Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Atası Kərbəlayi Əli əslən Qars azərbaycanlılarından idi. Qardaşıyla bərabər Qarsdan İrəvana köçüb, bir müddət orada yaşadıqdan sonra Bakıya gəlmişdilər.
Anası Rübabə xanım isə bu şəhərə ailəsiylə birlikdə İranın Qum şəhərindən gəlmişdi. Kərbəlayi Əli ilə Rübabə xanım Bakının əsrarəngiz İçərişəhərində tanıyıblar bir-birlərini. Evləniblər.
Başqa övladları da olub, ancaq iki qızları - Vəcihə və Solmaz sağ qalıb. Kərbəlayi Əli şirniyyatçı, Rübabə xanım isə evdar qadınıydı. Hər ikisi musiqini, incəsənəti sevirdi. Kərbəlayi Əlinin yaxşı tar çalmağı var idi. Bir də könlünə düşəndə Qars mahnılarını, türk-Kərkük mahnılarını yanıqlı-yanıqlı zümzümə edərdi. Səsindəki məlahət, həzinlik dinləyənləri heyran qoyardı. Qızları da bu mahnıları dinləyə-dinləyə böyüyürdülər.
Vəcihə Səmədovaya elə gəlirdi ki, atasının tarda çaldığı havalar, oxuduğu mahnılar 1924-cü ildə dünyaya göz açdığı və gözəlliklər məkanı saydığı İçərişəhərin əsrarəngiz mənzərəsini tamamlayır. Duyğularını ifadə etmək üçün fırçasını, rəngli qələmlərini əlinə alırdı. Balaca qızının rəsm çəkmək marağını görən Kərbəlayı Əli fərəhlə ona kağız, rəngli karandaşlar və məşhur rəssamların dünya muzeylərində saxlanılan əsərlərinin reproduksiyalarından ibarət kitablar alıb gətirirdi. Vəcihənin 132 saylı orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə oxumağa getməsi də ata-anasını sevindirdi.
İlk qadın rəssam
Yeni məktəbdə sıxıntı çəkmədi. Tələbə yoldaşlarına çox tez qaynayıb-qarışdı, müəllimlərinin hörmətini qazandı. Rəng duyumu, rəssamlıq qabiliyyəti, zəhmətsevərliyi ilə diqqəti cəlb edən Vəcihə Səmədova böyük həvəslə, səylə oxuyur, sevdiyi sənətin sirlərinə dərindən yiyələnməyə çalışırdı.
Bu utancaq, xoşxasiyyət, məlahətli, zərif gənc qızın gözəlliyi Rəssamlıq Məktəbində birinin - müəllimləri Lətif Feyzullayevin diqqətini xüsusilə cəlb etmişdi. Vəcihə Səmədova o illərdə təhsilini Moskvada, Surikov adına Rəssamlıq İnstitutunda davam etdirmək arzusunda idi. Lətif Feyzullayev isə 1939-cu ildə Moskvaya gedib, həmin instituta daxil olmuşdu. İki il sonra, 1941-ci ildə Böyük Vətən müharibəsi başladı. O vaxtlar Moskva kimi yerdə təhsil alan azərbaycanlılar az olduğundan onlara bron verildi. Lətif Feyzullayev də bron aldı. Müharibə illərində Surikov adına Rəssamlıq İnstitutu Moskvadan Qazaxıstanın Almatı (o vaxtlar Alma-Ata - Z.F.) şəhərinə köçürüldü. Lətif Feyzullayev təhsilini başa vurmadan Bakıya qayıdaraq Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deməyə başladı. Elə Vəcihə Səmədovanı da həmin vaxtlar tanıdı.
1944-cü ildə Vəcihə Səmədova təhsilini bitirib, Moskvaya yollandı. Rəssamlıq İnstitutuna daxil oldu. Həmin il də Lətif Feyzullayevlə ailə qurdu. 1945-ci ildə ilk övladları Nicat dünyaya gəldi. İnstitutda təhsilinə bir il ara verən Vəcihə Səmədova oğlunun qayğısını çəkdi. Lətif Feyzullayev isə dekabrda - institutda dərslərin başlanmasından iki ay sonra Moskvaya getdi. Gecikdiyi üçün təhsilini davam etdirməsində problem yarandı. O vaxt Moskvada olan bəstəkar Üzeyir Hacıbəylinin yanına getdi. Bəstəkar dərhal Rəssamlıq İnstitutunun rektoruna zəng vurdu. Lətif Feyzullayevin instituta bərpasına nail oldu.
