18 May 2024

Şənbə, 09:57

SÜBH TƏRAVƏTİ ÖLKƏSİ

"R+"un komandası Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İNİN qonağı olub

Müəllif:

25.12.2014

Azərbaycanda məşhur deyimlərdən biri belədir: "Biz bir yerdə düz-çörək kəsmişik". Bu kəlamda dərin məna var və bu məsələyə Azərbaycanda çox böyük önəm verilir. "Çörək kəsmək" bizdə bəzən müqəddəs bir əmələ, ayinə bərabər tutulur. Hesab olunur ki, birlikdə "çörək kəsmiş" şəxslrər arasında xüsusi yaxınlıq yaranır, sanki onlar ümumi ibadət zamanı olduğu kimi, müəyyən enerji alırlar. Bizdə dərin kök atmış bu qədim ənənəni nəzərə alsaq, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnin bizi lütfkarlıqla evinə nahara dəvət etməsi məhz bu "ayin"ə bərabər tutula bilər.

Xoş söhbət, Koreya mətbəxi, adət-ənənələr. Bizim Sübh təravəti ölkəsindən olan diplomatın Azərbaycandakı mənzilində peyda olmamızda əsas məqsəd də elə bu idi. Bu, özünəməxsus "R+" desantı idi. Amma bizi desant adlandırmaq çətindir. Çünki bu məclisə dəvət almışdıq və özümüzü Bakıdakı kiçik Koreya guşəsində arzulanan qonaq kimi hiss edirdik.

Səfir Çoi Suk İn bizi evinə hələ avqustda "R+"a müsahibə verən zaman dəvət etmişdi. Koreyalıların mətbəxi, ənənələri, məişəti, adətləri haqda məqalə hazırlamaq imkanından yararlanmamaq günah olardı.

 

HVANYONHAMNİDA XOŞ GƏLMİSİNİZ!

Etiraf etmək lazımdır ki, əksər azərbaycanlılar üçün Koreya Respublikası bir qədər müəmmalı yer olaraq qalır. Əksəriyyətimiz Koreya istehsalı olan televizorları izləyir, bu ölkənin məişət texnikasına üstünlük veririk. Avtomobil hzəvəskarları Koreya istehsalı olan avtomobilləri sürür, gənclər taekvondo ilə məşğul olurlar. Bəs biz bu ölkə, onun sakinləri və ənənələri haqda nə bilirik? Demək olar ki, heç nə. Biz isə koreyalı səfirin dəvətini qəbul etdikdən sonra, Koreya Respublikasının, sadəcə, bizə avtomobillərin, soyuducuların, kompyuterlərin və s. gətirildiyi kapitalist ölkəsi olmadığını anladıq. Cənubi Koreya, ilk növbədə, yaxşı, elə bizim kimi, ailə-ənənələrinə hörmət edən, xeyirxah, hətta bir qədər xurafatçı insanların yaşadığı bir ölkədir. Onlarda böyüyə hörmət, sadəcə, söz xətrinə işlədilən fikir yox, həyat tərzidir. Günlərin birində koreyalı ilə tanış olsanız, onun dərhal sizdən yaşınızı soruşmasına təəccüblənməyin. Sizinlə rəftar zamanı etik sxemi müəyyənləşdirməsi üçün o, bunu mütləq bilməlidir.

Səfir Çoi Suk İnin evində hər şey son dərəcə sadə, aydın və hətta lakonikdir. Geniş qonaq otağında artıq heç nə yoxdur. Otağın interyeri Koreya və Avropa ənənələrinə uyğun qurulub. Ətrafda səfirlik əməkdaşlarının uşaqları qaçışırlar, lakin çox sakit şəkildə oynayırlar. Birdən uşaqlardan hansısa səsini qaldırarsa, sərt valideyn baxışı onun özünü yığışdırması üçün kifayət edir. Böyüyə hörmət, valideynə ehtiram koreyalıların tərbiyəsinin əsas prinsiplərindəndir. Bu, söhbətə başlaya biləcəyimiz ilk bənzərlik sayıla bilər. Amma bu arada artıq bizi Koreya mətbəxi ilə tanış etməyə başlayırlar.

