19 May 2024

Bazar, 16:53

TAMAŞAÇI RƏĞBƏTİNİN "KADRARXASI"

Azərbaycan televiziyalarında müsbətə doğru dəyişikliklər mümkündürmü?

Müəllif:

20.01.2015

Məşhur "Moskva göz yaşlarına inanmır" filmində qəhrəmanlardan biri deyirdi: "Yaxın zamanlarda heç nə qalmayacaq - nə kino, nə teatr, nə kitab: yalnız televiziya...". Bu "yaxın zaman" çoxdan gəlib və gedib. Televiziya müəyyən mənada artıq qocalıb, amma yenə də informasiya texnologiyaları qarşısında mövqelərini əldən vermir. O, qocalsa da, dünya miqyasında xeyli irəli gedib. Bu gün televiziya KİV arasında ən kütləvi vasitə olaraq qalır. O, digər KİV-in təsirindən kənarda qalan əhali təbəqəsini belə, əhatə edir.

 

Qüdrətli televiziya

Bəs digər kütləvi informasiya vasitələrinin də olduğu hazırkı dövrdə belə, TV-nin cəmiyyətdəki rolu nədən bu qədər yüksəkdir? Televiziya sahəsində ekspertlər bildirir ki, televiziya auditoriyasını təşkil edən müəyyən insanlar toplusunun formalaşmasının kökündə o dayanır ki, müəyyən sayda insan şüurlu olaraq bu və ya digər verilişi seçir. Televiziyanın vəzifəsi - hər kəsdə hər şeyin iştirakçısı olduğu haqqında təsəvvür formalaşdırmaqdır: auditoriya üçün ümumi olan dəyərlərin gücləndirilməsi, eyni zamanda, cəmiyyətə münasibətdə destruktiv olan tendensiyaların qarşısının alınması. Bu vəzifə Azərbaycan televiziyasına da aiddir.

Bu gün Azərbaycanda televiziyanın dünyadakı tendensiyalarla ayaqlaşdığını söyləmək mümkün deyil. Lakin Azərbaycan televiziya tarixinin nisbətən az olduğunu yaddan çıxarmaq da olmaz. Azərbaycan Dövlət Televiziyası yayıma 1956-cı ildə başlayıb. Şübhəsiz, sovet ideologiyası televiziyanın inkişafına öz təsirini göstərib. Söhbət yalnız onun informasiya tərəfindən yox, həm də əyləncəli mədəni-maarifləndirmə verilişlərindən gedir. SSRİ-nin süqutunun başlanğıcı olan, eyni zamanda, TV-nin inkişafını əngəlləyən 1988-ci il hadisələri isə Azərbaycan ərazisindəki yayım şəbəkəsinin müəyyən qədər dağılmasına, tənəzzülünə səbəb olub. 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra, keçmiş Sovet İttifaqının mərkəzləşdirilmiş yayım şəbəkəsindən müstəqil milli radio və televiziyanın formalaşdırılması və inkişafı istiqamətində addımlar atılmağa başlanıb. Azərbaycan televiziyasının müstəqil şəkildə formalaşması dövrü də o vaxtdan başlayıb.

90-cı illərin sonlarından başlayaraq, Azərbaycanda müstəqil telekanalların yaradılmasına start verildi. Məhz həmin illərdə çoxları üçün ənənəvi olan sovet televiziyası dövrü bazar iqtisadiyyatına keçidlə bərabər, arxada qaldı. Bu, həm də informasiyanın özünün təbiətindəki dəyişikliklərlə, informasiya texnologiyalarının inkişafı, məlumatların çoxalması və sürətlənməsi ilə əlaqədar idi. Ölkədə ictimai-siyasi quruluş dəyişdi, plüralizm meydana çıxdı, reklam bazarı formalaşmağa başladı. Amma təəssüf ki, müstəqillik illərinin televiziyanın ciddi şəkildə inkişafına yol açdığını söyləmək mümkün deyil. Bu sahədə əldə olunmuş müəyyən uğurlar saysız-hesabsız çatışmazlıqların arasında itib-batır.

Obyektiv reallıqlardan çıxış etsək, gərərik ki, milli televiziyadakı böhran yaxşı TV-nin əsasını təşkil edən bir sıra funksiyaların axsaması ilə bağlıdır. Milli televiziyada çatışmayan yalnız baxımlılığın az olması deyil. Televiziyada maarifləndirici, bilikartıran, analitik verilişlərin sayı çox azdır. Əvəzində, rəngarəng həftəbecərlər, əyləncəli çürükçülük, realiti-şoular və buna bənzər keyfiyyətsiz məhsullar kifayət qədərdir. İstər ayrı-ayrı verilişlərin, istərsə də informasiya buraxılışları aparıcılarının peşəkarlıq və intellekt səviyyəsinin aşağı olması da diqqətdən yayınmır. Bəzi telekanallarda praym-taym zamanı, televizorların qarşısında psixologiyası hələ möhkəmlənməmiş uşaqların da əyləşdiyi saatlarda şou-biznes təmsilçilərinin ağzından açıq bazar söyüşləri yağır. Yaşlı nəsil sovet dövrünün teleproqramlarını yaxşı xatırlayır - o vaxt teleekranda nə sərbəst geyim, nə sərbəst poza, nə də nitqdə yanlışlığa yol verilirdi. O dövrdə diksiyaya, danışıq bacarığına görə seçim qaydaları son dərəcə sərt idi. İndi isə telekanallarda nitq qüsuru, üslub problemləri olan kifayət qədər aparıcıya rast gəlinir. 