Oğlunun bir yaşı tamam olandan sonra Vəcihə Səmədova təhsilini davam etdirmək üçün Moskvaya döndü. Həyat yoldaşı kimi o da Surikov adına Rəssamlıq İnstitutunda təhsilini davam etdirdi. 1949-cu ildə Lətif Feyzullayev institutu bitirib Bakıya qayıtdı. Vəcihə Səmədova isə təhsilini tamamlamaq üçün Moskada qaldı. İnstitutda məşhur rəssamlar Yakovlevdən, Korindən dərs aldı.
"Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarlarının arasında" mövzusunda 1951-ci ildə diplom işi hazırladı. Müəllimləri əsəri yüksək dəyərləndirdilər. Vəcihə Səmədova müəllimi Pavel Korinin təkidi ilə aspiranturaya daxil oldu. Üç il sonra, aspiranturanı bitirəndə isə Surikov adına Rəssamlıq İnstitutunda qalıb dərs demək təklifini alıb. Ancaq daha doğmalarından ayrı qalmaq istəmirdi. Ailəsinin, artıq yeddi yaşına çatmış oğlunun yanına, Bakıya qayıtdı. Azərbaycanın ilk professional qadın rəngkarı - Vəcihə Səmədova həm rəssamlıq fəaliyyəti ilə məşğul olmağa, həm də Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deməyə başladı.
"Səviyyəsiz əsər" muzeydə
1957-1963-cü illər Vəcihə Səmədovanın rəssamlıq fəaliyyətində ən məhsuldar illər oldu. "İmtahan ərəfəsində", "Lənkəranda toy", "Toya hazırıq", "Mahnı" kimi maraqlı əsərlər yaratdı. 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyətinə getdi. Bolqarıstan silsiləsindən olan "Qoca bolqar qadınları", "Sofiyada bazar", "Yağışlı gün", "Qayalar üzərində evlər" və digər əsərləri həmin səfərin təəssüratıdır.
Vəcihə Səmədovanın doğmalarına həsr etdiyi əsərləri də az deyil. "Bacımın portreti", "Memar Solmaz Səmədova", "İmtahan ərəfəsində" və digər əsərlərini sevimli bacısı Solmaza, "Qızımın portreti", "Balaca Fatimə", "Tələbə", "Balaca skripkaçı" əsərlərini isə övladlarına həsr etdi. Onunla fəxr edən anasının da portretini çəkdi.
Sənət yolu hər zaman hamar olmadı. 1953-cü ildə "Leyla Bədirbəylinin portreti"ni çəkmək üçün dönə-dönə aktrisa Leyla Bədirbəylinin evinə getdi, onlarca eskiz etdi. O vaxtlar Vəcihə Səmədovanı o həddə çatdırdılar ki, rəssamların rəngi qaşımaq üçün istifadə etdikləri mastexin adlanan iti alətlə həmin şəkli cırdı. Rəssamlardan biri: "Bu səviyyəsiz əsərdir" demişdi, həm də əsərin dəyərini çox gözəl bilə-bilə. Vəcihə Səmədovaya da ən çox bu təsir edirdi. Azərbaycan rəngkarlığının 100 ən gözəl nümunəsinə daxil edilən "Leyla Bədirbəylinin portreti" əlli doqquz ildir İncəsənət Muzeyində nümayiş olunur.
Sənətdə ən yaxın dostu, məsləhətçisi həyat yoldaşı idi. İki rəssamın evi əsl sənət ocağıydı. Sənət dostları - Tahir Salahov, Mikayıl Abdullayev, Ömər Eldarov, Əlibəy Rzaquliyev, Tokay Məmmədov və başqaları tez-tez bu evə yığışardılar.
Maddi çətinlikləri Moskvada təhsillərini başa vurub Bakıya qayıtdıqdan sonra da davam edirdi. Evləri olmadığından bir müddət İçərişəhərdə, Vəcihə Səmədovanın ata evində qaldılar. 1958-ci ildə "Rəssamların binası" adlanan bina tikilib istifadəyə veriləndə onlar da mənzil aldılar. Emalatxanaları da bu binada idi. İkisinə bir emalatxana verildiyindən vaxtı bölməli olurdular.
