28 Aprel 2024

Bazar, 13:53

"VALYUTA DOMİNOSU"

Rublun çöküşü erməni dramını "vurur"

Müəllif:

16.12.2014

Ermənistanda 1 dolların qiyməti 500 drama qədər yüksələcəkmi? Yeni il ərəfəsində İrəvanda bir çoxları öz-özünə bu sualı verir. Narahatlıq üçün əsas isə kifayət qədərdir. Ermənistanda milli valyutanın dəyərdən düşməsi hələ oktyabrda başlayıb. Daha sonra əsl çöküş yaşanıb: noyabrın sonu, dekabrın əvvəlində dram birdən-birə 10% ucuzlaşıb. 400 dram olan dollar indi 450 dramdan da bahadır. Üstəlik, əksər banklar və "mübadiləçilər" yalnız valyuta almaqla işləyir. "Kavpolit" saytı yazır ki, "İrəvandakı durum Rusiyadakı vəziyyəti xatırladır: xalq valyuta alır, bəzi banklar artıq onun satışını dayandırıb".

Dekabrın 9-da Ermənistan Mərkəzi Bankı valyutaya müdaxiləyə başlanıldığını bəyan edib. Məqsəd milli valyutanın dəyərdən düşməsini önləməkdir. "Dram müdaxilə həddinədək ucuzlaşıb", - deyə "Kavpolit" yazır. Bundan başqa, artıq noyabrın sonunda Ermənistanda ilkin tələbat ballarının qiymətində bahalaşma başlayıb, çörəyin, çörək məmulatlarının, ətin, günəbaxan yağının qiymətində artım qeydə alınıb...

Vəziyyət o həddə çatıb ki, ölkə prezidenti Serj Sarqsyan yaşananlara münasibət bildirmək məcburiyyətində qalıb. Ermənistanın Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxış edən Sarqsyan dramın qiymətdən düşməsinin İrəvanın Avrasiya İttifaqına qoşulmasının nəticəsi olduğuna dair fikirləri təkzib edib. "Əgər belədirsə, Gürcüstanda lari nədən qiymətdən düşür? Axı, Gürcüstan azad ticarət zonası haqqında müqavilə imzalayıb. Digər yandan milli valyutaların ucuzlaşma səbəbi nədir?" - deyə prezident sual edib. Bunun ardınca Sarqsyan bir etirafı dilə gətirməli olub: "Bu il ən böyük ticarət tərəfdaşımızın (Rusiya) iqtisadi vəziyyətin ağırlaşdığının şahidiyik. Bu, qiymətlərin 8,8%-lik artımı, 90 milyard dollarlıq kapitalın ölkədən çıxarılması və rus rublunun Amerika dollarına nisbətdə qiymətini 40%-dən çox itirməsilə xarakterizə olunur".

Kobud desək, Ermənistanın Aİİ-yə üzvlüyü ilə dramın qiymətdən düşməsi arasında "birbaşa" əlaqə yoxdur. Bundan başqa, İrəvanın Aİİ-yə rəsmi üzvlüyü hələ 2015-ci il yanvarın 1-dən başlayacaq. Amma Ermənistan milli valyutasını dəyərini itirməkdə olan rus rublunun "vurduğuna" heç bir şübhə yoxdur. Rublun dəyərdən düşməsinin postsovet məkanındakı milli valyutalar üçün "domino effekti" verəcəyini ekspertlər hələ noyabrın əvvəllərində proqnozlaşdırırdılar.

Məsələn, Mark Cons "Reuters" agentliyinə açıqlamasında rublun sürətlə dəyərdən düşməsinin, güman ki, postsovet respublikalarındakı "rubl zonası"nda "domino effekti" verəcəyini deyirdi. Ekspert Ermənistana xüsusi diqqət ayırmışdı: "Məsələn, Ermənistanın ixracının beşdə bir hissəsi Rusiyaya yönəlib. Bu gəlir Ermənistan ÜDM-in nə az, nə çox düz 10 faizini təşkil edən tədiyyə balansının kəsiri üçün həlledici əhəmiyyət daşıyır. Onun daha bir dayağı pul köçürmələridir. Kənarda işləyən ermənilərin vətənə yolladıqları vəsaitin 80%-i Rusiyadan gəlir".

Fərdi pul köçürmələrilə bağlı məsələnin gündəmə gəlməsi təsadüf deyil. Ermənistan iqtisadiyyatında "əmək miqrantları"nın başqa ölkələrdən həyata keçirdikləri pul köçürmələri ilk baxışdan görünə biləcəyindən daha vacib rol oynayır. Yerli iqtisadiyyatda durğunluğun hökm sürdüyü, yoxsulluğun artdığı, işsizliyin və miqrasiyanın son dərəcə geniş yayıldığı indiki şəraitdə Ermənistanda ən azı üç ailədən biri kənardan ölkəyə köçürülən pulların hesabına yaşayır. Bu, mütəxəssislərin hesablamalarının nəticəsidir. Üstəlik, Ermənistan iqtisadiyyatına daxilolmaların da əhəmiyyətli bir hissəsi pul köçürmələrinin payına düşür. Mərkəzi Bankın məlumatına görə, 2013-cü il ərzində Ermənistana pul köçürmələri 1,87 milyard dollar təşkil edib. Bu, ÜDM-in, təxminən, 17,3%-i deməkdir. Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2015-ci il dövlət büdcəsinin gəlirlər hissəsi 2,9 milyard dollar həcmində planlaşdırılır.

