19 May 2024

Bazar, 23:10

FƏLAKƏTİN BİR ADDIMLIĞINDA

Azərbaycan Ermənistanın işğal etdiyi Sərsəng su anbarı ilə bağlı problemin həllində beynəlxalq yardıma ümid bəsləyir

Müəllif:

20.01.2015

Dağlıq  Qarabağda Ermənistanın işğalı altında qalan Azərbaycanın Sərsəng su anbarında qəza təhlükəsi ilbəil aktuallaşır. İşğalçıların, heç olmasa, hər hansı adi  təmir-bərpa işləri həyata keçirmək arzusunda olmamaları, buna həm də maddi vəsaitlərinin çatmaması kimi bəhanlər nəticədə anbarın, demək olar ki, tamamilə məhvnə gətirib çıxarıb. Ən kiçik qəza baş verəcəyi halda, ətraf rayonların minlərlə sakini su altında qala bilər. Lakin işğalçıları bu narahat etmir. Bundan başqa, zaman-zaman erməni tərəfi su anbarının partladılması ilə bağlı hədə-qorxular gəlir. Ümidverən yeganə məqam - ötən il Avropa Şurasının məsələ ilə bağlı məruzəçi təyin etməyə razılıq verməsi olub. Bəlkə də hesabatdan sonra məsələ ölü nöqtəsindən tərpənə bilər. Qeyd edək ki, hələ 2014-cü ilin 6 aprel tarixində Avropa Şurasının İcraçı Komitəsi Sərsəng su anbarına dair qətnamə layihəsini nəzərdən keçirmək barədə qərar qəbul edib. Layihəni Milli Məclisin deputatı Elxan Süleymanov təqdim edib və 14 Avropa ölkəsinin deputatı imzalayıb. Erməni lobbisinin Sərsəng su anbarının vəziyyətinə dair qətnamə layihəsinə mane olması və onların ətraf rayonların sakinlərinə yaratdıqları təhlükə ucbatından, bu mərhələni keçmək mümkün olmurdu. Lakin bu dəfə İcraçı Komitə sənədi AŞPA-nın sosial komitəsində müzakirə etmək qərarına gəlib və məsələ ilə bağlı artıq məruzəçi təyin edilib. O, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçdir. 

Bu məruzə Azərbaycanın sərhədyanı rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər, Yevlax) 400 min nəfərdən artıq əhalisinin  Sərsəng su anbarının 25 ildir işğal altında olduğuna görə üzləşdiyi su çatışmazlığı və digər ciddi humanitar, iqtisadi, ekoloji və bioloji təhlükəyə ilk dəfə toxunacaq. Ötən ay Milisa Markoviç Azərbaycana səfər edib və bir sıra görüşlərdə olub, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla da görüş keçirib. Nazir görüş zamanı bildirib ki, Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yubadılması nəinki bu regionun sosial-iqtisadi inkişafını ağırlaşdırır, həmçinin respublikanın sərhədyanı rayonlarının ekoloji vəziyyətinə mənfi təsir göstərir", - deyə E.  Məmmədyarov bildirib.  M.Markoviç məruzənin əsas hədəfinin Sərsəng su anbarı, Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacağını qeyd edib.

Hansı problemlərdən söhbət gedir? İlk növbədə, qeyd edək ki, Sərsəng bəndinin hündürlüyünə görə bugünkü gündə təkcə Qarabağda deyil, eləcə də Avropada ən hündür su anbarıdır. İşğala qədər su anbarı Azərbaycanın 6 rayonunda (Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi) yerləşən 100 min hektara qədər torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Bu gün isə o, terrorçuların əlində qorxulu silaha çevrilib. Qəza olacağı halda, (nəzərə alsaq ki, burada artıq 25 ildir heç bir təmir işləri aparılmayıb, ona görə də bu, tamamilə mümkündür)  regionun yüzdən çox sakininin əziyyət çəkəcəyi, əsl ekoloji fəlakət yaranacağı qaçılmazdır. Bununla yanaşı, Sərsəng su anbarının su resurslarının düzgün bölüşdürülməməsi torpağın duzlaşmasına, səhralaşmasına, məhsulun həcminin azalmasına gətirib çıxarıb.

