19 May 2024

Bazar, 07:22

"İ"nin NÖQTƏSİ QOYULDU

Azərbaycan hökuməti manatın devalvasiyasından sonra qiymətlərə nəzarəti sərtləşdirib

Müəllif:

03.03.2015

Ötən həftə ərzində Azərbaycanda hər kəs manatın kursunun xarici valyutalara nisbətdə dəyişməsini gərginlik içində izləməklə məşğul idi. Doğrudur, artıq bankların və valyutadəyişmə məntəqələrinin qarşısında ajiotaj müşahidə edilmir: Mərkəzi Bankın məzənnə siyasətindəki cüzi dəyişiklik fonunda çoxları gözləmə mövqeyi tutub.

Mingəçevirdə səfərdə olan Prezident İlham Əliyev isə yaranmış vəziyyətlə bağlı bir sıra vacib bəyanatlar səsləndirib. Bundan sonra dövlət strukturları inflyasiya prosesinə və valyuta bazarındakı spekulyasiyalara nəzarəti gücləndirib.

 

Gözlənilən proses

"Son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib", - deyə İlham Əliyev ölkənin valyuta bazarındakı son hadisələrə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, manatın devalvasiyası ilə bağlı qərarın qəbulunda əsas məqsəd Azərbaycan xalqının mümkün risklərdən qorunması, ölkədə sabitliyin möhkəmləndirilməsidir. Dövlət başçısı Azərbaycanda son pul islahatlarının 2006-cı ildə həyata keçirildiyini, nəticədə, manatın dollarla bərabərləşdiyini xatırladıb. Lakin sonrakı 10 ildə həyata keçirilən iqtisadi islahatlar fonunda milli valyuta möhkəmlənib və onun sabitliyi AMB tərəfindən dəstəklənib. Bu prosesin müsbət nəticəsi kimi, inflyasiya azalıb, əhalinin rifah halı yaxşılaşıb, bank, sığorta sektorları, o cümlədən maliyyə bazarının digər seqmentləri, xidmət sahələri, infrastruktur və s. inkişaf edib.

"Bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlayıb. Üstəgəl, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərib. Eyni zamanda, əlbəttə ki, manatın məzənnəsinin getdikcə artması da iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilib ki, manat bir az ucuzlaşsın", - deyə İ. Əliyev qeyd edib. Prezident hələ yanvarda manatın həddindən artıq güclənməsinin iqtisadiyyata mənfi təsiri ola biləcəyi haqda söylədiyi fikirlərini də xatırladıb: "Ondan sonra Mərkəzi Bankımız açıqlama vermişdi ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar".

Bununla yanaşı, ajiotajdan qaçmaq mümkün olmayıb və nəticədə, əhali dollar almaq üçün sanki hücuma keçib. Spekulyantlar da dərhal yaranmış vəziyyətdən faydalanmaq üçün valyutadəyişmə məntəqələrini mühasirəyə alıblar. Nəticədə, AMB-nin valyuta ehtiyatları üçün kifayət qədər təhlükəli vəziyyət yaranıb: bir neçə gün ərzində bazarda hər gün ən azı 500 milyon dollar alınmağa başlayıb. Yəni "şok" devalvasiya qərarı məhz bununla izah olunur.

"Əslində, manat əvvəlki səviyyəyə enib. Yəni islahat başlayanda 1 manat 1 dollar idisə, bu gün də 1 manat, təxminən, 1 dollardır", - deyə İlham Əliyev çıxışını davam etdirib.

Bu yerdə xatırladaq ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, Azərbaycanın tərəfdaşı olan qonşu dövlətlərdə valyutanın devalvasiyası fonunda manatın kursunun olduğu kimi saxlanılması cəhdləri onsuz da valyuta ehtiyatlarına kifayət qədər mənfi təsir göstərmişdi. Məsələn, 2014-cü ilin dördüncü rübündə ölkənin valyuta ehtiyatları 2,3 milyard dollar, yaxud 4,3% azalıb.

Bununla yanaşı, əlbəttə ki, hələlik təhlükəli hədd çox uzaqdadır və AMB-nin bildirdiyinə görə, ölkənin valyuta ehtiyatlarının hazırkı həcmi (1 yanvar 2014-cü il üçün 51,4 milyard dollar) 3 illik mal və xidmət idxalının yerinin doldurulması üçün kifayətdir və Azərbaycanın xarici borcundan 8 dəfə artıqdır.