 

KİMÇXİ KOSMOSDA DA KİMÇXİDİR

İqtisadi inkişafın, sənayeləşmənin insanları milli ənənələrdən uzaqlaşdırdığı hər kəsə bəlli olan həqiqətdir. Lakin bunu koreyalılar haqda söyləmək çətindir. Baxmayaraq ki, bu gün Cənubi Koreyanı iqtisadi möcüzələr yaratmış ölkə adlandırmaq olar. Onların təbəssümdolu üzlərinə, jestlərinə, davranışlarına nəzər yetirdikdə, ədəblərini, insanları razı salmaq cəhdlərini gördükdə, qarşınızdakının sənayenin yüksək səviyyədə inkişaf etdiyi ölkədən olduğunu unudursan. Söhbət zamanı koreyalılar heç vaxt qəti, barışmaz mövqe sərgiləmirlər. Bu, onların qarşıdakı insana hörmətindən, ünsiyyət zamanı harmoniyanı saxlamağı vacib saymalarından irəli gəlir. Koreya mədəniyyətində bu, yüksək qiymətləndirilir.

Koreyalıların öz mətbəxlərinə münasibəti milləti birləşdirən daha bir cəhətdir. Onlar üçün bu, ruhi qida ilə eyni cərgədə dayanır. Görünür, Koreya mətbəxinin ayrıca açılmış süfrəyə qoyulan əsas xörəyini bizə nümayiş etdirən səfirin jestləri məhz bu üzdən son dərəcə ehtiyatlı idi. Sanki biz sərgidə idik, diplomat isə əlində incəsənət əsəri saxlamışdı.

Bizim üçün hazırlanmış xörəklər, Koreya ölçüləri ilə desək, əsl, imperator masasını bəzəyən nemətlər idi. Burada çoxlu sayda müxtəlif çərəzlər - pançxanlar və müxtəlif xörəklər var idi: qarabaşaq əriştəsindən və soyutma yumurtadan hazırlanmış "mul nenmyon" şorbası, mandu (Koreya pelmeni), kimbap, yapon suşisinə bənzəyən Koreya lüləsi, totcorimuk, palıd qozasının nişastasından hazırlanan jele, tokttoki çaban (xırda doğranmış və ədviyyat vurulmuş mal əti), çan-çorim (saya sousunda qaynadılmış və müxtəlif ədviyyatlar vurulmuş mal əti), dəniz yosunlu krevetlər, samqetxan (pörtülmüş və düyü ilə doldurulmuş, jenşen, sarımsaq, duz-istiot vurulmuş cücədən hazırlanan şorba). Azərbaycanlılar, çətin ki, istənilən xörəyə müxtəlif soyalı souslar - kandjan, koçxudjan, pventjan əlavə etsinlər. Koreyalılar üçün isə bu, az qala, Allahların qidası sayılır.

Koreyalıların xüsusi həssaslıqla yanaşdıqları bir xörəyi ayrıca qeyd etmək lazımdır. Bu, kimçxi kələmidir. Əgər söhbət Koreya mətbəxindən gedirsə, ilk növbədə, yada kimçxi düşür. O anadək bu xörəyin yalnız adını eşitmişdik və kimçxi ilə "tanış olacağımız" anı gözləyirdik. Axı bu nədir? Bu, tərəvəzdən hazırlanan qəlyanaltıdır. Klassik formada turş, istiotlu kələmi xatırladır. Kimçxinin, ən azı, onlarca növü var. Koreyalılar dövlət bayraqları ilə yanaşı, bu xörəyi də Koreya Respublikasının əsas rəmzi sayırlar. Onların fikrincə, məhz kimçxi Koreyanı, onun mədəniyyətini daha yaxşı təcəssüm etdirir. Bu qəlyanaltının hazırlanması isə YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.

