10 May 2024

Cümə, 11:57

FOQTSUN OYUNU BİTDİ

Görəsən, alman məşqçinin istefasından sonra futbol üzrə Azərbaycan millisi daha yaxşı oynayacaq?

Müəllif:

21.10.2014

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts özündə cəsarət taparaq istefa verdi. AFFA tərəfindən qəbul edilən istefadan sonra alman məşqçiylə olan müqaviləyə xitam verilib. Avro-2016-nın seçmə mərhələsində Xorvatiyaya 0-6 hesablı məğlubiyyəti qəbul edə bilməyən məşqçi Azərbaycan yığmasında gələcəyini görmədiyini bildirib. Onun millidən ayrılmasından sonra noyabrdakı rəsmi görüşə Azərbaycan yığmasını kimin çıxaracağı böyük maraq doğurur. 

 

Foqtsun erası

Berti Foqts ardıcıl 4 seçmə mərhələdə Azərbaycan yığmasının sükanı arxasında olmaqla rekorda imza atdı. İndiyə qədər heç bir baş məşqçiyə bu qədər müddət şərait yaradılmamışdı. Ümumilikdə, Foqts Azərbaycan yığmasında 2387 gün işlədi. 3 seçmə mərhələni sona çatdıran məşqçi cari dövrü yarımçıq qoydu. Foqtsla komandamız 71 görüşdə iştirak edib. Onlardan 12-də qələbə qazanan yığma 22 oyunda heç-heçə oynayıb. Məğlubiyyətlərimizin sayı isə, təbii ki, daha çoxdur - 37 oyun. Bu oyunlardan üçündə Almaniya, İspaniya və Xorvatiya ilə görüşlərdə komandamız 6 qol buraxıb. 

Berti Foqts ilk qələbəsini təyinatından ilyarım sonra qazanıb. Həmin oyunda Azərbaycan Lixtenşteyni qonaq meydanda 2-0 hesabıyla üstələyib. Doğma meydanda ilk qələbə isə Türkiyə ilə oyuna təsadüf edir (1-0). Foqtsun dövründə milli ABŞ, Yaponiya kimi uzaq səfərlərdə olub. Onun rəhbərliyi altında Azərbaycan yığması seçmə mərhələdə ilk dəfə rekord sayılan 9 xal toplayıb. FİFA reytinqində 147-ci yerdən 73-cü pilləyə yüksəlmişik (hazırda 93-cü yerdəyik). Foqtslu yığma keçirdiyi oyunlarda rəqib qapılarına 50 qol vurub, 110 qol buraxıb. 

