19 May 2024

Bazar, 04:16

MÜTTƏFİQ QAZI

Enerji mənbələrinin şaxələndirilməsi getdikcə Avropa üçün daha həyati əhəmiyyət daşımağa başlayır

Müəllif:

03.03.2015

Minsk razılaşmasından sonra Ukraynada silahlar susmağa macal tapmamışdı ki, qaz boruları müharibəsinə start verildi. Ukrayna ilə Rusiya arasında bu məsələ ilə bağlı fikir ayrılığının yaranmasının səbəbi rəsmi olaraq Kiyevin Donbasın separatçı regionlarına qaz verilişini dayandırması göstərilir. "Naftoqaz Ukrayna"dan verilən məlumata görə, ölkənin cənub-şərqinə qaz verilişinin dayandırılması hərbi əməliyyatlar nəticəsində qaz nəqli infrastrukturunun dağılması ilə bağlıdır. Bununla yanaşı, Ukraynanın "Ukrtransqaz" qaz nəqli sistemi operatoru dağılmış infrastrukturun bərpası üçün təmir işlərinə başlamağa hazır olduğunu bəyan edib. Lakin bunun üçün hərbi əməliyyatlar dayandırılmalı, qurumun işçilərinin həyatına heç bir təhlükə olmamalıdır.

Tanınmamış Donetsk və Luqansk "xalq respublikaları" isə Kiyevin bu əməlini Donbas sakinlərinə qarşı yönəlmiş qəsd sayırlar. Separatçılar Ukrayna hökumətini ölkənin cənub-şərqində yaşayan əhalini qışın şaxtalı günlərində istilikdən məhrum etməkdə günahlandırırlar. Moskva da bu fikirdədir. "Mən bilirəm ki, orada, təxminən, 4 milyon insan yaşayır. Təsəvvür edin ki, bütün bu insanlar şaxtalı qış günlərində qazdan məhrum olurlar. Orada aclığın hökm sürdüyü, ATƏT-in də bəyan etdiyi kimi, humanitar fəlakətin yaşandığı azmış kimi, indi bölgənin qazla təchizatı da dayandırılır. Buradan artıq necə deyərlər, soyqırımı qoxusu gəlir", - deyə Rusiya prezidenti Vladimir Putin Kiprin dövlət başçısı ilə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"DXR" və "LXR"in qaz təchizatının dayandırılmasından dərhal sonra Rusiyanın baş naziri Dmitri Medvedev "Qazprom"a Ukraynanın cənub-şərqinə humanitar yardım şəklində birbaşa qaz nəql edilməsini tapşırıb. Bununla yanaşı, Medvedev bunun "Naftoqaz"la müqavilənin hesabına həyata keçirilməsinə qərar verib. Nəzərə alsaq ki, Ukraynaya qaz pulu əvvəlcədən ödənməklə nəql olunur, nəticədə, ölkənin digər hissələrinə "mavi yanacağın" ixrac həcmi azalıb. Nəticədə, "Naftoqaz" Rusiyadan fevrala görə pulunu ödədiyi qazın hamısını birdən götürmək istəyib. Kiyev, bununla, Moskvanı həmin yanacağı "DXR" və "LXR"a nəql etmək imkanından məhrum etməyi düşünürdü. Lakin "Qazprom" gözlənildiyi kimi, Ukraynanın bu istəyini rədd edib. Şirkət bəyan edib ki, pulu ödənilmiş yanacağın tam həcmdə nəqli Avropaya tranzitin təmini baxımından risklər yarada bilər.

"Naftoqaz" "Qazprom"un bu addımını müqavilənin tələblərinin pozulması kimi qiymətləndirib. "Naftoqaz"ın rəhbəri Andrey Kobolev bildirib ki, Rusiya qazının Ukraynaya nəqlilə bağlı ərizələr və marşrutların müəyyənləşdirilməsi müqaviləyə əsasən, "Ukrtransqaz" dispetçerinin işidir. O hesab edir ki, bu mənada "Qazprom"a "Donbasstransqaz" magistral qaz kəmərləri idarəsindən qaz alınması üçün müraciət olunması qanunsuzluqdur.