Kimçxi kələmi Koreyada o qədər populyardır ki, Koreya Aerokosmik Tədqiqatlar İnstitutu onu ilk koreyalı kosmonavtla birlikdə kosmosa göndərib, təbii ki, kosmonavt üçün qida qismində. Bunu bizə səfir deyir və süfrə arxasına dəvət edir. Bununla yanaşı, diplomat bildirir ki, əsl koreyalı evdar qadın bu xörəyin hazırlanması ilə bağlı bir neçə resept bilir. Onun sirləri nəsillərdən-nəsillərə keçir. 

- Cənab səfir, Koreya mətbəxinin kifayət qədər spesifik olduğu məlumdur. Bu və ya digər xörəyin hazırlanması üçün Koreyadan hansı inqrediyentləri gətizdirməli olursunuz?

 - Açığı, Azərbaycanda, demək olar ki, bizə lazım olanların hamısı tapılır. Biz, sadəcə, yeməyi fərqli formada hazırlayırıq (gülümsəyir). Amma hərdən bəzi dəniz məhsullarını, dəniz yosunlarını, krevet, palıd qozasının nişastasından hazırlanan jele və əriştə gətizdirə bilərik. Ümumilikdə isə bizə lazım olan hər bir məhsul burada var. Üstəlik, Azərbaycanda bütün meyvə və tərəvəzlər çox dadlıdır.

Koreyalılar üçün xörək yemək xüsusi ayindir. Onun öz qadaları və ənənələri var. Koreya mətbəxində porsların həcmi Azərbaycandakı ilə müqayisədə kiçikdir. Bununla yanaşı, masa üzərində ölçüsünə görə müxtəlif boşqablarda və piyalələrdə növbənöv xörəklər olur. Sən demə, masaya düzülmüş xörəklərin sayına görə məclisin hansı münasibətlə qurulduğunu da müəyyənləşdirmək olur: bu, ailənin ən böyük üzvünün ad günü, körpənin dünyaya gəlməsi münasibətilə məclis, yaxud hansısa bayram süfrəsi ola bilər. Koreyalılar xörəyi melxiordan hazırlanmış çubuqlarla yeyirlər. Lakin şəxsən bizim üçün masaya çubuqlarla yanaşı, çəngəl də qoyulmuşdu.

Koreya mətbəxində əksər xörəklərin əsas inqrediyentləri düyü, balıq, dəniz yosunları və bütün Asiya ölkələrinə aid olanlar öz ərzaqlarıdır. Amma koreyalılar çinlərdən, yaponlardan fərqlənirlər. Əgər Koreya mətbəxinin Çin və ya Yaponiya mətbəxi ilə eyni olduğunu iddia etsəniz, dərhal sizi bunun əksinə inandırmağa çalışacaqlar - Koreya mətbəxi daha sağlam mətbəxdir.

Həqiqətən də, Koreya yeməklərində yağ az olur. Azərbaycanın ənənəvi xörəkləri ilə müqayisədə, onların qidaları daha yüngüldür. Koreyada digər ölkələrlə müqayisədə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin azlığı, uzunömürlülük də bununla bağlıdır. Üstəlik, koreyalılar daha qamətli olurlar. Onlar çörək yemirlər. Tərəvəzlərdən badımcana, turpa, kökə, qarğıdalıya, lobyaya, həmçinin batata, qamışa, qıjıya üstünlük verirlər. Ət xörəkləri donuz və toyuqdan hazırlanır. Onların içərisinə isə bolluca sous vurulur. Amma bizdən ötrü - müsəlmanlar üçün xörək mal ətindən bişirilmişdi. Maraqlıdır ki, koreyalılar süd məhsullarından istifadə etmirlər.

