21 May 2024

Çərşənbə axşamı, 18:52

QIZIL DÖVRÜ

Azərbaycan qiymətli metallar sahəsində yeni yataqların mənimsənilməsinə başlayır

Müəllif:

26.01.2015

Qlobal iqtisadi qeyri-sabitliyin növbəti dönüşü, neftin qiymətinin düşməsi ilə birlikdə dövləti üstünlüyü qızıla verməklə, ehtiyat fondlarının yığımını şaxələndirməyə sövq edir. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə artıq on ildən çox müddətdə istismar olunmuş qızıl yataqlarının tükənməsi səbəbindən keçmişdə ənənəvi qiymətli metal istehsalçıları olmayan regionların təbii sərvətlərinin mənimsənilməsi getdikcə daha da aktuallaşır. Bu sabit trend 2014-cü ildə qızıl hasilatını nəzərəçarpacaq dərəcədə artıran, habelə yeni yataqların kəşfini sürətləndirən Azərbaycanda da təzahür edir. 

2015-ci ilin yanvar ayının ikinci yarısında qızılın qiyməti ötən ilin avqust ayının pik göstəricilərini geridə qoyaraq, dünya bazarlarında troya unsiyasına görə 1 300 dolları ötdü. Növbəti qiymət çevrilişinə formal səbəb isə İsveçrə Milli Bankının bu yaxınlarda faiz dərəcəsini mənfi 0, 75%-ə qədər azaltması oldu, həmçinin frankın dollara qarşı möhkəmlənməsini müdafiə etməkdən geri durması barədəki qərarı da məsələyə öz təsirini göstərdi. Lakin qızıla artan tələbatın əsas səbəbi dünya iqtisadiyyatının güclənən durğunluğunda, xəzinə öhdəliklərinin gəlirliliyinin, habelə neftin qiymətinin düşməsi ilə bağlıdır. Bu isə müdafiə aktivi qismində qiymətli metallara olan tələbatın artmasına gətirib çıxardı. Ümumilikdə, ötən ilin əvvəlindən qlobal bazarda qızıla olan tələbat 10%-ə çatdı. "Standard Chartere" (Honkonqun iri bankı) analitiklərinin qiymətləndirmələrinə əsasən, dünya iqtisadiyyatının davam edən böhranı, xüsusilə də cari ilin ikinci yarısında gözlənilən dolların məzənnəsinin qalxmasının ləngiməsi və ABŞ-da resessiya fonunda qızıla olan tələbatı ancaq artıracaq. 

Eyni zamanda bir sıra dünya mütəxəssisləri qızıla olan tələbatın uzunmüddətli artım trendini uzun illər ərzində dünya hasilatının böyük hissəsini təmin edən bir sıra dövlətlərdə bu qiymətli metalın təbii ehtiyatlarının müntəzəm olaraq tükənməsi problemi ilə əlaqələndirirlər. Burada söhbət ilk on hasilatçı - Çin, Avstraliya, Rusiya, ABŞ, CAR, Peru, Kanada, Meksika, Qana və İndoneziyadan gedir. 2013-cü ildə bu ölkələrin payına bütün dünyada hasil edilən 3 min tondan bir qədər çox qızılın üçdə ikisi düşürdü. 

Belə ki, 2012 və 2013-cü illərdə qızıl hasilatının müqayisəli statistikası ABŞ, Peru və Meksikada istehsalın əhəmiyyətli dərəcədə azaldığını göstərir. Qiymətli metalların təbii ehtiyatlarının tükənmə faktoru digər istehsalçı - ölkələrə - CAR, Avstraliya, Qana və başqalarına da təsir göstərir. Yaranmış şəraitdə sərmayədarların marağı çoxsaylı xırda və orta, bu günə qədər kifayət qədər tədqiq edilməmiş ölkələrədə - Cənub-Şərqi və Mərkəzi Asiyada, Türkiyədə və əlbəttə ki, Azərbaycanda qızıl yataqlarının mənimsənilməsini xeyli artırır. Bu trend sayəsində Azərbaycan yaxın gələcəkdə qızıl və digər qiymətli metalların dünya istehsalçıları sırasında yüksək yer tutmaq şansına malikdir. Azərbaycana belə marağın artmasına zəmanəti, ilk növbədə, ölkənin təbii sərvətləri vəd edir. Belə ki, Azərbaycanda olan yataqların ümumi potensialı, təxminən, 1,5 - 2 min ton təmiz qızıl həcmində qiymətləndirilir. Əlbəttə ki, nisbətən bu yaxınlarda qızıl mədənlərinin hasilatına başlamış ölkə, hələ ki, hasilatın son dərəcə kiçik həcminə əsaslanır. Lakin əsas nikbinlik istismar olunan yataqların artan hasilat templəri ilə bağlıdır.