Xarici ekspertlər də manatın məzənnəsinin düşməsini gözlənilən, iqtisadi baxımdan əsaslı qərar sayırlar. Potsdam Universitetinin professoru Vilfrid Furman "Vestnik Kafkaza" saytına açıqlamasında Azərbaycan iqtisadiyyatında baş verən son hadisələrə münasibət bildirib. Onun fikrincə, manatın məzənnəsi aşağı salınmasaydı, ötən illər ərzində şaxələndirilmiş Azərbaycan iqtisadiyyatının qurulması, yəni qeyri-neft sektorunun inkişafı istiqamətində (aqrar sahə, turizm, xidmət və sənaye sektorları) çəkilmiş bütün zəhmət hədər gedərdi. "Ətrafdakı ölkələrdə valyuta ucuzlaşdığından, bu sektorlar rəqabət qabiliyyətini itirər, onların ixrac imkanları məhdudlaşardı. Artan işsizlik isə Azərbaycan iqtisadiyyatını bir neçə il geriyə atardı", - deyə ekspert bildirib.

V. Furman onu da qeyd edib ki, milli valyutanın dollara nisbətdə ucuzlaşdırılması bütün dünyada müşahidə olunur və bu, adətən, milli banklar tərəfindən faiz dərəcələrinin aşağı salınması yolu ilə həyata keçirilir. Eyni addım Meksikada, Hindistanda, Avstraliyada və bir çox digər ölkələrdə də atılıb. Bu məsələyə fərqli yanaşan dövlətlər də var - Yaponiya, Çin, Sinqapur, Danimarka və s. "Məsələn, uzun müddət ərzində Çin valyutasının dəyərini aşağı salmaqla məşğul olub və bu proses indi də davam edir. Çinin iqtisadi inkişafında əsas amil də məhz budur. Vaxtilə Estoniya da müstəqillik qazandıqdan sonra inkişafın təmini məqsədilə kronun məzənnəsini aşağı salmışdı. Eyni sözləri Almaniya üçün də demək olar. Ölkənin müharibədən sonra bərpası üçün eyni addım atılmışdı. Beləliklə, manatın ucuzlaşması sənayenin dəstəklənməsinin bir növüdür", - deyə ekspert qeyd edib.

Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, REA-nın İqtisad İnstitutunun direktoru Ruslan Qrinberqin proqnozuna görə, neft bazarının dirçələcəyi təqdirdə, valyuta da dəyərini yüksəldəcək: "İqtisadiyyatı enerji resurslarından asılı olan ölkədə bu, baş verməli idi. Rublun qiymətdən düşməsindən sonra MDB ölkələrində də devalvasiyanın baş verəcəyi gözlənilirdi".

"Fitch Ratings" reytinq agentliyinin bəyanatında da bildirilir ki, devalvasiya büdcədə və büdcədənkənar düzəlişlərə səbəb olacaq və bu, neftin qiymətinin ucuzlaşması fonunda müsbət haldır. "2014-2015-ci illərdə rus rublunun, türk lirəsinin məzənnəsinin aşağı düşməsi fonunda manatın real effektiv mübadilə kursunun kəskin artımı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərə mənfi təsir göstərərdi", - deyə agentlik bildirir.

Beynəlxalq bazarların Azərbaycan manatının devalvasiyasına reaksiyası isə son dərəcə təmkinli olub. Belə ki, milli valyutanın ucuzlaşması fonunda Avropa birjalarında ölkənin suveren avroistiqrazları və SOCAR-a məxsus avrobondlar fevralın 24-də mövqelərini itirməyib. 

"İnterfaks-İTM"dən olan ekspertlər hesab edirlər ki, avroistiqraz vərəqələrinin qiymətindəki ilkin eniş Azərbaycanın pul sahəsində sabitliyin pozula biləcəyilə bağlı narahatlıqdan irəli gəlirdi. Lakin tezliklə valyutanın məzənnəsinin yeni səviyyədə sabitləşdiyi məlum olub və narahatlıqlar aradan qalxıb, bununla da, qiymətlər bərpa olunub. Ümumilikdə, manatın devalvasiyasının qəflətən və əzmlə həyata keçirilməsi, güman ki, Azərbaycanın suveren istiqraz vərəqələrinin sahiblərində emitentin ödəniş qabiliyyətilə bağlı narahatlıq yaratmayıb. 

