18 May 2024

Şənbə, 07:44

UZAQLAŞAN BAKILI

İstedadlı rəssam Zaur Əliyev qısa, amma parlaq həyatıboyu çox şeylərə nail oldu, dünyanı dərk etdi və özündən sonrakılar üçün iz qoymağı da bacardı

Müəllif:

01.11.2009

İstedadlı rəssam Zaur Əliyevin 6 mart 1997-ci il tarixinə qədər yaşadığı otaqda hər şey onun həyatında olduğu kimi qalıb. Burada günəş eynəkləri, Rubik kubiki, saatlar, açıqcalar, nişanlar, vizit kartları və 97-ci ilə qədər buraxılmış əsginaslar, icmal dəftərləri, qeyd bloknotları və  çox sayda rəsm işləri var - bəziləri başa çatıb, bəziləri cizgilərdədir, ya da rəssamların dediyi kimi qaralamadadır.  Bu öyrənilməsi, sistemləşdirilməsi və dərk edilməsi vacib olan böyük irsdir. 

Dünyanı, çox sevdiyi valideynlərini, qohumlarını və dostlarını qəfil tərk edən zaman Zaur Əliyevin cəmi 26 yaşı olub. Onun həyatı qısa olsa da, çox parlaq və dolğun keçib. Erkən rəsmləri gözəl kompozisiyası və inamlı rəssam əli ilə seçilib. Onlar Avropa, Amerika və hətta Afrika ölkələrinin, Konqonun, Anqolanın, Malinin uşaq sərgilərində nümayiş etdirilib. Onun sevimli cizgi filmlərinin qəhrəmanları eyni fəza məkanında yer alır və müəyyən dostluq birliklərini, fərdiliklərini, əhval-ruhiyyələrini, xasiyyətlərini qorumağı bacarırlar. 

Amma "Döyüş səhnələri", "Müharibə" ümumi adı ilə verilən rəsmlər seriyası kompozisiyanın düşündürücü olması, rəsm sıxlığı, süjeti, münaqişənin dinamik ifadəsi və  ahəngin pasifist pafosu ilə seçilir! Yəni gənc oğlan müharibəni sevdiyinə görə təsvir etməyib, göstərib ki, müharibə faciədir və hər bir kəs üçün, hətta ən igid və güclü döyüşçü üçün də əzab gətirir. Əsgərləri düşmənə hücum etməyə çağıranın kimliyindən  - Roma legionerimi, ya əllərində tapança tutmuş "politruk"mu olmasından asılı olmayaraq, müharibə yaxşı iş deyil. Ancaq kişi gərək əsgər ola bilsin: güclü, çevik və qorxmaz olsun. Həm də müdriklik və insanpərvərlik göstərsin. 

Onun işlərinin heç birində təcavüz, qan və dəhşət yoxdur. Döyüş səhnələri heç də müharibəni tərənnüm etmir. Bu, insanın ruhunun və kamil bədəninin tərənnümüdür. Burada ruhun və bədənin ahəngini tərənnüm edən hansısa ellinist yanaşma var. Yəni döyüşən insan mütləq igid olmalıdır. Amma o, dağıdıcı ola bilməz. Gənc Zaurun işləri məhz bu barədədir. Yəqin ki, burada da tam bir qanunauyğunluq var, çünki üç yaşında o, ilk dəfə karatenin nə olduğunu öyrənib.  Bu, belə olub. Onun anası, ixtisasca filoloq, polyak dili üzrə mütəxəssis Nigar Paşazadə o vaxt Vyetnam tələbələrinə dərs keçirmiş.  

