18 May 2024

Şənbə, 18:39

MAYDANDAN ÖTƏN BİR İL

Ukraynada hakimiyyət dəyişikliyindən sonra ümumi durum son dərəcə dumanlıdır

Müəllif:

24.02.2015

Ukraynada Minskdə "Normand formatı" çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, ümumilikdə barışıq hökm sürür. Ümumi vəziyyət isə son dərəcə ağır olaraq qalır. İndi düz bir il əvvəl "inqilab Maydanı" adlı tarixi dövrünü yaşamağa başlamış ölkənin perspektivi çox ziddiyyətli, hətta dumanlı görünür. 

Ötən il qışın sonlarına yaxın Ukraynada hakimiyyət dəyişikliyi baş verdi. Bu, Ukraynanın yaxın gələcəyi üçün həqiqətən taleyüklü hadisə idi. Əlbəttə ki, onu ən müxtəlif cür qiymətləndirmək mümkündür. Bu, hadisələri qiymətləndirən şəxsin siyasi mövqeyindən asılıdır. Fakt isə faktlığında qalır - Maydan triumfundan, prezident Viktor Yanukoviçin devrilməsindən 1 il sonra "Ukrayna küçələri"ndə müharibə gedir. O, minlərlə dinc sakinin həyatına son qoyub, Ukraynanın parçalanması ilə (Krımın Rusiyanın nəzarətinə keçməsi, ölkənin cənub-şərqində müharibə) nəticələnib. Bununla yanaşı, ölkə tam iqtisadi müflisliyin bir addımlığındadır. Belə olan təqdirdə, meydana istər-istəməz sual çıxır: ukraynalılar canlarını nəyin uğrunda fəda etdilər və nəyin uğrunda bu qədər qurbanlar verdilər? Doğrudanmı, bütün bunlar yalnız Yanukoviçin gözlənilmədən devrilməsi ərəfəsində təxirə saldığı və yeni hakimiyyətin dərhal imzaladığı Avropa İttifaqı ilə Assosiativ Sazişə görə idi? Axı belə çıxır ki, hakimiyyətdə qalmaq üçün, sadəcə, bu razılaşmanı imzalamaq və Qərbin əzizlədiyi avropapərəst "sarı-mavi" hökumət qurmaq kifayət imiş.

Aydındır ki, bu sualların cavabı ritorik xarakter daşıyır. Çünki onların Ukrayna hakimiyyətinin taleyinə az dəxli var. Onun ümumiyyətlə, ukraynadaxili siyasətə də aidiyyəti yoxdur. Tamamilə aydındır ki, ötənilki Maydan hadisələri zamanı ölkə "yadların oyunu"na düşüb. Söhbət Qərblə Rusiya arasındakı sərt geosiyasi mübarizədən gedir. Məqsəd isə nə az, nə çox - Avrasiyanın təbii xəzinəsinə və ucu-bucağı olmayan ərazisinə nəzarətdir. Qazanc o qədər böyükdür ki, onunla müqayisədə Ukraynanın taleyi bu böyük savaşın əsas iştirakçıları üçün heç nədir. Onlar öz qlobal strategiyalarını həyata keçirmək işində nə Ukrayna dövlətçiliyinə, nə minlərlə ukraynalı uşağın, qadının və qocanın həyatına acıyırlar.

Hazırkı Ukrayna müharibəsinin əyani əksini Debaltsevo uğrunda döyüşdə görmək mümkün oldu. Ukrayna ordusunun minlərlə hərbçisi bu ətçəkən maşının içərisində qaldı, onların bir hissəsi həlak oldu, bir hissəsi xilas ola bildi, qalanları isə Donbasın rusiyapərəst separatçılarına əsir düşdü. Halbuki, Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin iştirakı ilə Minskdə "Normand formatı"nda aparılan danışıqlarda barışıq əldə olunmuşdu. Debaltsevo göstərdi ki, Ukraynada müharibə və sülh hələlik yalnız nisbi məsələdir.

Ukrayna prezidenti Pyotr Poroşenko "Normand formatı"ndakı həmkarlarını - Almaniya kansleri Angela Merkeli, Fransa prezidenti Fransua Ollandı və Rusiyanın dövlət başçısı Vladimir Putini Debaltsevoda baş verənlərin guya Minsk razılaşmasına uyğun olduğuna dair görüntü yaratmamağa çağırıb. Bununla yanaşı, məlumata görə, son telefon danışığı zamanı "dörd lider fevralın 12-də Minskdə əldə edilmiş razılaşmanı tam paket halında implementasiyasına dair razılığa gəliblər: istisnasız olaraq bütün cəbhə boyunca atəşkəs, razılaşdırılmış müddətə ağır texnikanın geri çəkilməsi, ATƏT müşahidəçiləri tərəfindən bu əməllərin monitorinqinin aparılması, onların sərbəst hərəkətinə və təhlükəsizliyinə zəmanət verilməsi, əsirlərin dəyişdirilməsi prosesinin sürətləndirilməsi".

Lakin Debaltsevodakı məğlubiyyət faktı Kiyevin mövqelərinə o qədər ciddi zərbədir ki, prezident Poroşenko "təmas xəttinə və Ukrayna ilə Rusiya sərhədinə sülhməramlıların yerləşdirilməsinə" çağırış edib. Rəsmi Kiyev hesab edir ki, bölgədə BMT Təhlükəsizlik Şurasının mandatına uyğun olaraq sülhməramlı missiya yerləşdirilməlidir. Bundan başqa, Donbasa Avropa İttifaqının polis missiyasının yerləşdirilməsi də təklif olunur. Poroşenkonun sözlərinə görə, "bizim üçün ən yaxşı format Avropa İttifaqının polis missiyasıdır. Bu, təhlükəsizliyə ən yaxşı zəmanət olacaq. Çünki sülh vədinə nə Rusiya, nə də onun dəstəklədiyi qüvvələr əməl edir".