- (Diqqətimizi səfirin metal çubuqlardan necə ustalıqla istifadə etməsi çəkir) Koreyada da Çin və Yaponiyada olduğu kimi, xörək çubuqlarla yeyilir. Amma koreyalılarda bu, dəmir çubuqlardır. Səbəb nədir?

- Çubuqlarla yemək ənənəsini yaponlar çinlilərdən götürüb. Daha sonra onu koreyalılar mənimsəyib. Bununla da çubuqlar Şərq süfrəsinin dəyişməz atributuna çevrilib. Çubuqla yemək incəsənətdir və onun öz tarixi, qaydaları var. Koreyalılarda bu, əsasən, metal çubuqlar olur. Məsələ ondadır ki, çubuqla yemək nəinki asan, həm də orqanizmə faydalıdır. Birincisi, bu zaman ovucuq əzələləri və vəzləri hərəkətdə olur. Onlar həzm sisteminin sinir ucluqları ilə əlaqəlidir. Bu əzələlərin və vəzlərin daim hərəkət etdirilməsi qidanın həzmini sürətləndirir, orqanizmi sağlamlaşdırır.

İkincisi, çubuqlarla yemək texnikası kiçik motorkanı inkişaf etdirir, bu üzdən də ona insanı kiçik yaşlarından öyrədirlər. Koreyalılar hesab edirlər ki, uşaq nə qədər erkən yaşlarından bu çubuqlarla yeməyə başlayarsa, ənənəvi Avropa alətlərindən istifadə edən həmyaşıdlarından həm zehni, həm də fiziki göstəricilərinə görə o qədər də üstün olurlar.

Koreyalıların xörəkləri son dərəcə özünəməxsusdur. Onların öz parlaq xarakteri var. Məsələn, azərbaycanlı səhər yeməyi kimi kimçxi yeməyi təsəvvür edə bilməz. Koreyalılar isə sevimli turşu kələmlərini sutkanın istənilən saatında yeyirlər: səhər, naharda və şam zamanı. Əksər əcnəbilərə onu bir kəlmə ilə xarakterizə etmək imkanı verilərsə, yəqin ki, onlar belə deyərlər: "acı". Bu, əsasən, onların əksər yeməklərə vurduqları döyülmüş qırmızı istiotla bağlıdır. Deyəsən, bizə yazıqları gəlmişdi: məclisdə xüsusilə acı olan xörəklərə rast gəlmədik. Amma masada istiot, əlbəttə ki, var idi. Dadı bizə müəyyən qədər uyğun olan toyuq şorbası xüsusilə yaddaqalan idi.

"Toyuq şorbası olan samqetxan bizdə Sambok bayramı zamanı hazırlanır. Bu, yayın ən isti günlərinə təsadüf edir. O, insanda gücü bərpa edir, bədənin hərarətini artırır", - deyə səfir danışır. - "Soruşacaqsınız ki, bu qədər isti havada qaynar xörək yemək nəyə gərəkdir? Koreyalılar qədimdən Şərq təbabətinə inanıblar. Bu təbabətə əsasən, isti günlərdə insanın bədəni qızışsa da, daxili orqanların hərarəti dəyişməz qalır. Bu səbəbdən də xəstəliyin, yorğunluğun qarşısını almaq üçün bədənin daxildən qızdırılmasına ehtiyac var. Samqexanı fermerlər isti yay günlərində tarlalarda yorulmamaq üçün yeyiblər".

- Cənab səfir, bəs Azərbaycan mətbəxində ən çox nəyi bəyənirsiniz?

- Artıq qeyd etdiyim kimi, Azərbaycanın meyvə və tərəvəzlərini çox bəyənirəm. Çox dadlıdırlar. Ümumilikdə isə Azərbaycanın regionlarına səfərlərim zamanı kabab və plova qonaq edilirik. Kababı çox xoşlayıram və o, xanımımın da çox xoşuna gəlir. Plova gəlincə, ona münasibətim xüsusidir. Çünki Koreya mətbəxində də düyüdən hazırlanan bir çox xörəklər var.