Təbii ki, əlavə fərdi məşğələlər tez-tez evdə təşkil edilirmiş, tələbələr dərslə yanaşı yemək də yeyirmişlər. Üçyaşlı  Zaur həmişə yaşlıların diqqətini və rəğbətini qazanırdı. Vyetnamlılar da istisna deyildilər. Oğlan  "nindza kimi" döyüşməyi  öyrənmək istəyəndə, ona açıqca bildiriblər ki, hər şey gerçək olacaq və heç kim ona rəhm etməyəcək. Oğlanın tez öyrənmək qabiliyyəti hər kəsi heyrətə salırdı. O zamandan bəri bu balaca oğlan yalnız Şərq döyüş növləri deyil, həm də Şərq fəlsəfəsi, dilləri və ümumən Şərq mədəniyyətinə böyük maraq göstərməyə başladı. Nəhayət ki,  Vyetnam və Çin dillərinin kamil bilicisinə çevrildi.  Oxumağa, yazmağa və lüğətsiz tərcümə etməyə yiyələndi. Daha sonra isə Koreya dilini öyrənməyə başladı. Onun izahedici mətnlər və heroqliflərlə doldurduğu qalın dəftərlər hələ də otaqdadır. O, təəsüf ki, bu kursu da bitirə bilmədi. Çox sayda başqa layihələr kimi, bunlar da yarımçıq qaldı. Məsələn, "Köhnə Bakının mənzərələri" albomunu çap etdirmək, həmin illərdə Türkiyənin Trabzon şəhərində qrafika və heykəltəraşlıq texnikasından müəllimlik etmək kimi layihələrini gerçəkləşdirə bilmədi. Şərq döyüşü qəhrəmanlarının, müxtəlif Şərq filosoflarının fiqurları da dolabda yetim-yetim boynunu bükür, onun sevimli qəhrəmanları - Şerlok Holms və doktor Vatson da burada bir-birləri ilə söhbət edirlər. Və hər bir heykəlin öz həyatı var. Bu sadə deyil. İnsan bədəninin dəqiq verilmiş, yaşam fəzasının genişliyini açan hansısa bir fikirlə qarşılıqlı əlaqədə olan plastika və dinamikası hər bir heykəlin bitkin bir həyat - yaşam, şəxsiyyət və hətta tale barədə bir süjet olduğunu göstərir. 

Bu kimdir, öz ovcunda kainat yaradan ayaqyalın Brahmaputradırmı? Axı biz haradan bilərik ki, o necə olub. Olub-olmaması da bir ayrı məsələdir. Zaurun təsvirində o, ayaqyalın və əllərində əlamət olan birisidir. Brahmaputra tanrı Brahmanın oğludur. Özünü unudaraq, dünyaya enməsinə onu nə vadar edib? Ola bilər, bu öz yaşamının yarımçıqlıq, natamamlıq duyğusu ilə bağlı olub. Bəlkə də ulduzlar, müdrik səyyarələr hər gecə ona həddindən sirli və hiyləli şəkildə göz vuraraq işarə edirmişlər ki, Tanrı oğluna bir yerdə oturmaq yaraşmaz, yol getmək, yeni üfüqlər açmaq lazımdır. Çünki orada o qədər öyrənilməmiş şeylər var ki, onlara laqeyd qalmaq olmaz. "Müdrik insan suya kirli olduğuna görə deyil, üzə bilmədiyinə görə girmir", - deyə  Brahmaputra hesab edib. 

Zaur Əliyevin Şərq kəlamlarını yazmağa böyük həvəsi olub. Bunu təkcə erudisiya xatirinə etməyib. Özünütəkmilləşdirmə yolunu seçmiş əvvəlki nəsillərin müdrikliyi onun üçün praktiki öyrənmə yolu olub və o özünə, ətraf mühitə qarşı düşüncələrinin formalaşmasında həmin təcrübələrdən yararlanıb. Onun bütün bu heykəl fiqurlarının dayandığı lövhənin üzərində indiyə kimi saxlanan karton qırıqlarında öz əlləri ilə yazdığı şeir parçası var və görünür, bu misralar onun üçün bir çağırış rolunu oynayıb: 

Təməlləri anlayıb, yeniliyə çatırsan, 

Köhnə nədir, yeni nə, zaman özü öyrədər.

Ruhunun saflığına illər boyu sən can at! 

Kim yanlışsız yaşayıb, yolun sonuna qədər?.. 

Bütün bunların arxasında isə çağların qovuşağında hər bir kəsə sıfırdan başlamadan öz yolunu getməyə imkan verən həddi tapmaq və duymaqdır. Zaman zəncirində birləşdirici halqa. O, həmin halqanı Şərqin yüzillərə dayanaqlı müdrikliyində, mədəniyyətində, fəlsəfəsində arayıb. Dayısı Ənvər Paşazadə danışır ki, o çox böyük həvəs və sevgi ilə milli mədəniyyətin kökləri ilə maraqlanırmış. Onun böyük və işıqlı bir arzusu varmış - bütün müsəlman dünyasının rəssamlarını burada, Bakıda bir araya yığmaq istəyirmiş. Amalı onları planetdə sülhün və həyatın qorunması naminə bir araya gətirmək imiş. Təəssüf ki, o buna da  macal tapmadı. 