1962-ci ildə, nəhayət, Vəcihə Səmədovanın özünə ayrıca emalatxana verildi. Ancaq düşündüyü, planını qurduğu işləri rahat-rahat həyata keçirmək rəssama qismət olmadı. Amansız xəstəlik özünü yetirdi. Yenicə ev, emalatxana problemlərindən qurtulurdular. Fatimə beş-altı yaşındaydı. Ata-anasının vaxtı olmadığından o, nənəsinin yanında böyüyürdü. Fatimə hələ olanları anlamırdı. Ondan on yaş böyük olan qardaşı Nicat isə başlarına gələn müsibəti bilirdi, o da atası, nənəsi, xalası kimi sarsılmışdı.
Əbədiləşmiş ad
Vəcihə Səmədovanın "Xəbər gözləyərkən" adlı bir əsəri var. 1963-cü ildə çəkib. Bu rəssamın son əsəridir. 1963-cü ildə Bakıda keçirilən "Bizim müasirimiz" adlı sərgidə bir neçə əsəriylə bərabər uğurla nümayiş etdirildi. Oğlu Nicat Feyzullayev deyir ki, mən ona heç zaman həyəcansız baxa bilmirəm. Əsərdə dəniz kənarına toplaşıb intizarla balıqçılardan xəbər gözləyən insanlar əks olunub. Bədbəxt hadisə ərəfəsindəki gərginlik duyulur. Lap öndə dayanmış qadının simasında bu daha aydın görünür. Nicat Feyzullayev deyir ki, bu mənim anamın öz surətidir, o, "Xəbər gözləyərkən"i ağır xəstə olduğunu bilə-bilə çəkmişdi: "Yaratdığı kompozisiyada olduğu kimi, özü də intizar içərisindəydi. Xəstəlik diaqnozunu, taleyin ona neçə il ömür bəxş edəcəyini bilmək üçün xəbər gözləyirdi".
Həkimlərin qərarı Vəcihə Səmədovanı sarsıtdı. Ona cərrahiyyə əməliyyatından keçməyi təklif etdilər. Ancaq əməliyyatdan sonra qolunu işlədə bilməyəcəyini də söylədilər. Həkimlərin qərarı onu seçim qarşısında qoydu, ömrünü uzatmaq üçün sənət həyatını bitirməliydi. Cərrahiyyə əməliyyatına razılıq vermədi. "Bunun nə mənası var?" - dedi: "İşləyə bilməsəm, onsuz da yaşaya bilməyəcəyəm. Çünki rəssamlara böyük işlər görmək üçün həm də fiziki güc lazımdır.
Həyat yoldaşı onu müalicə üçün Moskvaya apardı. Ora getməzdən qabaq cərrah Mürsəl Qarayevin təkidiylə cərrahiyyə əməliyyatından da keçdi. Əməliyyat uğurlu olsa da artıq gec idi...
Moskvada xəstəxanada müalicə olundu. Oradan qayıdanda doğmalarını bir az ümidləndirdi. Ancaq payızda xəstəliyi yenidən şiddətləndi. Vəcihə Səmədova 1965-ci ildə, qırx bir yaşının tamamına bir ay qalmış vəfat etdi. Mərkəzi Komitədən qərar gəldi ki, rəssam Vəcihə Səmədovaya Fəxri xiyabanda yer ayrılıb. Amma Lətif Feyzullayev həyat yoldaşının vəsiyyətinə əməl etdi. Vəcihə Səmədova ümumi müsəlman qəbiristanlığında dəfn olundu. Sevimli həyat yoldaşının məzarının yanında isə Lətif Feyzullayev özünə yer götürdü. Rübabə xanım qızının yoxluğuna altı ay dözə bildi. Altı aydan sonra onun yanına köçdü.
Vəfatından çox keçməmiş Vəcihə Səmədovanın adı əbədiləşdirildi. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna onun adı verildi.
...Həyat yoldaşı vəfat edəndə Lətif Feyzullayev qırx beş yaşındaydı. Ondan sonra iyirmi iki il yaşadı. Ailə qurmadı. Həyat yoldaşının ayrılığına dözmək onun üçün çox ağır oldu. Yüksək qan təzyiqi tapdı. Həmişə xəstə oldu. "Köhnə qəbiristanlıq", "Tənha məzar", "Rəssam Vəcihə Səmədovanın portreti", "Vəcihə Səmədovanın portreti", "Səhər" əsərlərində həyat yoldaşına olan sevgisini, nisgilini əks etdirdi. Lətif Feyzullayev 1987-ci ildə dünyasını dəyişdi. Onun da məzarı Vəcihə Səmədovanın məzarıyla yanaşı qazıldı.
MƏSLƏHƏT GÖR: