17 May 2024

Cümə, 06:10

QAZLA İŞLƏMƏYƏ KEÇİD

Azərbaycanda yeni qaz-kondensat yataqlarının kəşfi "mavi yanacaq"ın sənayedə tətbiq sahələrini genişləndirəcək

Müəllif:

25.11.2014

Neft çıxarılmasının tədricən tükənməsi və uyğun olaraq azalması Azərbaycanda son illər yeni qaz yataqlarının kəşfi və hasilatı ilə kompensasiya edilir. "Ümid" və "Abşeron" iri qaz-kondensat yataqlarının kəşfi, habelə bir sıra digər strukturların perspektivi ölkədə "mavi yanacaq"ın iri ehtiyatlarının olmasını təsdiq edir. Bu da öz növbəsində, ölkənin sənaye istehsalının inkişafı və enerji resurslarının istehlakı istiqamətini yenidən nəzərdən keçirməyi tələb edir.

SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) rəhbərliyi səviyyəsində dəfələrlə bildirilib ki, ucuz neft əsri sona çatıb və son illər Azərbaycanda edilən kəşflər ölkədə yeni qaz yataqlarının olmasından xəbər verir. Bu proqnozlar nəzərə alınmaqla və Azərbaycanın qaz mənbələrinin perspektivi təkcə ixrac üçün deyil, həm də ölkə iqtisadiyyatının müxtəlif sahələrində istifadə olunmalıdır.

 

Avropa daha lazımlıdır

SOCAR-ın məlumatına görə, ölkənin mövcud karbohidrogen ehtiyatları neft ekvivalentində 10 mlrd. ton qiymətləndirilir. Eyni zamanda Azərbaycanda sübut edilmiş qaz ehtiyatları 2,55 trln. kubmetr, neft isə - yenidən 2 mlrd. ton təşkil edir. Qaz yataqlarının kəşfindən danışarkən qeyd etmək lazımdır ki, təkcə beş perspektiv dəniz bloklarının və "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" strukturlarının proqnozlaşdırılan ehtiyatları 2,2 trln. kubmetr qiymətləndirilir. Hərçənd 2015-ci ilə proqnozlaşdırılan qaz hasilatının həcmi 2014-cü ilin planları səviyyəsindədir (28,42 mlrd. kubmetr). Sonra isə hasilatın artımı - 2018-ci ildə 30 mlrd. kubmetrə kimi gözlənilir. Artıq 2020-ci illərin ortalarına kimi isə artım imkanları 45-50 mlrd. kubmetr proqnozlaşdırılır. Və məlum olduğu kimi, bu həcmin böyük hissəsi ixrac ediləcək.

Daha konkret desək, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində (1,2 trln. qaz ehtiyatı) ildə 6 mlrd. kubmetr həcmində qaz Türkiyəyə, 10 mlrd. kubmetr qaz isə TransAnadolu (TANAP) və TransAtlantik (TAP) qaz kəmərləri vasitəsilə Avropa bazarlarına nəql olunacaq. 

TANAP-ın istismara verilməsi 2018-ci ildə 16 mlrd. kubmetr ilkin buraxılış qabiliyyəti ilə olacaq, daha sonra isə 2026-cı ildə artaraq 31 mlrd. kubmetrə çatacaq. TAP layihəsi də xatırladaq ki, "Şahdəniz"dən "Mərhələ-2" çərçivəsində qazın Yunanıstan və Albaniyadan keçməklə Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr təşkil edir, lakin tələb və təklifdən asılı olaraq 20 mlrd. kubmetrə qədər artırmaq imkanı mövcuddur.

Azərbaycan qazının TAP vasitəsilə nəqli 2019-cu ildə gözlənilir. 

Qeyd edək ki, bu günlərdə sonuncu qaz kəmərinin tikinti məsələsi SOCAR prezidenti Rövnəq Abdullayevin Yunanıstana səfəri zamanı müzakirə edilib. Ölkənin baş naziri Antonis Samaras ilə görüşü zamanı Yunanıstanın "DESFA" milli qazpaylayıcı şirkətinin səhmlərinin 66%-nin satın alınmasına dair razılaşma yekunlaşıb. Bundan əvvəl Avropa Komissiyası Yunanıstanın DESFA qaz paylayıcı şirkətinin səhmlərinin SOCAR tərəfindən alınmasının Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlamışdı. 