Son tezis kontekstində Ukrayna tərəfinin Rusiyanı mümkün sülhməramlı missiyanın tərkibində görməməsi təəccüblü deyil. "Rusiya təcavüzkar ölkə olaraq, sülhməramlı əməliyyatlarda iştirak edə bilməz və etməyəcək", - deyə Poroşenko qeyd edib.

Amma Donbasa sülhməramlı kontingentin yerləşdirilməsi ideyasının özü də hələ son dərəcə şübhəli görünür. Bu, əlbəttə ki, ilk növbədə, Moskva, Donetsk və Luqanskdakı "xalq respublikaları"nın mövqeyi ilə bağlıdır. Onlar heç bir halda regiona tərkibində Rusiyanın olmayacağı sülhməramlıların yerləşdirilməsinə razılıq verməyəcəklər. Poroşenkonun təşəbbüsü Avropa İttifaqında da xüsusi ruh yüksəkliyi yaratmayıb. Aİ heç bir halda Ukrayna münaqişəsinə hərbi baxımdan cəlb olunmaq istəmir - lap sülhməramlı rolunda olsa belə.

Sülhməramlılar məsələsində əməkdaşlığa hazır olduğunu yalnız ATƏT bəyan edib. Maraqlıdır ki, Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri ATƏT-in Minsk barışığına əməl olunmasına nəzarət missiyasının gücləndirilməsini də müzakirə ediblər. Lakin müzakirələrdə regiona beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi gündəmə gətirilməyib.

Bütün bunlarla yanaşı, Ukraynanın hazırkı reallıqlarına nəzər saldıqda daha bir son dərəcə vacib məqam diqqətdən kənarda qalmamalıdır: son hadsiələr - Ukrayna ordusunun Debaltsevoda məğlubiyyətə uğraması və Kiyevin Donbasa nəzarəti bərpa etmək üçün apardığı hərbi əməliyyatların iflasa uğraması fonunda Poroşenkonun mövqeləri xeyli zəifləyib. Əksər ekspertlər hesab edirlər ki, Ukrayna prezidentinin regiona dərhal beynəlxalq sülhməramlı missiyanın cəlbinə yönəlmiş təşəbbüsü son uğursuzluqları qismən də olsa unutdurmağa, özünü və ölkəsini gələcəkdə bənzər hal ilə qarşılaşmaqdan sığortalamağa hesablanıb.

Poroşenkonun mövqeyinin zəifləməsi, əlbəttə ki, ukraynadaxili qüvvələr arasında ümumi mübarizənin qızışması fonunda baş verir. Ali Radanın deputatı, "Pyotr Poroşenkonun bloku"ndan olan Andrey Kaplinin bu günlərdə səsləndirdiyi bir bəyanat, əslində, bir çox məqamın üzərinə işıq salıb. O, Donbasdakı silahlı qarşıdurmanın qızışdırılmasında Ukraynanın baş naziri Arseni Yasenyuku və Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Aleksandr Turçinovu ittiham edib.

"Gəlin açıq danışaq. Şərqdə hazırkı vəziyyəti kim yaradıb? Yalnız Putinin günahlandırılması bu suala çox asan cavabdır. Yasenyuk və MTŞ-yə rəhbərlik edən şəxs!" - deyə Kaplin qeyd edib. Onun fikrincə, Donbasda hərbi əməliyyatlara dərhal son qoymaq mümkün olardı, lakin ölkə rəhbərliyi münaqişənin davam etməsində maraqlı olub.

Əlbəttə ki, Poroşenko "komandası"nın bəyanatında ölkənin şərqindəki qiyamı "bir əllə boğmaq" şansından yararlana bilməmənin pərtliyi hiss olunur. Lakin Kaplinin bəyanatı daha çox Poroşenko ilə Yasenyuk və Turçinov arasındakı ziddiyyətin artmaqda olduğunu göstərir. Üstəlik, sonuncular Amerikanın Ukraynadakı əsas adamları sayılır və Birləşmiş Ştatlar məhz onların vasitəsilə rəsmi Kiyevə təzyiqləri artırır.

Görünən odur ki, Vaşinqton Poroşenkonun son iflaslarından həqiqətən narazıdır. Amerikada düşünürlər ki, bu vəziyyət onların bir il əvvəl son dərəcə dəqiqliklə həyata keçirdikləri "Maydan işi"ni poza bilər. Amerikalı siyasətçilərin Ukraynaya bilavasitə silah yardımı göstərilməsinin vacibliyinə dair bəyanatları da bununla bağlıdır. Məqsəd getdikcə daha aydın olur. İndi Ukrayna Silahlı Qüvvələrinə nəzarətin Yasenyuk və Turçinovun nəzarətinə keçəcəyi gözləntiləri də var. Bununla yanaşı, "Sağ sektor" və amerikapərəst Dmitri Yaroşa tabe olan könüllü batalyonlar tərəfindən Ukrayna prezidentinə açıq-aşkar meydan oxunması hallarına da rast gəlinir. O, Minsk razılaşmasını tanımadığını bəyan edir. Bütün bunlar yalnız Proşenkonun mövqelərinin zəifliyindən yox, həm də ümumilikdə, Ukrayna daxilindəki qüvvələr nisbətinin də qeyri-sabitliyindən xəbər verir. Məhz buna görə Avropanın maraqlarını təmsil edən Almaniya ilə Fransa, amerikalı müttəfiqlərinin Ukraynaya dair barışmaz mövqeyinin Köhnə Qitəni böyük müharibəyə cəlb edəcəyindən narahatlıqlarını gizlətmirlər.



MƏSLƏHƏT GÖR:

619