Berti Foqtsun Azərbaycan millisində işlədiyi 6 ilə nəzər salarkən yığmanın oyun planında inkişafda olmadığı üzə çıxır. Futbolçuların səviyyəsində yüksəliş olmamaqla yanaşı, milliyə çoxlu sayda legioner dəvət olundu. Almaniya, Türkiyə, Rusiya kimi ölkələrin aşağı liqasında çıxış edən futbolçular milli formanı geyinməklə sevindi. Amma biz onların oyununda sevinmədik. Alman məşqçinin media və azarkeşlərlə rəftarı hər zaman böyük problemə çevrilib. Mətbuat konfranslarında "biz rəqibdən futbol öyrənməliyik", "rəqibə qarşı şansımız yoxdu", "Mən gələnə qədər Azərbaycanda futbol olmayıb" kimi fikirlə qınaq obyektinə çevrilib. Hər zaman millimizə yuxarıdan aşağı baxan Foqts bütün günahı Azərbaycan klublarının hazırlığında görüb. Sual olunur ki, əgər problem klublardadırsa, ondə niyə yalan vədlər verir? Əvvəlcə Avro-2012-yə, sonra isə Avro-2016-ya getmək imkanımız olduğunu söyləyən alman məşqçi istefasının səbəbləri barədə Almaniya mətbuatına bu fikirləri söyləyib: "Məsələ təkcə nəticələrdə deyil, yaranan vəziyyətdədi. İtaliya ilə oyundan sonra komandanın Xorvatiyaya qarşı mübarizə aparmağa gücü qalmamışdı. Çünki yeddi il idi futbolçular məndən həmişə eyni sözləri eşidirdi: "Siz öz üzərinizdə daha çox çalışmalısız, daha çox qaçmalısız". Eşidirdilər, amma heç nə etmirdilər. Klublarda normal məşq yox idi. İtaliyaya qarşı oynamayan futbolçular məşqlərə həvəssiz yanaşırdılar. Mən də bütün bunlara bundan artıq dözə bilməzdim. Xorvatiyaya sonuncu məğlubiyyətdən sonra mən və iki köməkçim - Uli Ştyanla Volfqanq Rolf oradan getməyə qərar verdik. Azərbaycanda işlədiyim dövrdə nəyəsə nail ola bildim. Komanda FİFA reytinqində 147-ci yerdən 73-cü pilləyə yüksələ bildi. Problem ondadır ki, Azərbaycanda futbolu pula görə oynayırlar. Oradakı futbolçular futbolla yaşamırlar. Əksər futbolçulara xaricdə oynamağı təklif edirdim. Amma belə edəcəkləri halda onlar Azərbaycanda qazandıqlarından beş dəfə az qazanc əldə edəcəkdilər. Mən komandada gəncləşdirmə siyasəti aparmağa başlasam da, vəziyyət düzəlmək bilmirdi. Onlarla bundan artığına nail ola bilməzdim."

Berti Foqtsun istefasına gəlincə alman məşqçi bir müddət istirahətə ehtiyacı olduğunu və qolfla məşğul olacağını deyib. Foqtsun peşəkar qolfla məşğul olması dostlarına və mediaya məlumdur. Amma onun tezliklə iş tapacağı inandırıcı deyil. Şotlandiya, Nigeriya millilərindən qovulan Bertinin işi Azərbaycanda da alınmadı. Deməli, məşqçilik karyerasını başa vurmaq zamanıdır. Onsuz da Almaniya millisindəki işini nəzərə almasaq, məşqçilik karyerası o qədərdə uğurlu alınmayıb. 

Azərbaycanda alman məşqçinin ən çox işi yox, məvacibi müzakirə edilirdi. Aya 95 min avro aldığı söylənilirdi. İlk olaraq, etiraf edək ki, heç bir əcnəbi məşqçi Azərbaycan yığmasında aşağı qiymətə və ya pulsuz işləməyəcək. Çünki, əcnəbi illərlə qazandığı nüfuzu itirmək təhlükəsiylə üzləşir. Əgər biz az pul xərcləmək istəyiriksə onda yerli mütəxəssislərə güvənməliyik.

 

Problemlər qalıb

Berti Foqts getdi, amma onunla birgə bizi incidən problemlər millidə qaldı. Sirr deyil ki, alman məşqçinin dedikləri həqiqətdir. Doğrudan, ölkədə yaxşı futbolçu barmaqla sayılası qədərdir. Seçim məhdud olmaqla yanaşı, onlar daha çox klubda oynamaqla pul qazanmaq barədə düşünürlər. Üstəlik, Azərbaycan futbolunda son 10 ildə heç bir xüsusi istedadlı futbolçu yetişməyib. Bəyəndiyimiz Vaqif Cavadov, Kamran Ağayev, Rauf Əliyevin oyunu hamıya məlumdur. Yalnız kapitan Rəşad Sadıxovu istisna etmək olar. İki dəfə Türkiyədə legioner həyatı yaşayan müdafiəçi stabil oyunla azarkeşlərin rəğbətini qazanıb. Digərləri başa düşüb ki, millidə və ya oynadığı klubunda daimi deyil. Çünki, o daimi olaraq səviyyəli oyun nümayiş etdirmir. Futbolçularımızın tez bir zamanda "ulduz xəstəliyi"nə tutulması, yalnız pul barədə düşünməsi sirr deyil. Deməli, Foqts getsə də problemləri özümüz həll etməliyik. Biz Azərbaycan millisinin real gücünü unutmamalıyıq. Bu heyət və oyunla qrupda 3-cü yer tutmaq sadəcə mümkün deyil. 4-cü yerə oynamaq özü böyük cəsarətdir. Azarkeşlər və medianın da tələb etdiyi o idi ki, əgər futbolçularımızın potensialı imkan vermirsə, niyə bahalı məşqçiyə etibar edək. Qoy, elə öz məşqçilərimiz işləsin. 

