17 May 2024

Cümə, 11:52

İNCƏSƏNƏTƏ BAŞ VURANLAR

A.P.Çexov adına Moskva Bədii Teatrının görkəmli aktyorları Bakıya toplaşıblar

Müəllif:

14.10.2014

Sivil cəmiyyətimiz həm əqli-mənəvi, həm də maddi baxımdan razı qala bilər: Azərbaycan Musiqili Komediya Teatrının konfrans zalında yüksək dəblə yüksək incəsənət bir-birinə qarışmışdı. Dünyanın ən məşhur zərgərlik brendlərindən birinin yaradıcısı və dəyişməz rəhbəri Manuel Karrera ilə Çexov adına Moskva Bədii Teatrının əsas aktyorları - Renata Litvinova, İqor Vernik, Sergey Çonişvili, Yevgeniya Dobrovolskaya jurnalistlər üçün əvvəlcədən nəzərdə tutulduğu kimi, mətbuat konfransı keçirmədilər - səmimi, dost söhbəti apardılar. 

Elə həmin gün MBT (Moskva Bədii Teatrı) aktyorlarının Bakıda ilk çıxışı olub. Onlar "İttihamın şahidi" tamaşasını oynayıblar.

İlk baxışdan bir-birinə heç bir aidiyyəti olmayan sahələrin - zərgərliklə teatr tamaşasının bir araya gətirilməsi ideyası təsadüfən meydana çıxmamışdı. Axı ali zərgərlik incəsənətin növlərindən biri sayılır, teatr isə incəsənət növüdür. Amma bu cür fərqli peşələri təmsil edən qonaqları birləşdirən daha bir məqam da var idi: bu dəfə bir masa arxasına öz işinin əsl peşəkarları toplaşmışdılar. Onların səviyyəsi özü-özlüyündə istənilən pafosu və gərginliyi istisna edirdi. Metr Manuel Karrera və xanımı, füsunkar senyora Marina - onların simasında səmimi mehribanlıq və xeyirxahlıq ifadəsi var idi.

Əvvəlcə maestro jurnalistlərin suallarını cavablandırdı və işindən, keçdiyi  çətin yoldan, həmçinin öz əbədi muzeyindən danışdı.

- Etiraf etməliyəm ki, şirkətimi yaratmaq mənə çətin başa gəlib. Brend İspaniyada vətəndaş müharibəsindən sonra yaradılıb. Bu, ölkə üçün çox ağır dönəm idi. Çünki İspaniyada total böhran və mədəni durğunluq yaşanırdı. Söhbət zərgərlik sənətindən getdikdə düşünürük ki, onun inkişafı üçün əsas ümumilikdə zəngin mədəni ənənələrdir. Brendin xidməti İspaniya üçün ağır bir dönəmdə yeni markanın, zərgərlik sənətində yeni xəttin yaranmasındadır. Mənim də bəxtim gətirib ki, həyatım boyunca zərgərlik sənəti ilə məşğul olmuşam. Bu, peşədən daha çox incəsənətdir. Uğur əldə etmək üçün çox və inadla işləmək lazımdır. Çətin yol hər zaman sonda öz bəhrəsini verir.

- Bunadək Bakıda olmuşdunuzmu? 

- Bəli, 2008-ci ildə Mstislav Rostropoviçin vəfatının ildönümü ilə bağlı mərasimdə iştirak etmək üçün buraya gəlmişdim. Onun xanımı məni tədbirə Rostropoviçin yaxın dostlarından biri kimi dəvət etmişdi. O zaman səhnəyə çıxmış, Mstislav haqda xatirələrimi bölüşmüşdüm. O, mənə Bakı haqda çox danışmışdı. Ölkəniz dünyaya bu cür insan bəxş edib və bunun üçün sizə təşəkkür etməliyəm. O zaman Bakıya bir neçə günlük gəlmişdim və müşayiət edən şəxslər mənə şəhəri, onun görməli yerlərini göstərmişdilər. Sizin çox istiqanlı, qonaqpərvər xalqınıza heyran olmuşam. Əminliklə deyə bilərəm ki, Bakıda anlaşılması kifayət qədər çətin olan kolleksiyalar daha populyardır. Onların hazırlanması böyük bədiilik tələb edir və maraqlıdır ki, Bakıda bu yüksək sənəti anlayırlar; həmin zinət əşyalarının qiyməti haqda danışmıram. Çünki onların dəyəri pulla ölçülmür.

