10 May 2024

Cümə, 10:41

SINAQ ANI

Aİ-nin yeni rəhbərlərini çətin anlar gözləyir

Müəllif:

21.10.2014

Avropa İttifaqı (Aİ) və brüsselli məmurlar bu il ağır sınaq qarşısında qalıblar. Ukraynadakı hadisələrə cavab olaraq Aİ Vaşinqtonun Rusiyaya qarşı başladığı sanksiya müharibəsinə qoşulub. Bir sıra Avropa ölkələrinin etirazlarına baxmayaraq, yekunda hərbi-siyasi həmrəylik həlledici rol oynayıb. Amma sonradan məlum olub ki, Brüsselin addımları yalnız potensial Rusiya təhlükəsi qarşısında Avropa həmrəyliyindən irəli gəlmirmiş. ABŞ-ın vitse-prezidenti Co Bayden Harvard Universitetinin dövlət idarəçiliyi məktəbindəki çıxışında Aİ-nin Rusiyaya qarşı sanksiya müharibəsinə necə cəlb olunduğunu açıq şəkildə ortaya qoyub. "Vaşinqtonda belə qərara gəldilər ki, Rusiyanın Ukraynadakı hadisələrə müdaxiləsi cavabsız qalmamalıdır. Amma digər Qərb dövlətlərinin sanksiyalarda iştirakı olmadan bu, mümkün deyildi. Bunun üçün ABŞ prezidenti hətta bəzən... iqtisadi zərbəni öz üzərinə götürməsi və Rusiyanı cəzalandırması üçün Avropanı seçim qarşısında qoymaq məcburiyyətində qalırdı", - deyə vitse-prezident "sandığı açıb". 

Beləliklə, Ağ Ev C. Baydenin dili ilə faktiki olaraq Avropa İttifaqını çox çətin vəziyyətə salıb. Çünki çoxlarının gözündə ABŞ-ın əlavəsi kimi görünən Aİ üçün özünü beynəlxalq hüququn müstəqil subyekti kimi qəbul etdirmək onsuz da asan deyildi. Odur ki, hətta aparıcı Avropa ölkələrinin liderləri belə ABŞ-ın vitse-prezidentinin sözlərinə reaksiya verməyərək, bu missiyanı Aİ məmurlarının boynuna qoyub. Amma onlardan da cəmi iki nəfəri Baydenin çıxışına cavab verməyi lazım bilib. Aİ-nin diplomatik xidmətinin təmsilçisi Maya Kosyançiç bildirib ki, Avropa İttifaqı qərarını müstəqil şəkildə və yekdilliklə qəbul edib. K.Eştonun bu vəzifədəki varisi, İtaliyanın keçmiş xarici işlər naziri Federika Moqerini də analoji mövqedən çıxış edib: "Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasəti ABŞ-ın təzyiqinə deyil, Avropanın vahid mövqeyinə əsaslanır". 

Yeri gəlmişkən, sentyabrın əvvəlində yeni seçilmiş Avropa Parlamentinin (AP) iclasında çıxış edən F.Moqerini Moksvanı öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlikdə ittiham edərək, yaxın 5 il ərzində Aİ-Rusiya münasibətlərinə yenidən baxılması təklifini irəli sürüb. Eyni zamanda o vurğulayıb ki, Rusiya artıq Avropa üçün strateji tərəfdaş olmasa da, hər halda, Köhnə Qitədə strateji əhəmiyyət daşıyan ölkə olaraq qalır. 

