5 May 2024

Bazar, 22:44

KREML YAXINLIĞINDA GÜLLƏ SƏSLƏRİ

Boris Nemtsovun sifarişli qətlinin beynəlxalq siyasi fəsadları ola bilər

Müəllif:

03.03.2015

Moskvada tanınmış siyasətçi Boris Nemtsov qətlə yetirilib. Ona fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında 4 güllə vurulub.

Moskva vaxtilə saat, təxminən, 23:15-də körpünün üzərində güllələnən Nemtsovun yanında Ukrayna vətəndaşı Anna Duriskaya da olub. Onlar Kremldən Böyük Moskva körpüsü ilə Bolotnı küçəsinə doğru hərəkət edirlərmiş. Hadisədən yarım saat əvvəl isə siyasətçi telefon vasitəsilə Ukraynanın "Vesti" radiosuna müsahibə verib. Müsahibəsində Nemtsov Boris Yeltsinin vaxtilə Rusiya prezidenti postunda məhz onu özünə varis seçmək istədiyini, sonradan fikrini dəyişdiyini söyləyib. B. Nemtsovun silahdaşı İlya Yaşin "RBK"ya bildirib ki, hadisədən dərhal sonra Duriskaya ona zəng vurub. Qızın dediyinə görə, Müqəddəs Vasili kilsəsinin bir neçə metrliyində bir avtomobil Nemtsova yaxınlaşıb və naməlum şəxslər maşından ona atəş açmağa başlayıblar. Ekspert-kriminalistlərin sonradan müəyyənləşdirdiyinə görə, cinayətkarlar siyasətçiyə tərəf ən azı 6 atəş açıblar. Güllələrdən 4-ü Nemtsova dəyib. O, başından və ürəyindən də yara alıb və yerindəcə keçinib.

Sui-qəsd zamanı Nemtsovun yanındakı qadın xəsarət almayıb. Cinayətkarların içərisində olduqları avtomobil isə dərhal hadisə yerini tərk edib. Şahidlərin sözlərinə görə, cinayətkarlar ağ rəngli "Ford" markalı maşında olublar.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsində hadisə ilə əlaqədar cinayət işi açılıb. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qətl) və 222-ci maddəsi (qanunsuz silah dövriyyəsi) ilə qaldırılıb.

İstintaq Komitəsinin nümayəndəsi Yuliya İvanova jurnalistlərə açıqlamasında bildirib ki, qurumun rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə istintaqa ən yaxşı kriminalistlər və təhqiqatçılar cəlb olunub. Xüsusi istintaq qrupu yaradılıb və ona rəhbərlik Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri səlahiyyətlərini icra edən Aleksandr Drımanova tapşırılıb. Həm İstintaq Komitəsinin nümayəndəsi, həm də DİN-in rəsmisi Yelena Alekseyeva bildiriblər ki, ilkin mərhələdə istintaq bütün versiyaları nəzərdən keçirir və sifarişli qətl versiyası da onların arasındadır.

 

Rusiyalı siyasətçilərin reaksiyası 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı Vladimir Putin Nemtsovun qətlini təxribat kimi qiymətləndirir. Putinin fikrincə, burada söhbət sifarişli qətldən gedir. Prezident mərhumun yaxınlarına və doğmalarına başsağlığı verib, güc strukturlarının rəhbərlərinə istintaqın gedişinə şəxsən nəzarət etmələrini tapşırıb.

Rusiyanın baş naziri Dmitri Medvedev isə hüquq mühafizə orqanlarının "məşhur siyasətçinin vəhşicəsinə öldürülməsinə aidiyyəti olan bütün şəxslərin müəyyənləşdirilməsi üçün" əllərindən gələni etməli olduğunu söyləyib.

"Vahid Rusiya"nın Ali Şurasının katibi Sergey Neverov da məsələyə münasibət bildirib. O, qatillərin yaxalanmasının vacibliyini bildirib: "Biz Dövlət Dumasının deputatları kimi, istintaqın gedişini diqqətlə izləyəcəyik".

Qətlin törədildiyi yerə Nemtsovun tərəfdarları toplaşıblar.

"Bu qətllə bağlı hansı versiyaların irəli sürülməsindən asılı olmayaraq, nəzərə almaq lazımdır ki, bizim ölkəmizə dost olmayan qüvvələr, əclaflar vəziyyəti qarışdırmaq üçün bu hadisədən maksimum istifadə etməyə çalışacaqlar", - deyə RFKP-nin rəhbəri Gennadi Zyuqanov bildirib. Onun sözlərinə görə, Nemtsovun qətli hakim partiyanı heç cür qane edə bilməz: "Kremlin qarşısında yalnız Rusiyada deyil, bütün dünyada məşhur olan siyasətçini güllələyiblər. Bu dövrdə çox diqqətli və ayıq olmaq lazımdır".

Nemtsovun qətlinə münasibət bildirənlər arasında Rusiyanın sabiq baş naziri Mixail Kasyanov da var. O, "RBK"ya açıqlamasında deyib: "Bu, ağlasığmaz cinayətdir. Dostum Boris Nemtsov Kreml divarlarının 50 metrliyində yerə sərilib. Rusiyada vəziyyət o həddə çatıb ki, insanları Kremlin yaxınlığında öldürürlər. Rusiya bu vəziyyətə necə gəlib çıxıb? Bu, şokdur!"

İlya Yaşin isə hesab edir ki, burada söhbət siyasi qətldən gedir: "Boris dəfələrlə hədələr alsa da, buna əhəmiyyət vermirdi. Son zamanlar o "Putin. Müharibə" adlı məruzə üzərində fəal iş aparırdı. Dediyinə görə, onda Rusiya hərbçilərinin Ukraynadakı hərbi əməliyyatlarda iştirakını sübut edən dəlillər var idi. Bu, sifarişlə həyata keçirilmiş siyasi qətldir".

RPR-PARNAS-dan olan vəkil Vadim Proxorov da qətlin Boris Nemtsovun siyasi fəaliyyətilə əlaqəli olduğuna əmindir. "O, zaman-zaman hədələnirdi. Ötən il, hətta polisə ərizə də yazmışdı. Amma qətli gerçəkləşdirməyə hazırlaşanlar, yəqin ki, açıq hədəyə əl atmazdılar", - deyə vəkil qeyd edib.

 

Xaricdən reaksiya

ABŞ prezidenti Barak Obama Moskvada baş verənlərə münasibət bildirərkən Nemtsovun heyranı olduğunu söyləyib. "Biz Rusiya hökumətini qətllə bağlı vaxtında təmiz və şəffaf istintaq aparmağa, bu dəhşətli cinayəti törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunmasına çağırırıq. Nemtsov ölkəsinin yorulmaq bilməyən müdafiəçisi idi. O, həmvətənlərinin bütün insanlarda olan hüquqlardan yararlana bilmələrinə çalışırdı. Mən Nemtsovun Rusiyada korrupsiyaya qarşı qorxmadan apardığı mübarizəyə heyran idim və 2009-cu ildə Moskvada keçirdiyimiz görüş zamanı baxışlarını mənimlə səmimi şəkildə bölüşməsini yüksək qiymətləndirirdim", - deyə Barak Obama qeyd edib.

Nemtsovun qətli Avropa Şurasının baş katibi Torborn Yaqlanı da sarsıdıb: "Mən müxalifətin əsas lideri olan Boris Nemtsovun qətlindən sarsıldım. Qatillər məhkəmə qarşısında dayanmalıdırlar".

Almaniya hökumətinin rəsmisi Şteffen Zeybert isə məsələyə kansler Angela Merkelin münasibətini açıqlayıb: "Merkel sabiq baş nazirin cəsarətini yüksək qiymətləndirirdi. O, siyasi hökumətlə bağlı tənqidi fikirlərini hər zaman açıq ifadə edirdi. Merkel Nemtsovun yaxınlarına başsağlığı verir və prezident Vladimir Putini tezliklə günahkarların cəzalandırılmasına çağırır".

Yelisey sarayından verilən bəyanatda isə bildirilir ki, Fransa prezidenti Fransua Olland "Boris Nemtsovun mənfurcasına qətlə yetirilməsini kəskin şəkildə pisləyir". "Prezident Boris Nemtsovun ailəsinə və yaxınlarına başsağlığı verir", - deyə RİA "Novosti"nin məlumatına görə, Yelisey sarayından verilən açıqlamada bildirilir.

 

 

ONUN HAQQINDA

Boris Yefimoviç Nemtsov 9 oktyabr 1959-cu ildə Soçidə doğulub. Siyasi karyerasına 80-ci illərin sonlarında ekologiya sahəsində hərəkatla başlayıb. 1990-cı ilin martında RSFSR-in xalq deputatı seçilib, "İslahatlar koalisiyası" blokunun və "Sol mərkəz - Əməkdaşlıq" fraksiyasının üzvü olub. 1991-ci ilin avqustunda Rusiya Federasiyası prezidentinin Nijeqorod vilayətindəki nümayəndəsi təyin edilib, həmin ilin dekabrında Nijeqorod vilayət administrasiyasının rəhbəri postunu tutub. 1993-cü ildə qubernator Nemtsov Federasiya Şurasının üzvü seçilib. 1997-ci ilin martında baş nazirin birinci müavini təyin olunub. Bu postda o, sosial bloku kurasiya edib. Mənzil-kommunal təsərrüfatı, inşaat, təbii monopoliyalar və antiinhisar siyasəti də onun kurasiyasında olub. 1997-ci ilin noyabrında baş nazirin müavini vəzifəsində qalmaqla, Rusiyanın yanacaq və enerji naziri vəzifəsini də daşıyıb. 1998-ci ilin yazında baş nazirin müavini kimi, iqtisadi-maliyyə blokunu kurasiya edib. 1998-ci ilin avqustundakı defoltdan sonra Rusiya baş nazirinin müavini səlahiyyətlərini icra edib. 2003-cü ildə Nemtsov Dövlət Dumasına keçirilən seçkidə "Sağçı qüvvələr ittifaqı" partiyasının namizədlər siyahısına başçılıq edib. 2010-cu ildə Rusiyanın sabiq baş naziri Mixail Kasyanov və Vladimir Rıjkovla birlikdə "Özbaşınalığın və korrupsiyanın olmadığı Rusiya uğrunda" müxalifət koalisiyasını yaratdığını elan edib. Onun əsasında prezident və parlament seçkilərində iştirak məqsədilə 2010-cu ilin dekabrında Xalq Azadlığı Partiyası (PARNAS) yaradılıb. 2013-cü il sentyabrın 8-də keçirilən regional seçkidə Nemtsov RPR-PARNAS partiyasının namizədlər siyahısının başçısı kimi, Yaroslavl vilayət parlamentinin deputatı seçilib.



MƏSLƏHƏT GÖR:

669