19 Aprel 2024

Cümə, 04:34

TÖRƏMƏ-DÖVLƏT

Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistana nə verəcək?

Müəllif:

21.10.2014

Formal olaraq, ötən il sentyabrın 3-də - Ermənistan prezidenti Serj Sarqsyanın ölkəsinin Gömrük İttifaqına qoşulmaq niyyətini açıqladığı gün başlamış proses bu il oktyabrın 10-da Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına dair Müqaviləni imzalaması ilə başa çatdı. Bu hadisəni İrəvanın "komplementar siyasəti"nin sonu kimi də qiymətləndirmək olar, çünki bundan sonra artıq Ermənistan üçün müxtəlif beynəlxalq mərkəzlər arasında manevr etmək çox çətin olacaq. 

Bəs, Ermənistanın Aİİ-yə qoşulması rəsmi İrəvan üçün nələr vəd edir? Bu məsələni bir neçə müstəvidə şərh etmək olar. 

Rusiya üçün Ermənistanın Aİİ-yə qoşulması, ilk növbədə, Moskvanın Cənubi Qafqazda hərbi-siyasi iştirakının bir qədər də genişlənməsi deməkdir. Qərbin getdikcə İrana qarşı aqressiv ritorikasını dəyişdiyi və Rusiyanın enerji rıçaqlarını zəiflətmək üçün Tehranı öz tərəfinə çəkməyə çalışdığı, üstəlik, İraq və Suriyada "İslam dövləti" təhlükəsinin artdığı müasir geosiyasi vəziyyətdə Ermənistanın timsalında hərbi plasdarm Rusiya üçün daha aktual görünür. Əslində, Moskvanın "Ukrayna cəbhəsi"ndəki uğursuzluğu fonunda Ermənistanın Aİİ-yə üzvlüyü Rusiya üçün təsəlliverici prizə bənzəyir. Başqa sözlə, desək, Ermənistanın Aİİ-yə üzvlüyü bu təşkilatın Rusiyanın bəzi imic problemlərini həll etməsinə müəyyən köməklik göstərə bilər. Erməni politoloqu Armen Qriqoryanın fikrincə, "Aİİ-də Ermənistan uzaqbaşı Rusiyanın törəməsi statusunu alacaq". "Aravot" qəzetinə müsahibəsində A.Qriqoryan qeyd edib ki, Qazaxıstan və Belarusun Ermənistanın Aİİ-yə üzvlüyündən narazılığının səbəblərindən biri odur ki, bununla, Rusiya Astana və Minskin əleyhinə çıxdıqları məsələlərdə özü üçün əlavə səs hüququ qazanır və bu sonda yeni ittifaq daxilində balansın pozulmasına gətirib çıxara bilər.

Əgər Ermənistanın Aİİ-yə üzvlüyü siyasi baxımdan Rusiyaya müəyyən dividendlər gətirəcəksə, iqtisadi baxımdan vəziyyət tamamilə fərqlidir. Siyasi törəmə statuslu Ermənistan iqtisadi baxımdan Rusiya üçün əlavə yükə çevriləcək. İqtisadiyyatı get-gedə çökən Ermənistan təkcə Rusiyanın deyil, Qazaxıstanla Belarusun da "boynunda oturacaq" və bu məqam, təbii ki, Astana ilə Minski sevindirə bilməz. Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına olduqca mənfi təsir göstərir. Odur ki, Moskvanın Ermənistan iqtisadiyyatını xilas edəcəyinə inanmaq sadəlövhlük olardı. Ermənistana kapital qoyuluşu "perspektivləri"nə gəlincə, "Nairit" şirkəti ətrafındakı vəziyyətə nəzər yetirmək kifayətdir - Ermənistanın ən böyük kimya zavodu olan "Nairit" artıq 4 ildir istehsalatı dayandırıb. Rusiya prezidentinin Ermənistana ötənilki səfərindən sonra bu zavodun Rusiya tərəfindən satın alınması və "Rosneft"in oraya sərmayə yatırmasına dair razılıq əldə olunmuşdu. Amma bu yaxınlarda məlum olub ki, "Rosneft" faktiki olaraq bu razılaşmadan imtina edib və bunu zavodun düşdüyü vəziyyətə həsr olunmuş iclasda Ermənistanın energetika naziri Ervand Zaxaryan da etiraf edib. Nazirin sözlərindən belə çıxır ki, Rusiya tərəfi nazirliyin sorğularına açıq-aşkar məhəl qoymur.

Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki Qərb sanksiyaları "sayəsində" Rusiyanın nəhəng şirkətləri çətin vəziyyətə düşüblər. Digər tərəfdənsə, Ermənistan iqtisadiyyatının az-çox gəlirli sahələri onsuz da de-fakto Rusiya şirkətlərinin nəzarətindədir. Yəni nəyi almaq mümkündürsə, Rusiya onsuz da çoxdan alıb. 

Amma bütün bu faktlar Ermənistan prezidenti Serj Sarqsyana "Aİİ-yə qoşulmaq qərarını ölkəsinin Ermənistan iqtisadiyyatının inkişafı üçün əlavə impuls kimi qəbul etdiyini" söyləməyə mane olmur. Yəni Sarqsyana inansaq, belə çıxır ki, Aİİ erməni iqtisadiyyatı üçün, bir növ, "xilas kəməri"dir. Lakin bu, həqiqət olsa belə, bu üzvlük Ermənistanın iqtisadiyyatı üçün yox, erməni elitası, oliqarx və yarımkriminal ölkə rəhbərliyi üçün "xilas kəməri" sayıla bilər. Ermənistanın bütün siyasi rəhbərliyi bir-birilə sıx şəkildə bağlıdır. Və əlbəttə ki, məhz Aİİ-yə üzvlük sayəsində Ermənistanın siyasi elitası öz hakimiyyətini qoruyub saxlamağı düşünür. Daha incə oyun quran və hiyləgər oliqarxlara üstünlük verən Avropa "Qarabağ klanından olan ağalar"ı o qədər də cəlb etmir. Aİİ-nin tərkibindıə isə oliqarxiya özünü çox komfortlu hiss edir.

Qanunun aliliyi olan ölkədə kriminal aləmdə "Tülkü" ləqəbi ilə tanınan Suren Xaçatryanı yenidən Sünik vilayətinə qubernator təyin etmək mümkün olmazdı. İndiyədək 5 dəfə həbsdə olmuş "Tülkü" ölkədə məhz kriminal keçmişilə tanınır, Sünikin (Zəngəzur) qubernatoru olduğu dövrdə isə o, narkotrafikə kuratorluq edirdi - erməni KİV-nin yazdığına görə, bu trafikə prezident Serj Sarqsyandan tutmuş qondarma "DQR"in "prezidenti" Bako Saakyana qədər bütün məmurlar cəlb olunublar. Yeri gəlmişkən, 2013-cü il iyunun 2-də məhz Xaçatryanın evində Qoris şəhərinin meri vəzifəsinə keçmiş namizəd Avetik Budaqyan qətlə yetirilib, onun qardaşı, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin komandiri Artak Budaqyan isə yaralanıb. Və deyilənə görə, bu cinayət hadisəsinin şahidlərindən biri də məhz B.Saakyan olub. Münaqişəyə səbəb işğal altındakı Azərbaycan ərazilərində becərilən narkotiklərdən gələn gəlirin bölüşdürülməsi zamanı yaranan narazılıqlar olub. Bu hadisədən sonra "Tülkü" bəyan etdi ki, istintaq başa çatana qədər müvəqqəti olaraq qubernator səlahiyyətlərini dondurur, halbuki qanunvericilik bunu tələb etmir. Ötən il iyunun 6-da hökumət Suren Xaçatryanın öz xahişilə istefasını qəbul edib. Təbii ki, bu cinayətə görə heç kəs cəzalandırılmayıb. Amma ən dəhşətlisi odur ki, bu yaxınlarda Ermənistan prezidentinin sərəncamı ilə "Tülkü" yenidən Sünik qubernatoru təyin olunub. Erməni oliqarxiyasının daha bir tanınmış siması olan baş nazir Ovik Abramyan etiraf edib ki, bu təyinatda onun da iştirakı olub. Razılaşın ki, bu fakt Ermənistandakı oliqarx özbaşınalığının miqyasını göstərir. Odur ki, bu cür elitanın Aİİ-nin dəstəyinə ümid etməsi təəccüblü deyil. 

Lakin qeyd etmək lazımdır ki, Ermənistanda oliqarxiya yalnız hakimiyyətdə deyil, müxalifətdə də (təbii ki, özünü iqtidarın opponenti adlandıran bu qüvvələri müxalifət adlandırmaq mümkündürsə) təmsil olunur. Məsələn, Ermənistanın ən güclü siyasi partiyalarından olan "Çiçəklənən Ermənistan"ın lideri Qaqik Tsarukyandır. Oliqarx və idmançı olan bu şəxs həm də Ermənistanın ikinci prezidenti Robert Koçaryanın silahdaşı sayılan baş nazir Ovik Abramyanın bacanağıdır. 

