17 May 2024

Cümə, 13:20

TESTDƏN KƏSİLMƏYƏK

Azərbaycanda İİV/QİÇS testində 15 min nəfər müayinədən keçəcək

Müəllif:

28.10.2014

Beynəlxalq təşkilatlar təşviş içindədirlər - hər il Avropada Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yeni yoluxan 100 min şəxs aşkar edilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hazırda ümumilikdə, Avropa bölgəsində QİÇS infeksiyalı 2,3 milyon insan yaşayır. Özü də, infeksiya səviyyəsinin azalacağına dair proqnozlara rəğmən, regionda bu infeksiyaya yoluxanların sayı ildən-ilə artmaqdadır. 

Təxmini hesablamalara görə, insanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş hər üç avropalıdan biri bu virusun daşıyıcısı olduğunu ağlına belə gətirmirmiş. Bu virus uzun illər boyu özünü göstərməyə bilər, buna görə də yoluxmuş insanların çoxu diaqnoz haqda çox gec xəbər tutur. Halbuki gec diaqnostika bu xəstəlikdən ölüm hallarını artırır. Mütəxəssislər hesab edir ki, İİV-in ilkin diaqnostikası üçün ən yaxşı metod ekspress-testdir. Bu metodla 15-20 dəqiqə ərzində insanın İİV-infeksiya daşıyıcısı olub-olmadığını müəyyənləşdirmək mümkündür. 

Testə daha çox insanı cəlb etmək məqsədilə Avropa təşkilatları qitə sakinlərini il ərzində bir həftə kütləvi testin keçirilməsi üçün səyləri birləşdirməyə çağırırlar. Bu il "Avropa test həftəsi" noyabrın 21-dən 28-dək keçiriləcək. Bu təşəbbüsün məqsədi İİV-dən qorunmaq üçün sadə, asan və effektli diaqnostika metodu olan testin təbliği, bu virusun gec aşkarlanmasının qarşının alınması, insanlar arasında İİV-ə yoluxma yolları və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılması, həmçinin bu virusla yaşayan insanların diskriminasiyasına yol verilməməsidir. 

Bütün Avropa zonasını əhatə edən bu təşəbbüsə Azərbaycan da qoşulub. İlk dəfə İİV-test həftəsi 16 təşkilatın qərarı ilə 2013-cü ildə keçirilib. O zaman bu aksiyada 500-dən artıq dövlət, qeyri-hökumət və ictimai təşkilat, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi də iştirak edib. 

"Avropa həftəsi" çərçivəsində Mərkəz müxtəlif dövlət strukturları, regional hakimiyyət orqanları, özəl və qeyri-hökumət sektorlarının da cəlb olunduğu genişmiqyaslı proqram reallaşdırıb. QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanın "R+"a bildirdiyinə görə, əsas problem odur ki, insanların əksəriyyəti İİV daşıyıcıları olduğunu bilmir. Onlar bu xəstəlikdən bixəbər olaraq 10-12 il simptomsuz şəkildə yaşayırlar və təbii ki, bu da ətrafdakılar üçün təhlükə mənbəyidir. İİV/QİÇS-lə mübarizədə əsas məqsəd yeni yoluxma hallarının aşkarlanmasıdır. Və ilkin diaqnostika bu xəstəliyin yayılmasının qarşısını alır. Hər bir insan özünün İİV-statusunu bilməlidir. 

E.Alməmmədovanın dediyinə görə, "Avropa həftəsi" çərçivəsində aksiya geniş əhali təbəqəsinin, o cümlədən yoluxma riski yüksək olan təbəqənin müayinəyə cəlb olunmasına, dövlət və ictimai təşkilatların bu epidemiyaya qarşı mübarizədə səylərini birləşdirməsinə, test təcrübəsinin digər ölkələrlə bölüşdürülməsinə, əhali arasında məlumatlılığın artırılmasına və s. imkan yaradır. O, qeyd edib ki, Azərbaycanda dövlət pulsuz və anonim diaqnostikanı, həmçinin İİV daşıyıcılarının pulsuz müalicəsini və onlara dəstəyi təmin edir. 

Aksiya çərçivəsində ölkənin 15 ali məktəbində müvəqqəti könüllü müayinə və konsultasiya məntəqələrinin açılması nəzərdə tutulub. Bu məntəqələr mühacirlərin çoxluq təşkil etdiyi ərazilərdə, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və digər şəhərlərdəki böyük ticarət mərkəzlərində fəaliyyət göstərəcək. Bundan başqa, sərnişin nəqliyyatında xüsusi roliklərin nümayişi, QİÇS-lə Mübarizə Mərkəzi mütəxəssislərinin ali məktəblərdə, regional telekanallarda çıxışları, broşür, bukletlərin yayılması da nəzərdə tutulub. 

Ümumilikdə götürsək, Azərbaycanda İİV-ə yoluxanların sayı ilə bağlı rəsmi statistika o qədər də təşviş yaradacaq səviyyədə deyil. İİV-ə yoluxmağın əsas yolları inyeksiyalı narkotiklər (yoluxma hallarının 60 faizdən çoxu) və qorunmasız seksdir (30 faiz). Yerdə qalan hallar epidemioloji təhlükə mənbəyi deyil.

QİÇS-lə Mübarizə Mərkəzindən "R+"a verilən məlumata görə, 1987-ci ildən 2014-cü ilin mayına qədər Azərbaycanda İİV-infeksiyalı 4604 nəfər qeydə alınıb. Onlardan 4445 nəfəri Azərbaycan vətəndaşı, 159 nəfəri əcnəbidir. Virus daşıyıcılarının 3547 nəfəri kişi, 1057-i qadındır. 1402 nəfərdə virus QİÇS-ə keçib (onlardan 1380 nəfəri ölkə vətəndaşıdır). Xəstələrdən 625 nəfəri vəfat edib və onlardan 616 nəfəri Azərbaycan sakinidir. 

Ümumilikdə "Avropa həftəsi" ərzində Azərbaycanda 15 mindən artıq insanın testdən keçəcəyi gözlənilir. İİV-lə bağlı informasiya təbliğatı isə 2-3 milyon nəfəri əhatə edəcək. 


MƏSLƏHƏT GÖR:

558