Məsələn, ötən il Azərbaycanda qızıl və mis hasilatının həcminin əhəmiyyətli dərəcədə artması qeydə alınıb. Söhbət əsasən, Anglo-Asian Mining PLC (AAM) əməliyyat şirkətinin istismar etdiyi "Gədəbəy" və "Qoşa" qızıl filiz yataqlarında beş il yarımdan çox müddətdə başlamış işlərdən gedir. Rəhbər AAM şirkəti Gədəbəy yataqlarında 2009-cu ilin ortalarında filiz hasilatı və işlənməsinə başlayıb. "Production Sharing Agreement"in (PSA) müqaviləsi çərçivəsində qiymətli metalların hasilatı 2013-cü ilin üçüncü rübündən Tovuz rayonunda "Qoşa" qızıl və mis yataqlarında da həyata keçirilir. Yerli kombinatda zənginləşdirilmiş qızıl filizi saflaşdırılmaq üçün İsveçrəyə göndərilir. Təkcə 2009-cu ilin iyun ayından 2014-cü ilin sonlarına qədər ölkənin qızıl yataqlarında, ümumilikdə, 9 tondan çox xalis qızıl hasil edilib. Dünya bazarlarında "Ayrim" brendi ilə satılan külçələrin bir hissəsi hasilatın pay bölgüsünə (PSA) dair razılaşma çərçivəsində saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankının ehtiyat fonduna verilir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2014-cü ildə yuxarıda sadalanan iki yataqda, təxminən, 1, 872 ton qızıl hasil olunub, bu da ötən ilin hasilat həcmindən 16% çoxdur. Müqayisə üçün, 2013-cü ildə ölkədə 1,62 ton qızıl hasil olunub, istehsalatın müqayisəli artımı 3,6% təşkil edib. Göstəricilərin artımı sübut edir ki, əməliyyat şirkəti 2012-ci ildə müşahidə edilən azalmanın öhdəsindən gələ bilib. "Biz keçən il qızıl hasilatını 16%, həmçinin mis istehsalını 1,4 dəfə - 784 tona qədər artıra bildik, - deyə AAM-in baş direktoru Reza Vəziri bildirib. - Biz cari ildə də qızıl və misin istehsalında nikbin dinamikanı saxlayacağımıza ümid edirik". 

Təqdirəlayiqdir ki, geoloji tədqiqatların nəticələrinə əsasən, "Gədəbəy" yatağında tədqiq edilmiş qızıl ehtiyatları əvvəl ehtimal edildiyindən 29% çox olub. Daha dəqiq isə onlar hər tonunda 0,730 qram qızıl olan 61, 795 mln. ton süxur təşkil edir və ya təxminən, xalis qızılın 1,5 mln.troya unsiyasına bərabərdir. Açıqlanan bu məlumatlar 2013-cü ilin avqust ayından "Gədəbəy"də həyata keçirilən irimiqyaslı qazma işlərinin nəticələri əsasında əldə edilib. AAM şirkətinin ekspertləri ehtimal edirlər ki, kəşfiyyat və işlənmə işlərinin davam etdirilməsi yataqda yeni ehtiyatların kəşfinə gətirib çıxara bilər. Bununla da, mədənin işlənmə müddətini uzatmaq imkanları yaranacaq. 

Qızıl hasilatının mühüm faktorlarından biri də 2013-cü ildə ikinci emal müəssisəsinin işə salınması oldu. Filizin çən yuyulması üzrə növbəti zavodda 100-150 ton xammalın sutkada emalı nəzərdə tutulub. Burada nəinki zəngin qiymətli metal filizlər, eləcə də emal olunmuş və süxur laylarında qalan və ya toplu yuyulma metoduna yaramayan xammal da zənginləşdiriləcək.