Amma... Zaur 1990-cı ildə "Qrinpis" beynəlxalq təşkilatından, akademik Aleksandr Lakşindən aşağıdakı məzmunda məktub alıb: "Siz "Qrinpis"i dəstəkləmək üçün xahiş göndərilmiş az sayda adamdan birisiniz". O da dəstəklədi. Ümumiyyətlə, ondan bunu heç xahiş etmək də lazım deyildi. Zaur daxilən buna çoxdan hazır idi. Və çoxdan. Dünya ilə insan arasında pozulmuş harmoniyanın problemləri onu çoxdan narahat edirdi. Bu mövzuda qrafik işlərin bütöv seriyası belə yaranmışdı. 

Onlardan biri "Nəsihət"dir. Əsərdə uzanan əllərinə doğru iməkləyən toppuş körpəyə sevgidolu nəzərlə baxan çox yaşlı qoca təsvir edilib. Bax, bu bizim atalarımızın bəşəryyətin ruhunu və düşüncəsini təkmilləşdirməyə yönəlmiş mənəvi dəyərləri qorumaq və möhkəmləndirmək naminə nəsildən-nəslə ötürməyə hazır olduğu insani müdriklikdir. "İnsan və təbiət"də isə delfin və insan okean dərinliklərində birlikdə oynayır. Ağzında insanın ovcunu tutan delfin gülümsəyir. Onlar üçün birgə xoşdur. Adama elə gəlir ki, hər ikisi bir-birinə qarşı "Avesta" çağlarının itirilmiş güvən və anlayışını geri qaytarmağı bacarıb. 

Bu isə müəllifin ad qoymadığı bir işdir. İnsan ovcuna bənzər ağac parçasında kişi və qadın yerləşib. Onlar ayrılmazdırlar. Tanrı qarşısında dünyaya gəldikləri andakı kimidirlər. Onlar geyimlə örtülü deyillər, buna görə də gerçəkliyin qabağını kəsən şərtiliklərin pisliklərindən uzaqdırlar. Amma onlar dalğın və çaşqındırlar, çünki onlara verilmiş dünya çox kövrək və kiçikdir. Bəşəriyyətin beşiyini necə qurtarmalı? Necə? Bir başçıya yaraşan kimi kişinin əlləri yuxarıya, göylərə doğru uzanıb. Tövbəmi edir, yardımmı diləyir? Bu, insanlığa yönəlmiş bir çağırışmıdır?

Rəssam və insan Zaur bu barədə düşündüklərini bütün dünya ilə paylaşmaq istəyib. Səsinin eşidilməsinə çalışıb. Buna görə də müsəlman dünyasının rəssamlarının yaradıcılıq forumu onun üçün çox önəmli idi! O inanırdı ki, islamın daşıdığı müdriklik insanlara itirilmiş harmoniyanı yenidən tapmağa yardım edəcək. İnanırdı. Ümid edirdi. Arzulayırdı. İndi isə bu məqsədi yalnız qismən əks etdirən işlər qalıb. Bunlar yalnız ətraf mühitin deyil, həm də insanın yaşam arealının, onun biosferasının qorunmasına həsr edilmiş sərgiyə qatılmış qrafiki işlərdir. Ümumiyyətlə isə onun həyatında sərgilər o qədər olub ki, o hətta, yəqin ki, bir adi, gündəlik iş kimi buna alışmışdı. Axı uşaqlıqdan sərgilərə çıxırdı! Çox sayda diplom və mükafatları var idi//. Başqa cür də ola bilməzdi! Axı onun maraqları və vergiləri o qədər çoxşaxəli idi ki, bütün bunlara normal və adi hal kimi baxırdı. 

Uşaqlıqdan klassik musiqiyə alışdığından, filarmoniyanın proqramlarının, Rus Dram Teatrının, Opera və Balet Teatrının tamaşalarının, rəsm incəsənətinin çoxsaylı və çoxçeşidli sərgilərinin, "Vətən" kinoteatrının müxtəlif bədii filmlərinin daimi tamaşaçısı olduğundan, o, tamamilə təbii şəkildə bütün bunları mənimsəyərək, sağlığında çox az adamın anlaya biləcəyi bir şəxsiyyətə çevrildi. Əlbəttə, buna irsi meyillilik də var idi, axı atası  Rasim Əliyev memardır, həm də babalarından biri rəsm üzrə oxumasa da, bu sənətə meyilli olub. Bütün bunlar Zaur Əliyevin şəxsiyyətinə öz təsirini göstərib. Bunu inkar etmək olmaz. Ona görə də onun yetkin əsərlərini əvvəl Amerikada, sonra isə Parisdə görən bir sıra xaricilər deyiblər: "Bu insan ya ağılsız, ya da dahidir". 

