21 May 2024

Çərşənbə axşamı, 18:13

PİŞTAXTADAN MARKETLƏRƏ

Azərbaycanda pərakəndə ticarətin ümumi həcmində iri supermarketlərin payının artım tendensiyası müşahidə olunub

Müəllif:

26.01.2015

Bakı sakinləri doğma şəhərlərinin görünüşündə sürətli dəyişikliyə alışıblar. Paytaxtda hündür binalar ucaldılır, parklar salınır və yeni yollar çəkilir, Bakı müasir meqapolisə çevrilir. Bütün bunların fonunda son illər daha bir trend meydana çıxıb - dükanları, köşkləri, kiçik mağazaları iri supermarketlər əvəz edir.

Son illər artımın ikirəqəmli templərini nümayiş etdirən ticarət sahəsi, Azərbaycanın qeyri-neft iqtisadiyyatının dinamik inkişaf edən sektorlarından birinə çevrilib. Son 10 il müddətində bu sahənin orta artım tempi ildə 12,1% təşkil edib. Nəticədə, ticarət sektorunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 14%-ə qədər artıb. Hal-hazırda bu tikintidən sonra, ölkənin qeyri-neft iqtisadiyyatının ən böyük sahəsidir. 

Azərbaycanda ticarət sektorunun yüksək artım templərini dəstəkləyən əsas amillər əhalinin alıcılıq qabiliyyətinin güclənməsi, artan orta sinif, münasib demoqrafik vəziyyət, urbanizasiya prosesinin dinamik davamından ibarətdir.

"PASHA Bank"ın ölkədə pərakəndə ticarət mövzusuna həsr olunan tədqiqatının müəllifləri də hesab edir ki, yaxın illərdə Azərbaycanın ticarət sektorunun artım templəri ortalama ildə 7-9% səviyyəsində gözlənilir. "CEEMEA Business Group"un apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanda respondentlərin üçdə ikisi bu sektorun gəlirlərinin artımını 10-15%, üçdə biri isə 15-20% həddində olacağını düşünür. "A.T.Kearney" konsaltinq şirkətinin hesablamalarına görə isə 2015-2018-ci illərdə Azərbaycanda qeyri-ərzaq mallarının ticarət dövriyyəsi 13,5% artıb. 

Bununla yanaşı, ticarət dövriyyəsinin göstəricisi Azərbaycanda adambaşına Rusiya ilə müqayisədə iki dəfə, Belarusda isə 1,2 dəfə azdır. Tədqiqatın müəllifləri hesab edirlər ki, bu fərq Azərbaycanda bu sahənin inkişafı üçün potensialın olmasından xəbər verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə pərakəndə ticarət dövriyyəsi 22 mlrd. manat təşkil edib. Bunun 50,1%-i ərzaq məhsullarının, 49,9%-i isə qeyri-ərzaq məhsullarının payında düşüb. Yeri gəlmişkən, pərakəndə ticarət strukturunda ərzaq mallarının payı azalır - 2000-ci ildə bu, 72% təşkil edib. Bu həmçinin əhalinin rifahının yaxşılaşması, orta sektorun inkişafı, gəlirlərin artmasının göstəricisidir. 

Hazırkı gündə Bakıda, təxminən, 100 iri dükan və supermarketlər şəbəkəsi fəaliyyət göstərir. Lakin təhlilin göstərdiyi kimi, ümumi fonda supermarketlərin payı hələ də kiçikdir.

Belə ki, Azərbaycanda ərzaq məhsullarının satış bazarında iri oyunçuların beşliyinə onun dövriyyəsinin ancaq 5%-i düşür. "Fransada ərzaq məhsullarının pərakəndə ticarətinin 96%-i supermarketlər və hipermarketlərin payına düşür. Almaniyada bu göstərici 80%, Türkiyədə isə 60% səviyyəsindədir. Bu sahədə rəsmi məlumatlar yoxdur, amma bir sıra yerli mütəxəssislər və beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycanda bu göstərici ən yaxşı halda 10%-ə çatır", - deyə tədqiqat qrupunun hesabatında deyilir. 

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə pərakəndə satışın həcminin 11,7%-i hüquqi şəxslərin, 88,3%-i isə fiziki şəxslərin payına düşüb. Eyni zamanda iştirakçılarının böyük sayı və ümumi dövriyyədə iri oyunçuların olduqca az payı yaranma mərhələsində olan pərakəndə bazarlara məxsusdur. 

Azərbaycanda sürətlə inkişaf edən və perspektivli ticarət sahələrindən biri də elektron kommersiyasıdır. Bu kanal vasitəsilə ticarətin orta illik artım həcmi ölkənin bütün ticarət dövriyyəsinin artımını 2-3 dəfə üstələyir. Hesabata müvafiq olaraq, Azərbaycan elektron ticarət bazarının artım templərinə görə TOP-20-yə daxildir. "Son illər ərzində dinamik artıma baxmayaraq, elektron ticarətin xüsusi çəkisi Azərbaycanın ümumi ticarət dövriyyəsində hələ də aşağıdır. Azərbaycanda adambaşına e-ticarətin həcmi 0,35 dollar təşkil edirsə, Rusiyada bu göstərici 29 dollara, Türkiyədə 38 dollara, Çexiyada isə 217 dollara bərabərdir", - deyə bankın hesabatında deyilir. 

Azərbaycanda elektron ticarət haqda qanun 2005-ci ildə qəbul edilib. Lakin bu bazarın genişlənməsi ilə əlaqədar olaraq elektron ödənişlər, onların vergiyə cəlb olunması ilə bağlı proseslərin nizamlanması üçün vergi qanunvericiliyinə dəyişiklik edilməsinin zəruriliyi yarana bilər. 

Maraqlıdır ki, rəsmi statistikaya görə, Azərbaycanda internetin daxilolma səviyyəsi 70%-dən çox təşkil edir və bu göstəriciyə görə Azərbaycan MDB-də liderdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəyan etdiyi kimi, ortamüddətli perspektivdə Azərbaycanda hər ev genişzolaqlı internetə çıxış əldə edəcək. Bu gələcəkdə elektron ticarətin həcminin artması üçün yaxşı zəmin yaradır. 

Bu sahənin çiçəklənməsi üçün imkanlar hökumət tərəfindən nağdsız hesablaşmaların stimullaşdırılması tədbirlərinin genişləndirilməsini də yaradacaq. Onlayn - ticarətin həcminin artması, bazarda konsolidasiya proseslərinin davamı, ölkənin regionlarında ticarət şəbəkələrinin irəliləməsi Azərbaycanda pərakəndə ticarət bazarının inkişafının əsas vektorları olaraq qalacaq. 

Hökumətin və beynəlxalq maliyyə institutlarının ölkə iqtisadiyyatının artımı, xüsusilə qeyri-neft sektoru üzrə gözləntiləri, gələcək illərdə pərakəndə ticarət bazarının da sabit artımını proqnozlaşdırmağa əsas verir.


MƏSLƏHƏT GÖR:

636