"Komissiya ehtiyat edir ki, bu sövdələşmə təbii qazın Yunanıstana tədarükü üzrə topdansatış bazarında rəqabəti azalda bilər. Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz nəqli şəbəkəsinə daxil olmağa mane ola bilər. Komissiya çalışır ki, DESFA-nın satılması rəqabətə ziyan vurmasın və Yunanıstanda qaz istehlakçılarına qaz daha da yüksək qiymətə satılmasın", - deyə Avropa Komissiyasının press-relizində bildirilirdi.

Xatırladaq ki, 2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Əmlakın İdarə Olunması Fondu (HRADF) və "Petroleum" şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi imzalanıb. Müqaviləyə görə, ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alıb.

SOCAR-ın rəhbəri Rövnəq Abdullayevin sözlərinə görə, DESFA-nın özəlləşdirilməsi Dövlət Neft Şirkətindən daha çox Yunanıstana lazımdır. 

Bütün məsələlər, o cümlədən rəqabət məsələsi də Yunanıstan hökuməti ilə razılaşdırılmışdı ki, bu da öz əksini sənədlərdə tapıb. Lakin indi bu məsələ Aİ səviyyəsində qalxıb və bu normal prosesdir. "Avropaya, o cümlədən Yunanıstana bu layihə bizdən daha çox lazımdır. Sərmayə yatırılması mümkün olan daha gəlirli layihələr də mövcuddur", - deyə o, qeyd edib. 

 

Daxili artım

Artıq dəfələrlə qeyd olunduğu kimi, hökumətin qazla bağlı ixrac planları ancaq ölkənin daxili tələbatı ödənildikdən sonra həyata keçiriləcək. Onlar da artacaq - neftçıxarmanın səviyyəsinin düşməsi sənayenin bəzi sahələrini "mavi yanacaq"ın daha həcmli istifadəsinə keçirməyə məcbur edəcək. 

Və bu sahədə elektrik enerjisi pioner olacaq. Azərbaycanın elektrik energetika potensialının əsasını hazırda 14 istilik və 10-dan artıq su elektrik stansiyası təşkil edir. Hazırda elektrik enerjisi istehsalının əsas mənbəyi qazdır (92%), 7,9% - su resursları və ancaq 0,1% alternativ mənbələrin payına düşür.

Azərbaycanın enerji sisteminin gücü 7105 meqavat təşkil edir. Bu da hər il 24 mlrd. kilovat/saata yaxın elektrik enerjisi istehsal etməyə və 2 mlrd. kilovat/saat həcmində ixrac potensialı yaratmağa imkan verir. Lakin ölkə bununla kifayətlənmək niyyətində deyil. 2020-ci ilə qədər Azərbaycanda 2400 meqavat əlavə elektrik generasiya gücünün istismara verilməsi planlaşdırılır. Ölkənin enerji sisteminin gücü "Şimal" (409 meqavat) elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusu, Yaşmada elektrik stansiyası (920 meqavat), "Hövsan" elektrik stansiyası (600 meqavat) və s. sayəsində artacaq. Yeni enerji obyektlərinin, habelə sənaye müəssisələrinin açılması ölkədə qaza olan tələbatı daha da artıracaq.

Mütləq qeyd edilməlidir ki, SOCAR ölkədə yeni neft-qaz və neft-kimya məhsullarının emalı kompleksinin (NQNK) yaradılması kimi iri layihənin reallaşdırılmasına düzəlişlər edib. Aparılan tədqiqatlar nəticəsində neft-kimya istehsalı üçün xammal kimi naftadan imtina edilməsi və qazla işə keçilməsi qərara alınıb. Həmçinin nafta NQNK-nın tərkibində yeni neftemaledici zavod istehsal ediləcək məhsulların siyahısından çıxarılacaq. Bu da yeri gəlmişkən, iqtisadi səmərəliliyə təsir edəcək. Qaz emalı zavodunun istehsal gücü 12 mlrd. kubmetr, kimyəvi istehsal - ildə 860 min ton polimer, NEZ-də isə 8,6 mln. ton təşkil edəcək. Eyni zamanda layihənin ilkin fazasının reallaşdırılması çərçivəsində birinci iki müəssisənin 2020-ci ildə, NEZ-in isə 2030-cu ildə istismara verilməsi planlaşdırılır. Yeni qaz emalı zavodu ilə "Abşeron" yatağının istismarı zamanı fransız "Total" şirkəti də istifadə edə bilər. Hazırda belə imkan işçi qrupu tərəfindən öyrənilir.

