17 May 2024

Cümə, 09:31

"GEOSİYASİ İXTİLAF"

Ermənistan müxalifəti xarici himayədarın seçimində qərara gələ bilmir

Müəllif:

25.11.2014

Bu və digər ölkədə daxili-siyasi vəziyyətin qiymətləndirilməsi üçün bir çox informasiya aləti var. KİV-in təhlili bu sırada heç də sonuncu yerdə deyil. Belə təhlilin aparıldığı zaman məlum səbəbdən diqqətlər daha çox mətnlərə yönəlir. Fotolara isə daha az göz gəzdirilir. Bununla yanaşı, karikaturalara heç də həmişə lazımi diqqət göstərilmədiyini etiraf etmək lazımdır. Bu yaxınlarda "Qolos Armenii" qəzetində peyda olmuş bir şəkil kifayət qədər diqqətəlayiqdir: süpürgə, avtomat qundağı ilə bitən qulp və zibilin əvəzinə çoxlu sayda giliz. Bu qədər orijinal fotosu olan yazıda söhbət Ermənistandakı son daxili-siyasi "tərpənişlər"dən gedir. Bununla yanaşı,  Ermənistanda siyasi terror ənənəsinin olduğunu nəzərə alsaq, əslində, karikatura xarakteri daşımayan bu süjet tamamilə izaholunandır. Üstəlik, ölkədə daxili-siyasi gərginlik artmaqda davam edir.

Hələ bu ilin  yayında "dördlük" formatında (Levon Ter-Petrosyanın erməni milli konqresi (EMK), Raffi Ovannisyanın "İrs" partiyası, su oliqarxı Qagik Sarukyanın başçılıq etdiyi "Çiçəklənən Ermənistan" (Ermənistanın sabiq prezidenti Robert Koçaryan da bu partiyaya qoşulub) və "Daşnaksutyun") fəaliyyət göstərən erməni müxalifəti hakimiyyətə qarşı tələblərini açıqlamışdı. Gözləntilərin (və indiyə qədərki təcrübənin) əksinə olaraq, tələblər arasında prezidentin istefası məsələsi yox idi: "Nairit" kombinatının fəaliyyətinin bərpası, Vorotas SES-in özəlləşdirilməməsi, məcburi sığorta-pensiya sisteminin ləğvi və bu ilin əvvəlindən vətəndaşlardan tutulmuş bütün məbləğin geri qaytarılması, yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulmuş böyük həcmdə cərimələrin azaldılması, fermerlər üçün ayrılan kredit məbləğinin ikiqat artırılması və s. Müxalifət bu tələblərin yerinə yetirilməsi üçün hakimiyyətə sentyabradək vaxt vermişdi. Bu, sanki məğlubiyyətsiz gediş idi: tələblərə əməl olunarsa, dividenti müxalifət qazanacaq, əməl olunmasa, məsuliyyət hakimiyyətin üzərində qalacaq.

Daha sonra Ermənistan parlamentinin iki müxalif fraksiyası - EMK və "İrs", həmçinin özünü alternativ hakimiyyət adlandıran "Çiçəklənən Ermənistan" birgə bəyanatla çıxış edərək, ölkə rəhbərliyini onların 12 tələbini yetinə yetirməməkdə günahlandırıb.

Parlamentin spikeri, hakim Respublikaçılar Partiyası sədrinin müavini Qalust Saakyan isə buna cavab olaraq, parlament müxalifətinin danışıqlardan imtina etməsinə rəğmən, hakimiyyətin bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəyini bildirib. Bundan əvvəl isə Saakyan müxalifətin 12 tələbi ilə bağlı bütün fraksiya təmsilçilərinin iştirakı ilə iclas keçirib. İclas Ermənistanın baş naziri Ovik Abramyanın müxalifətlə irəli sürülmüş tələblərə dair danışıqlara hazır olduqlarını açıqlaması fonunda keçirilib. Baş nazir bu məsələ ilə bağlı  müvafiq işçi qrupu yaratmağa hazır olduqlarını söyləyib.

Müxalifətçi "üçlük" isə danışıqlardan imtina edib və EMK fraksiyasının rəhbəri Levon Zurabyan bu qərarlarını belə əsaslandırıb: "Parlament "üçlük"ü hakimiyyətin irəli sürdüyümüz 12 tələblə bağlı danışıqların aparılması təklifini mənasız sayır". Zurabyan bildirib ki, onlar ümumxalq hərəkatının siyasi şurasının yaradılması qərarını qəbul ediblər. Bununla yanaşı, mitinqlərin təşkili, parlamentdən kənardakı siyasi qüvvələrlə, ictimai təşkilat və diasporla əməkdaşlığın qurulması ilə məşğul olacaq işçi qrup da yaradılacaq.

Ekspertlər bundan sonra Ermənistanda hadisələrin nə cür inkişaf edəcəyinə dair proqnozlar verməyə tələsmirlər. Zurabyanın sözlərinə görə, onlar artıq dekabrın 10-na mitinq-yürüş təyin ediblər. Bəzi məlumatlara görə, Qagik Sarukyanın "Çiçəklənən Ermənistan" partiyası müəllifi Levon Ter-Petrosyan sayılan bu planın əleyhinədir. Bundan başqa, Sarukyan müxalifət cəbhəsinin vahid lideri roluna iddialıdır. Amma Ter-Petrosyan bu məsələdə ona güzəştə getməyi düşünmür. Üstəlik, şübhəsiz ki, Raffi Ovannisyan  öz oyununu  oynayır...

