18 May 2024

Şənbə, 18:22

YENİ MÜHACİRƏT

Avropa yəhudilərsiz qala bilərmi?

Müəllif:

24.02.2015

Avropa yəhudiləri cəmiyyətdə antisemit əhvalın yüksəlməsindən narahatdırlar. Artıq onlar İsrailə və ya okeanın o tayına - ABŞ, Kanada və Avstraliyaya repatriasiya haqqında daha çox düşünməyə başlayıblar. Məsələn, yəhudi agentliyinin məlumatına görə, əgər 2013-cü ildə Fransadan İsrailə 3293 nəfər repatriasiya edibsə, 2014-cü ildə bu rəqəm 7231 olub. Bu il repatriasiya edənlərin sayının artıq 10 mini ötə biləcəyi ehtimal olunur.

Bütün bunların səbəbi Avropa İttifaqının bir sıra ölkələrində yəhudilərə qarşı zorakılıq hallarına yol verilməsidir. Fransanın Yəhudi İcmaları Şurasının hesabatına görə, ötən il belə hallar 2 dəfədən çox artıb. "The Guardian" isə Böyük Britaniyada antisemit insidentlərin sayının tarixdə ən yüksək həddə çatdığını yazır. Söhbət zorakılıq, mülkiyyətin korlanması, təhqir və hədələrdən gedir. Böyük Britaniyada antisemitizm hallarının monitorinqinin aparılması ilə məşğul olan Yəhudi İcmalarının Təhlükəsizliyi Fondu 2014-cü ildə 291000 Britaniya yəhudisinə qarşı 1168 antisemitizm aktı qeydə alıb. Bundan başqa, yanvarda Fransa paytaxtında əməkdaşlarının əksəriyyəti yəhudi olan "Charlie Hebdo" həftəliyinin redaksiyasına edilmiş hücumun, supermarketdə törədilmiş terror aktının ətrafında emosiyalar sakitləşməmiş, Danimarka paytaxtında daha bir insident qeydə alınıb. Fevralın 14-də naməlum şəxs Kruttenden mədəniyyət mərkəzini atəşə tutub. Həmin vaxt mərkəzdə Fransa səfirinin və rəssam, karikaturaçı Lars Vilksin iştirakı ilə din və söz azadlığı mövzusunda seminar keçirilirdi. Xatırladaq ki, Vilks hələ 2007-ci ildə Məhəmməd Peyğəmbərlə bağlı bir sıra karikaturalar çəkdiyi üçün beynəlxalq qalmaqala səbəb olmuşdu. Hücum nəticəsində nə rəssam, nə səfir xəsarət alıb. Amma 1 nəfər həlak olub, 3 polis əməkdaşı yaralanıb. Bundan bir neçə saat sonra Kristalqeyd sinaqoqunda atışma olub və nəticədə yəhudi icmasının üzvlərindən biri ölüb. Şəxsiyyəti müşahidə kameralarının köməyilə müəyyənləşdirimiş şübhəli şəxs Ömər Abdel Hamid Əl-Hüsseyn dəmir yolu stansiyası qarşısındakı atışma zamanı məhv edilib. Cəmi 1 gün sonra, 16 fevralda Fransanın şərqində yerləşən San-Yunyonda vandallar yəhudi qəbiristanlığında yüzlərlə məzarı murdarlayıb. Holokost qurbanlarının xatirəsinə qoyulmuş obelisk də onların "diqqətindən" kənarda qalmayıb - onu parça-parça ediblər.