 - (Renata Litvinovaya sual) Televiziyada "Kostyum tarixi" verilişinin aparıcısısınız. Bəs "Zərgərlik sənətinin tarixi" verilişini yaratmaq kimi bir ideyanız varmı?

 - Belə veriliş hazırlamaq istərdim. Amma bu, çox çətindir. Çünki televiziyada istənilən brend haqda söhbət reklam kimi qəbul olunacaq. Üstəlik, maestro Manuel ilə xüsusi münasibətimiz var: dünyada, demək olar ki, bütün zərgərlik məmulatları kommersiyalaşdığı halda, onun bütün işləri müəllif işidir.

 - (Sergey Çonişviliyə sual) "İttihamın şahidi" tamaşasında ilk dəfə səhnəyə çıxmağınızı xatırlayırsınızmı? İlk dəfəki hisslərinizlə indiki hissləriniz arasında hansı fərqlər var?

- Mənim tamaşada oyunum həyatımın bir hissəsidir. Nə qədər ki, özünü onun bir hissəsi, sanki, qandakı eritrosit sayırsan, hər şeyi birnəfəsə oynayırsan... Amma bu vəhdət hissini itirən kimi hər şey alt-üst olur.

- (Yevgeniya Dobrovolskayaya sual) Əvvəlcə pyesdə prokuror kişi idi. Amma məhz sizin üçün bu rolu dəyişərək, qadına verdilər...

- Bəli, həqiqətən də rol dəyişdirilib və ümid edirik, bu qərarı doğrulda bilmişik. Pyesdə iki sevgi xətti var - biri final mərhələsində, digəri başlanğıcda. Hələlik üzə çıxmayan vəkillə prokuror arasındakı xətdir. Beləliklə, qəhrəmanın cinsinin dəyişməsi təsadüf deyil. Ümumilikdə, biz çox həyəcanlanırıq. Çünki tamaşanı sizin qarşınızda ilk dəfə oynayacağıq. Bakı tamaşaçıları bizim üçün yenidir. Bu, tamamilə başqa ölkədir və tamaşaçıların reaksiyası ilə bağlı çox həyəcan keçiririk.

İqor Vernik: 

- Bu, mənim Bakıya ikinci səfərimdir. İlk dəfə burada 30 il əvvəl çilili rejissor Sebestyan Alarkonun filmində çəkilmək üçün olmuşam. O zaman kursant roluna çəkilirdim və İçərişəhəri yaxşı xatırlayıram. Bu gün orada olduq və yaddaşım sanki canlandı... Əlbəttə ki, buraya dəfələrlə səfər etmək istərdim, amma alınmırdı...

 - (Renata Litvinovaya sual) "İttihamın şahidi" pyesinin digər məşhur quruluşu 1957-ci ildə Billi Uaylderin füsunkar Marlen Ditrix ilə çəkdiyi filmdir. Mənə elə gəlir ki, Renatanın bu rola seçilməsi də təsadüf deyil. Axı siz də müəyyən mənada məşum qadınsınız...

- Siz hesab edirsiniz ki, mən məşum qadınam?

- Bir çox müsahibələrinizdə sizə bu sualı versələr də, siz onu cavablandırmamısınız...

- Film haqda... mən Billi Uaylderin bütün işlərini çox sevirəm. Amma açıq deyim ki, "İttiham şahidi"nə sonadək baxa bilməmişəm. Uaylder əsas diqqəti vəkilin oyununa yönəldib. Marlen Ditrix isə kifayət qədər yaşa dolmuşdu. Məlum olduğu kimi, çəkilişlər zamanı onun özü işığı qururdu, özü üçün daha üstün mövqelər seçirdi və bu, onun azadlığına, sərbəstliyinə mane olurdu. Onda gözəl olmamaq üçün cəsarət yox idi... Bizim quruluşumuzda isə diqqət bütün aktyorlara yönəldilib.

