20 May 2024

Bazar ertəsi, 06:34

MİLLİ MUSİQİ GÜNÜ

Bakıda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli adına iii Beynəlxalq Festival böyük uğurla baş tutdu

Müəllif:

01.10.2011

Sentyabrın 18-dən 30-na kimi Bakıda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş III beynəlxalq Üzeyir Hacıbəyli musiqi festival keçirilib. Festivalda Hollandiya, Avstriya, Cənubi Koreya, Almaniya, Rusiya, Macarıstan və başqa ölkələrdən gəlmiş musiqiçilər çıxış ediblər. 

Festivalın açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Yaradan Üzeyir Hacıbəylini əvəzsiz sərvət kimi Azərbaycan xalqına bəxş edib. Nazirin sözlərinə görə, böyük bəstəkarın yaradıcı irsi yalnız öz xalqı üçün deyil, bütün insanlıq üçün qiymətə sığmayan xəzinədir. İllər keçməsinə baxmayaraq, Üzeyir bəyin yaradıcılığı bütün dünyada xüsusi maraq və sevgi ilə qarşılanır, onun əsərləri sərhəd tanımır. Bu əsərlər dünyanın məşhur teatr səhnələrində qoyulur, ekranlaşdırılır, tanınmış müğənnilər tərəfindən ifa edilir. 

Nazir qeyd edib ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Üzeyir Hacıbəylinin irsinin öyrənilməsinə və araşdırılmasına, səhnələşdirilməsinə və ekranlaşdırılmasına ayrıca diqqət yetirilirdi. Böyük bəstəkarın ad gününün ümumi xalq bayramı atmosferində keçirilməsi ənənəsinin əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider tərəfindən 1995-ci ildə böyük bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində verilmiş Fərmana görə, hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. 

Festivalın açılış mərasimində Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" kamera xorunun ifasında tanınmış milli və xarici bəstəkarların əsərlərindən parçalar səsləndirilib. "Buta" kamera xorunun müşayiəti ilə xalq artisti Alim Qasımovun və əməkdar artist Fərqanə Qasımovanın ifasında Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından tanınmış ingilis musiqişünası  Conatan Ratbonenin aranjmanında parça səsləndirilib. 

Böyük bəstəkarın anadan olmasının 126 illiyi və Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində təntənəli tədbir olub. Muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov axşamda çıxış edərək, bəstəkarın irsinə yüksək dövlət diqqətindən və qayğısından, onun ölümsüz əsərlərindən danışıb. S.Fərəcov bildirib ki, Üzeyir Hacıbəyli tarixdə və bizim xalqın milli özünüdərkində dərin iz buraxmış görkəmli şəxsiyyətdir. 

Festival çərçivəsində Bəstəkarlar İttifaqında Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konfrans baş tutub. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində isə Üzeyir bəyin musiqi günü keçirilib. Orada həm də onun Sankt-Peterburqda keçmiş tələbəlik illərinin qiymətli arxiv materiallarının ekspozisiyası sərgilənib, həmçinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyə bağışlanmış Azərbaycan folkloru CD-disklərinin təqdimatı keçirilib. 

Festival çərçivəsində keçirilmiş önəmli hadisələrdən biri Prezident İlham Əliyevin iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan küçədə abidəsinin açılması olub. Prezident qeyd edib ki, Fikrət Əmirov simfonik muğam janrının banisidir və bu janr artıq YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb.

Festival proqramına, həmçinin, çoxsaylı klassik musiqi həvəskarlarını cəlb etmiş üç konsert daxil idi. Bunlar Hollandiyanın "Bilitis" duetinin və Vyana kamera orkestrinin çıxışları idi. Qeyd edək ki, dünyada tanınan Vyana Dövlət Kamera Orkestrinin konsertləri bu tanınmış kollektivin bizim ölkəyə ilk qastrolu idi. Vyana orkestrinin bizim şəhərdə ifa üçün etdiyi əsərlər - A.Şenberqin "İşıqlı gecə", V.A.Mosartın "Divertisment" və F.Mendelsonun re-minor skripka konserti indiyə kimi Bakıda heç kim tərəfindən ifa edilməmişdi. Bu əsərlərin Bakı premyerasına Çaykovski adına beynəlxalq müsabiqənin sonuncu qalibi Cexay Li (Cənubi Koreya) də qatılmışdı.