Qızışmaqda olan münaqişənin həllinə Avropa Komissiyası da qoşulub. Qurumun nümayəndəsi Anna-Kaysa İtkonen bildirib ki, Moskva ilə Kiyev arasındakı qaz mübahisəsi, hələ ki, Rusiya qazının Avropaya tranzitinə təsir göstərməyib. Yeri gəlmişkən, bu mübahisə Avropa üçün onsuz da ağır olan dönəmdə meydana çıxıb. Onun qaz anbarlarında ehtiyatın həcmi 38%-dək azalıb - bu, son onillikdə ən aşağı göstəricidir. Səbəb, ilk növbədə, "mavi yanacağın" geri - Ukraynaya qaytarılmasını önləməyə çalışan "Qazprom" tərəfindən qaz tədarükünün azaldılmasıdır. Buna rəğmən, Avropa ölkələri reversi dayandırmayıb və anbarlardakı qazdan istifadəni ötən ilin qış mövsümü ilə müqayisədə 3 dəfə artırıblar.

"Qazprom"un rəhbəri Aleksey Miller isə "Naftoqaz" rəhbərinə ünvanladığı rəsmi məktubda Donetsk və Luqansk vilayətlərinə qaz nəqlinin dayandırılacağı təqdirdə, bundan sonra əvvəlcədən ödəniş formalarına dair şərtin yazılı şəkildə təsdiqlənməsini istəyib.

Daha sonra məsələyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynadan bir suala cavab istəyir: ölkənin cənub şərqində qaz ölçmə stansiyalarının (QÖS) yerləşdiyi məkanlar Ukrayna ərazisidirmi? "İstər müqavilədə, istər texniki əlavədə, istərsə də texniki şərtlərdə müəyyən çıxış nöqtələri göstərilib - QÖS. Onların arasında 2-si Ukraynanın cənub-şərqində yerləşir. Bu məsələdə hər şey Ukrayna tərəfindən asılıdır. Onlar Millerin məktubundakı suala cavab verməlidirlər: ora Ukraynadır, ya yox", - deyə Peskov qeyd edib.

Son məlumata görə, "Naftoqaz" artıq "Qazprom"a 15 milyon dollar ödəniş edib. Bu, qaz nəqlinin bu həftəyədək davam etdirilməsinə imkan verir. Nəqlin davam etdirilməsi məsələsisə artıq Avropa Komissiyasının da iştirakı ilə aparılacaq danışıqlarda həll olunmalıdır.

"RusEnergy" informasiya-konsaltinq şirkətinin partnyoru Mixail Krutixinin fikrincə, Ukraynanın cənub-şərqinə qaz tədarükü məsələsi "Qazprom"un "Naftoqaz"la müqaviləsinü birbaşa ziddir. "Faktiki olaraq, separatçılara gömrük qeydiyyatı aparılmadan qaz nəql olunur. Yəni söhbət qaçaqmalçılıqdan gedir. Kiyev bu nəqlə görə ödəniş etmək niyyətində deyil", - deyə M.Krutixin "R+"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu vəziyyət Avropanın qazla təchizatında "Qazprom"un şantajı formasında problemlər yarada bilər. "Guya ukraynalıların sanksiyalaşdırılmadan qaz əldə etmələri bəhanəsilə ixracın kəsiləcəyinə dair hədələr daim səsləndirilir və bu, şantajdır. Halbuki bunu sübut etmək mümkün deyil. Çünki Ukrayna hər sutka qaz həcminin hərəkətilə bağlı məlumatları açıqlayır", - deyə ekspert bildirir.

Bununla yanaşı, Krutixin hesab edir ki, Ukraynanın cənub-şərqinə "Naftoqaz"dan kənar qaz nəql olunması Rusiya monopolistinə qarşı sanksiyalara səbəb olmayacaq: "Qazprom"un digər şirkətlə müqaviləni pozaraq qazı nəzərdə tutulmayan marşrut üzrə nəql etməsi Aİ tərəfindən sanksiyalara yol açmayacaq. Siyasi qərarın qəbulu üçün əsas zəifdir. Bundan başqa, Avropanın "Qazprom"un qazı olmadan keçinə bilməməsi də onların qarşısını kəsir".

