18 May 2024

Şənbə, 18:22

KİNONUN COĞRAFİYASI DƏYİŞDİ

65-ci Berlin kinofestivalı, ilk növbədə, siyasi platforma olduğunu növbəti dəfə sübuta yetirdi

Müəllif:

24.02.2015

Berlinale (Berlin kinofestivalı) intriqa yaradır. Və bu intriqa hər dəfə gözlənilməz xarakter alır. Məsələ heç də onda deyil ki, hər kəs "Qızıl ayı"nın taleyi ilə bağlı həyəcan keçirir. Axı bu, mükafatı alan ölkədə kinematoqrafiya sənayesinin dərhal ciddi dəyişikliklərə məruz qalacağı demək deyil. Burada - dünyanın ilk əsl nəhəng kino forumunda və ilin kino bazarında kino adamları yeni tendensiyalar tapa, onu nişanlaya bilirlər. Qarşıdan gələn mövsumun ən səs-küylü filmləri məhz Berlinaledən "gəlir".

Faktlar göz qarşısındadır. Ötənilki Berlinaleyə Ues Andersonun "Qrand Budapeşt oteli" start vermişdi. O zaman rejissor işinə görə "Qızıl ayı"nı "Yeniyetməlik dövrü"nə görə Riçard Linkleyter almışdı. Bu gün hər iki film "Oskar" uğrunda mübarizə aparırdı. Demək, bu filmlərə bütün dünya baxıb və onlar bu gün də müzakirə olunmaqdadır. 

Bu il keçirilən 65-ci Berlin kinofestivalında "Qızıl ayı" mükafatı İran azərbaycanlısı Cəfər Pənahinin "Taksi" filminə qismət olub. Deməli, "Taksi" də dövr-aləm səyahətinə hazırlaşa bilər.

 

Kino dünyasının qütbləri dəyişir

Göründüyü kimi, maraqlı kino çəkmək üçün o qədər də çox şey tələb olunmur. Kamera və avtomobil. Məlum olub ki, bunun üçün heç də hər zaman, sözün birbaşa mənasında, azadlıq tələb olunmur. Mükafat Pənahinin kiçik qardaşı qızı Xanaya təqdim olunub. O, filmdə rol almış şəxslərdən biridir. Rejissor isə artıq bir neçə ildir, vətənində ev dustağıdır. Onun peşəkar fəaliyyətinə 20 il əvvəl qadağa qoyulub: hakimiyyət kinematoqrafı etiraz aksiyaları ilə bağlı sənədli çəkilişlər apardığı üçün cəzalandırıb. Pənahi azadlıqdan mərhum olunduğu dövrdə - amma bunu yaradıcılıq baxımından yox, yalnız fiziki məhrumiyyət kimi söyləmək olar - artıq 3-cü filmini çəkib. O, ev videosu prinsipi ilə özü-özünü çəkir. "Taksi" filmində hadisələr sanki Tehran küçələri ilə dolaşan avtomobilin salonunda yaşanır. Cihazlar panelində əl kamerası, rejissor sükan arxasında, sərnişinlər üçün olan oturacaqda isə insanlar bir-birini əvəzləyir. Filmin müəllifi onları söhbətə çəkir, bununla da İran cəmiyyətinin müxtəlifliyini tamaşaçıya çatdırır. Sərnişinlərdən biri də 11 yaşlı Xanadır. O, daim taksi sürücüsü ilə küçələri dolaşır, öz uşaq filmini çəkir. Xana mükafatı alarkən göz yaşlarını saxlaya bilməyib.

"Kino mənim üçün özünüifadə vasitəsi, həyatımın mənasıdır. Heç nə məni film çəkməkdən çəkindirə bilməz. Məni dalana dirəyirlərsə, öz daxilimə müraciət edir və yaratmağa olan tələbatım daha da artır", - deyə Cəfər Pənahi festivala ünvanladığı məktubda bildirir.