İndi Rusiya iqtisadiyyatı "ikiqat zərbə" qarşısındadır - Qərbin sanksiyaları bir yandan, neftin sürətlə ucuzlaşması isə digər tərəfdən. Bütün bunların fonunda Rusiyadan Ermənistana pul köçürmələri xeyli azalıb. Hələ oktyabrın əvvəlində Ermənistan Mərkəzi Bankı 2014-cü ilin avqustunda Rusiyadan ölkəyə fərdi pul köçürmələrinin 2013-cü ilin analoji dövrü ilə müqayisədə 7,7% azaldığını bildirirdi. Mərkəzi Bankın sabiq rəhbəri Baqrat Asatryanın fikrincə, bunun əsas səbəbi rus rublunun dəyərdən düşməsidir. Asatryan hesab edir ki, Ermənistan iqtisadiyyatının orta templərlə inkişaf etməsi üçün illik transfer və investisiya artımının 10-15% təşkil etməsi vacibdir. O, orta templərlə dedikdə, 6-7%-lik inkişafı nəzərdə tutur.

Ekspertlər isə bildirirlər ki, dramın ucuzlaşması Rusiyanın üzləşdiyi sanksiyaların Ermənistan iqtisadiyyatına təsirinin ən parlaq və aşkar göstəricisi olsa da, yeganə əlaməti deyil. Mərkəzi Bankın dramın dəyərdən düşməsini önləmək məqsədilə "valyuta müdaxiləsi" vədilə çıxış etdiyi, milli valyutanın isə gündən-günə "ucuzlaşdığı" bir vaxtda Ermənistanın baş naziri "Nairit" kimya kombinatının əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib. Onların qəbul olunmasına səbəb hökumət binası qarşısında etiraz aksiyası keçirmələri olub. Baş nazir Ovik Abramyan kombinatın işçilərinə əməkhaqlarının ödəniləcəyi vədini verib. Baş nazir iddia edib ki, Ermənistan hökuməti "Nairit"in istismara verilməsi üçün bütün mümkün addımları atmağa hazırdır. Abramyan Dünya Bankının beynəlxalq ekspertlərinin bu məqsədlə zavodda araşdırma aparacaqlarını söyləyib. Lakin bir şey hər kəsə məlumdur ki, İrəvanda "Nairit"in "bərpası" ilə bağlı bütün ümidlər "Rosneft"ə idi. Bu şirkət yeni zavoda 400 milyon dollar investisiya yatırmaq vədi vermişdi. İndisə ekspertlər "Rosneft"in Ermənistana investisiya yatırmaq haqda düşünəcək halda olmadığına əmindirlər.

Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzinin direktoru Yevgeni Vinokurov da maraqlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, Avrasiya məkanındakı inteqrasiya proseslərilə əlaqədar, haqqında müsbət proqnozlar verilən Ermənistan iqtisadiyyatının inkişaf perspektivi müəyyən mənada təhrif olunub. O, bu təhrifin siyasi amillərlə əlaqədar olduğunu söyləyib.

Söhbət Qərbin antirusiya sanksiyalarından, buna cavab addımlarından, Rusiya rubluna təzyiqlərdən və s. gedir. Vinokurov bildirib ki, bütün bunlar dolayısı ilə Ermənistana, onun Avrasiyada inteqrasiya layihəsinin iştirakçıları ilə dövriyyəsinə öz təsirini göstərir. Bununla yanaşı, Vinokurov Ermənistanın Aİİ-yə qoşulmasına qarşı olanların mövqeyini də tənqid edib: "Bu, necə təsirsiz ötüşə bilər ki? Rusiya "Avrasiya üçlüyü"nün 87 faizi deməkdir, Ermənistan və Qırğızıstanın da qoşulmasından sonra isə 84 faizini təşkil edəcək". Əlbəttə ki, söhbət ittifaqın 5/6-ından gedirsə, bunun nəticələri olmaya bilməz. Burada inteqrasiya günahkardır? Ermənistandan danışırıqsa, o, hələ bu bloka qoşulmadan əvvəl də qaz üçün ucuz qiymət və almazlara ucuz tariflər əldə etmişdi. Başqa sözlə, Ermənistan hələ ittifaqa daxil olmayıb, konfetlər isə artıq masanın üzərindədir". 

Bəs, bu cür bəyanatlarla Ermənistanda getdikcə qızışan antirusiya əhvalının qarşısını almaq mümkün olacaqmı? 

Bu sual hələ ki, açıq qalır.



MƏSLƏHƏT GÖR:

623