12 May 2024

Bazar, 14:47

ALTERNATİV MƏNBƏ

Azərbaycan nüvə enerjisinin öyrənilməsinə dair işləri sürətləndirir

Müəllif:

16.12.2014

Dünyada yer altından çıxarılan yanacaq (neft, qaz və kömür) ehtiyatlarının məhdudluğu ilə birgə enerji istehlakının artımı alternativ energetikanın inkişaf məsələlərini ön plana çıxarır. Hərçənd son on ildə külək və günəş, habelə bioyanacağın enerjisinin istifadəsi üzrə layihələr fəal şəkildə inkişaf etsə də, onların payı hələ də cüzidir. Atom və su enerjisi də böyük əhəmiyyətə malikdir. Və əgər son halda çox şey təbii şərtlərdən, daha doğrusu, ölkədə bolsulu çayların olmasından asılı olsa da, atom elektrik stansiyaları, demək olar ki, hər yerdə inşa edilə bilər. Bu gün dünyanın 30 ölkəsində 435 nüvə enerji reaktoru istismar olunur və daha 15 ölkədə 72 reaktor inşa edilir. 2013-cü il ərzində AES-lərdə 2359 teravatt-saat (TVts) elektrik enerjisi istehsal edilib ki, bu da elektrik generasiyasının dünya üzrə həcmindən 11% azdır. Bərpaolunan enerji mənbələrinin payı artmaqda davam edir, amma dünya hələ də üstünlüyü orqanik yanacağa verir.

Beynəlxalq Energetika Agentliyinin proqnozlarına görə, atom istehsal obyektlərinin əsas artımını Çin, Hindistan, Koreya və Rusiyadan gözləmək lazımdır. Dünya energetikasında atom elektrik stansiyalarında elektrik enerjisinin hasilat payı 2040-cı ilə kimi hazırkı dövrlə müqayisədə cəmi 1 bənd - 12%-ə qədər artacaq. Faktiki olaraq atom və bərpaolunan generasiya ilə elektrik enerjisinin hökmranlıq etdiyi "işıqlı gələcək", yenidən bir neçə on ilin üfüqünün arxasında gizlənir. "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribovun hesab etdiyi kimi, Azərbaycanın sənaye sektoru yüksək artım templəri nümayiş etdirir ki, paralel olaraq enerji mənbələrinə tələbat artır. 

"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribovun hesab etdiyi kimi, Azərbaycanın sənaye sektoru yüksək inkişaf templəri nümayiş etdirir, bununla paralel olaraq, enerji mənbələrində tələbat artır. Lakin enerjinin alternativ mənbələri nüvə texnologiyaları kimi bu ehtiyacları ödəmək qabiliyyətinə malik deyil. Azərbaycanda nüvə energetikasının inkişaf perspektivləri və gələcəkdə həlli gözlənilən öhdəliklər Azərbaycan Prezidenti İlham Əliyevin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin yaradılması haqda 2014-cü il 8 may tarixli Sərəncamında müəyyən edilib. 

"Bizim vəzifəmiz mümkün qədər tez atom elektrik stansiyası (AES) tikmək deyil. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngindir və bu gün AES-in tikintisi bizim üçün qısamüddətli vəzifə deyil. İndi görülən işlər gələcək üçün qoyulan özüldür. Azərbaycanda AES-in tikinti müddəti haqda konkret danışsaq, buna illər, ehtimal ki, 20-30 il və hətta daha çox vaxt lazım olacaq", - deyə A. Qəribov qeyd edib. Qoyulan məqsədlərə çatmaq üçün nüvə texnologiyalarını mənimsəmək zəruridir və kadr potensialını da gücləndirmək bir o qədər labüddür. Azərbaycan köhnə nəsil reaktorlardan istifadə etmək niyyətində deyil, çünki QSC sədrinin hesab etdiyi kimi onların əksəriyyəti istehsalatda köhnəlmiş texnologiyalardır və onlar yüksək təhlükəsizliyə malik deyillər. 

"Dördüncü nəsil reaktorlar seriya şəklində istehsal olunarsa, bu məsələni nəzərdən keçirməyə hazır olacağıq, öz təkliflərimizi hazırlayacağıq. Azərbaycanda gələcəkdə inşa olunacaq AES-in gücünə gəlincə isə o, 1000 meqavatdan az olmayacaq. Çünki gücü az olan AES-lərin tikintisi iqtisadi nöqteyi-nəzərdən sərfəli deyil", - deyə Qəribov qeyd edib. 

Mövcud ziddiyyətlərə baxmayaraq, nüvə energetikası enerjinin digər istehsal növləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. AES-in digər elektrik stansiyalarından üstünlüyü ondan ibarətdir ki, onların işləməsi üçün az yanacaq tələb olunur və onlar digər məsələn, istilik elektrik stansiyalarından fərqli olaraq, ekoloji cəhətdən təmizdirlər. Müəyyən miqdar enerjinin istehsalı üçün neft və ya qaz, kömürlə müqayisədə cüzi miqdarda uran lazımdır ki, həmin miqdarda enerji istehsalına çəkilən xərcləri azaldır. Uran alış və nəql olunma zamanı da ucuz başa gəlir ki, gələcəkdə də elektrik enerjisinin dəyərini azaldır. Atom enerjisini istixana qazları buraxmır. Nüvə bölünməsi üçün kameralar su ilə soyudulur, daha sonra isə turbinlərin qidalanması üçün istifadə olunan buxara çevrilir. AES-in orta xidmət müddəti 40 ildir. 

