25 Noyabr 2024

Bazar ertəsi, 23:35

ADİLƏ və ADİLİYA

Fransada yaşayan və bütün düynada məşhur olan Azərbaycanlı ifaçı Fransa və Azərbaycan şəhərləri arasında çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi təklifini irəli sürüb

Müəllif:

01.02.2011

Əslində, biz hamımız uşaqlıqdan gəlmişik. Həm də kökümüz sonradan dünyaya baxışımıza dönən xatirələrimizə bağlıdır. Sevgi və nifrətə, sevinc və kədərə dönmüş xatirələrimizə. Məhz uşaqlığımız sonradan bütün həyatımızboyu bizi izləyəcək, həlledici dominanta çevriləcək, daxilimizdə və ətrafımızda ahəng yaradacaq. 

 

Vunderkind qız 

Adilənin uşaqlığı xoşbəxt və ahəngdar olub. Onun nənəsi və babası, atası və anası, kiçik qardaşı, həmçinin, böyük Sovetlər  ölkəsində bütün uşaqların malik olduğu hər bir şeyi var idi. Ata tərəfdən babası Ağa Əliyev Şamaxıdan, məşhur seyidlər nəslindən idi. Ana tərəfdən babası isə Qarabağda hamının çox sevdiyi həkim idi. Qraf Konstantin Nikolayeviç Xudyakov Qarabağ camaatının tarixində sadəcə tarixi deyil, həm də əfsanəvi bir şəxsdir. Əvvəl Belçikada, sonra da Sankt-Peterburqda tibbi təhsil alan bu zadəgan bolşeviklər tərəfindən güllələnməyib və beləcə Qarabağa yeril əhalini müalicə etmək üçün göndərilib. 1933-cü illdə orada taun epidemiyası yayılıbmış. Növbəti xəstəsindən taun tutmuş həkim epidemiyanı yaymamaq üçün özünü yandırmalı olur. Ona görə də  sağ qalmış uşaqlarının və dul arvadının qayğısına doğma qardaşı  Nikolay Nikolayeviç Xudyakov qalıb. Onda o, Bakıda yaşayırmış, Dövlət Nəzarəti Komitəsinin sədri imiş və gözəl müğənni Xurşud Qacar ilə evlənibmiş. Qadın gözəl olmaqla yanaşı, həm də qeyri-adi imiş. Qacar şahlarının törəməsi olan bu qadının sovetləşmə illərində necə sağ qalması hələ də aydın deyil, həm də çoxlarının ağlına belə gələ bilməyən uğurlar da qazana bilibmiş. Məsələn, gözəl müğənni yaradıcılığına  malik olan xanım həm də  opera studiyasına çox məharətlə rəhbərlk edirmiş. Onun Nejdanova, Mayakovski, Sobinov kimi insanlarla dostluq əlaqələri varmış. Uzun illər bu münasibətlər məktublarla ünsiyyət şəklində davam edib. Nənəsi yanlış qan köçürməsindən ölməsəydi və anası ilə onu Nikolay Nikolayeviçlə  Xurşid xanım himayəyə götürməsəydi, bəlkə də Adilənin taleyi başqa cür olardı. Adilə xatırlayır:

- Məhz o - Xurşid xanım - məni musiqi məktəbinə apardı. Doğru və vicdanlı adam olduğundan, heç bir tərəfkeşliyə dözməzdi; elə qapının ağzındaca direktora dedi: «Əgər onun istedadı yoxdursa, qov! Başqasının yerini tutmamalıdır!».

Adilənin həmin vaxt 5 yaşı olub, amma eşitdiklərinə yetərincə ciddi yanaşıb. Onun anası qrafinya Nina Konstantinovna, peşəcə biokimyaçı olmasına baxmayaraq, musiqini çox sevirmiş. Dayısı ona mükəmməl, çoxtərəfli təhsil veribmiş, ona görə də onun həyata baxışı dar peşə maraqları ilə məhdudlaşmırmış. 