- (Litvinovaya sual) Deyəsən, incəsənət sizin üçün həyat prioritetləri arasında ilk pillədədir. Belədirmi?

- Hər hansı vacib işin öhdəsindən gəlmək üçün müxtəlif istiqamətlərə yönəlməməli, özün üçün ən vacibini müəyyənləşdirməlisən. Bəli, mən televiziyada işləməkdən uzaqlaşdım. Çünki televiziya adamın enerjisini alır. O, insanları həzm edən formal kombinatdır. Mənə elə gəlir ki, son zamanlar orada söz-söhbət həddindən artıq çoxdur, susmaq isə unudulmuş bir ayinə çevrilib.

- (İqor Vernikə sual) Sizinlə eyni nəsildən olan insanların əsas fəaliyyətləri ilə yanaşı, müəyyən ictimai funksiyalar da oynamaları xoşdur. Məsələn, İqor Vernik incəsənət xadimlərinə dəstək xeyriyyə fonduna rəhbərlik edir. Siz bu fondu yaratmaqla nəyə üstünlük verirsiniz - seriallara və pop musiqisinə bağlı gənclərin teatra cəlbinə, yoxsa mövcud istedadların dəstəklənməsinə?

- Gənclər qayğısız həyat yaşayırlar və bu həyat tərzini onlardan almaq düzgün deyil; seriallara maraq, əyləncə onların yaşı üçün təbiidir. Fondun məqsədi isə başqa şeydir - milyonların kumiri, sevimlisi olan, müəyyən yaşa çatdıqları üçün ən vacib şeydən məhrum olmuş yaşlı aktyorlara bilavasitə yardımların göstərilməsi. Onlar tənhalıqdan, özünü reallaşdıra bilməməkdən, tələbatsızlıqdan əziyyət çəkirlər. Onların əksəriyyəti ömrünü incəsənətə həsr edib və indi onların həyatında bir boşluq var. Üstəlik, onların əksəriyyətinin sağlamlıqla, maliyyə ilə bağlı problemləri var. Biz bu işlərdə onlara kömək edirik. Lazım gəldiyi təqdirdə hətta xəstələrə, əldən düşmüş aktyorlara qulluq da edirik. Onlar üçün ən ağrılı olanı isə sevimli işləri ilə məşğul ola bilməmələridir. 

Bu günlərdə Moskvada Ahıl insanlar günü qeyd olunub. Biz öz növbəmizdə belə bir aksiya keçirdik: ahıl incəsənət xadimlərini fitnes mərkəzində məşğələ keçməyə çağırdıq. İnanın, Böyük Teatrın bu 60-70 yaşlı balerinaları elə hərəkətlər etdilər ki, onları biz təkrarlaya bilmirik.

- (Sergey Çonişviliyə sual) Əvvəllər televiziyada çox çəkilirdiniz. Son zamanlar isə sanki bundan qaçırsınız...

- Mən özüm üçün həqiqətən maraqlı olan işlə məşğul olmaq istəyirəm. Üstəlik, bir çox layihələrin səsləndirilməsi ilə məşğulam. Hazırda kadr arxasında əyləşməyə, oradan maarifləndirmə ilə məşğul olmağa üstünlük verirəm. Maddi tələbatlarım o qədər də böyük deyil və bu üzdən yaşaya bilirəm. Allaha şükürlər olsun ki, pul naminə özümlə kompromisə getməli olmamışam.

- (Renata Litvinovaya sual) Siz özünəməxsus etiraf, güclü təsirə malik sənədli film çəkmisiniz - "Mənim üçün ölüm yoxdur". Sovet kinosunun keçmiş qəhrəmanları sizi nələrə öyrədib?

