17 May 2024

Cümə, 14:05

"KÖHNƏ QİTƏ" İLƏ BİR SƏVİYYƏDƏ

Azərbaycan Avropanın əsas iqtisadiyyatlarına - Almaniya və Böyük Britaniyaya ixracın əhəmiyyətli artımına nail olub

Müəllif:

14.10.2014

Ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri xarici ticarət dövriyyəsinin artım həcmidir. Bu mənada Azərbaycanın iqtisadi nailiyyətlərinin dinamikası ticarət dövriyyəsi üzrə statistik məlumatlarda əyani surətdə əks olunur: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2003-2013-cü illərdə o, 6,7 dəfə artıb və 34,7 mlrd. dollar olub. Mühüm olan odur ki, hər il təkcə kəmiyyət göstəriciləri artmır, həm də ticarət dövriyyəsinin keyfiyyət strukturu dəyişir, xüsusilə ölkənin qeyri-neft sektorunun istehsalı olan daha çox əmtəə xaricdə, əsasən də "Köhnə Qitədə"də maraq doğurur. Qeyd etmək lazımdır ki, ölkənin ümumi ixracında sabit daha çox pay Avropa Birliyi ölkələrinə düşür - bu il 52,31%. Və inkişaf etmiş Avropdan daha çox şirkət Azərbaycanla birgə layihələrə sərmayə yatırmağa hazır olduqlarını göstərirlər. 

 

Alman  hesabı 

Azərbaycanın ticarət dövriyyəsinin artımına əsas töhfəni Almaniya ilə əməkdaşlıq verir.  Qeyd  etmək kifayətdir ki, 2005-2013-cü illərdə iki ölkə arasında ticarət dövriyyəsi, təxminən, 7,5 dəfə artıb. Bununla bərabər, iki ölkənin ticarət strukturunda maraqlı dəyişikliklər  də  baş verib. Belə ki, 2005-ci ildə mənfi saldo 221,5 mln. dollar olmaqla, ticarət dövriyyəsinin 88%-ni Almaniyadan idxal və ancaq 12%-i ixrac təşkil edirdisə, 2013-cü ildə mənzərə tamamilə əksinə idi. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi ötən il 2,2 mlrd. dollar təşkil edib. Bununla belə, 38% idxalın, 62% isə ixracın payına düşüb. Nəticədə, Almaniya ilə ticarətdə müsbət saldo ötən il 533,7 mln. dollar təşkil edib. Ümumilikdə isə AFR ilə ticarətin xüsusi çəkisi 6,3%-ə çatıb, həmçinin idxal 7,7%, ixrac isə 5,6% təşkil edib. Qeyd etmək lazımdır ki, istər idxal, istərsə də ixraca görə Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarının ilk dördlüyünə daxildir. Ticarət dövriyyəsinin strukturunda bu dərəcədə nəzərəçarpacaq dəyişikliklərin hansı əmtəələr hesabına baş verdiyinə gəlincə isə cavab sadədir. Almaniya XİN-in saytında yerləşdirilən məlumata görə, Azərbaycanın ixracı, əsasən, "qara qızıl"dan ibarətdir. Lakin qurumun hesablamalarına görə, Azərbaycan neft tədarükünə görə alman enerji bazarında yeddincidir. Almaniya isə Azərbaycana avtomobil, metal məhsullar və avadanlıqlar ixrac edir. İki ölkə arasında ticarət münasibətlərinin sabit inkişafına baxmayaraq, gələcək artım üçün imkanlar heç də tükənməyib. Və bu yaxınlarda iki ölkənin məmurları və işgüzar dairələri arasında keçən görüşün gedişində mövcud potensialın reallaşdırılmasının yeni istiqamətləri vurğulanıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sözlərinə görə, bu gün iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 67 sənəd imzalanıb. 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Almaniyanın peşə təhsili sahəsindəki təcrübəsindən Sumqayıt  Kimya Sənaye Parkında da istifadə ediləcək. Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupun həmsədri, İqtisadiyyat və Sənaye Nazirliyinin aparat rəhbəri Samir Vəliyevin məlumatına görə, Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına, təxminən, 760 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Bu gün Azərbaycanda 177 Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi iştirak edirlər. Qeyd etmək lazımdır ki, bir çox alman enerji şirkətləri Azərbaycanda neft və qazın kəşfiyyatı və istehsalına uzunmüddətli maraq göstərir.  Yerli sərmayədarları isə öz növbəsində Almaniyada maşınqayırma, İKT, kənd təsərrüfatı və s. maraqlandıra bilər. Əsası isə odur ki, ölkələr öz bəhrəsini verən əməkdaşlığın səmərli mexanizmini qaydaya sala biliblər. 

 

Britaniya perspektivləri 

Azərbaycanın ticarət əlaqələri "Köhnə Qitə"nin digər aparıcı ölkəsi - Britaniya ilə də uğurlu inkişaf edir. Statistik göstəriciləri nəzərdən keçirsək, iki ölkə arasında ticarət dövriyyəsi 2005-2013-cü illərdə 4,67 dəfə artıb və 2013-cü ilin nəticələrinə görə 1,8 mlrd. dollar təşkil edib. Ölkələrin ticarət dövriyyəsində struktur dəyişiklikləri daha maraqlıdır. Xüsusən, 2005-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 1,1%-i təkcə Azərbaycan  ixracının payına düşüb, 2013-cü ildə isə bu göstərici artıq 27% olub. 2013-cü ilin nəticələrinə görə, Böyük Britaniya Azərbaycan məhsullarının idxalçı ölkələri sırasında 14-cü yeri tutub. Böyük Britaniyaya ixracın xüsusi çəkisi ümumi ixracın 2,02%-ni təşkil edir. Bununla bərabər, İngiltərədən idxalın xüsusi çəkisi Azərbaycanın ümumi idxalının 12,5%-ə bərabərdir. Hazırkı artımın templəri fonunda tərəflər iqtisadi  münasibətləri getdikcə inkişaf etdirmək niyyətindədir. Bu yaxınlarda Böyük Britaniyanın ticarət məsələləri üzrə baş nazirinin nümayəndəsi, Lordlar Palatasının üzvü Riçard Risbi Bakıda səfərdə olub. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərə malik olduğu vurğulanıb. Lord R. Risbi Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafı üzrə forumda iştirak edib. Forumun gedişində Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin dediyi kimi, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün neft-qaz sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrində də böyük imkanlar  mövcuddur. Lord Risbi həmçinin qeyd edib ki, Azərbaycanda müxtəlif sahələrdə 300-dən artıq Britaniya şirkəti təmsil olunur. Bu il iki ölkə arasında əldə olunan ticari-iqtisadi əlaqələrin yüksək səviyyəsini nəzərə alaraq, qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasına dair təklif səsləndirilib. Bununla da, gördüyümüz kimi, Azərbaycan bu prosesə iqtisadiyyatın qeyri-neft sektoruna əminliklə bağlanaraq və Avropanın işgüzar dairələri ilə biznes-münasibətləri inkişaf etdirərək, ixrac potensialını irəliyə doğru  reallaşdırır.


MƏSLƏHƏT GÖR:

473