda keçiriləcək. Məşhur şirkətlə 9 illik müqavilə imzalayan Azərbaycan "Formula-1" üçün istifadə olunacaq yol xəttini artıq dəqiqləşdirib. "Formula-1" yarışının baş icraçı direktoru Berni Ekklestoun və gənclər və idman naziri Azad Rəhimov "F-1" yarışının həvəskarlarına, Herman Tilke tərəfindən Bakıda keçiriləcək Avropa Qran Pri Bakı yarışı üçün xüsusi olaraq layihələndirilmiş, Bakı küçələrini əhatə edəcək yarış dairəsinin möhtəşəm sxeminin ilk görüntüləri barədə açıqlama verib. Berni Ekklestoun "R+"a açıqlamasında Azərbaycanın belə yarışı keçirmək istəyini böyük sevinclə qarşıladığını deyib: "Sözün düzü həm sevindim, həm də təəccübləndim. Çünki məndə sizin hansı yollara sahib olduğunuz barədə məlumat yox idi. Bakı gözəl şəhərdir. Lakin "Formula-1" yarışlarını qəbul etmək çox çətindir. Amma sonradan əmin oldum ki, ölkəniz bu yarışı yüksək səviyyədə keçirə bilər."

Berni Ekklestounun sözlərinə görə, "Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi üçün təqvimə son əlavələr edib və bu yarışlar üçün layihələndirilmiş ən müasir yeni küçə dairəsi müəyyənləşdirilib. 2016-cı ildə dünya səviyyəli tədbirin Bakıda təşkil olunması üçün lazımi araşdırmalar aparılıb. "F-1" yarışı Bakıdan dünyanın bir neçə ölkəsinə canlı yayımlanacaq. Yürüş zamanı şəhərin görüntüləri ekranlara daşınacaq. 

Azərbaycanda "Formula-1" yarışlarına böyük maraq olduğunu bildirən Berni Ekklestoun ölkəmizi Türkiyə ilə müqayisə etməyin əleyhinə olduğunu deyib: "Türkiyədə hər şey yüksək səviyyədə idi. Amma layihə qazanc baxımından ümidləri doğrultmadı. İlk olaraq Türkiyəyə gəlmək çoxları üçün çətin oldu. Digər tərəfdən, orada futbolu "Formula-1"dən çox sevirlər. Əminəm ki, sizdə tam fərqli olacaq. Biz layihə zamanı Bakının bütün gözəlliyini dünyaya göstərmək istəyirik. İmzaladığımız 9 illik müqavilə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğumuzu sübut edir."

Layihənin yüksək səviyyədə icra olunacağına əmin olduğunu bildirən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda "Formula-1" yarışlarının təşkili üçün lazımi şəraitin olduğunu vurğulayıb: "Bakının Avropa Qran Pri yarışına cəlb edilməsi hər bir nəfər üçün çox vacib və sevindirici hadisədir. Dünyanın ən maraqlı və həyəcanlı idman növünə qatıla bilməyimiz üçün öz gərgin iş qrafikindən vaxt ayıraraq Azərbaycana gəldiyinə və bizə ən yeni "Formula-1" dairəsinin sxeminin təqdim edilməsində köməklik etdiyinə görə cənab Ekklestouna təşəkkürümü bildirirəm. Biz yarış dairəsinin sxemi ilə bağlı Herman Tilke və onun komandası ilə 2013-cü ildən etibarən çox sıx fəaliyyət göstəririk. "Tilke Engineering" şirkətinə verdiyimiz tapşırıq çox sadə idi - tez bir zamanda Bakıda Qran Pri yarışlarının keçirilməsinə dəstək verəcək, unikal, habelə "F-1" yarışlarının təqvimində ən heyranedici, ən parlaq məkanların arasında özünəməxsus yer tuta biləcək, "F-1" yarışının heyranları və komandalarının əsl zövq yaşaya biləcəyi yarış dairəsini layihələndirmək. Ən əsası, biz bu yarış dairəsində paytaxt Bakının ən görməli yerlərinin nümayiş etdirilməsini arzu edirdik. Mən çox məmnunam ki, 2016-cı ildə "F-1" komandalarının yarış zamanı istifadə edəcəkləri bu dairə qarşıya qoyduğumuz məqsədləri dəqiq əks etdirir. Hal-hazırda, biz çətin işlərin başlandığı növbəti mərhələdəyik və hamımız qarşıdan gələn aylarda dairənin inşasının şahidi olacağıq. Biz bilirik ki, irəlidə bizi müəyyən çətinliklər gözləyir; əminik ki, cənab Ekklestoun və "Tilke Engineering" şirkətinin peşəkar heyətinin, eləcə də "F-1" Qran Pri yarışının ən yeni trasının yaradılmasına cəlb edilən hər bir insanın köməyi ilə, bu işlər 2016-cı ildə analoqu olmayan tədbirin keçirilməsiylə nəticələnəcək. "Formula-1" planetin ən yüksək ixtisaslı idman və əyləncə tədbirləri üçün mükəmməl məkan olan və müasir Avropa ölkəsi kimi tanınan Azərbaycanın qazandığı yüksək nüfuza öz dəyərli töhfəsini verəcək. Azərbaycan növbəti dəfə tarixi idman yarışına ev sahibliyi etməklə dünyanı heyrətləndirəcək".