Amma istənilən halda onun həyatı mistikadan uzaq deyildi. Bəlkə də bu yalnız bizim anlamsız baxışlarımızdan belə görünür? Nə bilmək olar?.. Ancaq bir şeyi inkar etmək olmaz ki, o, taleyinin məhz onun üçün yazdığı yolla gedirdi. Şərq döyüşləri və fəlsəfəsi üzrə kitabları ala-ala o, sadə ölümlü insanın düşünə belə bilmədiyi səviyyələrə qədər irəliləmişdi.  Bu yolda nə tapmışdı? Sadəcə, öz fövqəlduyğusallıq qabiliyyəti hesabına insanlara yardım etməyi bacarırdı. Amma Allah bilir, bu cür təcrübələr üçün hansı energetik konsentrasiyalara ehtiyacı vardı.  Adətən, özü də onun qabiliyyətindən xəbər tutub, nə isə xahiş edənlərin istəkləri ilə çox həvəssiz razılaşırdı. Öz enerjisini cəmləşdirib və əzab çəkən insanın sağaldılmasına yönəltmək üçün bəzən ona çox enerji lazım gəlirdi. O, Şərq döyüşləri ilə məşğul olurdu və enerjinin cəmləşdirilməsinin nə olduğunu bilirdi. 

Zaur həm də heyranedici intuisiya hissinə malik olub! Hansısa möcüzə ona dayısı Ənvər Paşazadənin "Üç itirilmiş məbəd" kitabının çapı üçün Bibiheybət məscidinin yalnız salamat qalmış yarımçıq təsviri vasitəsi ilə qalan hissəni də bərpa etməyə imkan yaradıb. O, hətta yanda ağacın bitdiyini də müəyyən etmişdi! Müəyyən müddət sonra bütün bunların gerçəkdən sübut olunması çevrəsindəkiləri heyrətə salmışdı! Bakıda inqilab illərində bolşeviklər tərəfindən partladılmış Nikolay kilsəsinin təsvirlərini bərpa edən zaman da eyni hadisə baş verdi! Ümumiyyətlə, uşaqlıqdan ona xüsusi həssaslıq və duyğusallıq verilmişdi. 

İlk müəllimi və rəsm sənətinin texnikasında ilk vərdişlərin öyrənilməsində ustadı olan atası bunu görərək, oğluna bu sənətin sirlərini həm də toxunma yolu ilə öyrənməyi, insan bədənində əzələlərin yerləşməsini və qruplaşmasını əlləri ilə, barmaqları ilə öyrənməyi tövsiyə etmişdi. "Bax, mənim əlimdə bu əzələyə toxun. Necə yerləşdiyini hiss edirsən? Bax, bu adamda da o məhz bu cür yerləşməlidir", - deyə oğluna bildirmişdi. 

Buna görə də onun əsərlərinin qəhrəmanları gerçək və insani duyğuların, halların və xasiyyətlərin təsviri baxımından bu cür inandırıcıdırlar! Onun yarımçıq işlərinin - "Dünyanın klassik rəqsləri" və "Xristianlıq. İslam və iudaizm" seriyalarının karandaşla cizgiləri qalıb. Bu, yalnız yüksək texnika və gənc rəssamın şəksiz istedadı deyil, həm də dərin fəlsəfi düşüncə, rəssama bütün dünya ilə danışmağa, dil sədlərini və coğrafi sərhədləri aşmağa imkan verən Ezop dilidir. 