 

UZAQ, LAKİN YAXIN

Söhbətimiz davam etdikcə, mədəniyyət sahəsində ortaq məqamlar daha çox üzə çıxırdı. Koreyalı ilə azərbaycanlı uzun-uzadı nə haqda söhbət edə bilər? Bəlkə də bir çoxları təəccüblənəcək, amma cavab konkretdir: mövhumat haqda. Şübhəsiz, onların islam dini ilə heç bir əlaqəsi yoxdur. Amma cəmiyyətimizdə bunlar var. Sən demə, koreyalılarda belə hallar çoxdur. Söhbət zamanı məlum oldu ki, bizdə olduğu kimi, onlarda da qab boş olmamalıdır. Bu səbəbdən, koreyalılar kiməsə çanta, pul kisəsi və ya çamadan hədiyyə edirlərsə, mütləq içərisinə sikkə qoyurlar. Bu, hələ yalnız bir məqamdır. Koreyalılar kiçik uşaqlara, xüsusilə yaşı 1-dən az olan körpələrə güzgüyə baxmaq imkanı vermirlər. Hesab olunur ki, bu zaman uşaq qorxa, nəticədə onda pəltəklik yarana, daha pisi isə, o, ümumiyyətlə heç vaxt danışmaya bilər. Onlarda 1 yaşadək uşaqları nəzərdən qorumaq üçün körpəyə obereq geyindirirlər - bizim gözmuncuğu kimi. Bizdə olduğu kimi, koreyalılarda da iti alətləri hədiyyə etmək olmaz - bıçaq, qayçı, sancaq. İnanca görə, bu, düşmənçilik yaradır. Əgər kimsə kiməsə belə alət hədiyyə edirsə, əvəzində nəsə almalıdır. Bundan başqa, koreyalılarda bizdə olduğu kimi, qapının kandarında görüşmək olmaz. Ailədə ilk övlad gözlənilirsə, koreyalı kişi onun oğlan olmasını arzulayır. Bu maraqlı paralelləri dilə gətirdikdən sonra, mehriban ev sahibləri bir-birinə baxıb, başları ilə razılıq bildirdilər və eyni vaxtda gülüşdülər. Hər şey bizdə olanlara çox oxşardır. Sadəcə, koreyalılar bizdən xeyli təmkinlidirlər və tam fərqli mətbəxə malikdirlər.

- Yəqin ki, azərbaycanlıların Yeni İli Novruz Bayramında - yazda gecə ilə gündüzün bərabərləşdiyi gün qarşıladıqlarını bilirsiniz. Koreyalılar bunu Ay təqvimi üzrə fevralda edirlər. Bundan başqa, bizim oxşar geyimlərimiz də çoxdur.

- Bəli, doğrudur. Bizdə bu bayram Sollal adlanır. Maraqlıdır ki, bizdə olduğu kimi, sizdə də Yeni İl yaşlı qohumlara baş çəkmək ənənəsi var: nənələrə, babalara, dayılara və ya xalalara. Bayramlara hazırlıq xeyli əmək və xərc tələb edir. Bunun üçün ərzaq, hədiyyələr alınmalı, yarımçıq işlər yekunlaşdırılmalıdır. Bayram günü ailə üzvləri mütləq birlikdə olmalıdırlar! Həmin günlər zamanların və nəsillərin bir-biri ilə bağlılığı daha çox hiss olunur. Qədim dövrlərdə Koreyada belə bir inanc var idi ki, Yeni İldə dünyasını dəyişmiş əcdadların ruhları doğmalarına baş çəkir. Bayramdan əvvəlki günlərdə isə biz əsasən evlərin, mənzillərin səliqəyə salınması ilə, bayram xörəkləri və şirniyyatların hazırlanması ilə məşğul oluruq. Sollal günü mətbəxdə əlləşmək olmaz. Həmin gün üçün daha xoş məşğuliyyətlər var. Odur ki, masaya düzüləcək yeməklər əvvəlcədən hazırlanır.