Bu sevgini öz iki övladına - Adilə və Nadirəyə də keçirib.  Xurşid xanım, yəqin ki, bir dəfə də olsun, onu musiqi məktəbinə apardığına görə peşmançılıq hissi keçirməyib. 

6 yaşındakı çıxışı Ümumittifaq Radiosu ilə  qeydə alınıb; onun ilk konserti isə Leo Ginzburqun idarəsi altında simfonik orkestri ilə olub, onda  yalnız 7 yaşı varmış. Möcüzə qız, fenomen qız!  Onun  haqqında "Dostluq melodiyası" adlı sənədli film də çəkilib, qız orada maestro Niyazinin dirijorluğu altında Şostakoviçin ikinci konsertini ifa edir. Bəs bu vunderkind qız uşağının həyatı sonra  necə inkişaf edir?

- Xüsusi heç bir şey baş vermədi. Musiqi və ifaçı olmaq  arzum var idi. Bu, normal hal və qəlbin ehtiyacı idi. Məni heç kim  məcbur etmirdi və buna yönəltmək istəmirdi. Sadəcə, ifaçılıqdan xoşum  gəlirdi...

- İfaçılıq ustalığını harada öyrənmisiniz? 

- Məncə, bunu öyrənmək mümkün deyil. Texniki baxımdan təkmilləşmək olar, amma insanın təbiətində olanlar yuxarılardan verilir. Taleyin sənə nə ayırdığını tam olaraq başa düşmək və anlamaq hər adama qismət olmur. Mənim bəxtim gətirdi. Tale məndə nəyisə görən və onu inkişaf etdirmək istəyən insanları qarşıma çıxardı. Həm Xurşid xanımı, həm də  musiqi məktəbindəkiləri... Mən Bülbül adına Bakı Musiqi Məktəbini bitirmişəm və P.İ.Çaykovski adına Moskva Konservatoriyasına daxil olmaq üçün getmişdim... 

- Moskva sizi necə qarşıladı?

- Əla! Mən konservatoriyanı da bitirdim və əlaçı diplomu aldım. Sonra orada da aspiranturanı bitirdim.

- Əla ilə?

- Əlbəttə. Yoxsa bəs orada nə işim var idi? Qohumlarımdan bir şey öyrənmişəm: əgər bir işin qulpundan yapışırsansa, onu ürəklə, həzz ala-ala və yetərincə təmiz eləməlisən. Hər şeyin məğzinə qədər varmalısan. 

- Bunlar da ananızın öyüdləridir?

- Həm də atamın. Bir də yəqin, bütün doğma adamların öyüdləridir. Anam həmişə yanımda olub. Həyat maraqlıdır/.  Müəyyən məqamlarda öyüd, arzu, nəsihət şəklində alınan bütün «dərslər» şüuraltına o qədər oturur ki, sən nəfəs kimi bu anlayışlarla yaşayırsan. Heç düşünmürsən ki, bunlar səndə haradandır...

Bu da doğrudur ki, bizim valideynlər həmişə bizimlədirlər. Görsək də, görməsək də. Nə vaxtsa onlar bizi qoyub gedirlər, sanki yiyəsiz qalırıq. Özümüzü müdafiəsiz hiss edirik. Onlarsız yaşamağın mümkün olmadığı dünya və gələcək qarşısında qalırıq. Adilə xanımın anası dünyadan 1976-cı ildə köçüb. Və peşəkar karyerası Moskvada uğurla alınmayan Adilə dərhal Bakıya  dönməli  olub. Ona elə gəlirdi ki, məhz bununla o özünü müdafiə olunmuş saya biləcək.  Deyirlər ki, doğma evdə divarlar da yardım edir. Qardaşı da belə hərəkət eləyib və Türkmənistandan geri qayıdıb. Adilə «Azkonsert»də işləməyə başlayıb. Sovet dövründə belə bir idarə var idi, konsertlərin, qastrolların və başqa tədbirlərin təşkili ilə məşğul olurdu. Qastrollar və konsertlər də çox olurdu. Peşəkarlıq baxımından bu çox yardım edirdi, təcrübə toplanırdı. Amma ən önəmlisi bəstəkar və dirijorlar özləri də onunla işləmək istəyirdilər. Çünki başqa ifaçılardan fərqli olaraq, o, əsərləri asanlıqla və sürətlə yadda saxlaya bilirdi və onları tamamilə müəllifin fikrinə uyğun şəkildə ifa edirdi. Buna iki gün sərf olunurdu!  Və bəstəkarlar onun bu qabiliyyətini çox qiymətləndirirdilər. 