Zaur şən, dostcanlı, həyatı sevən və çox xeyirxah oğlan olub. O, 6 saylı məktəbdə oxuyub və yəqin ki, sinif yoldaşları, müəllimləri onu məhz bu cür xatırlayırlar. O, dünyaya özü ilə işıq və mərhəmət gətirmişdi, ancaq görünür, həm də öhdəsinə dünyanın taleyi barədə insanın gücü yetməyəcək qədər məsuliyyət də götürübmüş. Onun qrafika işlərinin birində dizüstə çökdürülmüş insan, yəni təbiətin taxtdan salınmış hökmdarı arxasını bizə çevirərək, kainat gerçəkləri ilə böyük qəfəs şəklində yolunu kəsmiş günahları arasında donub. Qurtarmaq üçün ümid yeri isə qəfəsdən yan keçən kiçik bir nərdivandır. Yəni çıxış həmişə var! Sadəcə, onu tapmağı bacarmaq gərəkdir! Əks halda, biz niyə bu dünyaya gəlirik?

O, 28 mart 1970-ci ildə doğulub, martın 6-da isə dünyasını dəyişib. Ölümündən qabaq valideynlərinin yataq otağına gəlib, atası ilə anasının arasında yatmağı xahiş edib. Uşaqlıqda xəstələnən zaman da belə edirmiş. İndi də özünü pis hiss edirmiş, elə valideynləri də naxoş  imişlər, özü də hər ikisi. Sabah ertədən öz otağına keçib və birdən oradan əminliklə deyib: "Ata, ana, əgər istəmədən sizi incitmişəmsə, məni bağışlayın". Onun bu sözlərinə elə bir önəm verməyiblər. Həmin vaxtlar ona baş çəkmiş qonşuları deyirlər ki, hamısından bağışlanmasını xahiş edirmiş. Hamılıqla martın 28-də Əliyevlərə baş çəkmək istəyən dostlarına deyirmiş ki, bu mümkün deyil, çünki zəng edəndə onlara Zaurun artıq olmadığını deyəcəklər. O, qabaqcadan bu barədə bilirmiş. İntuisiyadırmı? Bəlkə ürəyinə damıbmış? Yoxsa, zamandan öncəni görə bilirmiş? 

O öz yolunu arayırdı. Və onu tapdı. Nə qədər parlaq olsa da, onun yolunun niyə belə qısa olmasını yalnız Yaradan bilir. Bu gənc həyata parlaq bir ulduz kimi gəldi, Yaradıcılıq adlı bir komet kimi sürətlə uçdu - çox uzaqlara, bəlkə də dağ zirvələrinə getdi. Bizə yalnız xatirəsi və düşüncələri, onun ürəyi ilə yaşamaqda davam edən işləri qaldı. Adama elə gəlir ki, o, evdən sadəcə müəyyən müddətə dostları ilə görüşmək üçün çıxıb. Çünki onun yaratdığı qəhrəmanların məskunlaşdığı otaq öz sirli həyatı ilə yaşamaqda davam edir, onun əsərlərinin personajları da öz həyatlarını yaşamaqdadırlar. Yaşaya-yaşaya öz ustadlarını gözləyirlər. Axı o bir anlığa çıxıb, elə deyilmi? İndilərdə gəlməlidir. Dayısı Zaurun çəkdiyi bir rəsmi gətirəndə bu fikirlər ağlıma gəlmişdi. Demişdi: "Adı "Uzaqlaşan bakılı"dır".  Baxıb diksinmişdim: bizdən uzaqlaşan kişinin fiquru heç də Zaura - boyu 1 metr 76 santimetrə çatan fiziki hazırlıqlı gəncə bənzəmirdi. Heç bənzəmirdi. Amma... Bu kiçikboylu, arxasında gül dəstəsi gizlətmiş, yavaş-yavaş yeriyən və çəliyini yüngül-yüngül yelləyən adamda ürəyi sıxan, boğaza qəhər yığan nəsə vardı. Yadıma nədənsə və heç dəxli olmadan  Pasternakın sətirləri düşdü:

Çevrəm riyakar dolu, mənsə burda tənhayam,

Həyatımı yaşamaq düz yolu aşmaq deyil!

Çox kəskin və ifadəlidir! Amma böyük ehtimalla Zaur orada tənha deyil. Bir anlığa ağlıma Bulqakovun qəhrəmanları - Ustad və Ponti Pilat gəldi. Onlar əsrlər boyudur ki, söhbət edirlər. Görünür, orada, Axirətin qarşı sahilində Zaurun da öz həmsöhbətləri var. Bunlar öz əsərləri ilə ona ruhunu və idrakını tərbiyə etməkdə köməkçi olmuş ustad müəllimləridir.



MƏSLƏHƏT GÖR:

610