Görünən odur ki, Ermənistan müxalifətində məşhur "lider bolluğu" sindromu yaşanır. Müxalifətçilərdən ibarət böyük birliyi bir araya gətirən əsas məqam, əlbəttə ki, hazırkı hakimiyyətlə ədavətdir. Amma sonda hakim rejimi devirmək mümkün olarsa, müxalifət sıralarında dərhal parçalanma  başlayır.

Ermənistan müxalifətində isə artıq indidən parçalanma meyilləri hiss olunur. Əvvəlcə onların sıralarını daşnaklar tərk edib, indi isə "Çiçəklənən Ermənistan" öz oyununu oynamağa başlayır... Bir sözlə, erməni müxalifətində "xaos"" hökm sürür. Bu prosesə təsir göstərən əsas amillər sırasında, şübhəsiz ki, müxalifət liderlərinin xarici siyasi seçimləri də var. Daha konkret desək, söhbət onların xarici qüvvələrin dəstəyini qazanmaq istəyi və cəhdlərindən gedir. Erməni müxalifətində bəzi liderlər xarici qüvvə kimi Rusiyaya, digərləri Qərbə üstünlük verir. Ən başlıcası isə onlar hesab edirlər ki, hakimiyyət müflis olacağı təqdirdə, məhz xaricdən dəstək sayəsində iqtidara gəlmək  mümkündür.

İrəvanda hələ oktyabrda keçirilən mitinq zamanı bir məqam tam aydınlığı ilə üzə çıxıb: bu yaxınlaradək qərbpərəst qüvvələrin lideri sayılan EMK-nin rəhbəri Levon Ter-Petrosyan İrəvanın Avrasiya İttifaqına qoşulmasından sonra Rusiya ilə açıq-aydın əlaqələr qurmağa çalışır. Məqsəd Moskvanın, ən azı, onun hakimiyyətə qayıdışına mane olmamasıdır. O, elə birbaşa mitinqin tribunasından bəyan edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması dönməz prosesdir və bu işdə istənilən konvulsiya nəinki gecikmiş, hətta təhlükəlidir. Ter-Petrosyan fikrini əsaslandırmaq üçün misal kimi, Ukraynanı göstərib. O bildirib ki, indi, hətta Qərb belə, İrəvanın seçiminə anlayışla yanaşır, ölkənin özündə isə bir qrup insan anti-Rusiya əhvalı yaratmağa çalışır. "Amma belə əhvalın yaranması üçün əsas yoxdur", - deyə müxalifət lideri qeyd edib.

Raffi Ovannisyan isə dərhal Aİİ-nin əleyhinə çıxış edərək, Qərbə mesaj göndərib: o, "narıncı texnologiyalar"la yardım alacağı, Ermənistanda "Maydan"ın yaradılmasına kömək ediləcəyi və hakimiyyətə gətiriləcəyi təqdirdə, ölkənin "Avropaya inteqrasiyasına zəmanət verdiyini" bildirib.

Nəhayət, "Çiçəklənən Ermənistan" da Rusiyaya aşkar şəkildə  arxalanmaqla, öz oynunu oynayır. Amma bu partiyada mərkəzi fiqur Qagik Sarukyan yox, Ermənistanın sabiq prezidenti Robert Koçaryandır. O, hələ də gurultulu mitinq şüarlarından çəkinsə də, Serj Sarqsyan üçün ən təhlükəli rəqib olduğu şübhə doğurmur. Koçaryan öz oynunu mitinq tribunalarında deyil, "gizli sui-qəsdçi" kimi aparır. Üstəlik, Koçaryan bu oyunu yalnız xeyli tərəfdarının olduğu Ermənistan hakimiyyətinin dəhlizində deyil, həm də Moskvada oynayır. Moskva isə hazırkı hakimiyyətin Aİİ-yə qoşulmasına rəğmən, hələ də Avropa İttifaqı ilə əlaqə üçün kanallar axtardığını, şübhəsiz ki, diqqətdən qaçırmayıb. Xatırladaq ki, Ermənistan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının üzvü olaraq qalır. Bununla yanaşı, Rusiya KTMT-dəki müttəfiqlərini NATO ilə münasibətləri kəsməyə çağırsa da, İrəvan buna tələsmir.

İrəvanın "iki qayıqda oturmaq" cəhdi ilə nələrə nail olmağa çalışdıqlarına dair onlarca versiya irəli sürmək olar. Ola bilsin, Serj Sarqsyan, sadəcə, Viktor Yanukoviçin taleyini yaşaya biləcəyindən ehtiyatlanır. Bəlkə də o, hər şeyə rəğmən, hələ də Aİ-dən maliyyə yardımı almağa ümidlidir. Lakin Rusiya-Qərb münasibətlərinin gərginləşməsi fonunda İrəvanın bu "özbaşınalığı" Moskvanı ciddi şəkildə qıcıqlandıra bilər. Görünən odur ki, Robert Koçaryan məhz Rusiyanın bu narazılığını çoxdan gözlədiyi hakimiyyətə qayıdış şansı sayır.



MƏSLƏHƏT GÖR:

582