-  Moskvaya sonrakı gedişinizin səbəbi nə idi? 

- Əlbəttə ki, yaradıcılıq; həm də peşəkar-dostluq əlaqələri. Qara Qarayev, Kabalevski, Rodion Şedrin, Kirill Volkov, Flyarkovski. Onlar məni geri qayıtmaq üçün dilə tuturdular. «Zvezdı Rossii» kamera ansamblının yaradılması perspektivləri yaradıcılıq imkanları baxımından çox maraqlı  idi, ona görə də razılaşmaya bilmədim. 

-  Həyatınzıda hansı yeniliklər oldu?

- Çox şey. Hamısını birdən xatırlamaq mümkün deyil.

- Ən önəmli və əsas hadisələri xatırlaya bilərsinizmi?

- Mən öz gələcək ərimlə - Ser-gey Bespalı ilə rastlaşdım. O, bəstəkar, dirijordur.

Çox ciddi və həddindən cazibədar qadın olan  Adilə xanım özü haqqında  çətinliklə danışırdı. Sanki durmadan təəccüblənirdi: burada danışmalı nə var ki?  Amma ümumiyyətlə danışmalı şeylər çox  idi. O, yeganə azərbaycanlıdır ki, Fransada keçiirlən beynəlxalq  pianoçular  müsabiqəsi  onun adı ilə bağlıdır. Qeyd edək Ki, bu müsabiqə 1998-ci ildən bu yana mütəmadi olaraq keçirilir və hər dəfə oraya dünyanın 40 ölkəsindən  təmsilçilər qatılırlar. O cümlədən Azərbaycandan da gəlirlər. O, Qara Qarayevin, Edison Denisovun, Boris Çaykovskinin, Rodion Şedrinin, Devid Bayersin (“Bi-Bi-Si” radiosunun musiqi departamentinin direktoru), Oqtay Rəcəbovun, Ramiz Mirişlinin, Azər Dadaşovun, Vaqif Mustafazadənin əsərlərinin ilk ifaçısıdır - bu, öz əsərlərini ona həsr etmiş bəstəkarların tam siyahısı deyil.

Avropa və Amerikanın müxtəlif ölkələrinin radio və televiziyasında, eləcə də auditoriyalarda çoxsaylı çıxış və yazıları, kompakt-diskləri - bütün bunlar soydaşımızın  ölkəmiz  üçün müsbət  obraz  formalaşdırılmasında  əvəzsiz xidmətləridir. O, qəlbinin səsini dinləyərək, öz xalqının musiqisini bütün dünyaboyu təbliğ edir. Həm də xoşbəxtdir ki, tale onun üçün belə bir imkan yaradıb. Adilə Əliyeva  BMT-də  (Cenevrə, Bern, Roma, Vatikan, Bakı, Finlandiya) Azərbaycan günlərinə həsr edilmiş konsertlər də  verib. Bu proqramlar beynəlxalq radio, TV, kompakt-disklərə və DVD-yə  yazılıb.

Fransa İnstitutunun və Zərif Sənətlər Akademiyasının kansleri Marsel Landovski göndərdiyi teleqramda yazırdı ki, “O, bizim yüzilliyin ən böyük pianoçularından biridir». Məhz buna görə də düynada onun  yaradıcılığına bu qədər tələb var. Nə vaxtsa Heydər Əliyev demişdi ki, incəsənət adamları  ölkəsini diplomatlardan daha çox təbliğ edə bilər. Çünki incəsənətin dili tərcümə tələb etmir və çox sürətlə öz məqsədinə çatır. 

