19 May 2024

Bazar, 17:12

FARS KÖRFƏZİNDƏN QARA DƏNİZƏ

Tehran Qərblə münasibətlərinin mülayimləşməsi fonunda Azərbaycan vasitəsilə "Avropaya pəncərə" axtarır

Müəllif:

18.11.2014

İran prezidenti Həsən Ruhaninin Bakıya noyabrın 12-13-də baş tutmuş rəsmi səfərindən əvvəlki dövr bu səfərin uğurlu olacağına əminlik yaradırdı. İran prezidentinin gəlişi iki dövlət başçısının görünməmiş dərəcədə fəal təmaslarının davamı idi. Ruhaninin bu səfərinədək Azərbaycan və İran prezidentləri 2014-cü ildə düz 4 görüş keçirmişdilər. Bundan başqa, İranın hazırkı dövlət başçısının islahatçı daxili və xarici siyasəti, üstəlik, Xəzəryanı dövlət başçılarının Həştərxanda keçirilmiş son sammitinin uğurlu alınması (Tehranda hesab edirlər ki, Həştərxan sammitinin bütün iştirakçılarının qeyri-region ölkələrinin Xəzərə buraxılmaması haqda razılığa gəlmələri əsas nailiyyətdir) Bakıda keçiriləcək Azərbaycan-İran danışıqları üçün əlverişli fon yaradırdı.

Gözlənildiyi kimi, danışıqlar zamanı və onun yekununda prezidentlər Əliyev və Ruhani siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətləri gücləndirmək niyyətlərini dəfələrlə dilə gətiriblər. "Bizim əlaqələrimiz möhkəmdir. İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatında bildirib.

Prezidentlərin sözlərinə görə, görüşdə enerji, neft və qaz, elektrik enerjisi, kənd təsərrüfatı, bank sektoru, tranzit daşımaları kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması məsələsi də müzakirə olunub. Görüşdə "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və hidroelektrik stansiyasının inşasının davam etdirilməsi və gələcək istismarı ilə bağlı razılaşmanın tezliklə imzalanmasına dair razılıq da əldə olunub. Tərəflər "Ordubad" və "Marazad" hidroelektrik stansiyalarının tikintisi və istismarı sahəsində ikitərəfli hökumətlərarası sazişin tezliklə qüvvəyə minməsinin vacibliyini vurğulayıblar. Ümumilikdə, İlham Əliyevin də dediyi kimi, görüşdə tezliklə çoxlu sayda yeni birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Danışıqlarda Xəzər dənizilə bağlı problemlər, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə baş verənlər də müzakirə edilib. Hazırda regionun separatçılığın, terrorçuluğun və radikalizmin inkişafı kimi ciddi böhranla üzləşdiyini vurğulayan prezidentlər kənar qüvvələrin iki ölkə arasındakı münasibətlərə xələl gətirməsinə, əməkdaşlığın inkişafına əngəl yaratmasına imkan verməyəcəklərini söyləyiblər.

Danışıqlar başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. İmzalanan sənədlər alternativ və bərpa olunan enerji mənbələri, iqtisadiyyat və maliyyə, poçt sahəsi, İKT, sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi kimi sahələrdə əməkdaşlığı əhatə edir. Tərəflər arasında imzalanan əsas sənəd isə əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyev və İranın dövlət başçısı Həsən Ruhaninin birgə bəyanatıdır. Sənəddə iki ölkəni narahat edən məqamların hamısı öz əksini tapıb.

Məsələn, hər iki tərəf dövlətlərarası münasibətlərdə təcavüzün, güc tətbiqilə hədələmənin yolverilməz olduğunu yekdilliklə bəyan ediblər. Bundan başqa, tərəflər bildiriblər ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqilə pozulması da yolverilməzdir. Onlar münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bildiriblər. Sadalananlar nəzərə alınaraq, tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. İran prezidenti Həsən Ruhani bildirib ki, Tehran Dağlıq Qarabağdakı hazırkı vəziyyəti təqdir etmir. O, tərəfləri münaqişəni tez bir zamanda siyasi yolla çözməyə çağırıb. Ruhani münaqişənin həllində tərəflərə yardım göstərməyi özünün öhdəliklərindən biri adlandırıb. Prezident bu fikrini ölkəsinin regionda ədalət, sülh, sabitlik və dostluq arzulaması ilə əsaslandırıb.

Bundan başqa, tərəflər beynəlxalq hüququn ümumi norma və prinsiplərinə əsaslanaraq, bütün dövlətlərin, o cümlədən İranın dinc xarakterli atom enerjisi əldə etmək hüququnun olduğunu da vurğulayıblar. Tehranın MAQATE-nin Nüvə silahlarının yayılmaması müqaviləsi əsasında bu hüququndan istifadə edə biləcəyi qeyd olunub. İran tərəfi üçün bu bəndi, həmçinin tərəflərin öz ərazilərində qonşu dövlətə zərər gətirə biləcək təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin fəaliyyətinə imkan verilməməsinə dair öhdəliyini xüsusilə önəmli saymaq olar. İran üçün onun nüvə proqramının inkişafına dəstək verən hər bir səs qızıl qiyməti dəyərindədir. Azərbaycan ictimaiyyəti arasında "Cənubi Azərbaycan"la (onlar İranın əsas əhalisi azərbaycanlılar olan hissəsini belə adlandırırlar) birləşmənin tərəfdarlarının olmasından narahatlıq keçirən Tehran üçün Bakının bu cür antiiran demarşına yol verilməyəcəyinə dair vədləri də eyni dərəcədə dəyərlidir.