Enerji resursları mənbələrinin şaxələndirilməsi getdikcə Avropa üçün daha həyati əhəmiyyət daşımağa başlayır. Alternativ qaz tədarükü mənbələrinə ehtiyacın olduğu haqda çoxdan danışılsa da, son zamanlara qədər bu istiqamətdə real addımlar atılmayıb. Avropa Komissiyasının vitse-prezidenti Marş Şevçoviçin sözlərinə görə, məhz bu səbəbdən, Aİ ötən illərin Nabucco layihəsinin də gündəmdən çıxması ilə nəticələnmiş səhvlərindən nəticə çıxarıb: "Nabucco layihəsi bizə dərs olub. Layihənin iflasının səbəbi kifayət qədər siyasi dəstəyin olmaması idi".

Aİ-nin enerji resurslarının şaxələndirilməsinin təmini üçün böyük səfərbərliyi çərçivəsində Avropa Enerji İttifaqının strategiyası təqdim edilib. O, qaz tədarükündə Rusiyadan asılılığın azaldılmasına istiqamətlənib. "Düşünürəm ki, Avropa hər yay növbəti qışda bu işlərin necə olacağına dair müzakirələr aparmaqdan, həqiqətən, bezib. Dünyanın ən nəhəng iqtisadiyyatı XXI əsrdə belə narahatlıqlar keçirməməlidir", - deyə Şefçoviç bildirib. Bununla yanaşı, Şefçoviç Rusiyanın "Aİ üçün çox vacib tədarükçü olaraq qalacağını, lakin onun nüfuzunun azalacağını" söyləyib.

Avropa Enerji İttifaqının strategiyasında Aİ-nin enerji resurslarının tədarükündə potensial tərəfdaşlarının siyahısı yer alır. Onların arasında əsas yerləri Azərbaycan, Türkmənistan, Türkiyə, Əlcəzair, daha uzaq perspektivdə isə İraq və İran tutur. Rusiya isə siyahıda yer almayıb. Bundan başqa, Aİ "lazımi an yetişdikdə Rusiya ilə enerji münasibətlərinə yenidən baxılmasını" planlaşdırır. Üstəlik, Avropa İttifaqı artıq bu il Bakı və Aşqabadla Trans-Xəzər qaz kəmərinin tikintisinə dair üçtərəfli memorandum imzalamaq niyyətindədir.

Aİ-də anlayırlar ki, Türkmənistan qazının Avropaya ixracına əsas maneə Rusiyanın mövqeyidir. Şefçoviçin fikrincə, Moskva "Xəzər regionundan qaz ixracının yalnız qonşu dövlətlərin razılığı ilə həyata keçirilməsində israr edir". Avropa Moskvanın bu müqavimətini aradan qaldırmaq üçün texniki və hüquqi baza axtarışındadır. "Necə ki, biz (Aİ) öz mənbələrimizi şaxələndirmək istəyirik, düşünürəm ki, Xəzəryanı ölkələr də ixrac marşrutlarının şaxələndirilməsinə çalışırlar", - deyə o, qeyd edib.

Aİ boru xətti qazı ilə yanaşı, mayeləşdirilmiş qaz tədarükünü də artırmaq niyyətindədir. "Mayeləşdirilmiş qazla bağlı da Avropa strategiyası hazırlayacağıq. Bu, Avropaya qaz idxalına imkan verəcək və bu qazdan korrekt istifadə üçün infrastruktur da yaranacaq", - deyə avrokomissar Migel Arias Kanyete strategiyanın təqdimatında bildirib.

Avropa Komissiyasının planlarına Avropa İttifaqı daxilindəki enerji infrastrukturları arasında qarşılıqlı əlaqənin inkişafı da daxildir. Məqsəd Aİ üzvü olan ölkələrin ehtiyac yarandıqda bir-birlərinə kömək etməsinə imkan yaratmaqdır. Bu məsələdə Avropa ilə ABŞ-ın maraqları da üst-üstə düşür. Onlar 2020-ci ilə Rusiyanın Şərqi Avropa bazarındakı payını 20% azaltmağa çalışırlar.

Qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün ABŞ regionda yeni qaz kəmərlərinin tikintisinə, mayeləşdirilmiş qazın saxlanılması üçün terminalların yaradılmasına kömək edir. Söhbət Rusiyanın enerji tədarükündən asılılığı 70%-dən çox olan bir regiondan gedir.

ABŞ-ın dəstəyilə Litva və Polşa Norveçdən, Qətərdən, perspektivdə isə Birləşmiş Ştatların özündən mayeləşdirilmiş qaz idxalına başlayacaqlar. Məsələn, Litva artıq Amerikadan mayeləşdirilmiş qaz almağa hazır olduğunu bəyan edib. Litvalılar bildirir ki, bunun üçün ABŞ şirkətlərinin satışa başlaması kifayətdir. "Biz mayeləşdirilmiş qaz ixracatçılarına qazın Klaypeda terminalı vasitəsilə yalnız Litvaya yox, həm də Latviya və Estoniyaya ixrac olunmasını təklif edə bilərik. 2019-cu ildən isə Polşa və Ukraynaya da qaz ixracı mümkündür", - deyə Litvanın enerji naziri Rokas Masyulis bildirib.

Bütün bunlarla yanaşı, Avropa Enerji İttifaqının yeni strategiyasında əsas məqam Avropa Komissiyasının qaz müqavilələrinin imzalanması qaydalarına dəyişiklik etmək istəyidir. Hazırkı təcrübəyə əsasən, Avropa Komissiyası müqavilə və hökumətlərarası razılaşmalar haqda informasiyanı onların imzalanmasından sonra alır. Yeni təklif olunan versiyaya görə isə Avropa Komissiyası qaz tədarükü ilə bağlı danışıqlardan ilkin mərhələdə xəbər tutmalıdır. Bu, quruma "ayrı-ayrı ölkələrə üçüncü dövlətin təzyiqlərinə sinə gərilməsində yardım etmək imkanı verəcək". Bu mexanizmin reallaşdırılacağı təqdirdə, AK artıq qaz tədarükçüsünə müəyyən şərtləri diktə edə, spot (xüsusi qarşılıqlı hesablaşma) bazarında tarifləri aşağı saldıra bilər.

Aydındır ki, hazırkı mərhələdə AK-nin bu istəyi, ilk növbədə, Aİ-nin ayrı-ayrı ölkələrində "Qazprom"un monopoliyasına sinə gərilməsilə bağlıdır. Perspektivdə isə bu maddə digər tədarükçülərə də tətbiq edilə bilər. Məsələn, Aİ müxtəlif şərtlər irəli sürməklə, məsələn, ortaya konkret qaz mövzusuna aid olmayan siyasi xarakterli şərtlər qoymaqla, üçüncü ölkə ilə müqaviləni əngəlləyə biləcək.

Hazırkı mərhələdə Aİ Rusiya istisna olmaqla, demək olar ki, istənilən regiondan qaz idxalını nəzərdə tutan istənilən layihəni inkişaf etdirməyə hazırdır. Qərblə Rusiya arasında davam etməkdə olan qarşıdurma Avropaya alternativ qaz təklif edən ölkələrin imkanlarını daha da genişləndirəcək.

Azərbaycan artıq Avropanın yenidən bölüşdürülməkdə olan qaz bazarının bir hissəsinə sahib çıxa bilib. O, bunu Cənub Qaz Dəhlizi layihəsi təşəbbüsünü irəli sürməklə və layihəni fəal şəkildə dəstəkləməklə edib. Qarşıdakı illərdə Türkmənistanın, sonradan isə İraq və İranın ona qoşulması ilə bu marşrutun əhəmiyyəti daha da arta bilər.

Amma son tezis məhz Aİ-nin enerji resursları mənbələrinin şaxələndirilməsilə bağlı planlarının reallaşdırılmasındakı əzmindən asılıdır.



MƏSLƏHƏT GÖR:

677