Göründüyü kimi, aramızda bənzərliklər həddindən artıq çoxdur. Eyni şeyləri azərbaycanlılar Novruz Bayramı zamanı edirlər. Bəs uşaqların təhsilinə münasibət? Koreyalılar övladlarının yaxşı təhsil almaları üçün bütün var-dövlətlərini xərcləməyə hazırdırlar. Bununla yanaşı, onlar bir qayda olaraq, uşağın ona olan ümidləri doğruldacağına əmindirlər. Məsələ ondadır ki, koreyalıların daha bir milli xüsusiyyəti təhsilə həvəsdir. Onlar daim oxuyurlar. Koreyanın əksər sakinlərini oxumaqdan yalnız ölüm ayırır. 

- Koreya ictimaiyyətinin bütün adətlərinin, həmçinin nizam-intizam ənənələrinin bu gün heç bir dəyişikliyə məruz qalmadığını söyləmək olarmı? Məsələn, eşitmişik ki, Koreya məktəblərində dərsə qulaq asmayan uşaqlara fiziki cəza verilir.

- Düşünmürəm. Koreya məktəblərində belə cəza ləğv edilib. Bir çox ənənələr isə sadəcə yox olub. Ümumilikdə, bizdə uşaqların valideynlərə hörməti xüsusi yer tutur. Valideynlərin qayğısına qalmaq dövlətə münasibətdəki öhdəliklərdən daha vacib borcdur. Övladlardan hansısa nikaha girdikdən sonra belə, valideynləri ilə birlikdə yaşayır, onların qayğısına qalır (bizdə olduğu kimi - red.). Amma bu gün valideynlər övladlarına müqəddəs varlıq kimi yanaşırlar. Koreyada azyaşlı uşaqları çox liberal tərbiyə edirlər. 5-6 yaşına çatmamış uşağa çox şeyə icazə verilir. Uşaq çox nadir hallarda danlanır və demək olar ki, heç zaman cəzalandırılmır. Övlad 5-6 yaşına çatdıqda artıq ona münasibət dəyişir. Onu məktəbə hazırlamağa başlayırlar. Həmin andan liberallığı və nazla oynamağı yeni tərbiyə üsulu əvəzləyir - sərt, müəllimlərə hörmətə yönəlmiş tərbiyə. Bu zaman onlar, ümumiyyətlə, yaşa və statusa görə daha yüksəkdə olan hər kəsə hörmət etməyə öyrədilir. Amma son zamanlar bu tərbiyə üsulunda da müəyyən yumşalma hiss olunur.

- Görünür, bu tərbiyənin nəticəsidir ki, koreyalılar heç zaman valideynin razılığı olmadan qərar vermirlər. Məsələn, bu gün gənc koreyalı valideynlərinin razılığı olmadan ailə qura bilərmi?

- Əvvəllər, əlbəttə ki, bilməzdi. Amma bu gün həyat dəyişib. Belə sərt ənənələrə nadir hallarda rast gəlinir. Ümumilikdə isə gənc oğlan və qız ailə qurmazdan əvvəl valideynlərinin fikrini mütləq nəzərə alırlar.

- Bəs siz gələcək həyat yoldaşınızla necə tanış olmusunuz və toyunuz necə keçib?

- Biz dostlarımızın məclisində tanış olmuşuq. Sonra bir müddət aramızda ünsiyyət olub və sonda evlənmək qərarına gəlmişik. Toyumuz o dövrdə bütün koreyalıların toyu kimi - qədim və yeni adətlərlə keçib. Bu gün koreyalılar 2 toy edirlər. Köhnə adətə görə, kişi və qadın nikah mərasimində Koreyanın milli geyimi olan xanbok geyinir. Bu zaman bir sıra şərtlərə əməl olunur. Yenitipli toy isə restorantipli mərasim zallarında keçirilir. Qonaqlar hədiyyə kimi, məktub zərflərinin içərisində pul gətirirlər. Bəylə-gəlin isə müasir kostyum və ağ geyimdə olurlar.