Avro-2016-nın seçmə mərhələsində digər görüşümüz noyabrın 16-da doğma meydanda Norveçlə olacaq. Özünə və səviyyəsinə güvənən əcnəbi məşqçi qısa bir zamanda bizim komandada işləməyə razılıq verməyəcək. Belə də Norveçlə oyuna komandanı Foqtsun köməkçisi olmuş Mahmud Qurbanov hazırlayacaq. 

 

Mümkün namizədlər

İşin digər tərəfi hazırkı durumda Azərbaycan millisinə kimin təyin olunacağından gedir. Hazırda Azərbaycan futbolunda ən populyar sima "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur. Azarkeşlər və media onun milliyə təyinatını arzulayırlar. Amma Qurbanovun 5 ilə formalaşdırdığı "Qarabağ"da işləri başa çatmayıb. O, sevildiyi komandanı tərk edə bilməz. İki yerdə işləmək həm böyük risk, həm də məsuliyyətdir. Digər namizədlər veteran futbolçu Nazim Süleymanov, "Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev, "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzedir.

Qurban Qurbanov adının milliylə yanaşı, çəkilməsinə belə münasibət bildirib: "AFFA tərəfindən rəsmi təklif olmayıb. Olsa düşünmək olar. Əlbəttə, adımın yığmayla birgə çəkilməsi sevindiricidir. Amma indi məni "Qarabağ" düşündürür. Fikrimi başqa mövzulara yönəltsəm, işimdə nöqsanlar yaranar."

Bir vaxtlar Berti Foqtsun köməkçisi işləyən Azərbaycan futbolunun ən uğurlu legioner həyatı yaşayan nümayəndəsi Nazim Süleymanov millidə işləməyə hazır olduğunu deyib: "Rəsmi təklif yoxdursa danışmaq düzgün deyil. Öz məşqçimizin işləməsini istərdim. Mənə təklif olsa qəbul edərəm. Azərbaycan millisində işləmək şərəfdir."

"Neftçi"dən ayrılan Böyükağa Hacıyevin reaksiyası belə olub: "Foqts çoxdan getməliydi. İndiki halda millinin bütün heyəti dəyişməlidi. İslahatlara ehtiyac var. Təklif olsa düşünmək olar. Şərtlərimi söyləyərəm. Millidə işləmək hər bir məşqçinin arzusudur."

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze isə Azərbaycan yığmasında işləmək barədə düşünmədiyini deyib: "Azərbaycan millisini çalışdırmaq istənilən məşqçi üçün böyük şərəfdir. Amma mən Azərbaycan millisindən təklif almamışam. Hazırda bütün fikrim "İnter"in oyunlarına yönəlib."

AFFA tərəfindən müzakirə edilən siyahıda əcnəbi məşqçilərin də adı var. Yığmanın yeni baş məşqçisinin adının yaxın aylarda açıqlanacağı gözlənilir. Norveçlə oyunda stadionda anşlaq olması çox vacibdir. Qoy, millinin hər bir üzvü Azərbaycan yığmasını necə sevdiyimizi görsün.



MƏSLƏHƏT GÖR:

576