19 May 2024

Bazar, 18:14

XALSIZ

Futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsində üç ən pis nəticə göstərən komandadan biridir

Müəllif:

18.11.2014

Futbol üzrə Azərbaycan millisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində 2014-cü ildə son oyununda da azarkeşləri sevindirə bilmədi. Bakıda Norveç millisini qəbul edən komandamız minimal hesabla məğlub oldu.

Berti Foqtsun istefasından sonra baş məşqçi axtarışına başlayan AFFA müvəqqəti olaraq yığmanın sükanını Mahmud Qurbanova tapşırdı. Buna görə də Norveçlə oyun 5 ay Foqtsun köməkçisi işləyən veteran futbolçumuz üçün əsl sınaq oldu. Heç kim Qurbanovdan qısa zamanda yığmada ciddi dəyişiklik edəcəyini gözləmirdi. Sadəcə, baxımlı oyun tələb olunurdu. Lakin Norveçlə matçda bu ümidlər də doğrulmadı. Mahmud Qurbanov millinin sükanı arxasında ilk oyunda əvvəlcə hamını heyətlə təəccübləndirdi. Adətən, qapıda Kamran Ağayev dayandığı halda, veteran futbolçu start heyətdə Səlahət Ağayevə etimad göstərdi. Kamranın son aylar milli çempionatda etdiyi səhvləri nəzərə alsaq, Mahmudun qərarını başa düşmək olardı. Amma hazırda ölkənin ən yaxşı müdafiəçilərindən sayılan Bədavi Hüseynova eləcə də "Qarabağ"ın futbolçusu Qara Qarayevə start heyətdə yer olmamasını isə başa düşmək çətindir. Üstəlik, Dmitri Nazarovun ehtiyatda qalmasının yanlış seçim olması matç ərzində təsdiqləndi.

Matç komandamızın üstünlüyü şəraitində başladı. Topa daha çox nəzarət edən futbolçularımız sağ cinahda fəal oyunla seçildi. Bu mövqedə çıxış edən Araz Abdullayev rəqib futbolçularına problem yaratmağa çalışdı. Əvəzində sol cinahda yer alan Vaqif Cavadovun meydanda olduğu hiss olunmadı. Futbolçularımız hücum qurmağa çalışdığı anlarda Norveç bizim səhvlərimizdən məharətlə istifadə edirdi. 25-ci dəqiqədə rəqibin ağıllı oyunu bəhrəsini verdi. Künc zərbəsindən ötürülən topu Nordveyt başla qapıdan keçirdi. Komandamız özünə gəlməmiş rəqib ikinci qolu da vura bilərdi. Xoşbəxtlikdən bu dəfə bəxt bizim tərəfdə oldu. 

Azərbaycan yığmasının heyətində yalnız müdafiəçilər əzmkar görünürdü. Digər mövqelərdə çıxış edən futbolçular yüksək oyun keyfiyyətiylə seçilmədi. 90 dəqiqə ərzində komandamız rəqib qapısına doğru heç bir təhlükəli zərbə vurmağı bacarmadı. Əlbəttə, biz bura istiqaməti bilinməyən zərbələri aid etmirik. Çünki hücumu məntiqi sonluqla başa çatdıran futbolçu yox idi. Belə məqamda Mahmud Qurbanov dəyişiklik etməklə oyunun axarına təsir edə bilərdi. Lakin milli ikinci hissəyə də eyni heyətlə başladı. Qapıçı Səlahət Ağayevin səhvləri rəqibə hücumla inamlı təsir bağışlamağa kömək edirdi. Baş məşqçi vəzifəsini icra edən Qurbanov dəyişikliyi gözlənilən vaxtdan gec etdi. Qara Qarayevlə Dmitri Nazarovun meydana çıxması heç nəyi dəyişmədi. Azərbaycan millisi 90 dəqiqə ərzində real qol şansı yarada bilmədi və nəticədə, 0-1 hesabıyla uduzdu. 

Azərbaycan-Norveç görüşü bir sıra məqamları da üzə çıxardı. İlk olaraq, etiraf edək ki, 10 qat Azərbaycan Çempionu Mahmud Qurbanov yığmada baş məşqçi olmağa hazır deyil. Sevindirici məqam kimi onu qeyd etmək olar ki, Mahmud özü də bu fikirdədir. Futbolçularımıza gəlincə heyətin əksər üzvləri dəyişməlidir. Onlar millinin formasında oynamağa layiq deyillər. Məşqçidən asılı olmayaraq, əks-hücumda sürətini nümayiş etdirməyən, rəqib müdafiəçilərə uduzan futbolçu yerini daha gənc həmkarına verməlidir. Gənc futbolçuya səhvi bağışlamaq olar. Amma uzun illər yığmada oynayan futbolçunun meydanda varlığı ilə yoxluğunun bilinməməsi öz günahıdır. 