Bu, Fransada son dövrlərdə baş vermiş antisemit aktların heç də hamısı deyil. Ölkədə yəhudi idman klublarına, hətta məktəblərə məxsus avtobuslara hücumlar da olunur. Əslində bu, heç də yeni problem deyil. Məsələn, 2012-ci ildə Tuluzada törədilmiş terror aktı çoxlarının yaddaşındadır. O zaman "Tora xəzinəsi" yəhudi məktəbinin atəşə tutulması 1 müəllimin və 3-8 yaşlarında 3 uşağın ölümü ilə nəticələnmişdi. Avropanın Əsas İnsan Haqları Agentliyinin hələ 2013-cü ildə apardığı araşdırmalar zamanı rəyi soruşulanların dörddəbiri etiraf etmişdi ki, ictimaiyyət arasında müəyyən millətə və dinə mənsub olduqlarını nümayiş etdirən rəmzlərdən istifadə etməməyə çalışırlar. Yəhudilər özlərini ən çox Macarıstanda (49%) müdafiəsiz hiss edirlər. Sonrakı yerləri Fransa (40%) və Belçika (36%) tutur.

Bütün bunların fonunda İsrailin baş naziri Benyamin Netanyahu məhz indi yəhudiləri İsrailə immiqrasiya etməyə çağırıb. "Ekstremist islam terroru Avropaya yenidən zərbə endirir. Yəhudilər yenə Avropa torpaqlarında sadəcə yəhudi olduqları üçün qətlə yetirilirlər. Antisemit hücumlarının da daxil olduğu terror dalğasının davam edəcəyi gözlənilir. Yəhudilər dünyanın istənilən ölkəsində müdafiə olunmağa layiqdirlər. Amma biz yəhudilərə, qardaş-bacılarımıza üzümüzü tutaraq deyirik: "İsrail sizin evinizdir". Biz 180 milyon şekel (47 milyon dollar) dəyərində yeni proqram təqdim edirik. O, Fransadan, Belçikadan və Ukraynadan immiqrasiyanın (yəhudilərin) stimullaşdırılması məqsədi daşıyır. Gələcəkdə yeni anoloji proqramları da reallaşdıracağıq", - deyə baş nazir qeyd edib.

Netanyahunun bu sözləri avropalı siyasətçiləri dəhşətə gətirib. Fransa prezidenti Fransua Olland günahkarların cəzalandırılacağına söz verib, daxili işlər naziri Bernar Kaznev isə baş verənləri "respublikanın dəyərlərinə növbəti qəsd" adlandırıb. Məsələyə Fransanın baş naziri Manuel Vals da münasibət bildirib. O, "Fransa yəhudilərinin evinin Fransa olduğunu" deyib, bildirib ki, "bu, nə qədər kədərli səslənsə də, ölkəmizdə yəhudi qəbiristanlıqlarının olması da buna bir sübutdur". "Odur ki, biz yəhudilərin müdafiəsi üçün əlimizdən gələni etməliyik və edirik. Amma bizim gücümüz birliyimizdə, üzləşdiyimiz nifrətə qarşı müqavimət göstərməmizdədir... Fransanı tərk edən hər bir yəhudi Fransanın bir hissəsidir və bu, bizim üçün itkidir. Əgər 100 000 yəhudi ölkəni tərk edərsə, bura artıq Fransa olmayacaq. O, ruhunu itirəcək, bu, əsl iflas olacaq", - deyə Fransanın baş naziri qeyd edib.

Danimarkanın baş naziri Xelle Torninq-Hmitt isə Kopenhagendə törədilmiş terror aktından sonra ölkənin yəhudi icmasının müdafiəsi üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirib, yəhudiləri ölkəni tərk etməməyə çağırıb.

"Yəhudildərsiz Avropa Avropa deyil". Bu fikri isə Avstriyanın xarici işlər naziri Sebastyan Kurts səsləndirib.

Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey də baş verənlərə münasibət bildirib. O, yaşananların "dərin təlaş yaratdığını", Britaniyada "antisemitizmin qarşısının alınmasının vacibliyini" söyləyib.

Almaniya kansleri Angela Merkel isə Bundestaqdakı rəsmi çıxışı zamanı deyib ki, "Almaniyada yəhudilərə və müsəlmanlara qarşı nifrətə yer olmamalıdır".