Vyana orkestrinin ikinci konsertinin proqramına Azərbaycan bəstəkarlarının - Ü.Hacıbəylinin, F.Əmirovun və A.Əlizadənin əsərləri daxil idi. Konsert daha bir yeniliklə başa çatıb: bizim ölkədə ilk dəfə olaraq  V.A.Mosartın iki fortepianonun orkestrlə konserti ("Lodron") ifa edilib, ifaçılar Azərbaycanın əməkdar artisləri Yeganə Axundova və Murad Hüseynov olublar. 

Festivalın ən yaddaqalan hadisələrindən biri Akademik Opera və Balet Teatrının səhnəsində Polad Bülbüloğlunun "Sevgi və Ölüm" baletinin göstərilməsi olub. Tamaşanı Yekaterinburq Dövlət Opera və Balet Teatrının truppası təqdim edib. Qeyd edək ki, "Sevgi və Ölüm" baleti ilk dəfə 2005-ci ildə Bakıda tamaşaya qoyulub. Tamaşanın quruluşçu baletmeysteri Vyana Avropa Balet Akademiyasının professoru Vəkil Usmanov, quruluşçu rəssamı isə Azərbaycanın xalq rəssamı Rafis İsmayılovdur. "Sevgi və Ölüm" baleti yaşamın əbədi suallarını qaldırır, bunlar həyat və ölüm, sevgi və xəyanəti əks etdirir. 

Yada salaq ki, keçən il Rusiyanın istedadlı quruluşçu xoreoqrafı Nadejda Malıginanın təşəbbüsü ilə Polad Bülbüloğlunun "Sevgi və Ölüm"ü Yekaterinburqda tamaşaya qoyulmuşdu. Premyera heyranedici uğurla keçmişdi. Nadejda Malıgina öz yaradıcılığında xoreoqrafiya incəsənətinin müxtəlif üslub və yönlərini  - Azərbaycanın xalq rəqslərini, klassikanı və moderni brləşdirmişdi. Bu il isə tamaşa Yekaterinburq Opera və Balet Teatrının balet truppası tərəfindən Moskva Böyük Teatrının səhnəsində, həm də Türkiyənin paytaxtı Ankarada göstərilib. 

Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən növbəti önəmli hadisə "Görkəmli Azərbaycan şəxsiyyətləri" silsiləsindən  "Müslüm Maqomayev. Biblioqrafiya" kitabının təqdimatı olub. Kitab M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təqdim edilib. 

20 və 21 sentyabr günlərində  Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Eyyub Quliyevin idarəsi altında dünyada məşhur Vyana Dövlət Kamera Orkestrinin konserti olub. Festival 30 sentyabrda Filarmoniyada - dirijor Rauf Abdullayevin idarə etdiyi Üzeyir Hacıbəyli adına Simfonik Orkestrin konserti ilə başa çatıb. 

Ad günü Azərbaycanda Musiqi Günü kimi bayram edilən ustadın xatirəsini xaricdə də yad ediblər. Los-Anceles kamera orkestri (Los Angeles Chamber Orchestra) tərəfindən keçirilən konsertlər seriyası çərçivəsində  Azərbaycan baş konsulunun iqamətgahında klassik musiqi axşamı gerçəkləşdirilib. Pianoçu Timoti Andres, klarnetçi Derek Bermel və orkestrin rəhbəri Cefri Kaheyn öz kompozisiyaları ilə çıxış ediblər və Mosartın, Bramsın, Şumanın seçilmiş əsərlərini ifa ediblər. Keçirilən axşamın Üzeyir Hacıbəylinin ad günü ilə üst-üstə düşdüyünü qeyd edən musiqiçilər, həmçinin, "Sənsiz" kompozisiyasının orijinal instrumental versiyasını da təqdim ediblər. 



MƏSLƏHƏT GÖR:

513