19 May 2024

Bazar, 20:11

HƏR METRƏ GÖRƏ

Əmlak və torpaq vergilərinin yeni sistemi fiziki şəxslər üçün sərfəlidir, həmçinin bələdiyyələrin də büdcəsini dolduracaq

Müəllif:

20.01.2015

Neftin dünya qiymətlərinin nəzərəçarpacaq dərəcədə azalması gələcəkdə dövlət gəlirlərinin, habelə ehtiyat fondların yığımlarının dinamikasına mənfi təsir göstərə bilər. Mümkün neqativi qabaqlayaraq, hökumət 2015-ci il dövlət büdcəsinin əlavə mənbələr hesabına gəlir hissəsinin doldurulmasına yönəlmiş bir sıra tədbirlər qəbul edir. Bu istiqamətdə atılan addımlardan biri də ötən ilin sonunda Milli Məclisin qəbul etdiyi Azərbaycan Vergi Məcəlləsinə (VM) dəyişikliklər paketi oldu.

Bu dəyişikliklər əsasən vergi sahəsini dolayı tənzimləyən maddələrə toxundu. Belə ki, cari ilin 1 yanvar tarixindən Vergilər Məcəlləsinə dəyişikliklər paketi çərçivəsində bir sıra əmtəə mövqeləri üzrə - avtomobil və yaxta, qızıl, platin və brilyantın idxalına da aksiz vergisi artırıldı. Həmçinin yerli alkoqol və tütün məhsullarının da aksiz vergisi qaldırıldı. Vergilər Məcəlləsində daha önəmli dəyişikliklər əhalinin geniş təbəqəsinə toxunan əmlak vergisi sahəsini əhatə edib. Söhbət, əsasən, cari ilin yanvar ayında qüvvəyə minmiş fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı yeni qaydaların tətbiqindən gedir. Demək lazımdır ki, bizim vaxtda dünyanın, demək olar ki, bütün dövlətlərində daşınmaz əmlak sahiblərinə fiskal yığımın bu və ya digər sistemi tətbiq edilir. Ötən əsrin 90-cı illərində müstəqillik əldə etmiş Azərbaycan əmlak və torpağa vergi qoyub. Fiziki şəxslərin əmlak və torpağına qoyulan fiskal yük yerli vergilərə aid edilir və onların yığımını yerli özünüidarə orqanları - bələdiyyələr həyata keçirir. Lakin uzun müddət bu strukturlar yerli büdcəyə toplanmış və ödənilmiş vergilərin vahid hesablama sisteminin yaradılması ilə bağlı problemlər yaşayırdılar, vergitutma bazası və vergiödəyiciləri haqqında dəqiq məlumatlar yox idi. Bu nizamsızlıq əmlak və torpağa olan fiskal yığımların ödənişindən yayınmanın çoxsaylı faktlarına gətirib çıxardı. Bələdiyyə vergilərinin yığımı mexanizmini köklü şəkildə yenidən təşkil edən təsirli addım, dövlət başçısının 2014-cü ilin avqustunda Vergilər Məcəlləsinə təsdiq etdiyi düzəlişlər oldu. Yeni qaydalara görə, bundan sonra fiziki şəxslər əmlak və torpaq vergisini onların sahəsindən asılı olaraq ödəyəcəklər. Bu şəffaf və aydın mexanizm əmlakın inventar dəyəri və uyğun olaraq, verginin bu növünün hesablanması və toplanması ilə bağlı bələdiyyələri keçmişdə mövcud problemlərdən kənarlaşdırır. Son zamana qədər fiziki şəxslərin mülkiyyətində olan bina və mənzillərin inventar dəyəri 15 il əvvəl Nazirlər Kabinetinin təsdiq edilmiş qərarı ilə - "Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası"na uyğun olaraq müəyyən edilirdi. Verginin dərəcəsi mənzilin inventar dəyərinin 0,1%-ni təşkil edirdi. Bələdiyyələrə əmlakın dəyərinin yenidən qiymətləndirilməsi səlahiyyətlərinin təqdim olunmasına baxmayaraq, onlar bir sıra problemlərlə üzləşirdilər və ilk növbədə, bu prosesə cəlb edilən qiymətləndirmə şirkətlərinə son dərəcə az olmayan məbləği ödməkdə çətinlik çəkirdilər. Bütün bunlar, sözsüz ki, xüsusən də evlərin 90 faizinin inventar dəyəri olmadığı kənd yerlərində xeyli çətinliklər doğururdu. Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 80 faizdən çoxunun kənd ərazilərini əhatə etdiyini nəzərə alsaq, sonuncu böyük çətinliklər yaradırdı. İndi isə Vergilər Məcəlləsinə edilmiş dəyişikliklər sayəsində yerli özünüidarə orqanları əmlaka olan verginin tam və dəqiq hesablanması üçün imkan əldə etdilər. Bu da bələdiyyələrin büdcələrinin yaranmasına yaxşı təsir göstərəcək. Yeni qaydalara görə, vergitutmanın təzə renta forması tətbiq olunur. Fiskal yığımlar fiziki şəxslərin əmlakının ölçüsünə bağlı olacaq və əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq hissəsinə görə hesablanacaq. Bununla yanaşı, axtarılan 30 kvadrat ümumi sahədən çıxılacaq, qalan metrlər isə - obyektin paytaxtda və ya ölkənin digər şəhər və kəndlərindən yerləşməsindən asılı olaraq müəyyən məbləğə vurulacaq. Beləliklə, Gəncə, Sumqayıt və Abşeron rayonu üçün 1 kvadratmetr 0,3 manat, digər şəhərlər və rayon mərkəzlərində 0,2 manat, rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə evin hər kvadratmetrindən 0,1 manat vergi tutulacaq.