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) layihəsi çərçivəsində aparılan araşdırmalara görə, su qıtlığı ətraf rayonların təsərrüfatlarına ciddi təsir edir. Araşdırmalar, həmçinin göstərib ki, bu su anbarından daxil olan zərərli maddələr insanların sağlamlığına mənfi təsir göstərir, infeksiya xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.

Bu onunla bağlıdır ki, obyekt terroristlər tərəfindən nəzarət olunan ərazidə yerləşir və burada monitorinqlər keçirmək mümkün deyil, təbiət-mühafizə nəzarəti də o cümlədən.

Torpaqların işğalı və Sərsəng su anbarının blokadası regionun demoqrafik vəziyyətinə artıq ciddi təsir göstərib. Kənd təsərrüfatına yararlı olan və içməli suyun olmaması yerli sakinlər üçün iqtisadi, sosial və hətta psixoloji problemə çevrilib. "Təcavüzkar ölkə qışda Sərsəng su anbarından suyu açır. Anbarın suyu torpaq əraziləri basır və yolları dağıdır. Yayda - insanların və kənd təsərrüfatının suya xüsusi ehtiyac duyduğu vaxtda suyun qarşısını alırlar. Bunun nəticəsində işğal illəri ərzində Azərbaycanın kənd təsərrüfatına, həmçinin əkin sahələrinin suvarılmasına ciddi ziyan dəyib. Bitki aləmi məhv edilib, torpaqların bioloji strukturlarında  bərpaolunmaz proseslər gedib, bioloji müxtəliflik ciddi təhlükə ilə üzləşib", - deyə Azərbaycanın AŞPA-dakı nümayəndəsinin üzvü Elxan Süleymanov bildirib.

Bu gün regionda təmiz suyun ciddi çatışmazlığı müşahidə edilir. Kəndlilər artezian quyuları qazmaqla bunun qarşısını almağa çalışırlar. Lakin bu quyular sayəsində su məhsuldarlığa mənfi təsir göstərir və torpağın şoranlaşma prosesini sürətləndirir. Bundan başqa, fövqəladə hallar zamanı su anbarı ərazisində yerləşən nəinki orta əsrlərə və müasir dövrə aid abidələr, habelə eramızdan əvvəlki dövrə aid olan kurqanlar da məhv olacaq. 

Yeri gəlmişkən, ötən il sərhədyanı regionlara səfərindən sonra, ATƏT-in Minsk qrupunun amerikalı həmsəri Ceyms Uorlik "Twitter" hesabında Sərsəng su anbarının şəklini yerləşdirərək yazmışdı: "Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə etməyi bacarsaydılar, bu, müsbət addım olardı". Məsələ ilə bağlı Azərbaycan tərəfi dərhal reaksiya verərək bildirmişdi ki, işğalçılarla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz - hətta mümkün fəlakət təhlükəsi qarşısında belə. Ona görə də beynəlxalq vasitəçilər Sərsəng su anbarı ilə bağlı problemlərin daha məntiqli, haqlı, kəsərli, ən əsası, daha təsirli həll yollarını düşünsələr, yerli sakinlərə daha çox kömək etmiş olarlar.

 

 

BİZİM ARAYIŞ

Sərsəng su anbarı 1976-cı ildə həmin dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin göstərişi ilə Tərtər çayı üzərində, Ağdərə rayonu ərazisində inşa edilib. Su anbarının ümumi su tutumu 560 mln. kubmetr təşkil edir. Sahil xəttinin uzunluğu 50,25 km, bəndinin hündürlüyü 125 m, uzunluğu 555,1 m, üstdən eni isə 10,2 m-dir. Həmçinin anbarda hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hazırda su anbarı Ermənistanın işğalı altındadır.


MƏSLƏHƏT GÖR:

580