 

Banklar tədbirlər görür

Amma manatın devalvasiyası nə qədər əsaslı və gözlənilən olsa da, onun iqtisadiyyatın ayrı-ayrı sektorları və əhali üçün bir sıra mənfi fəsadlara yol açacağını da inkar etmək olmaz.

Birincisi, artıq KİV-də dəfələrlə qeyd olunduğu kimi, bu vəziyyətdən banklar, sığorta, turizm və xidmət sahələri əziyyət çəkir. Bu sahələrdə fəaliyyət göstərən bəzi subyektlərin müflisləşəcəyinə dair ilk günlərdə verilən proqnozlara baxmayaraq, hələlik bu fikirləri təsdiqləyən heç bir real informasiya yoxdur.

Amma "Fitch Ratings" reytinq agentliyinin bəyanatında devalvasiyanın ölkənin bank sektorunda kapitallaşmaya mənfi təsir göstərəcəyi bildirilir.

"Azərbaycan bankları xarici valyuta ilə külli miqdarda kreditlər veriblər və qısamüddətli valyuta mövqelərində zərərlə üzləşiblər. İqtisadiyyatda və bankların balansında dollarlaşmanın sürətlənməsi orta perspektivdə bu sektorda valyuta risklərinin artacağını göstərir", - deyə agentlikdən verilən açıqlamada bildirilir.

Agentlik qeyd edir ki, artıq bir neçə bank devalvasiya üzündən ciddi zərərlə qarşılaşıb: "Bizim qiymətləndirməmizə görə, bəzi bankların kapitalın yetərliliyi üzrə tənzimləyici tələbləri pozduqları istisna deyil. Lakin hesab edirik ki, tənzimləyici tələblərdən müəyyən qədər kənara çıxılmasına icazə verilə bilər. Bu, Rusiyada olduğu kimi, bankların onlara əməl etməsinə formal yardım göstərilməsi üçün lazımdır". Agentliyin press-relizində bildirilir ki, valyuta ilə kreditlər üzrə aktivlərin keyfiyyətinin tədricən mənfiyə doğru dəyişməsi mümkündür.

Bu yerdə qeyd edək ki, artıq ötən həftə Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ADIF) 24 fevral 2015-ci il tarixindən əhalinin əmanətləri üzrə maksimal faiz dərəcəsinin artırılmasına qərar verib. Bu, sığorta olunmuş 9-12%-lik əmanətlərə aiddir. Bu məsələdə əsas hədəf, təbii ki, əhalinin banklara olan inamının dəstəklənməsi, fiziki şəxslərin depozitlərini banklardan çıxarmasının qarşısının alınmasıdır. Bununla yanaşı, ayrı-ayrı banklar artıq müxtəlif kampaniyalara, stimullaşdırıcı tədbirlərə əl atıblar. Bəziləri hətta depozitlərin gətirdiyi gəlirə görə verginin ödənilməsini də öz üzərinə götürür.

Borcalanların öhdəliklərilə bağlı vəziyyət isə bir qədər qeyri-müəyyəndir. Məsələn, dollarla kredit götürmüş şəxslərin ödənişləri hansı kursla etməli olduqlarına dair suala hələ də aydın cavab verilməyib. AMB belə, ölkənin mövcud qanunvericiliyində bu məsələnin aydın şəkildə əksini tapmadığını bildirir: "Mülki Məcəllənin bu məsələyə dair maddəsini müxtəlif cür şərh etmək olar. Odur ki, kreditlərin hansı məzənnə ilə qaytarılmalı olduğuna dair sualı birmənalı cavablandırmaq çətindir". Bankla müştəri arasında münasibətlərin hansı formada tənzimlənməli olduğuna dair suala gəlincə, AMB müştərilərə məhkəməyə müraciət etmələrini məsləhət görür və belə halların yalnız məhkəmə yolu ilə çözülə biləcəyini bildirir: "Ola bilsin ki, Konstitusiya Məhkəməsi bu məsələni şərh etsin".

