17 May 2024

Cümə, 05:42

HALAL KREDİT

Azərbaycan MDB məkanında islam bankçılığının mərkəzinə çevrilə bilər

Müəllif:

25.11.2014

İslam bankçılığı, güman ki, tezliklə Azərbaycanda qanunvericiliklə tam təsdiqlənəcək. Ölkənin "ənənəvi" bank sektoru və tənzimləyicilərin buna qarşı uzunmüddətli müqavimət göstərməsinə, onu qəbul etməməsinə rəğmən, bu perspektiv artıq o qədər də uzaq görünmür. Artıq gələn il Azərbaycanda islam bankçılığının imkanlarının genişləndirilməsi üçün hüquqi əsasların yaradılmasına başlanılacaq. Bundan başqa, bu bankçılığın gətirəcəyi fayda artıq MDB-nin digər ölkələrində, məsələn, Rusiyada da qiymətləndirilib. Bütün bunların fonunda, üstəlik, Azərbaycanda maliyyə-bank sisteminin inkişafı və dayanıqlılığı nəzərə alınarsa, ölkə birlik məkanında islam bankçılığının mərkəzinə çevrilə bilər.

Məlum olduğu kimi, hazırda islam bankçılığının inkişafı Azərbaycan Respublikasının "Banklar haqqında" qanunu ilə məhdudlaşdırılıb. Bununla yanaşı, bir sıra yerli banklar bank sektorunu tənzimləyən qanunvericilik aktlarına zidd olmayan bir çox məhsullar təklif edirlər. Gələn ildən isə lazımi hüquqi baza da yarana bilər və bu, islam bankinqi üzrə təklif olunan məhsulların sayının artırılmasına, ayrıca ixtisaslaşmış bankın leqal şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadənin sözlərinə görə, 2015-ci ilin ilk rübünün sonuna Azərbaycan Mərkəzi Bankına (AMB) qanunverici sənədlərdən ibarət layihələr paketi təqdim olunacaq. Bu, Azərbaycanda islam bankçılığının fəaliyyətini təmin edəcək sənədlərdir. Paketə yalnız bank qanunvericiliyinə deyil, həm də vergi, gömrük və s. sahələrlə bağlı maddələr daxildir. "Ümid edirik, bu qanunvericilik sənədləri hazırda AMB tərəfindən hazırlanan Bank Məcəlləsində öz əksini tapacaq", - deyə B.Qurbanzadə bildirib.

"6 nazirlikdən 4-ü islam bankçılığı sahəsində qanunvericiliyin hazırlanması üçün İslam İnkişaf Bankından 200 min dollar həcmində qrantın alınmasına artıq razılıq verib. Biz yaxın zamanlarda yerdə qalan 2 nazirliyin razılığını və Nazirlər Kabinetinin qrant razılaşmasını təsdiqləməsini gözləyirik", - deyə ABB rəsmisi qeyd edib. Onun sözlərinə görə, 2014-cü ilin sonunadək alınması planlaşdırılan qrant, həmçinin, ABB-nin öz imkanları hesabına (ümumilikdə, 300 min dollar), islam bankçılığı sahəsində mütəxəssislərin cəlbi ilə işçi qrupun yaradılmasını planlaşdırır. O, 2015-ci ildən fəaliyyətə başlamalıdır. Yeri gəlmişkən, İslam İnkişaf Bankı (İİB) islam bankçılığı prinsiplərinin tətbiqi işində Azərbaycana hər zaman yardım göstərməyə hazır olub. Hələ 2006-cı ilin noyabrında Bakıda ərəb institutları üçün keçirilən investisiya konfransında İİB şəriət qanunları ilə işləyəcək bankın açılması təklifi ilə çıxış etmişdi. Bundan başqa, Azərbaycanla İİB arasında investisya fondunun (o, Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə yaradılıb) yaradılması haqqında kommünike imzalanıb, AMB-yə isə Azərbaycanda islam bankçılığının fəaliyyətinin tənzimlənməsi məqsədilə qanunvericilik bazasının yaradılması tövsiyə olunub. Amma bu təşəbbüs, nədənsə, kağız üzərində qalıb, ölkədə islam bankçılığı şərtləri ilə fəaliyyət göstərən yeganə bankın - "Kauthar Bank"ın lisenziyası isə AMB-nin təlimatlarına əməl etmədiyi üçün 2010-cu ilin dekabrında ləğv olunub. Doğrudur, bu il bank fəaliyyətini bərpa edib, amma məhdud lisenziya ilə işləyir. Hazırda onun depozitlər qəbul etmək hüququ yoxdur.

İstənilən halda, zaman və bu illər ərzində baş verən dəyişikliklər islam bankçılığı inkişafının ölkənin bank sisteminə fayda gətirəcəyini göstərib. Dünyada şəriət qanunları ilə fəaliyyət göstərən maliyyə institutlarının getdikcə güclənməkdə olduğu heç kimə sirr deyil. Onlar nəhəng layihələrin reallaşdırılmasında sərfəli şərtlərlə investor rolu oynaya bilər. Belə qurumların ölkədə analoji tərəfdaşlara ehtiyacı var. Bundan başqa, gündəlik həyatlarında şəriət qanunlarına əməl edən əhali sayının artması islam bankçılığının pərakəndə məhsullarına daxili tələbatın sürətlə artmasına təkan verir.