"Fukusima" AES-də baş verən qəzadan sonra, reaktorların təhlükəsizlik məsələsi aktuallaşdı və bir çox ölkələr atom energetikasının inkişafını məhdudlaşdırmağa başladılar. Lakin elm və texnologiyanın inkişafı, heç şübhəsiz, gələcəyin reaktorlarının təhlükəsizliyinə təsir edəcək. Və bu mənada istismar mənbəyi artıq çoxdan tükənən atom elektrik stansiyaları, o cümlədən Ermənistanda Metsamor AES-in bağlanmasının zəruriliyi böyük aktuallığa malikdir. 1970-ci illərdə inşa olunan Metsamor AES artıq çoxdan köhnəlmiş hesab olunur və bütün region üçün təhlükə doğurur. AES-in bağlanmasının zəruriliyini dəfələrlə bir sıra beynəlxalq strukturlar bildiriblər, AB isə bu işlər üçün hətta 200 mln. avro da ayırmağı təklif edib. Lakin Ermənistanda AES-in istismar müddətini daha 10 il - 2026-cı ilə kimi uzatmaq niyyətindədirlər. 

"Ermənistanda qəza olacağı təqdirdə, onu qısa müddətdə kənarlaşdırmaq üçün imkanlar yoxdur və problem qlobal miqyas ala bilər. 20 ton nüvə materiallarının partlayışı region üçün ekoloji fəlakət ola bilər", - deyə Qəribov bildirib. 

Nüvə elmlərinin inkişafı, texnologiyaların öyrənilməsi və kadr potensialının genişləndirilməsi məsələsinə toxunaraq, Qəribov qeyd edib ki, Azərbaycanda 20 meqavat gücündə tədqiqat reaktorunun tikintisi nəzərdə tutulub. Bundan başqa, 2 kilovatlıq tədqiqat-təlim reaktoru da işə salınacaq. Bu kadr potensialının inkişafında mühüm məsələdir. Belə ki, Azərbaycan bu işdə aparıcı nüvə nəhənglərinin təcrübəsindən savayı, daxili imkanlarından da istifadə etmək niyyətindədir. 

Əldə olunan təcrübənin tədris müəssisələri vasitəsilə inkişaf etdirilməsi nəzərdə tutulub. Burada məqsəd AES-in istismara verilməsi zamanı rusiyalı mütəxəssislərin köməyinə qaçan qonşu İran və Ermənistan kimi gələcəkdə kadr çatışmazlığı problemini hiss etməməkdir. Qəribovun proqnozlarına görə, tədqiqat və tədris reaktorunun tikintisi 2020-ci ilə qədər yekunlaşa bilər. Azərbaycan onların tikintisi üçün icazə almaq məqsədilə Beynəlxalq Atom Enerjisi Təşkilatına (MAQATE) artıq müraciət edib. 

Tədqiqat reaktorları atom energetikası, tibbi, radioaktiv izotopların istehsalı üçün və s. sahələrdə əsaslı tədqiqatların aparılmasında istifadə olunur. Onlar sənaye nüvə reaktorlarından fərqlənirlər, hərçənd onların böyük əksəriyyəti nüvə reaktorlarının yeni konstruksiyalarının tədqiqatı üçün nəzərdə tutulub və hazırda mövcud olan konstruksiyaların prototipləri olub. Tədqiqat reaktorlarının təhlükəsizliyinə gəlincə isə Qəribovun sözlərinə görə, bu vaxta qədər onlarla bağlı heç bir hal qeydə alınmayıb. Dünyada 600 tədqiqat reaktoru fəaliyyət göstərir ki, onların 90%-i universitet və akademik parkların ərazisində yerləşir. 

Tədqiqat və tədris reaktorlarının tikintisi üçün 15 ha torpaq sahəsi ayrılıb, burada həmçinin inzibati bina, DATA-mərkəzlər və elmi işlərin aparılması üçün digər infrastruktur da yerləşəcək. DATA-mərkəzin hesablama gücü Avropa Nüvə Araşdırmaları Mərkəzinin (CERN) informasiya axınının emalı üçün fəaliyyət göstərəcək. Onun gücü mərhələli şəkildə artırılacaq ki, bu da böyük həcmdə hesablamalar aparmağa imkan verəcək və mənbələr fizikaçılara, həmçinin nüvə energetikası sahəsində məşğul olan digər alimlərə əlçatan olacaq. Atom energetikasının inkişafı üçün əsas hərəkətverici qüvvə enerji tədarüklərinin zəmanəti, iqlim dəyişikliklərinə cavab, istixana qazlarının tullantılarının azaldılmasıdır. Atom enerjisi yanacağın tükənən növləri üçün əla alternativ qismində, habelə istixana qazlarının tullantılarının xeyli dərəcədə azalması üzrə mühüm vasitə qismində nəzərdən keçirilir. 

Enerji daşıyıcılarının tədarükünün zəmanətindən savayı, atom energetikası dövlətin ümumi sənaye səviyyəsinə nəzərə çarpan təkanverici təsir göstərir. Dünya nüvə nəhəngləri, heç şübhəsiz, sənaye baxımdan inkişaf etmiş ölkələrdir. Atom energetikasının inkişafı üçün kompleks güc və bu və ya digər dövlətin strateji imkanlarını təsdiq edən iri kapital qoyuluşu və yüksək texnologiyalar labüddür. Müəyyən dərəcədə atom enerjisinin aparıcı sənayesinə malik olması Azərbaycanın gələcəkdə dünya nəhəngləri klubuna daxil olması deməkdir.


MƏSLƏHƏT GÖR:

579