Beləliklə, F.Moqerini faktiki olaraq, Aİ-nin diplomatik korpusuna rəhbərlik edəcəyi müddət ərzində Brüsselin Moskvaya qarşı yeni xarici siyasi kursunu elan edib. Maraqlıdır ki, Aİ-nin fəaliyyətdə olan sədri Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, həmçinin onların xələfləri Donald Tusk və Jan-Klod Yunker də C.Baydenin qalmaqallı bəyanatına reaksiya verməyiblər. Görəsən, bu, onların bu bəyanatla razı olması anlamına gəlmir ki? Xüsusilə də nəzərə alsaq ki, bu şəxslər daim amerikapərəst mövqeləri ilə fərqləniblər. Məsələn, Avrokomissiyanın yeni sədri, Lüksemburqun keçmiş baş naziri J.K.Yunker Avrointeqrasiyanın qatı tərəfdarı olmaqla yanaşı, həm də Trans-Atlantik ittifaqa dair Müqavilənin (ABŞ-Aİ azad ticarət zonası haqda razılaşma) tərəfdarı kimi çıxış edir. Bəzi analitiklər hesab edirlər ki, avropalı qırğı və Avropadaxili birliyə qarşı çıxış edən millətçi liderlər və elitaların xüsusi sərtliklə susdurulmasının tərəfdarı sayılan Yunker bu Müqaviləyə xüsusi sevgisilə seçilir. Ola bilsin ki, Avrokomissiyanın sədri avrokomissarların seçilməsi zamanı öz əqidədaşlarının qələbəsi üşün bütün nüfuz və gücünü işə salıb. Onun planlarını yalnız AP-yə son seçkilərdə mövqelərini xeyli gücləndirmiş sağ və sol təmayüllü radikallar poza bilərlər. J.K.Yunkerin təmsil etdiyi sağ-mərkəzçilər çoxluqda olsalar da, AP-dəki Avropa razılaşmalarına yenidən baxılmasını tələb edən avroskeptiklərin neytrallaşdırılması onlara asan başa gəlməyəcək. 

Qeyd edək ki, Aİ-nin yeni qanunverici orqanları avrokomissarların seçkilərində artıq bir sıra sürprizlər etməyi bacarıb. Məsələn, AP-nin mədəniyyət Komitəsi mədəniyyət məsələləri üzrə komissar vəzifəsinə Macarıstan təmsilçisi Tibor Navraçiçin seçilməsinə qarşı çıxıb. Bundan başqa, daha bir neçə namizədlərə yanaşmada avroparlamentarilər eyni skeptizm nümayiş etdiriblər. Məsələn, maliyyə məsələlərinə pedantlıqla yanaşan almanlar Pyer Moskovitsin iqtisadiyyat üzrə avrokomissar vəzifəsinə seçilməsinə şübhə ilə yanaşdıqlarını gizlətməyiblər. Çünki onlar bu namizədin Fransanın maliyyə naziri olduğu zaman ölkəsinin büdcə kəsirinin qarşısını almaqda aciz olduğunu yaxşı xatırlayırlar. Maliyyə komissiyasının üzvü, britaniyalı Conatan Hilli isə onun Londonun bank sektorunda lobbiçilik fəaliyyətinə dair çoxsaylı xoşagəlməz suallar gözləyir. ABŞ-la Aİ arasında Trans-Atlantik İttifaqa dair danışıqların aktiv iştirakşısı olmuş daxili işlər üzrə komissar Sesiliya Malstremin amerikalıların təşəbbüslərinə həddindən artıq loyal yanaşdığından şübhələnənlər çoxdur.

Hətta F.Moqerininin namizədliyi də asan keçməyib - əvvəlcə çoxları onun xarici işlərdə təcrübəsinin azlığını qabardırdılar. Amma onun Moskvanın ünvanına tənqidi ritorikaya üstünlük verməsi avroparlamentarilərin simpatiyasını qazanmasına kömək edib. 

Avropa Komissiyasının rəhbəri tərəfindən energetika üzrə komissar vəzifəsinə namizəd göstərilən ispaniyalı aristokrat və siyasətçi Migel Arias Kanyete də avroparlamentarilərin dəstəyini qazana bilib. 