Qızılın çən yuyulması texnologiyası filizdə olan 90%-dən artıq qızıl çıxarmağa imkan verir, lakin əvvəlki üsulla bu göstərici 70%-i keçmirdi. İlkin qiymətləndirmələrə görə, zavodda oksid filizlərdən qızılın çıxarılması 85% və sulfid filizlərindən isə 69% səviyyəsindən az gözlənilmir. Bununla bərabər, şirkət bu göstəricilərin 90% pik nöqtəsinə çatması üçün tədqiqat və sınaq işlərini davam etdirirlər. Bundan başqa, hər iki zavodun işi və müasir texnologiyaların tətbiqi sayəsində qızılın hər unsiyasına görə istehsal xərclərinin 500 dollara kimi azaldılması planlaşdırılır. Artıq məlum yataqların sənaye istismarı ilə yanaşı, ölkədə qiymətli metalların yeni mədənlərinin axtarışları da fəal şəkildə aparılır. "Bu yaxınlarda Azərbaycanda yeni qızıl yataqları tapılıb. Onlar ölkənin şimal-qərb hissəsində Böyük və Kiçik Qafqazın dağlıq massivlərinin qollarında yerləşir. Hazırda kəşfiyyat işləri və həmin yataqların hesablama işləri aparılır", - deyə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib. O, əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk dəfə olaraq Azərbaycanın qızıl yataqlarının xəritəsini dərc edib. Qurumun məlumatlarına əsasən, əksər kəşfiyyat yataqlarının istismarının aparılması ilə ölkə hər il 10 tondan artıq qızıl istehsal etməyə qadirdir. Qiymətli metalların perspektivli mədənləri sırasında Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda sahəsi 462 kv.metr olan Piyazbaşı və Ağyurdun müqavilə ərazilərini göstərmək olar. Bu yataqlarda artıq ikinci ildir Anglo-Asian Mining PLC-in mütəxəssisləri tədqiqat işləri aparırlar. Daha bir perspektivli istiqamət kimi Daşkəsən rayonunun Çovdar kəndindəki filiz-mədən yatağı hesab edilir. Bu gün burada hazırlıq işləri başa çatmaq üzrədir, zənginləşdirici kombinatın tikinti işləri yekunlaşır. Bu yatağın işlənməsi üçün 2006-cı ilin dekabr ayında "Azerbaijan International Mineral Resources Operating Company" konsorsiumu yaradılıb. Onun tərkibinə beş xarici şirkət və eləcə də 30% iştirak payı ilə Azərbaycan hökuməti daxildir. Mütəxəssislərin hesablamalarına görə, Çovdarın bir ton filizindən 4 qrama qədər qızıl əldə etmək mümkün olacaq. Göstəriciyə görə bu, ən perspektivli mədənlərdən biridir. Konsorsium, həmçinin "Qarabağ", "Göydağ", "Dağkəsəmən" qızıl filiz yataqlarını, "Köhnə mədən" və "Kürəkçay" sahəsində də hasilat işlərini həyata keçirəcək.

Lakin bu heç də hamısı deyil. Bir neçə il əvvəl aparılmış geoloji axtarışlar yeni, zəngin qızıl yataqları tapmağa imkan verib. Göygöl rayonunun "Tülallar" qızıl filiz yatağının ehtiyatı 80 ton qızıl və 290 ton gümüş qiymətləndirilir. Daşkəsən rayonunda potensial ehtiyatı 20 ton qızıl olan "Qoşqardağ-Çanaqçı" yatağı aşkar edilib. Qonşu Şəmkir rayonunda platin yatağı tapılıb. İlkin qiymətləndirmələrə görə, burada hasilat ehtiyatı 50 ton platin qrupu metallarından ibarət platin yatağı var. Bu da onu Cənubi Qafqaz regionunda ən iri mədən edir. Bununla da, filiz-mədən sahəsinin inkişafı yaxın gələcəkdə yerli qeyri-neft iqtisadiyyatının şaxələnməsinə böyük töhfə verəcək və eyni zamanda ölkənin qızıl valyuta fondlarının dolmasına kömək edəcək.



MƏSLƏHƏT GÖR:

651