Əksər tənqidçilər hesab edirlər ki, Pənahi "Qızıl ayı"nı filmə görə deyil, üzləşdiyi iztirablara görə alıb. Amma başqalarının fikrincə, amerikalı Darren Aronofskinin rəhbərlik etdiyi münsiflər heyətinin mənən sınmayan rejissoru mükafatlandırmaq qərarı siyasi səbəblərlə verilməyib. Onlar hesab edirlər ki, film həqiqətən də yaxşı alınıb.

Festivalda "Gümüş ayı" Çiliyə gedib. O, "Klub" filminin rejissoru Pablo Lorrayna qismət olub. Filmdə qanunları pozan katolik kilsəsi sərt şəkildə tənqid olunur.

Münsiflər heyəti ən yaxşı aktyor və aktrisa adını britaniyalılara - ser Tomas Kortniyə və Şarlotta Remplinqə veriblər. Onlar "45 il" adlı filmin qəhrəmanlarıdırlar. Film yaşlı ər-arvadın şəxsi həyatından bəhs edir. Ər toylarının 45 illiyi ərəfəsində ilk sevgilisinin cəsədinin tapıldığı xəbərini alır və bu andan onların həyatı ciddi imtahanlardan keçməli olur.

Rusiyanın da fəxr edəcəyi məsələ var. Rejissor oğul Aleksey Germanın müharibədən və sülhdən, əslində isə daha çox bir neçə novella qəhrəmanlarının həyatından bəhs edən "Elektrik buludları altında" filmi ən yaxşı operator işinə görə "Gümüş ayı"ya layiq görülüb. Mükafatı filmə operatorlar Yevgeni Privin və Sergey Mixalçuk qazandırıblar.

Ümumilikdə, 65-ci Berlin kinofestivalının mükafatlar siyahısı kino dünyasında mənzərənin dəyişməkdə olduğunu təsdiqləyən daha bir faktdır. Kinematoqrafiyanın enerjisi ənənəvi mərkəzlərdən (Fransa, İtaliya, İspaniya və s.) indiyədək bu sahədə daha geridə olmuş nöqtələrə doğru dəyişir. Söhbət, ilk növbədə, Asiya və Latın Amerikasından gedir. Bu il Berlində məhz Latın Amerikası filmləri liderlik ediblər. Müsabiqəyə 2-si Çilidən, 1-i Qvatemaladan olmaqla, 3 Cənubi Amerika filmi təqdim edilmişdi və onların heç biri yarışı mükafatsız tərk etməyib.

 

Bəs bizim kino? 

Dünyanın əsas kinoforumlarından birinin Berlində, Şərqlə-Qərbin arasında divarın tikildiyi, daha sonra isə söküldüyü məkanda keçirilməsi heç də təəccüblü deyil. Bu fon proqramda münaqişələrdən və aktual mövzulardan bəhs edən filmlərin yer almasını daha məqsədəuyğun edir. Başqa kinoforumlardan fərqli olaraq, Berlin kinofestivalı proqressiv geosiyasi kinematoqrafiyaya istiqamətlənib. Burada münsiflər heyəti festivalın proqramında bütün dünyadan, o cümlədən keçmiş Şərq blokuna daxil olan ölkələrdən filmlərin yer almasına xüsusi diqqət yetirir. Ənənəvi olaraq fevralda keçirilən festival özündə qlamurla siyasəti birləşdirir. "Oskar"ın paylanması ərəfəsində "parıldamaq" üçün Berlinə xeyli sayda Hollivud ulduzu üz tutur. Berlinaleni fərqləndirən cəhətlərdən biri onun, ilk növbədə, adi tamaşaçıya yönəlməsidir. Festivalın 10 gün davam edən seanslarına 250-300 min bilet satılır. Bu müddət ərzində tammetrajlı, qısametrajlı və sənədli filmlərin müsabiqəsi keçirilir. Əsas və paralel proqramlarda - "Panorama", "Forum", Generation (uşaqlar və gənclər üçün film), retro sahəsində, ümumilikdə, 400-dək film nümayiş olunur. Berlin kinofestivalının keçirildiyi günlərdə Avropa kino bazarı, kino məhsulları forumu və "gənc istedadların kampusu" da fəaliyyətdə olur. Orada Azərbaycandan kino ilə maraqlanan gənclər iştirak edə bilərlər.