Bu yaxınlarda Rusiya mətbuatına müsahibəsində Tsarukyan bəyan edib ki, son günlər ölkədə keçirilən antiiqtidar mitinqlərini digər ölkələrdə təşkil olunan və antirusiya ritorikası ilə seçilən "maydan"larla müqayisə etmək düzgün deyil. O, özünün Rusiya ilə yaxınlaşmaq siyasətinin tərəfdarı olduğunu deyərək vurğulayıb ki, indiyədək Rusiya əleyhinə bir söz belə işlətməyib. Onun sözlərnə görə, etiraz aksiyaları Ermənistan iqtidarının daxili siyasətindən narazılığının göstəricisidir. Yəni oktyabrın 10-da - Ermənistanın Aİİ-nə üzvlüyü haqda sənədin imzalandığı gün - keçirilmiş mitinqlər, əslində, daxili səbəblərdən doğur. 

Maraqlıdır ki, Ermənistanın birinci prezidenti, müxalifətçi Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan da bu fikri təsdiqləyərək deyir ki, hazırkı müxalifət üçün geosiyasi istiqamət əsas məsələ deyil. Ölkənin siyasi gündəliyində belə bir məsələ yoxdur və Ermənistan, onsuz da, gec-tez Aİİ-yə qoşulacaqdı. Müxalifət liderləri bildirirlər ki, mitinqlərin məqsədi ölkənin xarici siyasəti haqda danışmaq yox, "hazırkı hakimiyyəti qovmaqdır". Başqa sözlə desək, müxalifət özünün gələcək fəaliyyətini təmin etmək üçün Rusiyaya sədaqət andı içir. Müşahidəçilərin fikrincə, daşnaqlardan və qərbyönümlü "İrs" Partiyasından fərqli olaraq, Ermənistan müxalifətinin özəyini təşkil edən "Çiçəklənən Ermənistan" Partiyası və Erməni Milli Konqresi əsl müxalifət kateqoriyasına uyğun gəlmir. Keçirilən etiraz aksiyaları isə ilk növbədə, Ermənistan rəhbərliyinin maraqlarına uyğundur - bununla onlar Kremlə nümayiş etdirirlər ki, Moskva ilə yaxınlaşmaq naminə hansı "qurbanlara" getmək məcburiyyətində qalırlar. Bu versiya kifayət qədər ağlabatandır. Çünki indiki şəraitdə baş nazirin bacanağı və oliqarx ola-ola real müxalifət liderinə çevrilmək mümkün deyil, ən azı kapitalı itirmək riski mütləq nəzərə alınmalıdır. 

Siyasi texnoloq Armen Badalyan "168 Jm" qəzetinə müsahibəsində iddia edir ki, Ermənistanda prezident seçilmir, sadəcə, Kreml tərəfindən təyin olunur. "Ermənistanda hakimiyyət dəyişikliyi üçün 3 şey tələb olunur: Rusiyanın və ya Qərbin dəstəyi, maliyyə və passionar cəmiyyət. Bizim müxalifətdəki siyasi qüvvələr Moskvanın dəstəyini almırlar. Tutaq ki, "Çiçəklənən Ermənistan" maliyyə məsələsini birtəhər həll etdi, axı, bizdə passionar cəmiyyət yoxdur. Ermənistan əhalisinin 95 faizi biokütləyə çevrilib və ən yaxşı halda, pul müqabilində səsini satacaq", - deyə Badalyan bildirib.

Elə isə Ermənistanın Aİİ-yə üzvlüyündən Badalyanın "biokütlə" adlandırdığı erməni xalqı nə əldə edəcək? Gömrük İttifaqından fərqli olaraq, Aİİ-də miqrasiya hüququ və üzv-ölkələrin vətəndaşlarının hərəkət hüququ nəzərə alınır. Son dövr ərzində Rusiya və Ermənistan hökumətləri 2 sənəd imzalayıblar. Birinci sənədə görə, Ermənistan vətəndaşları bundan sonra RF ərazisində qeyri-məhdud şəkildə yaşamaq və işləmək hüququ qazanırlar, ikinci sənədə əsasən isə, Rusiyanın Federal Miqrasiya Xidməti indiyədək ölkəyə girişi qadağan olunan Ermənistan vətəndaşlarına (onların sayı isə 70 mindən artıqdır) tətbiq olunmuş qadağanın aradan qaldırılması üçün xüsusi komissiya yaradacaq.

Beləliklə, erməni xalqının ölkənin Aİİ-dəki üzvlüyündən yeganə qazancı sadələşdirilmiş mühacirət imkanı olacaq. Belə çıxır ki, Ermənistanın biokütləyə çevrilmək istəməyən əhalinin mühacirətə üz tutduğu törəmə-dövlətə çevrilməsi prosesi yalnız sürətlənəcək.



MƏSLƏHƏT GÖR:

550