18 May 2024

Şənbə, 12:55

"TƏRƏFLƏRİN RAZILIĞA GƏLMƏSİ ÇƏTİNDİR"

Rusiyalı politoloq, Siyasi Texnologiyalar Mərkəzi direktorunun müavini Aleksey MAKARKİN:"Münaqişənin daha da dərinləşdiyini göstərən əlamətlər var"

Müəllif:

11.11.2014

- Tanınmamış "DXR" və "LXR"də keçirilən parlament seçkilərinin nəticələri nə Ukrayna, nə də beynəlxalq birlik tərəfindən tanındı. Rusiya isə bu seçkiləri müsbət qiymətləndirdi...

- Rusiya rəhbərliyi Donetsk və Luqansk vilayətlərində keçirilmiş seçkiləri bu regionların əhalisinin azad iradə ifadəsi kimi qiymətləndirdi. Bu məsələdə Rusiyanın mövqeyi Ukrayna və Qərbin mövqeyindən kəskin şəkildə fərqlənir. Rusiyada ictimai rəy respublikaların tərəfindədir. Onlar DXR və LXR-i real seçiciləri və siyasi rəhbərliyi olan real respublikalar sayırlar. Rusiyada ictimai rəyi bu seçkidə kimin qalib gəldiyi, orada liderlərin nədən tez-tez dəyişdiyi o qədər də maraqlandırmır. Onlar, sadəcə bilirlər ki, Donbasda insanlar Rusiyanın maraqlarının müdafiəsinə qalxıblar, Krım əhalisi kimi, Rusiya ilə birlikdə yaşamaq istəyirlər.

"DXR" və "LXR"in yeni liderlərinə gəlincə, Zaxarçenko və Plotniski Rusiyanın bəyəndiyi və ondan asılı olan şəxslərdirlər, pis idarə olunan fanatik yox.

Seçkilər bu ərazilərə nəzarəti, onların idarə olunmasını daha da asanlaşdırıb. Rusiya rəsmi olaraq bu seçkiləri tanımayıb, lakin Donbas əhalisinin sərbəst şəkildə iradəsini ifadə etməsinə hörmətlə yanaşıb. Maraqlıdır ki, Rusiya vətəndaşları üıçün "tanımaq" və "hörmət" ifadələri eyni şeydir. Hökumətin "seçkilərin tanındığı"nı bəyan etməməsi Qərb auditoriyasına hesablanıb. Moskva bununla Ukrayna problemində kompromisə hazır olduğunu, lakin söhbətin müəyyən çərçivədə kompromislərdən getdiyini göstərir. 

- Rusiya hansı halda "DXR" və "LXR"in müstəqilliyini tanıya bilər?

- Nəzəri baxımdan bu, münaqişənin dərinləşəcəyi təqdirdə mümkündür. Amma məsələ hazırda Rusiya hökumətinin gündəliyində deyil. Məsələ ondadır ki, onların müstəqilliyinin tanınması Qərb tərəfindən yeni sanksiyaların tətbiqinə və digər problemlərə yol açacaq. Burada daha ağlabatanı Dnestryanı bölgə ssenarisidir. Yəni, Rusiya Dnestryanı bölgəni rəsmən Moldova ərazisi sayır, lakin ona faktiki olaraq bütün lazımi dəstəyi göstərir. Donbasda hadisələrin məhz bu istiqamətdə inkişaf etməsi ehtimalı daha çoxdur. Hələlik, Donbasın "dondurulmuş münaqişə"yə çevrilib-çevrilməyəcəyini söyləmək çətindir. Dnestryanı bölgədə atəş səsləri 20 il əvvəl eşidilibsə, Donetskdə, Luqanskda bu, hər gün baş verir. Hələlik, orada münaqişənin dondurulmasına çox var. 

- Bu seçkilər Ukraynanın digər regionlarının da Kiyevdən müstəqillik tələb etməsinə yol aça bilərmi?

- Müharibə olmadan bunu mümkün saymıram. Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, müxtəlif ssenarilər yaşana bilər. Hər halda, genişmiqyaslı hərbi əməliyyatların başlanma təhlükəsi var. Amma Ukraynanın digər regionlarında qiyamların baş qaldırma ehtimalı azdır. Çünki digər regionlarda rusiyapərəst əhalinin sayı çox azdır. Onların əksəriyyəti Rusiyaya köçüb, yaxud Donetsk və Luqansk ərazisində yaşayır. Digər regionlarda belə insanların əksəriyyəti təqib olunacağından ehtiyatlandığı üçün ortaya belə mövqe qoymayacaq. Ukrayna hökuməti Xarkov, Odessa və digər regionlarda vəziyyətə tam nəzarət edir.

- Ukrayna hökuməti qiyamçı regionların maliyyələşdirilməsini dayandırmaq fikrindədir...

- Maliyyələşdirmənin dayandırılması pensiyaların, sosial müavinətlərin və sairin verilməsinin dayandırılması deməkdir. Donetskdə və Luqanskda bu ödənişləri əvəz etmək üçün vəsait yoxdur. Müharibə üzündən bu regionların iqtisadiyyatında tənəzzül baş verib, kimdən vergi tutulması məsələsi ciddi problemə çevrilib. Orada mədənlər olsa da, əksər mədənlərin istismarı qeyri-leqal şəkildə aparılır. Bu regionları Rusiya da çətin ki, saxlaya bilsin. Yeri gəlmişkən, orada qalan əhalinin böyük bir hissəsi pensiyaçılardır. Əlbəttə ki, Ukrayna hökuməti orada narazılığın baş qaldıracağına, qiyamın yaşanacağına ümid edir. Amma bu, az ehtimal olunandır. Çünki narazılıq nə qədər dərin olsa da, heç kəs silahlılara qarşı getməyəcəklər.

Beləliklə, pat vəziyyəti yaranır. Onu yalnız ümumi kompromisin əldə olunacağı təqdirdə aradan qaldırmaq olar. Amma kompromiss mümkün görünmür. Əksinə, münaqişənin daha da dərinləşdiyini göstərən əlamətlər var. Məsələ ondadır ki, qiyamçılar, səhra komandirləri üçün Ukrayna hökumətinin tərkibinə hətta formal qayıdış belə, qəbulolunmazdır. Ukrayna bayrağı qaldıracaq və regionun Ukraynanın tərkibinə qayıtmasını istədiyini dilə gətirən şəxsi sadəcə güllələyəcəklər. Üstəlik Ukrayna da böyük və real kompromislərə getməyə hazır deyil. Kiyev yeni müharibəyə hazırlaşmaq üçün nəfəsini dərir. Odur ki, münaqişə tərəflərinin razılığa gəlməsi çox çətindir.


MƏSLƏHƏT GÖR:

538