10 May 2024

Cümə, 03:50

ƏYLƏCİ BASMADAN

Azərbaycan Avtomobil Federasiyası sürət həvəsində olanlar üçün xüsusi trek təklif edəcək

Müəllif:

21.10.2014

Bakı Kristal Zalında Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən "VI Challenge Azerbaijan" yarışında yüksək sürət, adrenalin, qeyri-adi tryuklar tamaşaçılara həyəcanlı anlar yaşatdı. 

Əslində, bu yarışma şou, əyləncə ilə yanaşı, həm də sürücülər arasında təbliğat və maariflənməyə, avtomobil idmanının inkişafına yönəlmişdi. Çünki sürət, avtomobilin müxtəlif manevrlərlə idarə edilməsi məhz yarış meydanlarında təhlükəyə deyil, qələbəyə aparır. 

Bakıda ilk dəfə keçirilən "VI Challenge Azerbaijan" yarışının təqdimatı 2014-cü ilin may ayında yenidən təşkilatlanan, yeni fəaliyyət istiqamətləri müəyyən edən Azərbaycan Avtomobil Federasiyasının ilk genişmiqyaslı tədbiri idi.

"İdmanın təbliği, idman infrastrukturunun yaradılması və yenilənməsi, əhalinin maarifləndirilməsi kimi mühüm sahələri əhatə edən dövlət siyasəti ayrı-ayrı qurumları, o cümlədən Azərbaycan Avtomobil Federasiyasını bu sahələrdə daha aktiv fəaliyyətə sövq edir. Azərbaycan Avtomobil Federasiyası avtomobil idmanı, yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti iştirakçılarının hüquqlarının müdafiəsi, avtomobil sənayesi və nəqliyyat infrastrukturu, avtomobil yarışları üzrə mütəxəssislərin, peşəkar pilotların hazırlanması sahəsində yeni layihələrin həyata keçirilməsinə başlayıb. Bizim əsas məqsədimiz ölkə ərazisində yol hərəkəti təhlükəsizliyi və mədəniyyətinin təbliğ olunmasına, vətəndaşların, xüsusilə də yaşlıların və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsinə, nəqliyyat vasitələrinin istismarı sahəsində ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr reallaşdırmaqdır", - deyə Federasiyanın prezidenti Anar Ələkbərov bildirib. 

Oktyabrın 11-də keçirilən yarışda 12 ölkədən 14 pilot iştirak edirdi. Azərbaycan bu yarışda 3 pilotla təmsil olunurdu. 4 saata yaxın davam edən şouda müxtəlif beynəlxalq yarışların iştirakçısı olan pilotların nəfəskəsən manevrli yarışı Bakı Kristal Zaldakı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. 

Bu yarış, əslində, həm peşəkarların, həm də avtomobil həvəskarlarının Avtomobil Federasiyasının yeni hədəfləri ətrafında səfərbər olması idi desək, bəlkə də, yanılmarıq. 

Azərbaycan Avtomobil Federasiyası tərəfindən hazırda avtomobil idmanının inkişafı, o cümlədən peşəkar pilotların hazırlanması və mütəmadi məşqləri üçün xüsusi təlim və yarış treklərinin, digər infrastruktur layihələrinin hazırlanması istiqamətində intensiv işlər aparılır. 

"Əsasən gənclər yüksək sürətin həvəsində olurlar. Biz gənclərə, eləcə də bütün avtohəvəskarlara yeni bir platforma təklif edirik. Tezliklə Avtomobil Federasiyası tərəfindən Bakı şəhərində istifadəyə veriləcək trekdə həm təlimlər keçiriləcək, həm də müxtəlif yarışlar təşkil olunacaq"-deyə Anar Ələkbərov bildirib. Yeri gəlmişkən, bu trekdə "V1 Challenge Azerbaijan" yarışında arenaya çıxan "Volkicar" maşınlarını da idarə etmək, təlimlər keçmək imkanı olacaq.

Bir sözlə, Azərbaycan Avtomobil Federasiyası peşəkar idmançılara, o cümlədən avtomobil həvəskarlarının öz istedad və qabiliyyətlərini realizə etməsinə, onların bu bacarıqlarını küçələrdə özünün və digərlərinin həyatına təhlükə yaradaraq deyil, xüsusi meydançalarda, müxtəlif yarışlarda nümayiş etdirməsinə dəstək olacaq. 

 Federasiya regionlarda da layihələr həyata keçirməyi planlaşdırır. Həmçinin Azərbaycan Avtomobil Federasiyası Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində beynəlxalq səviyyəli pilotların hazırlanmasına başlanılıb. 

Hazırda Federasiya daha böyük bir layihəni izləyicilərə təqdim etmək ərəfəsindədir. Bildiyiniz kimi, artıq bir neçə aydır ki, Bakıda klassik avtomobil sərgisinə hazırlıqlar gedir. Bunun nəticəsində yaxın həftələrdə Heydər Əliyev Mərkəzində açılacaq sərgi öz dizaynı, məlumatların təqdimatı ilə tam fərqli bir formatda olacaq. 

Azərbaycan Avtomobil Federasiyası, həmçinin 2016-cı ildə ölkəmizdə ilk dəfə olaraq keçiriləcək "Formula-1" üzrə Avropa Qran-Pri yarışlarında rəsmi tərəfdaş kimi tədbirin təşkilində yaxından köməklik göstərəcək. 

Azərbaycan idmançıları bu günədək Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edərək ölkəmizin bayrağını zirvələrə qaldırıblar. Bu gün yol qəzaları ilə ölüm saçan avtomobil qəzaları, əslində, tamamilə başqa bir sahədə insanların həyatında sevincə yol aça bilər. Avtomobil bizim həyatımızda bir qara qüvvə deyil, uğurlara aparan vasitə ola bilər. Avtomobil Federasiyası öz maarifləndirmə layihələrində də buna nail olmaq istəyir.



MƏSLƏHƏT GÖR:

540