Yeri gəlmişkən, koreyalıların milli ənənələrə hörmətini təsdiqləyən daha bir məqam, onların xanboka münasibətidir. Koreya səfirinin evində də bu, özünü parlaq şəkildə göstərir. Qonaq otağının divarında milli geyimdə olan kuklalar asılıb. Səfir kuklalara diqqətlə baxdığımızı gördükdə, onların əynindəki xanbokların kubarlarla kəndlilər arasındakı fərqi göstərdiyini söylədi. Amma bizim gözümüzdə onların hər birinin geyimi eyni dərəcədə parlaq və gözəl idi.

Səfirin son dərəcə mehriban insan olan xanımı Bakıya heyran olduğunu, paytaxtın küçələrini gəzməyi çox sevdiyini deyir. Onun mütəmadi olaraq mətbəxə baş çəkməsi isə xörəklərin hazırlanmasına şəxsən nəzarət etdiyini düşünməyə əsas verirdi. Onun qonaqlarına bu qədər hörmətlə yanaşması, rəğbəti bizə son dərəcə təsirli gəldi. Görünürdü ki, müasir koreyalılar nə qədər sərbəst olsalar da, Koreyanın bu yaxınlarda seçilmiş yeni prezidentinin qadın olduğunu vurğulamaq kifayətdir, ailə başçısı yenə də kişidir. Şübhəsiz, ailədə və insanlar arasında kişi-qadın iyerarxiyası hiss olunur. Bu, Azərbaycan ailələrində də müşahidə olunan daha bir haldır.

Biz həqiqətən oxşarıq. Bu, ilk baxışdan təəccüblü görünsə də, koreyalı diplomatın evində olduğumuz müddətdə belə düşünməyə kifayət qədər əsasın olduğunu gördük. Ümumiyyətlə, Şərq insanı nədən bir-birinə bənzər olmamalıdır ki? Başqa Şərq millətinin həyatını təşkil edən reallıqlara nəzər saldıqda, əvvəlcə bizə "qeyri-adi" və "sirli" gələn bir çox məqam məntiqli görünməyə başlayar. Bir-birimizlə yaxınlaşandan sonra isə onlar da biz azərbycanlıları daha yaxşı başa düşməyə başlayacaqlar.

Hələliksə, bizə yalnız çoxlu müsbət təəssüratlarla ayrıldığımız bu evin sahiblərinə keçirdiyimiz gözəl günə görə minnətdarlıq etmək qalır...

 

 

PRİORİTET SAĞLAMLIQDIR

Azərbaycanlıların diqqət yetirməli olduqları məqamlar var. Koreyalılar dünyanın ən uzunömürlü xalqlarındandırlar. Onlar buna, əsasən, yağsız qidalanma ilə, idmanla nail olublar. Əlbəttə, koreyalıların heç də hamısı yalnız meyvə-tərəvəz yeyib mütəmadi olaraq idmanla məşğul olmur. Amma bu ölkədə bir nömrəli prioritet sağlamlığın qayğısına qalmaqdır.

 

NƏDƏN SÜBH TƏRAVƏTİ ÖLKƏSİ? 

Sən demə, bu obrazlı ifadə "Çoson"dan - Koreyanın son krallığının adından gəlir. "Ço" səhər, "son" işıqlı deməkdir. "İşıqlı səhər" düyü tarlaları üzərinə yüksələn, dağların üzərindəki dumanı "qovan" günəşin, sübh sakitliyi və rahatlığının ifadəsidir. Bu vaxt insanlar təmiz hava udur, enerji toplayır və özünü dinamik Koreya həyatında yeni iş gününə hazırlayır 



MƏSLƏHƏT GÖR:

677