Beləliklə, ümumiləşdirsək, belə demək olar ki, Fransa iqtisadiyyatı, Böyük Britaniya maliyyə sektorunu, İtaliya - xarici siyasəti "ələ keçir"ə bilib, Almaniya isə rəqəm iqtisadiyyatına nüfuz əldə edib. Bununla belə, Avrokomissiyanın yeni sədri və onun komandası qarşısında gündəlikdəki problemlərlə yanaşı, həm də inteqrasiya proseslərinin gücləndirilməsi kimi çətin vəzifə durur. Çünki ayrı-ayrı Avropa ölkələrindəki millətçi dairələr bu prosesə kifayət qədər tənqidi yanaşırlar. Üstəlik, daim Brüsselin səlahiyyətlərinin məhdudlaşdırılması tələbini irəli sürən Böyük Britaniyanın baş naziri Devid Kemeron da vaxtaşırı ölkəsinin Aİ-dən çıxmasına dair referendum ideyasını səsləndirməkdə davam edir. 

Yaxın perspektivdə energetika üzrə avrokomissar M.A.Kanyeteni də çətin sınaqlar gözləyir - o mütləq Rusiya ilə Ukrayna arasındakı qaz mübahisəsini yoluna qoymalıdır. Əks təqdirdə, artıq bu qış Avropa "mavi yanacaq"la bağlı ciddi problemlərlə üz-üzə qala bilər. Əvvəllər bu postu tutan Günter Ettinger vəzifəsinin öhdəsindən kifayət qədər uğurla gəlsə də, hər halda, bu problem indi Kanyetaya miras qalıb. 

Bütün bunlarla yanaşı, Avropa Qonşuluq Siyasəti (AQS) və genişlənməyə dair danışıqlar üzrə keçmiş komissar Ştefan Fülenin fəaliyyətini müsbət qiymətləndirmək olmur. Onun rəhbərliyi dövründə bu komissiyanın faydalı iş əmsalı çox cüzi olub. Ukrayna böhranı, bu ölkə ilə assosiasiya razılaşmasının azad ticarət zonası hissəsinin qəbulunun hələ də ləngiməsi və faktiki olaraq, "Şərq tərəfdaşlığı" proqramının dayandırılması da bunun bariz nümunəsidir. Yəqin, məhz, buna görə yeni avrokomissar Yohannes Han dərhal bəyan edib ki, AQŞ böhranlara daha tez və çevik reaksiya verməlidir. Aİ-yə qonşu olan ölkələr arasındakı fərqlər isə yaranmış vəziyyətdən asılı olaraq, hər ölkəyə fərqli yanaşma tələb edir. O, Moldova və Gürcüstana lazımi dəstək verməyi, bu ölkələrdə siyasi-iqtisadi islahatların davam etdiriləcəyini, Aİ ilə sıx əlaqələrin formalaşması üçün onların hər birinə yanaşmada ayrı-ayrı proqramların hazırlanacağına söz verib. 

Fərqli yanaşma haqda danışan Y.Han, əslində, bununla Amerika kəşf etmir. İndiyədək biz dəfələrlə Brüsselin bu cür yanaşmasının şahidi olmuşuq. Amma mənfi mənada. Xüsusilə bu, beynəlxalq hüquq normaları və ayrı-ayrı dövlətlərin ərazi bütövlüyünə yanaşmasında hiss olunub. Üstəlik, Y.Hanın yuxarıda adıçəkilən ölkələrə verdiyi dəstək vədinə də inanmaq çətindir. Axı, cəmi bir neçə həftə əvvəl Avropa Parlamentində ticarət komissiyasında azlıq formalaşdırmış və Fransa Milli Cəbhəsinin lideri Marin Le Penin rəhbərlik etdiyi qrup Aİ ilə Ukrayna arasındakı ticarətdə imtiyazları nəzərdə tutan rejimin müddətinin uzadılmasına imkan verməyib. Bütün bunlar ondan xəbər verir ki, Brüsseldəki yeni məmur heyəti həm Aİ daxilində həmrəylik və birlik üçün real təhlükə doğuran, həm də İttifaqı beynəlxalq arenada müstəqil və obyektiv siyasi subyekt kimi nüfuzdan salan bir çox problemlərlə üz-üzə qalacaqlar.



MƏSLƏHƏT GÖR:

485