6 May 2024

Bazar ertəsi, 03:52

"KÖHNƏ QİTƏ"nin DİQQƏT MƏRKƏZİNDƏ

Ştaynmayerin səfəri Almaniyanın Cənubi Qafqaza verdiyi önəmin bariz göstəricisidir

Müəllif:

28.10.2014

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Cənubi Qafqaz ölkələrinə rəsmi turnesi çərçivəsində Azərbaycana baş çəkib. Aİ-nin xarici siyasətində aparıcı fiqurlardan biri olan Ştaynmayer Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov ilə danışıqlar aparıb. Bu danışıqlarda Cənubi Qafqaz regionunun "Köhnə qitə"nin diqqət mərkəzində qaldığı aydın ifadə olunub.

Aparılan danışıqların yekununda keçirdiyi brifinqdə Almaniyanın xarici işlər naziri Azərbaycanla münasibətlərin vacibliyi haqda çox danışıb. Bakı ilə Berlin arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan qonaq Almaniyanın yeganə xarici ticarət palatasının məhz Azərbaycada olmasını bunun göstəricisi adlandırıb. Bundan başqa, Frank-Valter Ştaynmayer Berlinin dövlətlərlə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsinə, dərinləşdirilməsinə böyük önəm verdiyini, burada Azərbaycana xüsusi diqqət ayrıldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan strateji planda Şərqlə Qərb arasında vacib körpü rolu oynayır. Ştaynmayer Azərbaycanın enerji təhlükəsizliyinin təmini məsələsindəki rolunu xüsusi qeyd edib. Bu mənada o, Azərbaycanın təşəbbüsü olan "Cənub" qaz dəhlizi layihəsinin əhəmiyyətini də vurğulayıb.

"Cənub" qaz dəhlizi gələcəyə yönəlmiş iddialı layihədir. O, yalnız Azərbaycanla Almaniya arasında ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də Bakı ilə Avropa arasında əməkdaşlıq nöqteyi-nəzərindən yeni perspektivlər açır", - deyə Ştaynmayer qeyd edib.

Almaniyanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Bakıda apardığı danışıqlarda bu məsələnin müzakirə mövzularından biri olduğunu söyləyib. Ştaynmayerin sözlərinə görə, Berlin Avropa İttifaqının Qarabağ münaqişəsinin həllində rolunu artırmasını istəyir. "Biz istərdik ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupu ilə birlikdə münaqişənin həllində fəal rol oynasın", - deyə nazir qeyd edib.

Əksər müşahidəçilərin fikrincə, Almaniya XİN başçısının Cənubi Qafqaza səfəri Avropanın Dağlıq Qarabağ probleminə, həmçinin Avropanın Rusiya qazından asılılığa son qoyulmasına marağının göstəricisidir. Məsələn, "EU Business" nəşri diqqəti XİN başçısının Bakı səfərinin Qarabağla bağlı Parisdə keçiriləcək görüş ərəfəsinə, həmçinin Ştaynmayerin Berlində ABŞ-ın dövlət katibi Con Kerri ilə, əsasən, Ukrayna mövzusunda apardığı danışıqlardan sonraya təsadüf etməsinə çəkir. "Moskvanın bu qış Avropaya qaz nəqlini dayandırması ehtimalı ilə bağlı narahatlıqlar var. Və Ştaynmayerin səfərinə bu narahatlıqlar fonunda Rusiya ilə Ukrayna arasında qaz qiyməti ilə bağlı ağır mübahisənin həlli kontekstində baxıla bilər", - deyə nəşr qeyd edir.

"Almaniya xarici işlər nazirinin səfəri Almaniyanın Cənubi Qafqaz regionuna verdiyi önəmin bariz göstəricisidir. Ukraynadakı münaqişə fonunda Aİ, əslində, "dondurulmuş" olmayan Dağlıq Qarabağ münaqişəsinə daha böyük diqqət ayırmalıdır. Bütün yaşananlardan və Ermənistanla bağlı məyusluqlardan sonra, biz tərəfdaşımız olan Azərbaycanla əlaqələrimizi möhkəmləndirməliyik". 

Bu sözləri isə "R+" jurnalına məşhur alman jurnalist və publisist Rihard Kissler bildirib.

Xatırladaq ki, Almaniya Aİ-nin aparıcı dövlətlərindən biridir. Onu hətta birliyin lokomotivi, ideoloji mərkəzi də adlandırmaq olar. Bu mənada Almaniya hazırda istər ölkədaxili, istərsə də bütünlükdə Aİ ilə bağlı çoxlu sayda problemləri həll etməlidir. Üstəlik, Almaniya Aİ-yə qonşu bölgələrdə, o cümlədən, Ukraynadakı böhranın həllində yaxından iştirak edir. Amma gündəmin bu qədər sıx olduğu halda belə, Almaniyanın xarici işlər nazirinin Cənubi Qafqaza səfər etməsi təəccüblü sayılmamalıdır. Bundan başqa, "R+"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Ştaynmayerin səfəri Almaniya kansleri Angela Merkelinin səfərinə hazırlıq kimi qiymətləndirilə bilər.