Bakıda daşınmaz əmlakın vergi dərəcəsi 0,4 manat təşkil edəcək. Lakin Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq. Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq. Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər.

Bir sıra yerli mütəxəssislərin fikrincə, VM-dəki dəyişikliklərdə əsas müsbət məqam real balans və xüsusən də bazar qiymətindən asılı olmayaraq, kiçik birotaqlı mənzillərin sahiblərinin böyük hissəsinin vergilərdən azad olunmasıdır. Sonuncu sosial ədalət prinsipləri ilə uzlaşır: dəyişiklikdən əvvəl əmlakın 5000 manatadək olan hissəsi vergidən azad idi. Lakin reallıqda son bir neçə ildə belə ucuz mənzilləri heç kim görməyib. İndi dəyişiklikdən sonra isə əmlakın 30 kvadratmetrədək olan hissəsi vergidən azad olunacaq, faiz dərəcəsi isə kvadratmetrə görə müəyyən edilmiş pul məbləği ilə əvəz ediləcək. Müqayisə üçün - paytaxtın mənzil fondunun, təxminən, üçdəbir hissəsini təşkil edən "xruşovka" adlandırılan birotaqlı mənzillərin sahəsi 30 kvadratmetr həddində tərəddüd edir. Və bu da paytaxt mənzillərinin xeyli hissəsini vergitutmanın çərçivələrindən kənara çıxarır. Hesablamanın oxşar sxemi 2015-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmiş torpağa olan bələdiyyə vergisi ilə müəyyən edilib. Əsasən, vergi dərəcələri torpaq sahəsinin hər 100 kvadratmetrinə görə tətbiq olunacaq. Eyni zamanda, bu, təkcə regionlar üzrə deyil, sahəsinə görə də - 100 min kv.metrə qədər və çox ölçü əsasında fərqlənəcək. Bununla bərabər, VM-də dəyişikliklər kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olmayacaq. Onlar sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahələrini əhatə edəcək. 

Mütəxəssislərin böyük əksəriyyəti VM-də qüvvəyə minmiş dəyişiklikləri son dərəcə haqlı və ədalətli hesab edirlər. Lakin aksizlərin yüksəlməsindən əldə olunacaq vəsaitlər sosial məqsədlərin maliyyələşdirilməsinə, neftin qiymətinin düşməsinə görə dövlət büdcəsinin itkilərini doldurmağa yönələcək. Əmlak və torpaq vergisindən əldə olunacaq daxilolmaların gözlənilən artımı yerli özünüidarə orqanlarının büdcəsini dolduracaq. Və yekun nəticədə bu vəsaitlər vətəndaşlara təmir olunmuş yollar və evlər, salınmış təsərrüfatlar, bağçalar və s. qismində qayıdacaq.


MƏSLƏHƏT GÖR:

666