Bakıda "Formula-1" trassının tərtibatı üzrə çalışan "Tilke Engineering" şirkətinin baş icraçı direktoru Herman Tilke paytaxtda sıx küçələrin olmasına baxmayaraq, turniri yüksək səviyyədə keçirməyin mümkün olduğunu deyib: "Mən Avropa Qran Pri Bakı layihəsi ilə əlaqədar son dərəcə həyəcanlıyam və məmnunam ki, biz indi trasın layihəsi haqqında açıqlama verə bilirik. Layihələndirmə və dizayn baxımından son dərəcə maraqlı küçə dairəsi yaradılıb və bu dairə, Bakının çox cazibədar şəhər atmosferini, habelə şəhərin zəngin tarixinin və 21-ci əsrin üslubunun bir araya gəldiyi ab-havanı görməyə imkan verir. Tarixi şəhər mərkəzi, gözoxşayan dənizkənarı park, eləcə də görkəmli Hökumət Evi - bütün bunlar möhtəşəm yeni trasın mükəmməl fonunu təşkil edir. Aydın məsələdir ki, yarış dairələri layihə baxımından çoxsaylı problemləri ortaya qoyur, amma biz komandaların və yarış həvəskarlarının əsrarəngiz yarışdan zövq almasına imkan verəcək bəzi unikal xüsusiyyətləri layihəyə daxil etməyi bacarmışıq. Misal üçün, yarış dairəsində İçərişəhərin qala divarlarında son dərəcə dar yoxuş seksiyası olacaq ki, bu da yüksək dəqiqlik və cəsarət tələb edir. Eyni zamanda, Bulvar ərazisinin yanından uzunluğu 2.2 km olan sürətli yol seksiyasında yarış maşınları ən yüksək sürətlə hərəkət edəcəklər. Bu isə, yarış şousunu canlı seyr edənlərin və ya yarışı televiziya ekranlarından izləyən tamaşaçıların unudulmaz anlar yaşamasına imkan verəcək".

Herman Tilke Bakının qədim Qoşa Qala qapılarının ekranda görünməsi üçün çox çalışdıqlarını söyləyib. Buna görə yürüşə Qoşa Qala qapılarının yanındakı küçə əlavə edilib. Dar və iti döngəli küçə "Formula-1" yarışına əlavə rəng qatacaq. Tilkenin fikrincə, yürüş iştirakçıları bu maneəni keçmək üçün çox çalışmalı olacaq. 

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov layihənin azərbaycanlı gənclərin dünyagörüşündə dəyişiklik edəcəyini deyib: "Dünyanın ən sürətli idman yarışı olan "Formula-1" artıq tamaşaçı baxımdan Azərbaycanda çox populyardır. Bizə 2016-cı ildə Bakıda Avropa Qran Pri yarışının keçirilməsi və "Formula-1" ailəsinin tərkib hissəsinə çevrilməyimizə imkan verildiyi üçün məmnunluğumuzu bildiririk. Biz həm də əminik ki, ölkəmizin ev sahibliyi edəcəyi Qrand Pri ölkəmizdə "Formula-1" idman yarışı üçün bir vasitə kimi çıxış edəcək və şəhərimizin gənclərinin birinci Azərbaycanlı "Formula-1" yarışı üzrə dünya çempionu ola bilmək xəyallarının yaranmasına təsir edəcək".

2 il sonra Avropa Qran-Pri turnirinin yüksək səviyyədə təşkili üçün 2015-ci ildə "Formula-1" üzrə sınaq xarakterli hər hansı bir yarışın Bakıda keçirilməsi müzakirə edilir.

 

 

BU MARAQLIDIR

 

Alman memar Herman Tilkenin hazırladığı yol xəritəsinə əsasən trasın uzunluğu 6 000 metr olacaq. Trasda 8 sağ və 12 sol döngə olacaq. Yarış zamanı maşınların orta sürəti saatda 210 kilometr təşkil edəcək. "Formula-1" Azadlıq meydanının yaxınlığından başlayacaq. Həmin ərazidə yol geniş olduğu üçün maksimal sürətin saatda 340 km olacağı proqnozlaşdırılır, bu da "F-1" yarışlarının ən maksimal sürətidir. Yürüş zamanı təhlükəsiz zonada 25 min tamaşaçı üçün oturacaqlar quraşdırılacaq.

Bakı küçələrində keçiriləcək yarışı izləmək istəyənlər 3-5 manat xərcləməli olacaq. Ucuz biletlərlə yanaşı, nisbətən bahalı biletlər də satışa çıxarılacaq. Artıq rəsmən məlumat verilib ki, "Formula-1" yarışına ən bahalı biletlər 200-250 manat dəyərində olacaq.



MƏSLƏHƏT GÖR:

791