Avropanın Azərbaycana bu marağı Bakı-Moskva münasibətlərində görünməmiş yüksəlişin yaşanması fonunda nümayiş etdirilir. Rusiya ilə Azərbaycan arasında son zamanlar ardarda görünməmiş sayda səfərlər baş verir və çoxları bunu, hətta iki ölkə münasibətlərində "bal ayı" adlandırır. Əlbəttə, Avropa bütün bunları diqqətdən qaçıra bilməz və hətta bu, "Köhnə QİTƏ"də müəyyən narahatlığa səbəb olur. Ukraynada yaşananlar Rusiyanın postsovet məkanandakı mövqelərini əldən vermək istəməməsinin ən dramatik nümunəsi sayıla bilər. Rusiyanın Cənubi Qafqazda, daha dəqiqi, Azərbaycanda mövqelərini gücləndirməsi isə Aİ-nin planlarına qətiyyən uyğun gəlmir. Çünki o özü bunu indiyədək tam aydın şəkildə göstərməsə də, bu regionu çoxdan "gözaltı" edib.

Rusiya ilə Aİ arasında Cənubi Qafqaz, daha geniş anlamda isə Xəzər regionunun zəngin enerji resursları uğrunda geosiyasi mübarizənin dəyəri böyükdür. Avropanın Rusiya qazından asılıl?ğını azaltması Aİ-nin prioritetləri arasındadır və bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Ştefan Fülenin xələfi Maroş Şefçoviç bir müddət əvvəl dilə gətirib. Onun sözlərinə görə, Avropa İttifaqı əsas diqqətini Rusiya qazından asılılığın azaldılmasına, həmçinin Azərbaycan, Türkmənistan və digər ölkələrin iştirakı ilə layihələrin dəstəklənməsinə yönəldəcək.

"Cənub axını" layihəsinin dəstəklənməsi bizim Rusiyadan asılılığımızı daha da artıracaq. Odur ki, bizi Xəzər dənizi ilə birləşdirəcək "Cənub" dəhlizi layihəsini dəstəkləyəcəyik", - deyə M.Şevçoviç qeyd edib.

Skeptiklərin iddia etdikləri kimi, Azərbaycan karbohidrogenləri Avropanın bütün tələbatının ödənilməsi üçün kifayət olmaya bilər. Bununla yanaşı, avropalılar Trans-Xəzər boru xətti layihəsinə ümidlərini davam etdirirlər. Çünki bu layihə onların üzünə Mərkəzi Asiyanın zəngin qaz yataqlarını da açacaq. Üstəlik, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Xəzəryanı dövlət başçılarının son sammitində bildirib ki, dənizin dibi ilə boru xəttinin çəkilişi yalnız həmin boru xəttini öz ərazisindən çəkəcək dövlətlərə aid məsələdir. Bundan başqa, o, bu yaxınlarda hökumətə bu layihənin reallaşdırılması istiqamətində işlərin sürətləndirilməsini tapşırıb. Perspektivdə avropalıların işi arzuladıqları ssenari üzrə inkişaf edərsə, onlar İranın zəngin enerji resurslarını əldə edə biləcəklər - Qərb artıq bu dövlətə qarşı sanksiyalardan imtina etməyə başlayıb.

Görünən odur ki, Ukrayna ətrafında yaşananlar Qərb dövlətlərini Azərbaycanla əməkdaşlığa daha ayıq başla yanaşmağa vadar edib. İndi Qərb Şərq qonşularına, xüsusilə onların böyük təbii resusrlara malik olanlarına daha böyük diqqət ayırmağa başlayıb. Bu gün Avropanın enerji resurslarının sabit tədarükünə ehtiyacı hər zamankından daha çoxdur. Bunun üçün bu resursların gəldiyi regionlarda sabitliyin olması çox vacibdir. Bu isə Aİ-ni Qarabağ probleminin həlli ilə daha ciddi şəkildə məşğul olmağa sövq edir. Halbuki, avropalılar indiyədək bu problemə uzaq, onlara aidiyyəti olmayan bir məsələ kimi yanaşırdılar. Avropada Azərbaycan üçün "1 nömrəli" probleminin həllinin, yəni ərazi bütövlüyünün bərpasının nə qədər əhəmiyyət daşıdığını anlayırlar. Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan dövlət başçıları ilə birlikdə üçtərəfli görüş keçirmək təşəbbüsü bununla bağlıdır. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü Rusiyanın himayəsi altında baş tutmuşdu.

Görünən odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha yaxşı imkanlara malikdir. Amma Avropanın başqa yolu yoxdur və o, Azərbaycanı öz tərəfinə çəkmək üçün, çətin ki, başqa arqumentlər tapsın. Bakı Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün beynəlxalq birliyin diqqətini bu məsələyə cəlb etməyə çalışır. Ştaynmayerin Aİ-nin Minsk qrupu ilə birlikdə prosesdə daha fəal iştirak etməli olduğuna dair bəyanatı Bakıınn mövqeyi ilə üst-üstə düşür. Üstəlik, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu günlərdə verdiyi açıqlamada Brüssellə ikitərəfli münasibətlərdə əsas maneə kimi qarşı tərəfin məhz Qarabağ münaqişəsi ilə bağlı mövqeyini göstərib. O, Aİ-nin bu məsələ ilə bağlı mövqeyini dəyişəcəyinə, Azərbaycana da Gürcüstan, Ukrayna və Moldovaya göstərdiyi münasibəti göstərəcəyinə ümidini ifadə edib. Odur ki, ən yaxın zamanlarda Avropanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində görünməmiş fəallıq nümayiş etdirməyə başlayacağı qaçılmazdır.



MƏSLƏHƏT GÖR:

661