Birgə bəyanatın digər vacib məqamları arasında tərəflərin BMT-nin potensialından terrorçuluqla, separatçılıqla, ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlığı ilə mübarizədə effektiv istifadə haqda razılaşmanı da göstərmək olar. Səfərin ikinci günü hər iki ölkənin sahibkarlarının iştirakı ilə keçirilən biznes forum tərəflərin iqtisadi əlaqələrin genişləndirilməsində, birgə layihələrin reallaşdırılmasında və qarşılıqlı investisiya yatırımlarında israrlı olduqlarını təsdiqləyib.

İran prezidentinin etiraf etdiyi kimi, tərəflər ətraflı danışıqlar aparıb, nəticədə, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, bunun daha açıq və şəffaf şəkildə həyata keçirilməsi haqda razılığa gəliblər. Enerji, ticarət, sənaye, bəndlərin və elektrik stansiyalarının tikintisi, yeni texnologiyaların inkişafı sahəsində münasibətlərin inkişafı vacibdir. Çünki bu, hər iki tərəfin inkişafına töhfə verəcək. "Bizim bəndlərin tikintisində, elektrik stansiyalarının inşasında, infrastrukturun yaradılmasında, yolların və dəmir yollarının çəkilməsində böyük təcrübəmiz var və bu sahələrdə əməkdaşlıq edə bilərik. Siz bizim ölkəmizdə, biz də sizin ölkənizdə qarşılıqlı fəaliyyətlər göstərə bilərik. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə sərhədlərin yaxınlığında kiçik şəhərlər yarada bilərik. Biz sərhəd boyu azad iqtisadi zonalar təşkil edə bilərik. Sərhədyanı bölgələr arasında əlaqələri genişləndirə bilərik", - deyə İran prezidenti bildirib.

Bununla yanaşı, Ruhani İranla Azərbaycanın ümumi din və adət-ənənələrindən də daha effektli istifadə etməyin vacibliyini vurğulayıb. Prezident İran və Azərbaycan xalqları arasında yaxınlaşmanın üçüncü ölkəyə qarşı yönəlmədiyini də söyləyib.

Ruhani bildirib ki, Azərbaycan və İranın coğrafi mövqeləri onların bir-birləri üçün İranla Avropa arasında və Azərbaycanla cənub dəhlizi arasında körpü rolu oynamalarına imkan verir. Ruhaninin sözlərinə görə, Azərbaycan İranı Qara dənizlə, Poti və Batumi limanları ilə birləşdirə bilər. İran isə öz növbəsində Azərbaycanla Bəndər-Abbas, Abadan və Xorrəmşəhri birləşdirmək imkanına malikdir. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Türkmənistan və Qazaxıstanın əməkdaşlığa cəlbi ilə üçtərəfli formatlarda geniş əməkdaşlığın qurulması da mümkündür.

Azərbaycanla İran arasında əməkdaşlıq obyektiv zərurətdir. Onu zəruri edən yalnız iki dövlətin tarixi və coğrafi yaxınlığı yox, həm də geosiyasi əhəmiyyətləridir. İran Azərbaycan üçün nəhəng fövqəldövlətdir. Onunla yaxşı münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərəcək. Bu, Dağlıq Qarabağ münaqişəsi və Xəzərin hüquqi statusu məsələlərinə də aiddir.

İran üçün də Azərbaycanla mehriban qonşuluq münasibətləri az önəm daşımır. Bu gün "İran dosyesi"lə bağlı danışıqlarda nəzərəçarpacaq irəliləyişin müşahidə olunduğu bir vaxtda Qərb İrana qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasına hazırlaşır. Bu, İranla Qərb arasıda pəncərənin yenidən açılmasına şərait yaradacaq. Bu pəncərə məhz Azərbaycan ola bilər. Çünki İran Qərb ölkələrilə əlaqələrin qurulmasında qonşuları arasında Azərbaycandan yaxşı vasitəçi tapa bilməz. Bundan başqa, İranın dünyada neft və qaz ehtiyatlarının həcminə görə liderlər sırasında olduğu da unudulmamalıdır. Qərbin Tehrana tətbiq etdiyi sanksiyaları aradan qaldırması perspektivi və bununla da, enerji resurslarının ixracında Azərbaycan-İran əməkdaşlığında yeni imkanların yaranması ikitərəfli münasibətlərin strateji səviyyəyə qaldırılmasına şərait yaradacaq.



MƏSLƏHƏT GÖR:

610