Yaşlı nəslə aid tamaşaçıların müəyyən qismində bütün bunlar senzuranın bərpası arzusunu yaradır. Onlar hesab edirlər ki, "ekranlarda bu cür biabırçılıqlara yol verilməməsi", həmçinin bilik artıran verilişlərin sayının çoxalması üçün məhz senzuraya ehtiyac var. Bəs hər şey ilk baxışdan göründüyü qədər sadədirmi?

 

Cəmiyyət və bazar

Bəli, bu gün milli televiziyanı hər kəs tənqid edir. Lakin ATV telekanalının prezidenti Vüqar Qaradağlının yerli KİV-dən birinə müsahibəsində dediyi kimi, televiziyanın problemlərinə cəmiyyətin problemlərindən kənar yanaşmaq olmaz. "Televiziyaya gülənlər bütünlükdə cəmiyyətə gülür. Televiziya cəmiyyətin məhsuludur. Bu, güzgüyə baxıb özü-özünə gülməyə bənzəyir. Biz buyuq. Odur ki, televiziyaya cəmiyyətdən ayrı, ictimai proseslərdən ayrı baxmaq özü yanlışdır", - deyə o, qeyd edib. 

V.Qaradağlının fikrincə, hazırda bu istiqamətdə mövcud olan əsas problemlərdən biri televiziya sahəsində ali təhsil ocağının olmamasıdır. "Ümumilikdə, televiziyanın əsas problemi onun maarif bazasının olmamasıdır. İxtisaslaşmış kadrlar yoxdur. Bizdə sadə operatorları belə hazırlayacaq təhsil müəssisələri yoxdur. 100-dək operator ixtisası var, bizdə onlardan heç biri hazırlanmır. Operatorları toy məclislərindən yığır, onlara hazırlıqlar keçir, bu işin incəliklərini öyrədirik. Bu bizim reallığımızdır".

İntellektual kontentə gəlincə, V.Qaradağlı bu gün belə verilişlərin dövlət tərəfindən dotasiya alan telekanallarda efirə çıxdığını bildirib. Söhbət İctimai Televiziyadan və Dövlət Televiziyasından gedir. Çünki dövlət büdcəsindən maliyyələşən telekanallar cəmiyyətin intellektual inkişafı ilə məşğul olmağa borcludurlar. "Onlar sanki lokomotivdir. Dövlət vəsaiti hesabına cəmiyyəti arxalarınca çəkməlidir. Bizə gəlincə, bazarla sıx bağlıyıq. Bu mənada, bizim əllərimiz bağlıdır", - deyə ATV-nin prezidenti qeyd edib.

 

Reytinq yarışı

Milli Televiziyanın "kulisarxası" əsasları haqda isə "R+"a televiziya sahəsində ekspert, jurnalistika müəllimi Zeynal Məmmədli danışıb. O bildirir ki, azad bazar iqtisadiyyatı şəraitində kanal rəhbərliyi öz strategiyasını, proqramlarını, verilişlərinin formatını müstəqil şəkildə müəyyənləşdirir. Çünki kanalların əldə etdikləri gəlirin böyük bir hissəsi reklam yayımındandır. Ən çox reklam isə məhz reytinqi yüksək kanallara verilir. Reytinq yarışına gəlincə, telekanallar tamaşaçı uğrunda sanki şiddətli müharibə aparırlar. Bu bazarın seqmentləşdirilməsi həyata keçirilir və kanallar xəbər buraxılışları istisna olmaqla, bütün məhsullarını özləri istehsal edə bilmirlər. Nəticədə, onlar reytinqli verilişlərin hazırlanmasını yerli və ya xarici prodakşn şirkətlərinə həvalə edir, yaxud məşhur xarici şou-proqramların yayımı üçün lisenziya əldə edirlər.

Paradoksal vəziyyət yaranır - bir tərəfdən, telekanallar tamaşaçıları ələ almaq üçün hər şeyə hazırdırlar, ona məmnuniyyətlə qəbul edəcəyi proqramlar təqdim etməyə çalışır, digər tərəfdən, tamaşaçı bu seçimə və efirə təsir etmək imkanına malik olmadan, ona təqdim olunanı həzm etməlidir. Son reytinqlərə əsasən, yerli telekanallara əhalinin 10-17%-i baxır; onların arasında yaşı 36-dək olanlar cəmi 30% civarındadır. Əgər bir gündə televiziyaya yalnız 102 min nəfər baxırsa, onların əksəriyyəti yaşlı insanlardır. Gənclər və ofis işi ilə, zehni işlə məşğul olan insanlar informasiyaya olan tələbatını İnternet vasitəsilə ödəməyə çalışırlar. Bununla yanaşı, yerli telekanallarda yayımlanan verilişlərin məzmununa əsaslanaraq, əsas tamaşaçı qrupunun evdar qadınlar və pensiyaçılar olduğunu düşünməyə vərdiş etmişik.