- Bu film mənə sovet kinematoqrafiyasının bir çox əfsanəsi ilə dostluq münasibəti bəxş edib. Məsələn, Nonna Mordyukova ilə. Onun oynadığı rolların diapazonu son dərəcə genişdir. O, həm əla dram aktrisası, həm komediya aktrisası, ümumiyyətlə, çox gözəl qadın idi. Bundan başqa, onun ədəbi istedadı da var idi. Mordyukova öz rolları üçün mətnləri, monoloqları özü yazırdı. O, bir çox ulduz rolunu oynaya bilmədi. Misal kimi, "Sakit Don"da Aksinya rolunu göstərmək olar. Mən öz filmimi ilk olaraq ona göstərdim - o zaman Nonna Viktorovna artıq xəstə idi - və o dedi ki, bu, onun ən yaxşı roludur. Təəssüf ki, çəkilmiş hissələrin bir çoxunu kəsməli oldum. 

Bundan başqa, məsələn, mən daha bir sovet aktrisası - Tatyana Kirillovna Okunevskaya ilə dostlaşmışdım. Bilirsiniz, məni ən çox valeh edən nə idi? Onların hamısı artıq müəyyən yaş həddinə çatsalar da, ehtirasları gənclərdəki qədər aşıb-daşırdı; Lyubov Orlova, Faina Georgiyevna Ranevskaya tərəfindən elə tənqidlər səslənirdi ki... Geyimlə, həyat yoldaşları ilə bağlı da ehtiraslar var idi. Onlardan soruşurdum: "Ən böyük arzunuz nədir?". Nə pul, nə həyat yoldaşı istəyirdilər. İstədikləri yenidən şöhrətlənmələrinə imkan verəcək daha bir əla rol idi...

Bu 1,5-2 saatlıq mətbuat konfransı xoş söhbətlə bir anda keçib-getdi. Diqqəti çox çəkən, insanları ən çox valeh edən isə o idi ki, həmsöhbətlərimiz bir çox titulu ulduzlar kimi, şöhrətpərəst deyildilər, öz nailiyyətlərini əldə bayraq etmirlər, əksinə, tam səmimi olaraq öz işlərinə, peşələrinə baş vurmaqda davam edirlər.

Sonda Renata Litvinova dedi: "Biz - normadan kənarıq. Biz yaratmaq, özümüzdən sonra mümkün qədər çox qeyri-maddi irs qoymaq istəyirik".

Bakı tamaşaçılarına təqdim olunan tamaşaya gəlincə, o, detektiv kraliçası Aqata Kristinin möhtəşəm pyesidir. "İttihamın şahidi"ndə həm təkrarolunmaz ingilis yumoru, həm maraqlı süjet, həm də incə psixoloji detallar var. Orada parlaq xarakterik çalarlara, yüngüllük və nəfislik, zarafat və qrotesk var. Bütün bunlar elə ustalıqla canlandırılıb ki, təkcə qətlin özü yox, aktyorların kulbitləri və haldan-hala düşməsi də tamaşaçını son ana qədər gərginlik içində saxlayıb. Yəni, bir növ, "Şerlok Holms və doktor Vatson" kinohiti və "Mənim gözəl ledim" müziklini xatırladan bir ingilis detektivinin teatr versiyasını izlədik. 

Bu detektiv müəllifin yaradıcılığının zirvəsi sayılır. Bu üzdən də o, indiyədək dünyanın bir çox ölkələrində dəfələrlə səhnəyələşdirilib və hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanıb. İsveçrəli Mari-Luiz Bişofberjenin səhnələşdirdiyi tamaşa isə indiyədək dünyanın bir çox ölkələrində nümayiş etdirilib. Bakıdakı nümayiş zamanı zalda boş yer, demək olar ki, yox idi. Tamaşanın bitimindən sonra tamaşaçılar aktyorları gül yağışına tutub, uzun müddət onları səhnədən buraxmayıblar.



MƏSLƏHƏT GÖR:

620