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, AMB-nin bu problemin həlli üçün dünyada mövcud olan 3 yoldan birini seçməsi məqsədəuyğundur: "Birincisi, Mərkəzi Bank yaranmış məzənnə fərqini özü kompensasiya edə bilər - bunun üçün ehtiyat mövcuddur. Bu, həm borcalanları, həm də kreditorları zərərdən xilas edərdi. İkinci variant dollarla olan kreditlərin milli valyutaya indeks olunması üçün orta kurs seçilməsidir. Bu halda əlavə məzənnə yükü tərəflər arasında bölüşdürülür. Nəhayət, AMB borcalanlar üçün güzəştlər müəyyənləşdirə, banklara mövcud kredit müqavilələrinə yenidən baxılmasını tövsiyə edə bilər".

İstənilən halda, qərarın hər iki tərəfi qane etməli olduğuna şübhə yoxdur. Bu, nə banklar, nə də borcalanlar üçün gərginliyin yaranması üçün vacibdir. 

 

İnflyasiyada azalma

Devalvasiyanın əsas mənfi cəhətinə - istehlak qiymətlərinin artımına gəlincə, bu proses də əsassız baş verməməli, iqtisadi əsaslara malik olmalıdır. Artıq bir çox ticarət mərkəzlərində "şok" devalvasiyanın elan olunduğu gündəcə qiymətlərin artırıldığına dair məlumatlar yayılıb. Üstəlik, onlar bunu malların köhnə qiymətlərlə alındığına, yaxud yerli istehsal olduğuna məhəl qoymadan ediblər.

Amma Prezident İlham Əliyevin bu məsələ ilə bağlı kifayət qədər sərt bəyanatı hər şeyə aydınlıq gətirdi. "Bütün müvafiq qurumlara göstəriş verilib ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək. Son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq", - deyə prezident bildirib.

Bundan sonra milli valyutanın devalvasiyası ilə bərabər kəskin şəkildə bahalanmış dərman preparatlarının qiyməti əvvəlki həddinə qayıdıb. Ölkəyə ərzaq məhsulları idxal edən və bazarda süni şəkildə qıtlıq yaradan, yaxud qiymətləri artıran şirkətlərə qarşı cərimə sanksiyalarının tətbiq olunduğu haqda da məlumatlar var. Bundan başqa, valyuta bazarında spekulyativ əməliyyatlara yol verən valyutadəyişmə məntəqələri cəzalandırılıb.

Bu yerdə diqqəti hazırda rublun kəskin devalvasiyası üzündən güclü inflyasiya proseslərinin yaşandığı qonşu Rusiyaya çəkmək istərdik. Orada Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasına daxil olan ərzaq mağazalarının operatorları ən azı 20 ilkin tələbat məhsulunun yer aldığı səbətin qiymətinin 2 ay müddətinə dondurulması haqqında qərar çıxarıblar. Qiymətləri müəyyənləşdirən ticarət şəbəkələri üzərlərinə onun artırılmamasına dair öhdəlik götürürlər. Üstəlik, məhsulların alış qiyməti ucuzlaşarsa, onlar qiymətləri aşağı salmağı da planlaşdırırlar. Bu, əlbəttə ki, nümunə götürülə biləcək qərardır.

Bununla yanaşı, sosial qurumlar artıq bəyan ediblər ki, Azərbaycanda istehlak səbəti bahalaşarsa, bunun pensiya və müavinətlərə mənfi təsiri indeksasiya yolu ilə aradan qaldırılacaq.

Tarif Şurası isə enerji daşıyıcılarının (benzin daxil olmaqla) qiymətinin artırılmasının, həmçinin sərnişindaşımada bahalaşmanın nəzərdən keçirilmədiyini açıqlayıb. Demək, inflyasiya prosesləri zəifləyəcək və dövlət əlində olan bütün mövcud vasitələrlə onu yumşaltmağa çalışacaq. Başqa sözlə, hələlik manatın kəskin ucuzlaşmasının mənfi nəticələri zərərsizləşdirilib və devalvasiyanın ikinci həftəsi müqayisədə bir qədər sakit tərzdə keçib.


MƏSLƏHƏT GÖR:

611