Qeyd etmək lazımdır ki, ölkənin ən böyük bankı olan ABB ölkədə islam bankçılığının tətbiqi layihəsi çərçivəsində hələ 2012-ci ilin sentyabrında "islam pəncərəsi"nin fəaliyyətə başladığını bəyan edib. Bir müddət sonra isə ABB-də müvafiq departament yaradılıb. Ötən dövr ərzində bankın bu istiqamət üzrə portfeli 180 milyon dolları ötüb. ABB artıq islam bankçılığının fəaliyyətini ölkə regionlarında da inkişaf etdirmək niyyətindədir. "Bu gün islam bankçılığı çərçivəsində Bakıda pərakəndə müştərilərə maliyyə ayrılır. Regionlarda isə əsas diqqət fərdi ev təsərrüfatlarının və sahibkarların mikromaliyyələşdirilməsinə diqqət yetiriləcək", - B.Qurbanzadə bildirib.

Bundan başqa, bu maliyyələşdirmə növünə Azərbaycandan kənarda da tələbat o qədər artır ki, artıq MDB ölkələrində islam maliyyə mərkəzinin yaradılması təklifi ortaya çıxır. "MDB-nin potensialını dünyanın ən nəhəng islam bankçılığı mərkəzləri olan Malayziyanın, Dubayın potensialı ilə müqayisə etsək, o, heç də bu mərkəzlərdən çox geri qalmaz", - deyə B.Qurbanzadə qeyd edib.

Onun sözlərinə görə, Dubay regionun islam bankçılığı mərkəzinə cəmi 10-12 ildə çevrilib. Azərbaycanda da MDB məkanında belə mərkəzə çevrilmək üçün bütün şərait var: coğrafi mövqe, tarixi, iqtisadi və maddi inkişaf, sabitlik, beynəlxalq müqavilələrlə üzərinə götürdüyü bütün öhdəliklərə əməl olunması.

İslam bankçılığının inkişafı investisiyaların cəlbi mənbələrinin şaxələndirilməsinə imkan verməklə yanaşı, bu bazarın oyunçularına yeni kapital bazarlarına çıxış imkanı da yaradardı. "Bu, ilk növbədə, iqtisadi təhlükəsizliyin təmini deməkdir. Bu halda heç bir ölkə və ya institut bir maliyyə mənbəyindən asılı olmayacaq. İslam bankçılığı yeni bazarlara mümkün dəhlizlərdən biri ola bilər və MDB ölkələri yeni maliyyələşmə mənbəyi əldə edə bilərlər. Bu, bütünlükdə region iqtisadiyyatının inkişafı deməkdir", - deyə B.Qurbanzadə bildirib.

O, region ölkələrinin MDB-də İslam İnkişaf Bankının yaradılması üçün səyləri birləşdirməsinin vacibliyini də vurğulayıb: "Biz belə bankın yaradılması imkanları ilə bağlı artıq iki ildir, müzakirələr aparırıq. Bu institut likvid vəsaitlərə malik, iqtisadiyyata real gəlir gətirəcək investisiyalar qoymağa hazır olan ərəb dünyası ilə münasibətlərin inkişafına kömək edəcək. Biz bu dialoqa hazırıq. MDB ölkələrinin bir vahid platformada birləşməsi üçün səylərin artırılması, işçi qrupun yaradılması vacibdir və bunların nəticəsini hər kəs görəcək".

Bununla yanaşı, İİB-dən investisiyaların cəlbində Rusiyaya da kömək edə bilər. Rusiya bu bankın üzvü deyil və orada yalnız müşahidəçi statusuna malikdir. Nəticədə, İİB-nin Rusiya bazarlarına çıxış, investisiya yatırma imkanları məhduddur. "Nəzərə alsaq ki, Azərbaycan İİB-nin üzvüdür, biz ABB və Rusiyadakı törəmə bankımız vasitəsilə Rusiyaya bu investisiyaların cəlbini təmin edə bilərik", - deyə AMB-nin departament rəhbəri qeyd edib. 

Yeri gəlmişkən, İİB-nin Azərbaycan üzrə portfeli 1 milyard dolları ötüb. Onun 60%-i artıq nəhəng infrastruktur layihələrinin reallaşdırılmasına xərclənib. Bu vəsait hesabına regionların su ilə təchizatı, yolötürücülərinin inşası, logistika mərkəzlərinin yaradılması kimi işlər görülüb.

Onu da qeyd edək ki, ölkə daxilində sözügedən qanunvericilik bazasının yaradılması, MDB məkanı ilə bağlı planların reallaşdırılması mümkün olarsa, müsəlman ölkəsi olaraq, məhz Azərbaycan regionda daha dayanıqlı bank sistemi ilə islam bankçılığı sahəsindəki boşluğu doldura, bu seqmentdə liderə çevrilə bilər.

 

 

BİZİM ARAYIŞ 

 

Hazırda dünyada, təxminən, 500 nəhəng islam maliyyə institutu fəaliyyət göstərir. Onların aktivləri 800 milyard dollara çatır. İslam bankçılığı sahəsində liderlər Kuala-Lumpur, Bəhreyn və Londondur. Avropada ilk islam bankı olan "Islamic bank of Britain" hələ 2002-ci ildə Londonda açılıb. Hətta "Sitibank" və ya "Sosete Jeneral" kimi nəhəng maliyyə strukturları belə, bu cür xidmətlər təklif edirlər. İsveçrənin məşhur "UBS" və "Credit Suisse" banklarında isə islam bankçılığına aid böyük bir şöbə var.


MƏSLƏHƏT GÖR:

718