Yeni NEZ-in tikintisi 2030-cu ilə təxirə salındığı üçün, SOCAR artıq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) miqyaslı yenidən qurulmasına başlayıb. Əsasən zavodun modernləşdirilməsi və 7-8 qurğunun quraşdırılması planlaşdırılır ki, bunun üçün 1 mlrd. manat vəsait tələb olunur. İşlərin 2018-ci ilin sonu 2019-cu ilin əvvəllərində yekunlaşdırılması planlaşdırılır. Bu da zavodun daha 15 il istismar olunacağına təminat verir. Nəticədə, bu müəssisənin gücünü 6-dan 8 mln. tona, benzin istehsalını isə ildə 3 mln. tona çatdırmağa imkan verəcək. Bununla bərabər, müəssisədə "Avro-5" standartlarına uyğun benzin və dizel yanacağı istehsal ediləcək. Benzin istehsalından danışarkən, qeyd etmək lazımdır ki, Azərbaycanda bu neft məhsulu növünün istehlakı xeyli artıb. SOCAR ölkədə benzinə olan artan tələbatı ödəmək üçün Aİ-95 markalı neftin istehsalını tamamilə dayandırıb və daha çox istehlak edilən Aİ-92 markasına keçib. Ölkənin 95 və daha yüksək oktanlı benzinə olan tələbatı idxal hesabına təmin edilir. Respublikanın avtomobil yanacağı ilə daxili tələbatının təmin olunması məsələsində mühüm addım qazdoldurma stansiyaları CNG (sıxılmış təbii qaz) şəbəkələrinin yaradılması ola bilər. Bununla, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi məşğul olur. Şirkət rəhbəri Rövnəq Abdullayevin sözlərinə görə, 2015-ci ildə Bakı və onun ətrafında 6 qazdoldurma stansiyaları tikiləcək. Onlar, ilk növbədə, gələn ilin ilk rübündə ölkəyə qazla işləyən sərnişin avtobusları gətirəcək "Baku Bus" şirkətinin tələbatının ödənilməsinə imkan verəcək. Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan "Baku Bus" MMC-nin işi üçün Fransanın "İveco" şirkətindən müasir ekoloji standartlara (Avro-6) cavab verən və qazla işləyən "Crealis CNG" markalı 150 ədəd avtobus alınıb. 

Ölkədə qazdoldurma stansiyalarının sayının hər il artırılması və onların ölkə boyu bir-birindən 180 km aralıda yerləşdirilməsi planlaşdırılır. Qazdoldurma stansiyalarının şəbəkəsinin genişləndirilməsi istər iqtisadi, istərsə də ekoloji baxımdan məqsədəuyğundur. Bu benzin istehlakının azalmasına gətirib çıxara bilər. Belə ki, bu addım SOCAR-ın daxili bazarın tələbatının ödənilməsi zərurəti ilə bağlı sıfıra endirdiyi yanacağın artıq həcmini ixrac etməyə imkan verəcək. Lakin qazdoldurma stansiyalarının səmərəliliyi Gürcüstanda artıq uğurla sınaqdan keçib. 

Bu şəkildə, ölkənin müxtəlif sahələrində qazdan istifadənin genişlənməsi göz önündədir. Qaz resurslarının istismarı ilə bu təsir daha hiss ediləcək. Azərbaycan rasional və maksimum sərfəli şəkildə istifadə olunmalı böyük həcmdə qaz ehtiyatlarına malikdir. Qazın neft və neft məhsullarına alternativ olması ilə yanaşı, istifadə sahələrinin genişləndirilməsi ətraf mühitin vəziyyətinə müsbət təsir edəcək, sağlamlığa zərərli maddələrin atmosferə buraxılan tullantıların sayının azalmasına gətirib çıxaracaq.



MƏSLƏHƏT GÖR:

601