Zaman bu deyilənləri təsdiq edir. Adilə Əliyevanın, Fransanın və dünyanın başqa ölkələrinin yüksək dövlət dairələrində çoxlu dostluq əlaqələrinə malik əri Sergey Bespalının vətənpərvərlik cəhdləri bizim dövlətlə  keyfiyyətcə yeni münasibətlər yaradılmasına yönəlib.  Belə ideyalardan biri də Azərbaycan və Fransa şəhərləri arasında çoxtərəfli münasibətlərin  qurulması ilə bağlıdır. Bir vaxtlar belə münasibətləri «qardaşlaşmış» şəhərlər adlandırırdılar. 

- Niyə Fransada yaşayırsınız? 

- İşləyirəm. Konsertlər verirəm, 200-dən çox radio və TV-də yazılışlar aparıram, Avropanın, Amerikanın, Asiyanın bir çox ölkələrində kompakt-disklər yazdırıram. Fransa və İsveçrədə fortepiano dərsləri verirəm.

- Avropaya necə getdiniz?

- Biz Fransanın Ansi şəhərinə konsert verməyə getmişdik. Konsertdə çıxışım şəhərin merinə və musiqi sənətinin sərrafı olan kommunikasiya nazirinə güclü təsir göstərmişdi. Nazir də mənə iş təklif etdi. 

Fransanın «Dofine Libere» qəzeti: «Adilə Əliyeva ilə hər şey qeyri-adidir, musiqi sanki ulduz kimi parıldayır. Onun  barmaqları dillərin üzərində zəriflik və ehtirasla sürüşərək,  kütlələrə istedadının alovundan qopan bir aləm bəxş edir».

«Belfast Teleqraf» (İngiltərə): «Adilə Əliyeva kimi peşəkar pianoçu ilə  bütün konsert  hazırkı çağdaş musiqi səviyyəsindən  də  yuxarı qalxmış oldu».

«İsveçrəyə musiqili revü»: «Məxməri barmaqlar”a  malik bu vulkanik artist qadın öz mövcudluğu ilə, hər şeyi yerindən oynadan tufanı ilə, gözqamaşdıran texnikası ilə hamını fəth edir və əsirinə çevirir».

Bu cür heyranlıq rəyləri və tərif epitetləri çox saydadır. Bizim dünya şöhrətli həmyerlimiz ən nüfuzlu  konsert salonlarında çıxışlar edir:  Parisdə Şatle Teatrı, Cenevrədə Viktoriya Holl, Danimarkanın Kopenhagen şəhərində Konsert Holl, Helsinkidə  Finlandiya Holl, Rotterdamda De Dolen konsert və konqres mərkəzi, Stokholmda Kral sarayı və digəriləri  bura daxildir.

- Dünyaca məşhur olmağı necə qiymətləndirirsiniz?

- Siz avtoqraflardan və küçədə tanınmaqdan danışırsınız?

- Yox. Dünya şöhrətinin gətirdiyi sosial imkanlardan danışıram...

- Sizin dediyiniz kimi, dünya şöhrəti çox qapıları açır. O cümlədən, yüksəkçinli dövlət adamlarının da qapılarını. Və əlbəttə, xaricdə yaşadığımız 20 il ərzində bizim isti münasibətlər qurduğumuz çox adamlar peyda olub. Bu bizə iki ölkə arasında, məsələn, ticarət sahəsində hansısa önəmli və perspektivli əlaqələrdən danışmağa imkan verir. Lazımi istiqamətdə danışıqlar aparmağı bacaran həmvətənlərimiz ilə onları görüşdürmək ölkəyə fayda vermək deməkdir. Biz buna çox ciddi yanaşırıq. 

O, Dünya Azərbaycanlıları Qurultayının iştirakçısıdır. Bu forumda iştirakından fəxrlə danışır. Bu, onun üçün  çox önəmlidir. Eləcə də dövlətin onun şəxsiyyətinə və yaradıcılığına diqqəti kimi. 