 

Requlyasiya mümkündürmü?

Ortaya sual çıxır: əgər hər hansı kanal yüksək reytinqə malikdirsə, nədən onun üçün kvota müəyyənləşdirilməsin? Bu yolla həmin telekanalın yayımladığı verilişlərin bir hissəsinin əyləncəli, bir hissəsinin isə informasiya və bilik artıran proqramlar olmasına nail oluna bilməzmi?

Kvota anlayışı sovet meyarlarına daxildir. Bazar şəraitində heç bir kvota və məhdudiyyət olmamalıdır. Amma keçmişin qalıqları hələ də var. Məsələn, telekanallar müəyyən sayda informasiya proqramı yayımlamağa borcludurlar; tamaşaçının tələbatından asılı olmayaraq, çəkilmiş verilişlər efirə verilir və s. Bununla yanaşı, ciddi müvəffəqiyyət qazanması üçün kanallardan həm verilişlərin hazırlanmasında, həm də efirdə yüksək çeviklik tələb olunur. Bəs sözün yaxşı mənasında, senzura necə olsun? Ekspert deyir ki, "yaxşı mənada senzura" anlayışı nonsesdir və onun müsbət olacağını düşünmək sadəlövhlük olardı. Amma biz yanaşmanı dəyişə, senzuradan yox, əsl peşəkarlıqdan, yüksək səviyyədən danışa bilərik. Bu halda səviyyəsi aşağı olan iş görülməyəcək. Lakin bu zaman dilin keyfiyyəti, jurnalits etikası, təqdim olunan məhsulun formatı kimi məsələlər gündəmə gəlir. Bu problemlərin həlli üçün isə necə deyərlər, problemin kökünə baxmaq, məsələyə sistemli şəkildə yanaşmaq, televiziya məktəbi formalaşdırmaq tələb olunur. Bu fikirlə V.Qaradağlı da razıdır.

 

Çıxış yolu nədədir? 

Dövlət tərəfindən maliyyələşdirilən telekanallar istisna olmaqla (AzTV və İctimai Televiziya - onların dövlət büdcəsindən aldıqları məbləğ regiondakı bütün kanallarla müqayisədə daha çoxdur), qalanları reklam hesabına fəaliyyət göstərir. Bu kanallarda çalışan jurnalistlərin əməkhaqları, qonorarları bir qayda olaraq, o qədər də yüksək deyil - müvafiq olaraq, onlarda inkişaf üçün xüsusi stimul yoxdur. Bundan başqa, normalda verilişin prodüserinin işinə heç bir müdaxilə olmamalıdırsa, bizdə bu, təəssüf ki, belə deyil. Efirə nəyin gedəcəyini hələ də keçmişdən qalmış xidmət rəhbərləri və redaktorlar təsdiqləyirlər. Verilişlərin prodüserləri ciddi təzyiq altındadırlar. Bu səbəbdən də onların özlərini sığortalamaq istəyi efirə kifayət qədər kreativ məhsulların çıxmasını əngəlləyir. Bu təzyiqin daha bir göstəricisi bizdə TV-də əvvəlcədən çəkilmiş verilişlərin sayının çoxluğu ilə bağlıdır. Məntiqlə birbaşa yayımlanan verilişlərin sayı daha çox olmalıdır. Üstəlik, onlar əvvəlcədən çəkilən verilişlərlə müqayisədə xeyli ucuz başa gəlir. Lakin gözlənilməzliklər qarşısında qorxu o qədər çoxdur ki, hətta əyləncə verilişləri belə, efirə əvvəlcədən lentə alınaraq verilir. Azərbaycan telekanallarında canlı yayımla əksər hallarda korrektəyə ehtiyacı olmayan verilişlər nümayiş olunur - şou-biznes "ulduzlar"ının davası və münasibətləri.

Beləliklə, telekanallar öz formatlarını, verilişlərini seçməkdə sərbəstdirlər. Dövlətin özəl kanallara senzura tətbiq etməsi, onların işinə qarışması yolverilməz olsa da, telekontentin səviyyəsinin yüksəldilməsi üçün bəzi tədbirlər görülə bilər. Nəzərə alsaq ki, telekanallarda yayımlanan bütün verilişlər reklam əldə edə bilmək məqsədilə reytinqdən asılı haldadır, dövlət özəl biznesi bilik artıran, maarifləndirici, analitik verilişlərə reklam verməyə stimullaşdıra bilər. Buna müxtəlif yollarla nail olmaq mümkündür. Misal kimi, güzəştli vergitutmanı göstərə bilərik. Ümumi kommersiyalaşma şəraitində yerli televiziyanın səviyyəsini yalnız dolayı tədbirlərlə bir qədər qaldırmaq mümkündür. 


MƏSLƏHƏT GÖR:

655