Baş verənlərdən narahatlığını dilə gətirənlər arasında Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans da olub. O əmindir antisemitizməç etiraz olaraq emiqrasiya etmək fikrinə düşən yəhudilərin bu fikirdən daşındırılması "ciddi problem olacaq".

Maraqlıdır ki, Avropada yəhudilərə vətəndaş hüququnu ilk olaraq məhz Fransa verib. Bu, 1791-ci ildə Fransa inqilabı zamanı baş tutub. Napoleon ordusunun hərbi uğurlarının ardınca hər yanda yəhudilərə azadlıq verib. Vişinin faşist rejimi yəhudiləri konslagerlərə göndərdikdə onları məhz adi fransızlar kütləvi şəkildə xilas edib. Bu gün Fransanın yəhudi icması Avropada ən böyük icmalardan biridir. Onun təxminən 550 üzvü var. Bundan başqa, Fransada 300-dən artıq sinaqoqla yanaşı, mədəniyyət mərkəzləri, restoran və mağazalar da mövcuddur. Fransanın siyasi və mədəni elitasında çox sayda yəhudi yer alıb. Ümumiyyətlə isə müxtəlif hesablamalara görə, Avropada 1,5 milyon civarında yəhudi yaşayır.

Versiyalardan birinə görə, hazırkı antisemitizm dalğasının əsasını ərəb-İsrail münaqişəsinin çözülməməsi təşkil edir. Fransada və Avropanın digər ölkələrində yaşayan ərəb immiqrantların sayını nəzərə alsaq, bu, heç də təəccüblü deyil. Həqiqətən də, Kopenhagendə bu yaxınlarda qətllər törətmiş Ömər Əl-Hüsseyn Fələstin ərəblərinin ailəsindəndir. O, Danimarkaya köçənədək bir neçə il İordaniyadakı qaçqın düşərgəsində yaşayıb. Yaxınları və qohumları bildirir ki, Ömər orta məktəbi bitirməyə macal tapmayıb, bir müddət evsiz-eşiksiz qalıb, amma heç zaman radikal olmayıb. Bununla yanaşı, ərəb-İsrail münaqişəsi onu hər zaman ciddi narahat edib. Tuluzadakı yəhudi məktəbinə hücum etmiş Məhəmməd Mera isə böyük ehtimalla "Əl-Qaidə" ilə əlaqələrə malik olub. Onun bu terror aktından əvvəl müəyyən müddət Suriya və İraqda yaşadığı məlumdur. Fevralın ortalarında BBJ-nin saytında israilli müxbirin başına kipa geyinib Paris küçələrini dolaşdığının əks olunduğu klip yerləşdirilib. Bu zaman o, məhz miqrantların və müsəlmanların yaşadığı məhəllələrdə daha ciddi təhqirlərə məruz qalıb.

Amma Avropadakı antisemit əhvalını tamamilə müsəlman icmalarının üzərinə qoymaq da doğru olmazdı. Bu, cəmiyyətin istənilən radikal nümayəndəsinə xas ola bilər - sağçılara, solçulara, hətta özünü heç bir siyasi cərəyana aid etməyən şəxslərə də. Məsələn, islam dininə qarşı tənqidi mövqeyilə tanınmış yazıçı Mişel Uelbek (onun yeni "İtaət" romanında Fransada keçirilən prezident seçkisində müsəlman namizədin qələbə qazanmasından danışılır, "Şarli Ebdo" jurnalı isə redaksiya üzvlərinin öldürüldüyü gün nəşrin cildini bu romana həsr edib) antisemitizmin köklərini "solçu ekstremistlər"də görür. "Nədən Fransadakı müsəlmanlar Afrika və ya Asiya müsəlmanları ilə müqayisədə Fələstinlə daha çox maraqlanırlar? Fikrimcə, bu, İsrailin düşmən kimi təqdim edən qatı solçularla, Bezansno və ya Plenel kimi xadimlərlə bağlıdır", - deyə Uelbek "Puan" jurnalına açıqlamasında bildirib.