Birinci xanımın mənə  göstərdiyi diqqətdən çox ruhlandım. Cenevrədə olarkən  o məni  şəxsi söhbətə dəvət eləmişdi. Söhbət ciddi və maraqlı keçdi. Çox xoşbəxtəm ki, ərimlə  birlikdə  Avropada ölkəmiz üçün fayda verə bilirik. Mehriban xanımın şəxsiyyətinə, onun ağlına, zərif zövqünə, nəzakətinə sadəcə  heyranam. 

Adiliya - onu Avropa ölkələrində belə çağırırlar - fransızların milli xarakterinin özəlliklərindən danışır. Oxşar və fərqli cəhətlər tapır. Təfsilata vararaq, bir fikri qeyd edir ki, etibarı yalnız heç zaman öz sözündən dönməyən, prinsipial, vicdanlı insan qazana bilər. Dialoq üçün şəxsiyyətin özü və cazibəsi də önəmlidir. O, buna misal kimi,  iyun ayında adına keçirilən müsabiqəyə Azərbaycanın Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi   Mətanət xanım Bagiyevanın gəlməsini də göstərir. Final mərasimində onun çıxışı fransızlara unudulmaz hisslər bəxş etdi. 

Mətanət xanım şairanə çıxışı ilə fransızların qəlbini fəth etdi. Onun Şərq gözəlliyinə və nitqinin yumşaqlığına heyran qaldılar. 

- Yaxın zamanlara planınız necədir?

- Yaxın yarımildə İngiltərə, Polşa, Almaniya, Rusiya (Kazan), Finlandiya, İsveç və Danimarkada konsertlər nəzərdə tutulub. Orada dostum Vaqif Mustafazadənin əsərlərini ifa edəcəm.

- «Qardaşlaşmış şəhərlər» proqramının  reallaşması  ilə bağlı vətənpərvərlik təşəbbüsləri necə davam edəcək?

- Bununla paralel məşğul olacağıq. Bu cür çıxışlar inamsızlıq buzlarını əritməyə xidmət edir, bizim ölkəyə və onun mədəniyyətinə maraq oyadır. 

- Vətənə çoxdan gəlmirdiniz...

- Hə, lap çoxdan. Qrafikim  həddindən gərgin idi. Amma görürəm ki, şəhərim çox dəyişir. Düşünürəm, bu, İlham Əliyev hökumətinin  apardığı siyasətin  müdrikliyi ilə bağlıdır. Azərbaycanın fəxr etməyə, göstərməyə çox şeyi var. Elə sabah bura çox tanınmış  bir iş adamı gələcək. Birgə əməkdaşlıq barədə danışıqlar olacaq. Və mümkündür ki, bu səfər yeni münasibətlərin əsasını qoysun.

- Qardaşlaşmış şəhərlər ideyası necə ağlınıza gəldi?

- O mənim yox, Fransadakı səfirimiz cənab Elçin Əmirbəyovun ağlına gəldi. Ərimlə mənim Fransa rəhbərliyinin təmsilçiləri ilə dostluq münasibətlərimizin olduğunu biləndən sonra, o xahiş etdi ki, Fransa və Azərbaycan şəhərləri arasında əlaqələrin inkişafında yardımçı olaq. 

Adiliyə Əliyeva və Sergey Bespalı rəhbərliyində İsmayıl Ömərovun durduğu «İctimai» kanalın təmsilçiləri ilə Fransanın «TV 8 Mont blans» kanalının prezidenti, iri iş adamı cənab Paul Rivierin görüşünü də təşkil ediblər. 

Bu kanal «France monde» ilə birlikdə peyk vasitəsilə bütün dünyaya yayılır. Tərəflər müsahibə çəkilişləri aparıblar və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi ediblər. 

Kiçik kövrək qadın, qraf Xudyakovun nəvəsi  qarabağlıları bir zaman ölümcül xəstəlikdən xilas etmiş babası kimi bütün ailəsi ilə bu gün də xalqına sədaqətlə xidmət edir.


MƏSLƏHƏT GÖR:

684