Amma təəssüf ki, Azərbaycan bu meydanların heç birində təmsil olunmur. İstisna kimi, yalnız Finlandiyada yaşayan həmvətənimiz, rejissor Tahir Əliyevin 62-ci beynəlxalq Berlin kinofestivalına təqdim etdiyi "Gözləyən qadın" filmi qeyd oluna bilər.

"R+"un Azərbaycanın bu nüfuzlu kinoforuma qatılması üçün nələrin tələb edildiyinə dair sualını cavablandıran kinorejissor İlqar Safatın sözlərinə görə, bu arzuda olan istənilən şəxs təşkilatçılara ərizə ilə müraciət edə bilər. Sadəcə, anketi doldurmaq, seçimləri həyata keçirənlərin izləməsi üçün filmin yazıldığı diski onlara vaxtında göndərmək lazımdır. Amma o da nəzərə alınmalıdır ki, Berlin kinofestivalı ən nüfuzlu - A kateqoriyasına aid festivallardandır və onların sayı elə də çox deyil. Bu üzdən oraya dünanın hər tərəfindən saysız-hesabsız filmlər göndərilir. Nəticədə, festivalda çox ciddi rəqabət yaranır. "Amma istənilən halda, ümidi itirmək olmaz", - deyə Safat bildirir: "Berlinale kimi nüfuzlu kinoforumlarda iştirak ölkələr üçün, xüsusilə də Azərbaycan üçün çox vacibdir. Sən ya mədəni xəritədə varsan, ya da yoxsan".

Rejissorun sözlərinə görə, Berlin festivalı ənənəvi olaraq, öz sosial yönümlülüyü ilə fərqlənir. Bu üzdən orada sosial problemlərə aid filmlər prioritet təşkil edir. Müəlliflər hansı sosial problemi seçmək məsələsində sərbəstdirlər. Amma bütün ölkələrin siyahısı, demək olar ki, bir-birinə çox yaxındır. Fərqlər yalnız xüsusiyyətlərdə, proporsiyada və milli koloritdədir.

İlqar Safatın özünə gəlincə, o, filmlərinin Berlin kinofestivalının formatına uyğun gəlmədiyini düşünür. "Mənim filmlərimdə sosiuma az yer verilir. Orada daha çox fəlsəfə, metafizika yer alır. İndi bu, dəbdə deyil. Bu gün incəsənətdə siyasət və sosium həddindən artıq çoxdur. Məni isə bir sənətkar olaraq, başqa məsələlər maraqlandırır", - deyə o, qeyd edib. Qeyd edək ki, İ.Safatın filmləri dəfələrlə beynəlxalq kinofestivallarda mükafatlar qazanıb.

Bu il Berlin kinofestivalı, ilk növbədə, siyasi platforma olduğunu bir daha sübuta yetirib. Məsələn, 2012-ci ildə orada "ərəb baharı", Yaponiyadakı AES qəzası, islamçıların girovları, millətlərarası və dinlərarası münaqişələr, milli azlıqların təqib olunmasına dair filmlər nümayiş etdirilmişdi. Odur ki, Azərbaycanın da bu festivalda deyəcəyi və nümayiş etdirəcəyi çox şeyi var. Bizim rejissorlarımız dünya kinematoqrafiyasındakı tendensiyalardan kənarda qalmamalıdırlar. Çünki Berlin kinofestivalında öz sözünü demək dünya kinematoqrafiyasının ən ali kürsüsündən öz sözünü demək anlamına gəlir. Demək, səni bütün dünya eşidir - və söhbət heç də "Qazal ayı"da deyil!



MƏSLƏHƏT GÖR:

653