Maraqlıdır ki, antisemitizm zəmnində iki siyasətçi arasında açıq qalmaqal da baş verib. Söhbət hazırkı baş nazir Vals ilə sabiq XİN başçısı Rolan Dyumadan gedir. Baş nazirin yəhudiləri Fransanı tərk etməməyə çağırmasına münasibət bildirən Dyuma bildirib ki, Vals vəziyyəti həddindən artıq dramatikləşdirir. Sabiq XİN başçısı bunu baş nazirin "şəxsi əlaqələri"lə bağlayıb və bu üzdən Valsın "tərəf saxladığını" bildirib: "Hər kəs bilir ki, o, çox gənc bir xanımla evlidir və xanımı ona ciddi təsir edir". Fransızlar Dümanın Valsın yəhudi qadınla evli olduğuna işarə etdiyi dərhal anlayıblar. Sabiq XİN başçısının təmkinli davranmaması isə Fransa KİV-i və hakim Sosialist Partiyasının tərəfdarları tərəfindən tənqid olunub.

Beləliklə, konkret olaraq Fransadan danışırıqsa, görünən odur ki, dövlətə inamını itirənlər yalnız yəhudilər yox, əksər vətəndaşlardır. Problemlər isə çoxdur - savadlı multikulturalizm siyasətinin aparılmaması, maliyyə və ideya böhranı, Yaxın Şərq münaqişəsi, dünyada terror sahəsində vəziyyətin pisləşməsi və s. Bu, hər kəs üçün pisdir - istər onuncu nəsil fransızlar, istər yəhudilər və müsəlmanlar, istərsə də digər millətin və dinin təmsilçiləri üçün.

Fransadakı yəhudi qəbiristanlığında törədilmiş vandalizm aktından bir gün sonra "The Guardian" həvəskar şəkildə çəkilmiş bir videoçarx yayımlayıb. Orada Paris metrosunda "Çelsi" fanatlarının qaradərili kişini vaqondan necə çıxardıqları əks olunub. Üstəlik, bu əməli edən gənclər hadisə zamanı irqçi olduqlarını, bundan zövq aldıqlarını birağızdan qışqırırlar. Qaradərili kişini isə müdafiə edən olmur...

Əksər insanlar problemlərdən qaçmağa çalışırlar. Səbirsizlik və radikallıq isə əksər hallarda bu problemlərin nəticəsi kimi ortaya çıxır. Nəticədə çıxılmaz vəziyyət yaranır: ona istənilən tərəfdən, istənilən bucaq altından baxmaq, istənilən formada izah etmək olar. Məsələnin təhlükəli olan tərəfi də məhz budur. "Problemdən qaçmaq" nəzəriyyəsini sübut edən fakt son zamanlar yəhudilərin ən çox tərk etdikləri ölkənin Fransa deyil, Ukrayna olmasıdır. Səbəb ölkənin şərqində gedən müharibə, böhranlı iqtisadiyyat, sabaha ümidin olmamasıdır. Avropanın fərqi yalnız ondadır ki, yəhudilər üçün üz tutacaqları məkan var. Bu, İsraildir. Yaxın Şərqdən olan əksər gənc müsəlmanlar isə etibarlı sığınacaq kimi məhz Fransanı görürlər. Onlar müharibədən, qaçqın çadır şəhərciklərindən, sabaha ümidsizlikdən can qurtarmaq üçün məhz Parisə, Marselə, Nissaya üz tuturlar. Nəticədə bir tərəfdən əsasən ərəb ölkələrindən olan yüz minlərlə immiqrant Avropaya can atır, digər yandar minlərlə yəhudi Köhnə Qitəni tərk edir. Fransa sürətlə dəyişir və bu dəyişikliklərdə o, bütünlükdə Avropanın güzgüsü sayıla bilər. 

Bu dəyişikliklər fonunda antisemitizmin baş qaldırması isə sadəcə prosesin ağrılı hissələrindən yalnız biridir.



MƏSLƏHƏT GÖR:

715