Cari seçmə mərhələdə ilk, yığmanın heyətində ikinci rəsmi matçına çıxan Səlahət ilk dəqiqələrdən həyəcanlı göründü. Mahmud Qurbanovun "çərçivə"ni ona tapşırmasının əsas səbəblərindən biri də Səlahətin boyunun uzun olması və rəqibin təhlükəli cinah ötürmələrini zərərsizləşdirmək ehtimalının çox olması idi. Lakin "İnter"in qapıçısı Norveçin oyun ərzində yaratdığı 3 təhlükəli zərbədən yalnız birinin qarşısını ala bildi. İki dəfə çıxışda kobud səhvə yol verdi, üstəlik, buraxılan qolda da top onun qoruduğu küncdən tora daxil oldu. Kapitan Rəşad Sadıqov, Elvin Yunuszadə, Maksim Medvedev müdafiədə etibarlı çıxış etdilər. Mahir Şükürovun sona yaxın meydanda ləng hərəkət etməsini yorulmasıyla izah etmək olardı. Digər futbolçumuz Ruslan Abışovun ləng hərəkət etməsi komandanın sürətli əks-hücum başlamasına imkan vermədi. Rəqibin "ikinci mərtəbə"də güclü olduğunu bilə-bilə hər dəfə topu havaya qaldırmasını da başa düşmək mümkün deyildi. Ruslanın, xüsusən də adi ötürmələrdə etdiyi səhvlərinin sayı-hesabı yox idi. Onu komandanın ən zəifi saymaq olar. Rahid Əmirquliyev nə müdafiə, nə də hücumda effektli olmağı bacardı. Araz Abdullayev, Vaqif Cavadov, Cavid İmamverdiyev, Rauf Əliyev isə millinin oyunçusuna qətiyyən bənzəmədi. Mübarizəyə sonradan qoşulan "Qarabağ"ın gənc yarımmüdafiəçisi Qara Qarayev soyuqqanlı görünməyə çalışsa da, ötürmələrdə çox səhvə yol verirdi. Dmitri Nazarov meydana daxil olandan sonra komandamızın hücum gücü artdı. Orta sahədə topu saxlamaq bacarığı ilə rəqibin ən azı 2 oyunçusunu özünə cəlb etməklə komanda yoldaşlarının boş mövqeyə açılmasına şərait yaratdı. Lakin Nazarovun səyləri bəhrə  vermədi. 

Bu məğlubiyyətdən sonra Azərbaycan millisinin 2014-cü ili xalsız, qrup autsayderi kimi başa vuracağı dəqiqləşdi. 53 ölkənin yer aldığı Avropa qitəsində yalnız 3 ölkə seçmə mərhələdə xal qazana bilməyib. Təəssüf ki, Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsində xal qazana bilməyən 3 komandadan biridir. 4 oyunun hamısında uduzan millimiz bu göstəricisinə görə Andorra və Cəbəllütariqlə eyni sıradadır. Azərbaycan sözügedən komandaları sadəcə, top fərqinə görə qabaqlayır. Millimiz hazırda Avropa ölkələri arasında 51-ci yerdə qərarlaşıb.

Maraqlıdır ki, baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanov mətbuat konfransında millinin oyunundan razı qaldığını bildirib: "Bir xal qazanmaq istəyirdik. Lakin Norveçin müdafiə xətti buna imkan vermədi. Komandadan razı qaldım. Oyunçularda istək var idi. Məqsədimiz o idi ki, qısa ötürmələrə və yerlə oyunla rəqibin qapısı önündə qol vəziyyətləri yaradaq. Rəqib bir səhvimizdən yararlanmaqla qalib gəldi".

Beləliklə, milli 2014-cü ili xalsız başa vurur. Komandada ciddi problemlərin olması növbəti dəfə hamıya aydın oldu. Milli növbəti oyununu 2015-ci ildə keçirəcək. Əminliklə söyləmək olar ki, yığma növbəti oyuna yeni baş məşqçi ilə çıxacaq. Həmin çalışdırıcı əcnəbi olacaq. 



MƏSLƏHƏT GÖR:

659